İrəvan
qalasının işğalından 184 il ötür
İndi İrəvanda bir nəfər də
Azərbaycan türkü yaşamır
İrəvan Azərbaycanın ən qədim və
tarixi şəhərlərindən biridir. Ağrı vadisinin
şimal kənarında, Araz
çayının sol qolu
olan Zəngi çayının sahilində,
dəniz səviyyəsindən 850-1300 metr
yüksəklikdə yerləşən şəhər tarix boyu Azərbaycan-türk
yurdu olub. Müxtəlif dövrlərdə Çuxur-Sakat//Çuxur Səd bəylərbəyliyinin,
İrəvan xanlığının, İrəvan
quberniyasının, nəhayət, "Ermənistan SSR"-in mərkəzi olub.
1936-cı ilə qədər Erivan
(müxtəlif mənbələrdə İrəvan, Erevan, Ervan, Rəvan və
s.), həmin tarixdən isə "Yerevan" adlandırılıb. İrəvan
şəhərini XVI yüzildə Rəvan xanın tikdirdiyi Rəvan qalası ilə eyniləşdirənlər
əslində böyük tarixi
səhvə yol verir.
Belə ki, burada ilk qala Urartu
çarı I Arquztu (Asur
mənbələrində - Argişti) tərəfindən
miladdan əvvəl 782-ci ildə tikilmiş və İrpuni//Erbuni//Erbiuni (Erebuni) qalası adlanıb ki,
bu da qədim türk-qarqar dilində "Ərlər boyunun ölkəsi" anlamını verir.
Doğrudur,
1504-cü ildə Səfəvi hökmdarı Şah
İsmayıl sərkərdəsi Rəvanqulu xanı Çuxur Səd torpaqlarına hakim
təyin edərkən ona Zəngi
çayı sahilində, indiki İrəvan
şəhərinin yerində qüdrətli bir
qala tikmək göstərişi vermiş və Rəvanqulu xan
da 7 ilin tamamında burada alınmaz bir qala
ucaltmışdı. Ancaq bu,
o demək deyil ki, Rəvanqulu xan bu qalanı boş bir sahədə, təsadüfi seçilmiş bir ərazidə
tikmişdi. Əvvəla, hələ
1407-1408-ci ildə Əmir Teymurun sevimli adamlarından olan Xoca xan Lahicani
də bu yerdə böyük
bir yaşayış məntəqəsi saldırmışdı. İkincisi,
unutmaq lazım deyil ki, Çuxur Sakat vilayətinin Saatlı (Sakatlı) boyundan olan qaraqoyunlu
Əmir Sədin oğlu Pir
Hüseynin əmri ilə bu
gün Cəfərabad türbəsi kimi tanıdığımız Pir Hüseyn türbəsi
də 1413-cü ildə məhz bu yerin yaxınlığında
ucaldılmışdı. Əmir Sədin məzarı
üstündə tikilən bu türbədə
sonra Pir Hüseynin özünün
də dəfn olunması sübut edir ki, bu
yer elə o vaxt da vilayətin mərkəzi
olmuşdu. Beləliklə, Erbuni//Erebuni//Ereban şəhər adı ilə Rəvan//İrəvan
qala adlarındakı oxşarlıq böyük bir tarixi yanlışlığa səbəb
olmamalıdır.
İrəvan qalası onu
görən xarici səyyahların
hamısını heyrətə gətirmişdi. Eni 790 m, uzunluğu
850 m olan qalanın
divarları daşdan və çiy kərpicdən hörülmüşdü.
Onlar elə qalın idilər ki, hətta top mərmisinə
davam gətirirdilər. Qalanın bayır
divarının hündürlüyü 10
m-dən çox idi və
bu divarda 17 bürc vardı. Qala ikiqat divarla dövrələnmişdi.
Daxili divar birincidən də hündür
idi və onların arasında təxminən
50-60 metr məsafə vardı. İçqaladan təxminən 1 km məsafədə Keçiqala
adlı ikinci - köməkçi qala yerləşirdi. Ümumiyyətlə,
İrəvan qalasının üst-üstə 50-60 bürcü, 3 möhkəm qapısı
olub: cənubda Təbriz qapısı, şimalda Meydan
qapısı və Körpü
qapısı.
İrəvan qalasının möhtəşəm
tikililəri sırasında 1510-cu ildə Şah
İsmayılın əmri ilə tikilmiş
Qala məscidi, elə həmin vaxt inşa edilmiş, sonralar dönə-dönə
təkmilləşdirilmiş Sərdar sarayı mühüm yer tuturdu. Təəssüf ki, İrəvan qalası 1864-cü ildə, Qala məscidi və Sərdar sarayı isə
1918-ci ildə ermənilər tərəfindən tamamilə məhv
edilmişdi. İrəvan xanlığı
mövcud olduğu tarixi zaman kəsimində
həmişə Osmanlı, İran və
Kartli-Kaxetiyanın müharibə meydanı olduğundan
İrəvan şəhəri də tez-tez
hücumlara sinə gərməli olmuşdu. XVIII yüzilin sonu - XIX yüzilin əvvəllərindən
etibarən isə İrəvan şəhəri xüsusilə
rus qoşunlarının hücum
hədəfinə çevrilmişdi.
