"Göyçə həsrətli bayatılar"

 

Yeni kitab işıq üzü görüb

 

Bu yaxınlarda Maşallah Xudubəylinin "Göyçə həsrətli bayatılar" kitabı işıq üzü görüb. Kitabın redaktoru və ön sözün müəllifi şair-yazıçı, əməkdar jurnalist Eldar İsmayıl, rəyçi tanınmış folklorşünas, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli, məsləhətçi filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovdur.

Kitaba "Müəllifdən" adlı ön sözdə M.Xudubəyli yazır: "Hər qayası bir sənət tarixinin nişanəsi, hər daşı bir igidin sirli səngəri olan ulu Göyçə! Əsrlər boyu başı üstündən əsən tufanlar onu haldan-hala dəyişdi, köksünə bulunmaz dağlar çəkdi. Ancaq öz dərdini bir obanın batinində özü daşıdıqca arxasızlıq duyumları bu mahalın əbədi çəkiləcək qayğısına döndü. Daim el-obanın dərdinə-sərinə şərik olan telli sazın şəlalə telləri də öz "Göyçə gülü", "Yurd yeri"ni, "Sarı tel"ini eləcə dilləndirib elin səsinə qoşdu. Yenə "Göyçə" dedim, əsrlərin uzaq-uzaq guşələrindən qulağıma havaların qırçın axımları gəldi. Xəyallarım o qədər çözələndi ki, az qala özümbu sonsuz illərin arasında əriyən bir naxışa döndüm. Yadıma neçə dastan düşdü, neçə şeir düşdü. Qoşmalar düzüm-düzüm olub sıralandı, gəraylılar yalçın qayaların zirvəsindən ayaq tutub güneylərə sarı qatarlaşdılar. Gözlərimdə bir boran əsdi, dəli bir boran. "Daşlı güney" bu boranın zəhmindən qeybə çəkildi. "Sarı qaya" bu vahimənin heybətindən dağların əks-sədasına döndü. Bir günəş istədi, dəli könül, qızmar bir günəş. İlahinin qüdrətindən doğsun bu günəş qəfləti bir hoyur. "Göyçə" dedim, yaddaşım özümə yadlaşan kimi oldu. Namərd gülləsinnən doğma yuvasından didərgin düşən bir xınalı kəklik keçdi xəyalımnan. Ana kəklik qəribsəmiş kimi boynunu çiyninə qoyub göz yaşlarını qanadı altında gizlətdi ki, onu görən olmasın.

Yaman olurmuş yurd yerinin göynərtisi. Müdrik babalarım, ağbirçək nənələrim bu minvalnan şikəstələşər, bu qaydaynan bayatılaşardı beləcə. Yaman olurmuş yurd-yuva itkisi. Çox çətin, çox ağır olurmuş el-oba ayrılığı. Yükü çəkilməz, möhnəti dözülməz, qayğısı tükənməz... Sən demə, bütün bunları zəmanə biz nəsillərə qismət edəcəymiş. Elə etdi ...

bu axın arasında mənə özünəməxsus pay düşdü. Bax, bu "pay"ın qabağını qələm-kağızımla qaytarmaq istərkən "Göyçəm, həsrətim mənim" kitabı dünyaya gəldi. Fəqət bu da yanar ürəyimin həsrət guşəsinə bircə damlalıq su çiləyə bildi. Dərdlərimlə baş-başa qalarkən mənim yurd yerimin göyərtisi beləcə bayatılaşdı özümnən xəbərsiz ki, bəlkə bu damcıların sayı bir az çoxala... Ancaq istərdim bir məsələni nəzərə alasınız, əziz oxucular. Hər şair övladı şair ola bilmədiyi kimi, mən şair deyiləm, bayatı ustadı. Sadəcə olaraq sinəmdəki Göyçə həsrətimin daşqınlığı məni bayatılaşdırdı. Bu amili nəzərə alıb misralarımın əyər-əysiyini gərək bağışlayasınız, istəklilər".

