Hüseyn Cavid
dünyası
Kamran Əliyev: "O, bədii əsərlərilə
əqidəsinin daşıyıcısına
çevrilib"
Musa Yaqub: "Dünyəvi poeziya
ölməzdir"
Qarşıdan
böyük Hüseyn Cavidin 129 illiyi gəlir. Yüzillər
ötəcək, Cavidin yaradıcılığı yenə
də daim araşdırılacaq, insanların mənəvi
dünyasını zənginləşdirəcək. Qısaca
Cavidin ömrü haqqında bilgiyə nəzər yetirək.
Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda
ruhani ailəsində anadan olub. İlk təhsilini mollaxanada
alıb, sonra isə dövrünün tanınmış
aydınlarından olan Məhəmməd Tağı Sidqinin məktəbində
davam etdirib. Cavid ilk şeirlərini "Gülçin" və
"Salik" təxəllüsləri ilə yazıb.
1898-1903-cü illərdə Təbrizdəki "Talibiyyə"
məktəbində oxuyub. 1903-cü ildən Məhəmmədağa
Şahtaxtlının nəşr etdiyi "Şərqi-Rus"
qəzetində məqalələrlə çıxış
edib. 1906-1909-cu illərdə İstanbul Universitetinin ədəbiyyat
fakültəsində oxuyub. Buradan "İrşad" qəzetinə
və "Füyuzat" jurnalına şeirlər göndərib.
1909-1910-cu illərdə Naxçıvanda müəllimliklə
məşğul olub. 1911-1917-ci illərdə Tiflisdə bədii
və pedaqoji yaradıcılıqla məşğul olub.
1913-cü ildə Tiflisdə "Keçmiş günlər",
1917-ci ildə "Bahar şəbnəmləri" adlı
kitabları işıq üzü görüb. 1918-1919-cu illərdə
Naxçıvana qayıdaraq "Rüşdiyyə" məktəbində
dərs deyib. 1920-ci ildən sonra Müəllimlər
İnstitutunda və Bakı Teatr Texnikumunda dərs deyib.
1926-cı ildə gözlərini müalicə etdirmək
üçün dövlət tərəfindən Almaniyaya
göndərilib. 1937-ci il iyunun 4-də həbs edilib, Uzaq Sibirə
sürgün olunub. 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin
Tayşet rayonunun Şevçenko qəsəbəsində vəfat
edib. 1956-cı il martın 6-da bəraət verilib.
Hüseyn
Cavidin həyat və yaradıcılığının
tanınmış araşdırıcısı, professor Kamran
Əliyev bu qənaətdədir ki, dahi şairin
yaradıcılığı Azərbaycan ədəbiyyatı
və mədəniyyəti tarixinə, ictimai həyat salnaməsinə
əbədiyyət qələmilə həkk olunub: "O,
bütün ömrü boyu məsuliyyətlə
yaşayıb. Şair, dramaturq, publisist, müəllim, ən
başlıcası isə ziyalı kimi tanınan Hüseyn
Cavid həmişə məsləkinə sadiq olub, bədii əsərlərilə
əqidəsinin daşıyıcısına çevrilib. O, ilk
qələm təcrübələrindən ədəbi
ictimaiyyətin və ədəbi tənqidin diqqətini cəlb
edib, əsərləri yüksək səviyyədə dəyərləndirilib.
Çünki o, kimdən və nədən necə
yazmağın sirrini bilirdi, öz istək və
arzularının poeziyasını yaradırdı. Bu mənada
onun ilk kitabını "Keçmiş günlər"
adlandırması təsadüfi deyil. Əslində
keçmiş günlər geniş mənada tarixi yaddaş və
hətta uzaq gələcəyin də əsası olan bir
yaddaşdır. Cavid bir az tanındıqdan sonra 1915-ci ildə
"Yeni iqbal" qəzeti şairi "Qafqazın ən dərin
düşüncəli və incə duyğulu əməlpərvər,
həqiqi şairi" kimi qiymətləndirirdi. Hətta
1918-ci ildə Cavidin ölümü haqqında yalan məlumat,
şaiyə yayılanda "Bəsirət" qəzeti onu
"Qafqazın məşhur ədiblərindən" biri
kimi yad etdi".
Kamran
Əliyev bildirir ki, bütün bunlar iki cəhətdən təbii
idi: "Bir tərəfdən Cavid o dövr sənətkarları
içərisində özünəməxsus mövqe
qazanmış, digər tərəfdən də Qafqaz həyatının
bilicilərindən olmuş, bu həyatın ən gərəkli
problemlərini teatr səhnəsinə gətirmişdi. Məsələn,
"Ana" pyesində Dağıstan həyatını göstərir,
burada böyüyən ananın müdrikliyini mənalandırır.