1804-cü ildə general Sisianovun, 1808-ci ildə general
Qudoviçin İrəvan qalasının
divarları önündə burunları ovularaq
geri oturduldular.
Xüsusilə İrəvanı "Gəncənin halına
salacağını" vəd edən Sisianov
İrəvan məğlubiyyətini ölüncə unuda bilmədi. Əksinə, İrəvan ondan Gəncənin qisasını
artıqlaması ilə aldı.
Nəhayət, 1813-cü il
"Gülüstan" müqaviləsi
ilə Rusiya, İrəvan və
Naxçıvan xanlıqları istisna olmaqla, bütün Cənubi
Qafqazı işğal etdi.
Qafqazın işğalını başa
çatdırmaq üçün isə ona mütləq İrəvan qalasını tutmaq lazım idi. Buna isə
yalnız 14 ildən sonra nail
ola bildi. 1826-cı ildə
general Yermolovun
uğursuzluqlarını görən çar
onu general
Paskeviçlə əvəz etmək qərarına gəldi
və bütün hərbi gücünü İrəvan üzərinə
yönəltdi. İrəvan sərdarı Hüseyn
xan Qacarın qardaşı,
"Sarı Aslan" ləqəbi ilə
tanınan Həsən xanın komandanlığı ilə
İrəvan oğulları yadellilərə qarşı layiqli müqavimət göstərdilər. Nəhayət,
1827-ci il oktyabrın 1-də İrəvan
qalası rus artilleriyası və erməni
xəyanəti qarşısında duruş
gətirməyərək süqut etdi. Qafqaz
xalqlarının sonrakı bütün tarixi faciələrinin bünövrəsi də
elə o vaxtdan
başladı.
1828-ci ildə İranla
Rusiya arasında bağlanmış
"Türkmənçay" müqaviləsi nəinki
İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən
işğalını rəsmiləşdirdi, həm də İrandan minlər və on
minlərlə erməni əhalinin gətirilib Azərbaycan
torpaqlarında məskunlaşdırılmasını
təmin etdi.
Erevan//İrəvan qala-şəhərinin əhalisini
həmişə əsasən Azrbaycan
türkləri təşkil ediblər. Hələ XVIII yüzil Avropa səyyahlarının
şahidliyinə görə, bu qalada yaşayanlar ancaq müsəlmanlar (türklər-red.) olublar. Statistik məlumatlara
görə, 1827-ci ildə İrəvanda 2400 ailədə 12 min nəfər əhali yaşayıb. Ancaq
qalanın ruslar tərəfindən
işğalından sonra yerli
bəy-xan ailələrinin, ruslara
qarşı döyüşən dinc əhalinin
böyük bir hissəsi
İrana və Türkiyəyə
köçməyə məcbur olmuş,
onların evləri, mülkləri isə həmin ölkələrdən
gələn ermənilər tərəfindən zəbt edilmişdi. Nəticədə
1828-ci ildə artıq İrəvanda azərbaycanlıların
sayı 1807 ailədə 7331 nəfərə qədər
azalmış, ermənilərin sayı isə 567 ailədə
2379 nəfərə qədər çoxalmışdı. Bununla belə, burada hələ
də 4 xan, 41 bəy və sultan ailəsinə qarşı cəmi
8 erməni məlik və ağa ailəsi
yaşayırdı. 50 nəfər axund və
mollaya qarşı cəmi 19 nəfər keşiş vardı.