Elar İsmayıl "Həsrətli bayatılar-hikmətli bayatılar" adı altında yazdığı sözdə ürək sözlərini belə bölüşür: "Görkəmli jurnalist, tanınmış publisist Maşallah Xudubəyli respublikanın ünlü qələm sahiblərindən biridir. Mən Maşallah bəyi Azərbaycan radiosunda işlədiyi dövrlərdən, hazırladığı dadlı-duzlu verilişlərdən tanıyırdım. Onun müxtəlif səpkidə oçerklər, reportajlar Maşallah adını ucalara yüksəltmişdi. Həmin illərdə Azərbaycan televiziyasının verilişləri indiki Ermənistan adlanan Qərbi Azərbaycanın ərazisində yayımlanmadığına rəğmən hər ev, hər ailə Azərbaycan radiosunun verilişlərinə böyük həvəslə qulaq asırdı. Azərbaycan radiosunun proqramları çox zəngin, bədii xüsusiyyətinə görə yüksək keyfiyyətli olurdu. Milli-mənəvi dəyərlər, dilimizə olan sonsuz qayğı bütün yaradıcı kollektivin, eləcə diktorların mənəvi, milli borcu, məsuliyyəti fonunda üzə çıxırdı. Maşallah Xudubəylinin efirə çıxardığı hər hansı bir verilişdən Göyçə ətri, Göyçə məhəbbəti gəlirdi. Mən Bakıya gələndə Maşallah müəllimlə görüşdüm, tanış oldum".

E.İsmayıl onun bayatıları haqında yüksək fikirdədir: "Maşallah Xudubəyli təpədən-dırnağa jurnalistdir. Mən onu şair kimi tanımırdım. Bayatıları görəndə, oxuyub mənasına, hikmətinə baş vuranda anladım ki, Xudubəyli həm şair imiş. Atalar deyib "Ustad oğlu şəyird olmaz". Ünlü şair Xəstə Bayraməlinin oğlu həm şair olmaya bilməzdi.

Maşallah müəllim, bu bayatılar haray çəkib, ün salır ki, sən şairsən. Poetik duyğuları olmayan, bu sahədə ara-sıra qələm işlətməyən adam qəfildən bu bayatıları ortaya qoya bilməzdi. Doğrudur, sənin böyük Göyçə dərdin, Göyçə yanğın var.

Ancaq hər dərdli insan dərdini bayatılarda, ağılarda, qoşma gəraylılarda meydana gətirə bilməz. Yurd yerinin göynərtisini, vətən həsrətini sən yana-yana alovlu bayatı misralarına çevirmisən. Bu alov sənin istedadının, qabiliyyətinin, daha doğrusu, soydan-soyaddan gələn bir nümunəsidir. Bayatı poetik janrın ən oynaq, yığcam hikmətli formasıdır. Yeddi hecalı, dörd misralı bir bənddə ürək sözünü deməyin mümkünlüyü heç hər söz sahibinə nəsib olan deyil. Ancaq Maşallah Xudubəyli bayatı yaradarkən bu janrın bədii siqlətini saxlamaqla ürək sözünü oxucuya ustalıqla çatdırmağa nail olub:

 

Bulanıb gölün, Göyçə,

Yamandı halın, Göyçə.

Sənə gələ bilmirəm,

Tutulub yolun, Göyçə!

 

Qaralar,

Dağ başını qar alar.

"Göyçə-Göyçə" deməkdən

Nurlu gözüm qaralar.

 

Göyçənin dərdini bundan yaxşı, bundan tutarlı demək mümükündürmü... Göyçəyə xitabən şair deyir: gölün bulandığına, halın pisləşdiyinə, yolun bağlandığına görə mən sənə gələ bilmərəm. Daha sonra müəllif bu həsrətin nəticəsi olaraq Göyçə deməkdən nurlu gözüm qaralıb deyir.