"Maral" pyesində "Qafqaz şəhərlərinin
birində vaqe olan" hadisələri təsvir edir, Barjominin
füsunkar təbiəti qoynunda əzilən və öz
arzuları uğrunda çarpışaraq məhv olan məsum
insanların faciəsini qələmə alır. Bir müddət
Tiflisdə yaşayan Rza Təhmasib və Əziz Şəriflə
tez-tez Şeyx Sənan dağına gəzməyə gedən
Hüseyn Cavid üçün bunlar adi gəzintilər
olmadı. Cavid əvvəlcə "Şeyx Sənan"
şeirini, sonra "Şeyx Sənan" faciəsini yazdı
və bununla da şairin həyatı və dünyanı
duymaq istedadı yeni zirvəyə çatdı.
Şair-dramaturq qarşısına qoyduğu fikir və
ideyanın oxuculara və tamaşaçılara
çatdırılması üçün ən mükəmməl
bədii formalar axtarır və bunları canlı şəkildə
verməyi
üstün tuturdu. O, yaxşı bilirdi ki, hərəkətlər
vasitəsilə tamaşaçıya çatdırılan
ideya hafizələrdə daha tez iz salar, daha çox yaşaya
bilər. Cavidin "Şeyx Sənan"dan sonra qələmə
aldığı "İblis" əsəri Azərbaycan ədəbiyyatında
və teatr səhnəsində hadisəyə çevrildi. Təsadüfi
deyil ki, Azərbaycan teatrının səhnəsi 1920-ci ildə
məhz "İblis" tamaşası ilə
açıldı. Beləliklə, "Cavid teatrı"
yaranaraq inkişaf etdi. İki il istisna olmaqla 1930-cu ilə kimi
bütün teatr mövsümləri Cavidin müxtəlif səhnə
əsərləri ilə açıldı.
Azərbaycan
teatr tarixində Cavidin obrazları ilə məktəb
keçən və məşhurlaşan aktyorlar nəsli
yetişdi. Böyük şəxsiyyətlər kimi
tanınan A.Şərifzadə (İblis), K.Ziya (Arif),
R.Darablı (Şeyx Sənan), Mərziyə xanım (Xavər)
kimi qüdrətli aktyorların ənənələri indi də
yaşamaqdadır. Cavid həmişə əsərlərini
öz şəxsiyyəti kimi qoruyan, hər misrasında yenilməz
şəxsiyyətini yaşadan, Rza Təhmasibin təbirincə
desək, insanı heyrətə gətirən bir qürura
malik idi. Cavid orijinal, bənzərsiz əsərlər,
qürurlu qəhrəmanlar yaradıb: Peyğəmbər,
Topal Teymur. Knyaz, Səyavuş, Xəyyam, Afət lazım gələrsə,
gözəlliyə xəyanət edəni də,
özünü də öldürə bilir. Peyğəmbər
bütün insanlığı haqq yola dəvət edir. Tarixi
qələbə və tarixi məğlubiyyət üzərində
qurulmuş "Topal Teymur" dramındakı baş qəhrəman
- "Topal Teymur" duyğu və düşüncənin, narahatlıq
və təəssüfün, həyəcan və heyrətin
mənbəyi olur. Teymur və Yıldırımın daxilində
yaşayan məğrurluq və təəssüf qoşa hiss
kimi aparıcı amilə çevrilir. Əsərin sonunda
ortaya çıxan ideya ilə bütün
yaradıcılığı boyu qan və ədalətsiz
döyüşlər əleyhinə olan Cavid "Kəssə
hər kimi tökülən qan izini, qurtaran dahi odur yer
üzünü" - deyir".
Araşdırmaçı
Cavidin şəxsiyyətcə ağır və səbirli
olmasını bir daha təsdiq edən məqamlardan birini
danışır: "Azərbaycan ziyalılarının
1927-ci ildə Bakıya gəlmiş rus şairi V.Mayakovski ilə
birgə şəkil çəkdirmək mərasimini
xatırlayan S.Rüstəm yazır: "Mayakovski zarafata
başladı. O, boş bir araq şüşəsi tapıb
dedi ki, bu şüşə mütləq şəkildə
görünməlidir, çünki bir para şairlərin
ilham mənbəyidir. Biz gülüşdük. Hüseyn Cavid
bir az pərt olub dedi: "Əgər bu araq şüşəsi
şəkildə çıxacaqsa, onda mən şəkil
çəkdirmək istəmirəm".
Cavidin
sənətə münasibəti məsələsindən
danışan araşdırmaçı deyir ki, o,
bütün yaradıcılığı boyu sənətkara
böyük məhəbbətini ifadə edib: "O, hələ
"Uçurum" əsərində rəssamlığa xəyanət
edən Cəlalın faciəsini verib. "Şeyda" əsərində
də rəssam obrazı canlandırılıb. Bir az sonra isə
"Topal Teymur"da ittihamçı Şair Kirmani surəti
yaradılıb. Cavidin sənətə və sənətkar
şəxsiyyətinə məhəbbəti "Xəyyam"
əsərilə ən yüksək zirvəyə
çatır. Belə bir zirvədə isə Xəyyamı
özü kimi - necə varsa, o cür göstərmək, onun
yaradıcılığını və şəxsiyyətini
vəhdətdə təqdim etmək nəinki vəzifə,
eyni zamanda borc idi. Ötən yüzilin 20-30-cu illərində
yazdığı əsərlər Cavidi yenidən məşhurlaşdırdı.