İrəvan şəhərinin tarix boyu Azərbaycan türk şəhəri olduğunu
onun kimlər tərəfindən idarə
edildiyini göstərən
aşağıdakı siyahı da təsdiq
edir:
1. Əmir Səd - XIV yüzilin
axırı - 1410-cu ilə qədər
2. Pir Hüseyn
(Əmir Sədin oğlu) - 1410-cu ildən
3. Pir Yaqub (Pir
Hüseynin oğlu) -
1420-ci il
4. Əbdül (Pir Hüseynin oğlu) -
1430-cu illərdə
5. Yaqub bəy - Cahan şahın əmri ilə 1440-cı ildən
6. Həsən Əli Qaraqoyunlu - 1460-cı illərdən
7. Həsən bəy Bayandurun nəvəsi -
1975-ci ildən
8. Rəvanqulu xan - 1501-ci ildən
9. Div Sultan Rumlu - 1515-ci ildən
10. Bədir xan Ustaclı - 1538-ci ildən
11. Hüseyn xan Sultan - 1550-ci ilədək
12. Şahqulu Sultan Ustaclı
- 1550-1575
13. Lələ paşa (Sultan Murad dövrü) - 1577
14. Məhəmməd xan Toxmaq Ustaclı (Xudavənd şah dövrü) - 1576-1583
15. Fərhad paşa (Sultan Murad dövrü) - 1583
16. Məhəmməd Şərif
paşa - 1604-cü ilədək
17. Əmirquna xan qacar (Şah Abbas dövrü) -
1605-1625
18. Təhməzqulu (Əmirqunanın
oğlu) - 1635
19. Murtuza paşa - 1635
20. Kəlbəli xan - 1636-1639
21. Məhəmməd xan
"Çağata Götük"
- 1639-1648
22. Xosrov xan - 1648-1652
23. Məhəmmədqulu xan (Lələ bəyin oğlu) - 1652-1656
24. Nəcəfqulu xan -
1656-1663
25. Abbasqulu xan (Əmirqunanın oğlu)
- 1663-1666
26. Səfiqulu xan - 1666-1674
27. Sarıxan bəy (2 il əvəz
edir) - 1674-1675
28. Səfiqulu xan (Təbrizli Rüstəm xanın oğlu) - 1675-1679
29. Zal xan - 1679-1688
30. Murtuzaqulu (Naxçıvanlı
Məmmədrza xanın
oğlu) - 1688-1691
31. Məmmədqulu xan -
1691-1694
32. Zöhrab xan - 1691
33. Fərzəli xan (Əmirquna xanın nəvəsi, Sultan Əhməd
dövrü) - 1694-1700
34. Zöhrab xan - 1700-1705
35. Əbdül Məhəmməd
xan - 1705-1709
36. Mehrəli xan - 1709-1719
37. Allahqulu xan - 1719-1725
38. Rəcəb paşa -
1725-1728
39. İbrahim və Mustafa paşalar - 1728-1734
40. Əli paşa - 1734
41. Hacı Hüseyn paşa (Əli paşanın müavini)
-1734
42. Məmmədqulu xan -
1735-1736
43. Pirməhəmməd xan -
1736-cı ildən
44. Xəlil xan - 1752-1755
45. Həsənəli xan Qacar - 1755-1762
46. Hüseynəli xan (Həsən xanın qardaşı) - 1762-1783
47. Qulaməli xan (Hüseynəli xanın oğlu) - 1783-1784
48. Məhəmməd xan (Qulaməli xanın qardaşı) - 1784-1805
49. Mehdiqulu xan - 1805-1806
50. Məhəmməd xan Marağalı - 1806-1807
51. Hüseyn xan Qacar qardaşı Həsən xanla - 1807-1827
İrəvan qala-şəhərinin
Azərbaycan türk-müsəlman
şəhəri olduğunu
sübut etmək üçün təkcə
belə bir faktı xatırlatmaq kifayətdir ki, 1832-ci ildə İ.Şopen burada 12 məscid qeydə alıb: 1) qala məscidi, 2) Şah Abbas məscidi 3) Zal xan məscidi 4) Novruzəli bəy məscidi 5) Sərtib xan məscidi 6) Hüseynəli xan məscidi 7) Hacı İmamverdi məscidi, 8) Hacı Cəfər məscidi və... şəhər ruslar tərəfindən top atəşinə
tutularkən darmadağın
olmuş daha 4 məscidin xarabalıqları.
İrəvan şəhərinin zaman-zaman erməniləşdirilməsi
çox keçmədən
öz acı nəticələrini verdi. İrəvan azərbaycanlılarının ermənilər
tərəfindən ilk soyqırımı
1905-ci ildə baş verdi. 1918-ci ildə bu soyqırımı
dəhşətli şəkildə
təkrar olundu. Daha sonra 1948-1953-cü illər deportasiyası və 1988-ci il
soyqırımı...
İndi İrəvanda bir nəfər də Azərbaycan türkü yaşamır. Bununla ürəyi soyumayan
ermənilər İrəvan
azərbaycanlılarına məxsus
Toxmaq şəhər
qəbiristanlığını da yerlə-yeksan etdilər.
Bu il oktyabrın
1-də İrəvan Azərbaycan
türk şəhərinin
işğalının 184-cü ili tamam oldu.
Əvvəlki illərdə olduğu
kimi, indi də bu işğalı
heç kəs yada salmır. Gələn il
bu milli faciəmizin 185-ci ili tamam olacaq. Görəsən, unutqanlığımız nə
qədər davam edəcək?!
Əziz Ələkbərli,
araşdırmaçı
Xalq Cəbhəsi.- 2011.- 18 oktyabr.- S.14.