Absurd Teatr

 

Ejen İonesko: "İnsan eyni zamanda həm aktyor, həm də tamaşaçıdır"

 

Səhnə taleyində yüz illərdən bəri dəyişən formalarından biri də absurd teatrdır. Bütün sənət növlərində olduğu kimi Absurd teatrı da anlamaq üçün yarandığı dövrücoğrafi məkanı öyrənmək zəruri şərtlərdən biridir. Bu teatr bəşəriyyətin II Dünya müharibəsindən sonra düçar olduğu mənasızlıqların, bihudə cəhdlərin, boş-boşuna yaxşılığa doğru nəyinsə dəyişəcəyini gözləmələrin əzabından qaynaqlanan mühitdə yarandı. Amma bu teatr həyatın anlamsızlıqlarını sərgiləməsi, nümayiş etdirməsi ilə və ümidsizliyin dəhşətini göstərməsiylə bərabər yeni bir ümid mənbəyi kimi də dəyərləndirilə bilər. Müharibədən sonra insanlarda bir ümidsizlik əhval-ruhiyyəsi yaranmışdı, insan düşüncəsi dərk edə bilmədiyi güclər qarşısında iflic olmuşdu. Milyonlarla insanın ölməsi, kütləvi qırğınlar, atom bombasının doğurduğu faciəvi bir boşluq, şəhərlərin-kəndlərin yandırılıb dağıdılması dəhşət hissi yaratmaqdaydı. Qorxu və güvənsizlik kimi, səbəbi az-çox bilinən duyğular yerini səbəbsiz bir narahatlığa, ruh düşkünlüyünə, mənasızlıq duyğusuna buraxmışdı. Bundan belə daha yaxşı bir dünya xəyalı qırılmışdı və o öz yerini bir daha düzəlməyəcək bir biçimdə, formada parça-parça qəbul edilmiş məkana vermişdi.

Absurd teatrın yaradıcıları ikinci dünya müharibəsində və ondan sonra yaşamış insanların mənəvi vəziyyətini dilə gətirirlər. Bundan başqa, müharibənin yaratdığı mənəvi böhranla yanaşı XX əsrdə kök salmağa başlayan sənaye dövrünün təsiri yazıçıların əsərlərində də öz təsirini göstərirdi. Bu dövrdə kəndə, qəsəbəyə dağılan kiçik, böyük cəmiyyətlər dini inamlarına, adət və ənənələrinə, vərdişlərinə yad olan bir dünyada yaşayırdılar. Müxtəlif dairələrdən, təbəqələrdən gələn bu insanlar indi sənaye mərkəzlərində toplanır, qorxulu bir gücün daşıyıcısı olan kütlənin içində yeni bir həyat düzəni qurmaqona öyrəşmək məcburiyyətində qalırdılar. Qədimdə bu insanlar arasındakı müxtəlifliklər dini inamlarla müəyyən bir dərəcəyə qədər örtülə bilirdi. İndi insanlar yüz illər ərzində yararlı olan dəyərlərin məhv olduğu, inamların itdiyi materialist bir dünyada yaşadıqlarını anlayırdılar. İnsanlar yadlaşmağa başlayır, bir-birlərini başa düşmək, anlamaq vasitələri getdikcə azalır, hətta artıq bir-birinin dilini belə anlaya bilmirdilər. Yeni bir insan növü ortaya çıxırdı: torpağından, yaşadığı aləmdən, təbii bağlardan qopardılaraq süni yaradılmış bir aləmin içinə itələnmiş və kütlə içində təkbaşına qalan tənha insan. Məhz bu tənha insan cəmiyyətdə özgələşmə absurd teatrı bəsləyən qan damarları olmuşdur. Absurd teatrın yaradıcıları qarışıqlığın və tənhalığın səbəbkarı saydıqları kapitalist dünyasına, hər yönüylə kapitala söykənən dəyərlərə, həyat tərzinə qarşı etirazlarını bildirirdilər. Absurd teatrlarda müşahidə edilən əsas nüansları maddələr şəklində yazsaq, bu xüsusiyyətləri belə sıralaya bilərik.

1. əlaqəsizlik

2. yadlaşma

3. insansızlaşma

4. həqiqəti yerindən oynatmaq

5. həqiqəti parçalamaqona güzgü yerinə prizma tutmaq

6. hər şeyə qarşı olan teatr, hər şeyə qarşı olan əsər, hər şeyə qarşı olan qəhrəman

7. uyğunsuzluq

Absurd teatrı bütün qəliblərə qarşı çıxır, vərdiş və yaşanılan düzəni qəbul etmir, məntiqin sərhədlərini tanımır.

