"Yazmamaq olmur
deyə yazıram"
Fərid
Hüseyn: "Yazaraları unversal edən onların dünya mədəniyyətinin
dilində danışa bilmək bacarıqlarıdır"
Fərid Hüseyn 1989-cu ildə Kürdəmir rayonunda
anadan olub.
2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin sənətşünsalıq
fakültəsinin "Nəşriyyat işi və redaktəetmə"
ixtisasına, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin
yaradıcılıq fakültəsinə daxil olub. Hazırda ADMİU-nun kulturologiya fakültəsində
magistr təhsili alır. Şeirlər və
esselər yazır. 2009-cu ildə "Əlifba
sırası" adlı şeirlər və esselər
kitabı işıq üzü görüb.
- Fərid Hüseynin həyatında yazmaq nə mənaya
gəlir?
- Desəm
ki, yazmaq mənim həyat tərzimdir, olsun ki, bu sənə
bir qədər çeynənmiş ifadə kimi görünəcək.
Yazmamaq olmur deyə yazıram. Düzü, yazmağı min yerə yozmağın
da tərəfdarı deyiləm. İnsan həyatı
bütün ziqzaqları ilə, döngələri ilə belə
birxətlidir və biz onu yozduqca, nələrləsə əlaqələndirdikcə,
ümumiliklərdən təcridləşdirdikcə əslində
əsl mahiyyətdən uzaq düşürük. Yazmaq mənim heç kəsə ifadə edə
bilmədiyim fikirlərin ifadəsidir. Qəribədir
ki, mən yazdıqlarımı danışa bilmirəm.
Yazmaq düşünmək deməkdir. Mən sanki içimdə yazıram. Əllərim beynimin və ürəyimin müftə
çalışan stenoqrafçısıdır. Deyəsən, sözlərin cilovunu əlimdən buraxdım,
sualdan uzaqlaşdım bir az. Yazmaq taleyin işidir,
başıma gəlib. Necə ki, taleyi
yozumlamaq olmur, eləcə də, yazmağı.
- Nəcib Fazilin müəyyən bir dövrdə
yazdığı şeirleri rədd etməsini sənətçi
psixologiyası baxımından necə dəyərləndirmək
olar?
- Əvvəla hökmən qeyd eləməliyəm ki, Nəcib
Fazilin yaradıcılığında qəribə
ölüm semantikası var, mübahisə edə bilərəm
ki, onun qədər heç bir türk şairi
ölümüm bu qədər gözəgəlimli edə
bilməyib. Məsələn,
o, yazır: "Ölüm ölənə gözəl,
ölümə sevinmək var". Yaxud o, tabuta
"taxta at" - deyir. Əvəllər
bilirsən ki, taxta ata minmək uşaqların ən şad
hisslərindən olub. O, tabutu bu dərəcdə sevinclə
qarşılamağa hazır olan, ruh poeziyasına malik
şair idi. Fikir vermisənsə ölüm
poeziyası həm də imtina poeziyasıdır. Həyatdan,
işıqlı hisslərdən, yaradıcılıqdan və
s. Məsələn, çoxlarının bildiyi bir məqamı
deyim. Bodler son dövr poeziyasında
ölümü o qədər heyranlıqla vəsf edirdi ki, o
bütün ülvi hisslərdən imtina etmişdi. Eləcə də, Aqutaqava, o "Dişli
çarxlar" əsərindəki bütün motivlər əslində
ölümə olan inamla, həyata olan təzad kontekstində
nəzərə çarpır. Nəcib
Fazilin də o dəyərli şeirlərindən imtinası təxminən
bu kontekstdədir. Onun imtinası əslində
həyatilikdən imtina idi. Nə ki, həyatidir,
o şeylər ötəridir. İsa
Hüseynov da yaradıcılığının həyati
qatından imtina edib. Mən bu cür
ağılla, idrakla atılan addıma əhsən deyirəm.
