Zəngilanın işğalından 18 il ötür...

 

Oktyabrın 29-da əzəli türk yurdu Zəngilanın ermənilər tərəfindən işğalından 18 il ötür. Əslən Zəngilandan olan şair-publisist Ayaz İmranoğlunun doğulub boya-başa çatdığı yurdunda baş verən, habelə Qarabağ bölgəsində soydaşlarımıza qarşı törədilən erməni vəhşilikləri barəsində yazısını oxuculara təqdim edirik.

...Bir vaxtlar "Böyük Vətən" adlandırdığımız SSRİ-də hərbi xidmətdə olan azərbaycanlı övladlarımız erməni vəhşiliyini demək olar, bütün acılarıyla yaşadılar. Belə ki, 1988-ci ildən başlayaraq respublikamıza gələn əsgər tabutlarının sayı onlarca, yüzlərcə oldu. Əsl səbəb hərbçilər tərəfindən gizli saxlanan belə ölüm hadisələrinə "suda boğulub", "elektrik vurub", "qəzaya düşüb" və s. neçə-neçə aldadıcı xəbərlər olurdu.

Belə hadisələrdən biri haqqında söhbət açmaq istəyirəm. 1988-ci il iyul ayının son günlərində Zəngilan rayonunun Havalı kənd sakini Zalıyev Hüseynin ailəsinə qara xəbərli teleqram gəldi. Teleqramı göndərən hərbi hissə komandiri yazırdı ki, oğlunuz Ehtiram Zalıyev göldə çimərkən boğulub.

Bu teleqramdan təxminən on gün əvvəl Ehtiram Zalıyev atasına ünvanladığı məktubda yazırdı: "Hissəmizdə tez-tez ermənilərlə dava olur. Mənə burada "millətçi" deyirlər. Leytenant B.Ohenisyan məni hədələyir. O, sizə şikayət məktubu yazsa, inanmayın".

Oğlunun ölüm xəbərini alan və əvvəlcədən bu hadisə haqqında məlumatı olan ata SSRİ Müdafiə nazirinə belə bir məzmunda teleqram göndərdi: "Oğlum suda boğulmayıb. Onun ölümündə leytenant B.Ohenisyan günahkardır. Bu haqda oğlumuz bizə məktub yazıb, xahiş edirəm ki, oğlumun ölümünü düzgün araşdırıb cinayətkarı məsuliyyətə cəlb edəsiniz. Mən məhkəmədə iştirak etməyə hazıram". Qısa bir vaxtda Kiyev hərbi korpusunun prokurorluğunun cavab məktubu gəldi. Baş verən ölüm hadisəsi əvvəlki kimi izah olunmurdu.

El-oba yasa batdı. Ehtiram Zalıyevin dəfnində minlərlə zəngilanlı iştirak etdi. Müəllimləri, kənd ağsaqqalları, həmyaşıdları dəfndə çıxış edib onun ağıllı, istiqanlı, vətənpərvər oğul kimi tanıdıqlarını dedilər. Dəfndə iştirak edən hərbi hissənin zabit və üç əsgəri matəmi tez-tələsik başa çatdırmaq istəyirdilər. Hətta bunun üçün Zəngilan rayon milis şöbəsindən nümayəndə də çağırılmışdı.

19 yaşlı Ehtiram Zalıyevin ölümü bir sirr kimi özü ilə torpağa tapşırıldı. O, Kiyev hərbi dairəsinin Slavutiç şəhərində 10 ay xidmət etdi. Mərd və qorxmaz idi. Əyrini əyri, düzü düz deməyi xoşlayırdı. Oğlunun dəmir tabutundan öpən Hüseyn dayıya bu dərd iki dəfə infarkt gətirdi.

Bu illər ərzində "Qarabağ kartı" yurdumuza çox bəlalar gətirdi. Torpaq uğrunda on minlərlə vətən oğlu şəhid oldu. Bir milyondan artıq soydaşımız əbədi torpaqlarından qaçqın düşdülər. Ehtiram Zalıyevin də doğma yurdu erməni tapdağında, məzarı əsir düşən yurdundadır.

Heçə illər keçəndən sonra Etiram Zalıyevlə hərbi xidmətdə olan qonşu kəndlisi hadisənin mahiyyətini açıqladı. Bəli, həqiqətən E.Zalıyev onlarda birlikdə çimən zaman 3 erməni əsgərinin arasında batırılıbmış. İki metr dərinliyi, 75 metr eni olan göldə meyit 50 dəqiqə qalmışdı. Şəhidmi deyək, erməni vəhşiliyinin qurbanımı deyək?! O vaxtlar bu vəhşiliyi, qəddarlığı açıqlamaq olmurdu. Bu gün necə? Həqiqət haqq-sayını almalıdır. Yüz ildən artıq davam edən erməni vəhşiliyinin gizli üzünün yeni səhifəsidir bu qəddarlıq. 1988-1990-cı illərdə keçmiş SSRİ ərazisində hərbi xidmət keçib tabutları gələn azərbaycanlıların qatillərinin erməni zabit və əsgərlərinin adı ilə bağlamağa haqqımız çatır. Məlumatlar toplanıb erməni qəddarlığının yeni səhifəsi yazılmalı və beynəlxalq təşkilatlara göndərilməlidir.