Bu iki bayatıda yerləşən fikir üzərində böyük bir əsər yaratmaq mümkündür. Adətən bayatılar folklor nümunəsi, ağız ədəbiyyatı kimi yaddaşlara köçüb. Ancaq bütün bayatılar zaman-zaman ayrı-ayrı adamlar, daha doğrusu, şairlər tərəfindən deyilmiş, yaxud yazılmış, ağızdan-ağıza keçərək yayılıb. Bu gün isə bizə məlum olan həqiqət odur ki, Göyçə dərdi ilə alışıb yanan, bu sonsuz kədəri, həsrəti içində gəzdirən Maşallah Xudubəyli dövrün, zamanın gedişatı ilə əlaqəli olaraq qələm götürüb ürək sözünü bayatı şəklində kağıza köçürüb. Sözün əsil mənasında istəyinə, qarşısına qoyduğu məqsədə müvəffəqiyyətlə nail olub. Maşallah Xudubəyli bayatılarında təkcə Göyçəyə ağı deməklə kifayətlənmir, o, həm yağını, cəllad düşməni bizə tanıdır. Erməninin faşist ruhunu, insanlıqdan kənar xislətini bayatılarından yetərincə oxucusuna təqdim etməyi bacarır:

 

Vəfalı dost, an məni,

Budadı nadan məni.

Erməniyə inandım,

Vurdu arxadan məni.

 

Yaxud

 

Əzizim, köç eylədim,

Zəhmətim heç eylədim.

Müxənnətə inandım,

Özümü puç eylədim.

 

Bu naqis düşmən bizi arxadan vurdu. Tarixən belə olub. İnsafımız-mürvətimizlə pislik edənə yaxşılıq etmişik. Lakin əvəzində yamanlıq görmüşük. Bir qarın çörəyə gəlib həyətimizdə çəpər çəkən, divar hörən, yer belləyən erməniyə qədər yaxşılıq etsək , əlindən tutsaq da, fürsət düşən kimi müxənnət çıxdı, bizi arxadan vurdu. Düşməni gec olsa tanıyanlarımızın təəssüf hissi ilə dediyi fikri Maşallah müəllim belə təsvir edir.

 

Oymadı,

Yurdum oyma-oymadı.

Əlim düşmən gözünü

Vədəsində oymadı.

 

Bəli, düşməni tanımaq, onun niyyətlərinə aldanmamaq, müxənnətin zalımlığını, rəhmsizliyini bilmək gərəkdir. Aldandıq, gecikdik, dünyanı öz tərəfinə çəkib, pişik aslana meydan oxudu".

Sonda E.İsmayıl bir məqamı vurğulayır: "Xalqın birliyinə, gücünə, qüdrətinə inanan şair ümid işığını qapatmaq istəmir. O, gələcəyə açıq gözlə, cəsarətlə baxır. Tarixən canlı zəfərlərə imza atmış oğuzların bir gün öz torpaqlarını azad edəcəyinə inanır. Qürurla düşünür ki, türk oğlu heç vaxt qisası yağıda, torpağını düşmən tapdağında qoymayıb. Bu gün güclü xristian dövlətlərinin köməyinə arxalanan erməni cəlladlarının vay-şivən günləri olacaq. Həmin vaxt "bizi düşmən edənlərin evi yıxılsın" deyəcəklər. Saxta bir təbəssümlə, əyilə-əyilə, irişə-irişə, yaltaqlana-yaltaqlana deyəcəklər. O gün gələcək. Bu sözləri "Göyçə həsrətli bayatılar" kitabının müəllifi, "bayatı ustası deyiləm" deyən Maşallah Xudubəyli deyir. Amma çox ustalıqla, inamla deyir:

 

Al barı,

Bağça-bağdan al barı.

Özünü şəhid elə,

Torpağını al barı.

 

Çağırış gözəl çağırışdır. Türk ərənlərinin bizlərə olan tapşırığı tövsiyəsidir. Müdrikliyi, rəşadəti, cəsarəti olan xalqın Atillaları, Əmir Teymurları, İldırım Bəyazitləri, Şah İsmayılları, Qara Yusifləri yetişib. Bu gün damarında ulu oğuz ərənlərinin qanını daşıyan igidlər yenə qədim torpaqları basar, keçər...

 

Basarkeçər,

Yad əldə Basarkeçər.

Vaxt gələr Göyçəlilər

Düşməni basar, keçər!"

 

 

Uğur     

 

Xalq Cəbhəsi.- 2011.- 19 oktyabr.- S.14.