Hətta 1936-cı ildə Moskvada Yazıçılar
İttifaqının 3-cü plenumunda Əli Nazim Hüseyn
Cavidi görkəmli yazıçılarla bir sırada təqdim
etdi və "böyük dramatik əsərlər
yaratmış" sənətkar kimi səciyyələndirdi.
Artıq bütün bunlar təsdiq edirdi ki, Cavid həmişə
vəhdətdə olan şəxsiyyəti və
yaradıcılığı ilə dünyanın
böyük sənətkarları səviyyəsinə
ucalıb".
Tanınmış
şair Musa Yaqub onun həyata, dünyaya, insana münasibətinin
formalaşmasında Hüseyn Cavidin əvəzsiz təsirindən
danışdı: "Əslində bizim nəslin
yaddaşında, yəni həm poeziya, həm də
ömür nümunəsi sarıdan Hüseyn Cavid obrazı
abidələşib. Yadımdadır, "Şeyx Sənan"ı
böyük bir məhəbbətlə oxuyurdum. Əsərin
şeriyyətinə vurulmuşdum, tamaşasına da dəfələrlə
baxdım. Birdən-birə bizim nəslin gözləri
qarşısında möcüzəli aləm açıldı.
Şərq şeriyyətinin əhvalını özündə
yaşadan Cavid yaradıcılığı məni həmişə
məftun edib. Dünyəvi, bir az
sentimental, bir az da uçarı, qanadlı olan bu poeziya ölməzdir.
Hüseyn Cavid mənim
üçün həmişə
böyük sənətkardır.
O, ilk növbədə məhəbbət
şairidir. Onun şeirlərində fəlsəfilik güclüdür.
Eyni zamanda onun yaradıcılığının
mayasında mürəkkəblik
olduğu dərəcədə
ifadəsi çox sadədir. Bolşevizm Cavidin yenilməzliyini
hər vasitə ilə sarsıtmağa, onu məhv etməyə
çalışırdı. Hüseyn Cavidin yadigarı Turan Cavidlə həmişə rastlaşanda
onun gözlərindəki
nisgili kədərlə
seyr edirdim. Onun atasına ruhən bağlılığı, Cavid
irsinin toplanması, nəşri yönündə
çabaları məni
heyrətləndirirdi. Turan xanım ömrünün
axırına kimi atasının ideallarına
sadiq qaldı".
Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi çox sevdiyim əsərlərdəndir. Artıq bir
əsrə yaxındır
ki, Azərbaycan teatrının səhnəsində
oynanılan bu məşhur əsər həmişə öz dəyərini, bənzərsizliyini
qoruyub saxlamaqdadır.
İnsanın həqiqətə doğru qarşısıalınmaz,
qeyri-adi, sirli-sehrli, bənzərsiz sevgisini, daim yüksəlmək, həqiqətə qovuşmaq
ehtirasını özündə
təsdiq edən bu əsər bütün hallarda ağıllı tamaşaçını
ovsunlayır. Mübaliğəsiz demək olar ki, dünya dramaturgiyasında "Şeyx
Sənan" ruhlu ikinci bir əsər
tapmaq çox çətindir. Ümumiyyətlə,
Cavidin bütün əsərlərində insanın
ali həqiqət
axtarışları bənzərsiz
ifadəsini tapıb:
"Hər qaranlıqda
çırpınır bir
nur, Hər həqiqətdə bir xəyal uyuyur". Şeyx Sənanı böyük həqiqətin təşnəsi
artıq yandırıb-yaxmaqdadır.
O, sanki qarşıda bəlalı eşqini gözləyən fəlakətlərdən
xəbərdardır. Zəhra daxilən,
ruhən Şeyx Sənanın ondan çox yüksəklikdə
olduğunu anlayır.
Anlayır ki, Şeyx Sənanın hüsnünün
gözəlliyi, elmi-kamalının
ucalığı ruhunun
qeyri-adiliyindəndir."Şeyx, gəl-gəl! Sevimli Sənan gəl-gəl! Sənə layiq deyil o yer, o yüksəl!"
Bu, artıq Sənanın
Xumarın şəxsində
həqiqətin səsini
eşitməsidir. Sənan bu
halını kimsəyə
anlada bilmir.
"Ər kişidə olur bir söz,
bir məram,
Əzm eylədim məhv olsa aləm tamam
Dönməm geri, hər yana yol açıq".
Əslində Şeyx Sənanı Xumarın xəyalı yaşadır. Qarşıda ucalıq, göylük aqibəti var. Müridlərin
yalvarışlarına rəğmən
Şeyx Sənan -
"Yüksələn fəqət
enməz, Hər kim məni
istərsə, göyə
yüksəlsin"-deyir...
Əslində Şeyx Sənan
ucalığını Hüseyn
Cavid gerçəkcəsinə
yaşadı, bununla da əbədiliyini sübut etdi.
Uğur
Xalq Cəbhəsi.-
2011.- 20 oktyabr.- S.14.