Absurd teatr anlayışına görə hər şeyi bəlli bir sırayla, nizamla düzülmüş şəkildə anlatmaya, canlandırmağa gərək yoxdur. Bu teatr səs və hərəkətin hibridindən ibarətdir. Hadisələr arasında əlaqə yaratmağa ehtiyac duyulmur. Bir-biriylə əlaqəsiz hadisələri gözə çarpan şəkildə vermək yetərlidir. Absurd teatrda səhnəyə qoyulan hadisə, əhvalat, insan nə olmasından aslı olmayaraq gülüş, lağlağa hədəfidir. "Səhnə, pərdə, giriş-çıxışlar; əsərin başlanğıcı, düyün nöqtəsi, hadisələrin açılmasına önəm verilməz. Əsər tapmacalar, simvollar və mənasızlıq deyilə biləcək ünsürlərlə dolu olur. Önəmli olan, bir sevincya qayğının səbəblərini axtarmaq deyil, sadəcə o sevinc və qayğının formasını, varlığını göstərməkdir. Absurd teatrda önə sürülən fikirya tamaşaçıya çatdırılmaq istənilən düşüncə heç vaxt açıq-aydın bilinməz, onu hər kəs istədiyi kimi dərk edər. Ədalətsiz qədər ədalətli, pis qədər yaxşı, qəddar qədər məzlum da çox vaxt eyni ölçüdə gülüş obyekti olur. Absurd teatrın qəhrəmanı anti qəhrəmandır. Günahkar, zavalı, elmsiz və zəifdir.

Absurd teatrın mövzularını nəzərdən keçirəndə rastlaşdığımız məqamlar, əsasən, bunlardır: aydın, dəqiq bir mövzu, canlı xarakterlər yoxdu, onların yerinə mexaniki kuklalara bənzəyən tiplər var. Mövzunun əvvəlli və sonu bəlli deyil. Dövrün davranışları yerinə xəyalların, ruhların əks olunması önəm daşıyır. İynəli sözlər və hazırcavablılıq yerinə "gəvəzəlik" baş alıb gedir. Obrazlar konkret cəmiyyətdən alınmayıb, müəyyən sosial təbəqədən deyil. Dünyanın harasındansa götürülən tiplərdir.

Absurd teatr "insan halının mənasızlığı" duyğusunu və ağlın, düşüncənin insanlığı tərk etməsiylə bağlı olduğunu anlatmağa çalışır. Bu teatr, ümumiyyətlə, nəzəri cəhətdən insan mövcudluğunun şərtlərini absurdluqda əritmiş, günün mübahisə obyektinə çevirmişdir. XX əsrdə insan təbiəti ilə bağlı optimist fikirlər ümidsizliklə əvəzləndi, ədəbiyyat və incəsənət dilemma qarşısında qaldı. İnsanı olduğu kimi real göstərməli və ya əvvəlki kimi gözəl illüziyaların əsirliyində saxlamalı. Mənəvi böhran ictimai böhranla çuğlaşır. Biganə insanlar arasında yaşamaq istəməyənlər təbiətə üz tuturlar. Özgələşmənin səbəbi nədir?

Əlbəttə, janrın klassikləri bunun fəlsəfi kökünə qədər gedirdilər: "Dünya, həyat sağlam şüur, rasionalist təfsirlər baxımından son dərəcə uyğunsuz, ziddiyyətli, anlaşılmazdır. İnsan üçün il ildən daha ağır gəlir, həyat yükünü qaldırmaq onun qüvvəsi xaricindədir. İçərisində yaşadığı gerçək vəziyyətlərin ağırlığını nəinki şüuru ilə, hətta hissləriylə də getdikcə daha çox anlamağa, izah etməyə qadir deyil. Deməli, heç öz həyatını, özünüanlaya bilmir" (E.İonesko). Əslində, I Dünya müharibəsi dövrünü yaşayan Avropada Nitşedən başlayaraq ciddi üsyan qışqırıqları eşidildi. Nitşe: "Tanrı öldü!" deyə bağırarkən Qərb insanın önəmli bir dərdini dilə gətirməyə başlamışdı. II Dünya müharibəsindən sonra bu çağırışlar, səslər artıq bütün avropanın ortaq dərdi olmuşdu. Əlli milyon insanın öldüyü ən böyük faciənin yaşandığı dövrdə həyatın mənası ilə bağlı böyük bir sual meydana çıxmışdı. Elə bu vaxt Avropanın müxtəlif səhnələrində bir-birindən təsirlənən absurd əsərlər meydana çıxmağa başlamışdı. Bekket, Adamov, Tardye, Jene, Olbi, Günter Qrassİonesko məhz bu zaman öz əsərlərini yaratmışdılar.