Bir də var ki, bu gün bizim ədəbiyyatımızda
olan imtinalar. Bir də görürsən
ki, biri heca şeirindən sərbəstə keçir, sonra əvvəlki
şeirlərindən imtina edir. Yaxud
dünənəcən şeir yazırdı, indi azara tutulub
roman yazır, şeirlərindən imtina edir. Mən o cür şeyləri başa
düşmürəm. Bu təxminən
80-cı illərinin sonu Türkiyədə çəkilmiş
filmləri xatırladır mənə. Deməli, həmin
filmlərdə bir əxlaqsız qadın olur, sonra o
günahlarından arınmaq üçün başından
qırx parç su tökür və guya ki, haqq yoluna
qayıtdı. Bizim ədəbiyyatda bu günki
imtinalar buna bənzəyir.
- Yazar,
şair ən çox unudulmaqdan qorxur. Fərid
Hüseyn necə, unudulmaqdan qorxurmu?
- Mən
unudulmaqdan qorxmuram desəm, onda deyəcəksən ki,
yazmağın elə unudulmamağa olan qorxunun işarələri
deyilmi? Onda gərək mən sənin o
sualına da cavab verəm. Və xəmirimiz
çox su aparmasın deyə kəsə cavab verərək
bu sualdan həm öz canımı, həm sənin
canını qurtarmaq istəyirəm. Bəli,
qorxuram. Əgər mən bu gün
yazdığım kitabdan bircə nüsxə də olsa
özümdə, arxivimdə saxlamağa, "Vikipedia"da
özüm haqda nəsə yazmağa səy göstərirəmsə,
deməli, qorxuram. Mən ha deyim ki,
qorxmuram, bu yalan olar. Amma bu mənim olsun ki,
bir qədər də şöhrətə olan gizli və ya
aşkar istəyimdən xəbərə verir. Bəlkə də, gələcəkdə mən bu
qorxuma qalib gələ bildim. Amma bircə şeyi dəqiq
bilirəm ki, kim ki, unudulmaqdan qorxmur, o
unudulmayacaq. Məsələn, Vaqif Bayatlı Odər.
- Daha beynəlmiləl
şəxsiyyət qazanmış şairlərin yerli mədəniyyətlərlə
bağları nə qədərdir? Səncə,
bu şairləri universal edən əsas faktor nədir?
- Bu
sualın cavabını məndən min dəfə
yaxşı Orxan Pamuk cavablandırıb. Onun
konkret bu haqda "Kimin üçün
yazırsınız?" - adlı
essesi var. O, deyir ki, kasıblar üçün yazanda irad
tuturlar ki, kasıbların güzaranı elədir ki,
onların işləməkdən kitab oxumağa vaxtı
yoxdur, varlılar üçün yaz deyəndə də
bürokratistlər yaxalarını cırırlar. Bu mənada sənin sualına verəcəyim cavab
çox şaxəli alınır. Beynəlmiləllik
xisləti yaradıcılığın canında olur və
onu hamıya maraqlı edir. Əsl sənət
əsəri hər xalqa xoş gəlir. Şairləri,
ümumən yazaraları unversal edən onların dünya mədəniyyətinin
dilində danışa bilmək bacarıqlarıdır.
-
Şeirin ideoloji bir arxa planı varmı, ola
bilərmi, olmalıdırmı?
- Şeirin ideoloji effekti hər zaman olub. Amma indi yoxdur.
Siyasi durğunluq dövründə tək-tək
yaxşı əsərlər yazılır. Durğunluq dövrünün ədəbiyyatında
yaşantılar yox, xatırlanmalar olur. Bu gün
Qarabağ haqqında yazılan romanları adam
oxuyanda tükü belə tərpənmir. Çünki
durğunluq dövründə köhnə hisslərə epoxa
ünsürləri ilə yanaşmaq olmur. Yazılanlar yaşantılar yox,
yaşanılmışlardır. Amma
Qarabağ haqqında maraqlı hekayələr bəzən
olur, çünki xatırlamalar fraqmental təfəkkürə
xas bir şeydir. Bu gün ideoloji ədəbiyyatdan
danışmaq mənə real bir şey kimi
görünmür. Bizim yaşlı
yazarlar hələ də bizim qulağımızdan əriştə
asmağa çalışırlar ki, guya bunlar sovet
imperiyasını içindən yeyib-dağıdıblar.
O, əsərlərdə çevriliş ruhlu bir şeylər
olsaydı, o əsərlərin müəlliflərini nəşriyyatlara
baş redaktor, jurnal redaktoru, AYB-yə sədr
qoyardılarmı? Məncə, bütün
inqilablar, rejimin son laxlaması ilə bir dövrə
düşür. Əks təqdirdə
heç bir ideoloji mətn, böyük imperiyaları sirkələyə
bilməz. Biz də ədəbiyyatın
ideologiyası adlı bir termin buraxılıb dövrüyəyə,
hamı ağına-bozuna istifadə edir. Amma
əslində bu günki ədəbiyyat o qədər
qarışıqdır ki, olmayan ideologiyaya, hərə bir ad
verərək nəsə qondarmağa çalışır.
Amma ədəbiyyatı ideologiyaya
bağlamağın tərəfdarı deyiləm.
- Yazarkən
qarşında dayanan, yaxud sənə arxadan səslənən
şairlər varmı? Varsa, yazdıqlarına nə
kimi təsir edirlər?
- Yazarkən,
nə də yazandan sonra heç kəsi
düşünmürəm. Amma olsun ki,
hansısa şairin poetik ruhu mənim ədəbi taleyimdə
və yaddaşımda var. Amma mən bunu bilmirəm. Amma bu hələ o demək deyil ki, mən onların
haqqını itirmişəm, hər şey bilmədən
olur. Bəzən biz insanlar bilmədən
ölə də bilirik.
- Səncə
şair tənhalığını kim
uydurub?
- Esselərimin
hansındasa yazmışdım ki, əslində insan tək
olmur, özü özüylə olur. Amma o
özlər əslində təkdir. Bu
baxımdan sənin fikrinlə razı deyiləm ki, şair təkliyi
uydurulmuş bir şeydir. Amma çox dəqiq
deyirsən ki, biz şeirlərimizlə öz təkliyimizi
paylaşırıq. Bu təklik
sözü o qədər məzlum, amma
qışqırtılı sözdür ki, özündə
çox şeyləri ehtiva edir. Biz
şeirlərimizlə tənhalığımızı
çoxaldırıq. Hər şeirimizlə
oxucular bir tənhalıq elanı paylamış oluruq. Bir elanı oxuyan, bir şeirimizi sevən digər tənhalığımıza
üz tutur. Ona görə də şair tənhalığı
labrintli bir şey deyil. Hər tənhalığın
növbəti tənhalığa açılan qapısı
var.
- İndi nələr yazırsan və səndən nələr
gözləyək? Bezmirsən yazmaqdan?!
- Hazırda "300-dən sonrakı azərbaycanlılar" adlı esselər və şeirlər kitabım və 2 tərcümə kitabım çap üçün nəşriyyata verilib. Güzgülər haqqında maraqlı bir elmi-kultroloji araşdırma üzərində çalışıram. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu günə qədər güzgülər haqqında ayrıca bir elmi iş yazan olmayıb. Eyni zamanda "Kaspi" qəzetində çalışıram və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr təhsili alıram. Xüsusi olaraq qeyd etməliyəm ki, hazırda roman yazmıram. Bu da məni yaşıdlarımdan fərqləndirən ən üstün cəhətimdir. Yazmaqdan bezdiyim vaxtlar olur, onda hər şey öz əlimdə olduğu üçün yazılarımı dayandırıram. Gəzməyə gedirəm, futbol oynayıram, teatra gedirəm, kitab oxuyuram, aradan bir müddət keçir yenə də, əvvəlki halıma qayıdıram. Sonra yenə də bezənə qədər yazıram. Xoşbəxtəm ki, bezənə qədər yazıram, bezdirənə qədər yox. Bu gün roman yazanların çoxu bezdirənə qədər yazırlar. Bu günə qədər 12 hekayə yazmışam, hazırda həmin hekayələrə düzəlişlər edirəm. Fevral ayında dövlət layihəsi ilə nəfis tərtibatda çap olunacaq.
Söhbətləşdi:
Oktay Hacımusalı
Xalq Cəbhəsi.-
2011.- 14 oktyabr.- S.13.