Absurd teatrın atası adlandırılan Ejen İoneskonun dünya səhnəsinə çıxışı "Kərgədanlar" pyesi ilə başladı. İonesko sonralar bu pyes barədə deyirdi: "Kərgədanlar Almaniyada səhnələşdirildikdən sonra alman mətbuatında belə bir etiraf dərc edildi:" İonesko bizə, necə faşistləşdiyimizi nümayiş etdirdi." Moskvada isə məndən, pyesi yenidən yazmağı xahiş etdilər. Əsərin sovet totalitarizminin yox, faşizmin əleyhinə yazıldığı aydın nəzərə çarpmalı idi. Buenos-Ayresdəki hərbi hakimiyyət pyesdə özünə qarşı hücum əlamətləri aşkar etdi. İngiltərədə isə məni xırda burjaziyanın nümayəndəsi olmaqda günahlandırdılar."

"Boşluq" peysində namizədlik, doktorluq diplomu almış akademik, Nazirliyin Təhsil Komissiyasının sədri bakalavr imtahanından kəsilir, şikayət üçün prezidentə zəng edir. Prezident artıq onunla danışmaq istəmədiyini, anasının "iki" qiymət alanlarla dostluq etməyə icazə vermədiyini bildirir.

Onun pyeslərində qəhrəmanı özünə çəkən bataqlıq və çirk, cəmiyyətdəki təcridlə yanaşı, işıq mövzusuna da rast gəlirik. Yazıçıya görə, gündəlik qayğıların və vərdişlərin ucbatından insanın görmə qabiliyyəti, diqqəti zəifləyib, heyrət hissi yoxa çıxıb, yaddaşı silinib.

"Keçəl Soprano" pyesində İonesko həyat qarşısında təəccübündən, insan mövcudluğunun anlaşılmazlığından bəhs edir. Biz kimik? Nə üçün olduğumuz kimiyik? Bütün bunların mənası nədir? Məhv edirsən, bəs yerinə nə qoyursan? Həyat mənasız, insanlar ünsiyyətsiz, yad, zatən kimsə kimsəyə heçizah edə bilməz. Bir ki, mən kiməm ki? Ya sən? Siz? Sistem? Eee? Hamısına bir quş... Mənanın mənasızlığıdı absurd. "Keçəl Soprano"nun personajları daim ünsiyyətdədirlər, çeynənmiş sözlər danışırlar. Münasibətlərində müvazinətsizlik var.

Absurd teatrda pyesin başlanğıc sondan ibarət olması təbii deyil. Teatrda sonsuzluq keçinməyə imkan verən daha mürəkkəb kompozisiyaya ehtiyac var. Anti-pyeslərdə kompozisiya ümumiyyətlə, yox səviyyəsindədir. İonesko çalışır ki, pyeslərinin sonu olmasın. Həyatda hər zaman güman yeri olduğu kimi, incəsənətdə mütləq güman yeri qalmalıdı, - o, bu prinsipini əsas götürür.

Absurd Teatr ziddiyyət, qarşıdurma, əksfikirlilik üzərində qurulub. Bir tərəfdən mexaniklik, antipsixologizm, hərəkətlərin avtomatikliyi, nitqin pozulması, digər tərəfdən uyğunsuzluq. Absurd teatr kainat qanunlarının anlaşılmazlığıdır xəyallarla reallıq arasındakı ziddiyyətdən, insanın öz-özüylə münaqişəsindən, təzadlı arzularının, həvəslərinin toqquşmasından yaranır. İnsan eyni zamanda həm yaşamaq, həm ölmək istəyir. Daha doğrusu, qeyri-ixtiyari həm "ölümə", həm "həyata" can atır.

Məhəbbət nifrət, qurmaq dağıtmaq sairə insanın daxilində o qədər absurd hisslərə rast gəlmək olar ki!

Absurd teatr yaradıcılığına görə bütün situasiyalar yumoristik faciəvidir. Kiməsə nifrət etməyin mənası yoxdu, amma nifrət edirsən. Absurd teatrda bir tərəfdən dünyaya heyranlıq ifadə edilsə , digər tərəfdən bu reallığın anlaşılmazlığından danışılır. Sanki sən körpə uşaqsan dünya sənin üçün izaholunmazdır. İndiyə qədər insanlar dünyanı müxtəlif şəkildə izah ediblər. Amma hələ sualımıza cavab tapa bilmirik. Burda da bir absurdluq var. Əlbəttə, elə dünya özü təpədən-dırnağa bir absurd teatr deyilmi?   

 

 

Oktay Hacımusalı 

 

Xalq Cəbhəsi.- 2011.- 19 oktyabr.- S.13.