 

Ermənisayaq, insanlığa yad cəzalar

 

Ermənilər əllərinə düşmüş bir çox Azərbaycan Türklərinə duz cəzası verib öldürüblər. Öldürülməmişdən əvvəl çoxunun gözlərinə duz töküblər. Bəzilərinin dərisini soyub duz basıblar. Araz ətrafı rayonlarımızın Qarabağ müharibəsində əsir düşmüş bir sakininə yerə səpilmiş duz yalatdırıblar. Su verməyib duzla daxildən yandırıblar. Başqa bir əsirin isə qarnına qatı duzlu su verib öldürmüşdülər.

Azərbaycan ordusunun əsgəri Elmanı əsirlikdə saxlayan ermənilər bir gün kef məclisindən sonra dərisini soymuş, sonra onu duzlu su çəninə atmışdılar. Ağır işgəncədən yarım saat sonra Elman ölmüşdü.

Quduz erməni ordusunun əsgərləri ciblərində böyük mismarlar gəzdirirmişlər. Yüz ildən artıqdır ki, bu mismarları Azərbaycan oğlunun başına, dabanına çalırlar. Ermənilər mismar cəzasından ötən əsrin əvvəllərində - 1905-07, 1914-1920-ci illərdə geniş istifadə etmişdilər. Qarabağ cəbhələrindən tapılan meyidlərin də başlarında, ayaqlarında çoxlu 150 mm mismarlar olmuşdu.

Cəbhə bölgələrində döyüşən Azərbaycan əsgərlərinin verdiyi məlumatlardan, tapılan meyidlərin görkəmindən aydın olur ki, ermənilər əsir düşmüş adamların boğaz və qulaqlarına köhnə akkumulyatorların qurğuşunlarını əridib tökürlərmiş. Üstlərinə sulfat turşusu atılmış meyidlər də az deyildi. Ağaca bağlı tapılmış bir skeletin tədqiqi zamanı müəyyən olunub ki, təmiz soyundurulmuş adamın üstünə başından ayağına kimi bir neçə vedrə akkumullyator turşusu töküb yandırıblar.

Daşnakların Azərbaycan əhalisinə divan tutması "əməliyyatlarında" kəlbətinin adı tez-tez çəkilir. Onlar soydaşlarımızın dodaqlarını qançır eləyə-eləyə ağızlarındakı qızıl dişləri çıxardırmışlar. Bədəni kəlbətinlə didilib qoparılanlar da az olmayıb. Ermənilər Qarabağ müharibəsində bir cavan hərbçimizə 150-dən çox maqqaş vurubmuşlar.

Başqa bir əsirimizin iki qabırğasına qarmaqlar keçirməklə asmış və uzun sürən əzablarla öldürmüşdülər.

Bu cəzalardan ermənilər ötən əsrin əvvəllərində, eləcə də repressiyalar dövründə daha çox istifadə ediblər. Onlar 20-ci əsrdə yüzminlərlə Azərbaycan vətəndaşını bu cəzalarla öldürüblər. Erməni nalbəndləri Azərbaycan oğulları üçün öz dəzgahlarında çoxlu nal, mıx hazırlamışdılar. Ermənilərin azərbaycanlılara balta ilə verdiyi cəzalar daha dəhşətli olmuşdu. İnsanların erməni əli ilə odun kimi doğranılmasına çox rast gəlinmişdi. Onlar bıçağı azərbaycanlıların bədəninə bura-bura yeridirmişlər.

Ermənilər ötən əsrin erməni-müsəlman (Azərbaycan Türkləri-red.) savaşında qarğı cəzası da verirlərmiş. İçiboş qarğı anus dəliyindən içəri daxil edilir, sonra qarğının içindən gəmirici böcəklər, cücü-mücü adamın bədəninə, daxilinə yeridirilmiş. Böcəklər insanı içindən yeyə-yeyə öldürərmiş.

 

Bir qadının başına gələnlər

 

1993-cü ilin 27 oktyabrı. Rayonumuzun əhalisi mühasirə təhlükəsindən qurtulmaq üçün təşviş içərisində İran sərhəddinə doğru axışır. Ancaq Zəngilan şəhər sakini Məryəm Cəfərova bu axına qoşulmur, evində qalır. Nəticədə ermənilərin əlinə keçir. Beş aylıq acı əsir taleyi yaşayır.

O, niyə belə etdi? Milliyyətcə tatar olmasına güvənirdimi? Bu, inanılası deyil. Elə isə nəyə görə?

Bu hadisədən illər ötəndən sonra M.Cəfərova ilə görüşüb söhbət etmək istəyimi bildirdim. "Ötüb-keçib, yada salmasanız yaxşıdır"-deyə etiraz etdi. Çətinliklə də olsa, görüşə razılıq ala bildim. Budur, onunla üz-üzəyik. Rayondakına nisbətən xeyli zəifləyib, qocalıb. Əvvəlcədən xahiş edir ki, xəstədir, bərk ağrıyır. Əgər halı pisləşsə, onu yaxınlıqdakı qohumu evinə çatdırım.

Sonra suallarıma cavab verir:

- Kimsəsiz şəhərdə tənha qalmaq qərarınız o vaxt zəngilanlılarda hədsiz təəccüb doğururdu. Niyə camaatla birlikdə rayondan çıxmadınız?

- Mənim düşmən əlinə keçməkdə olan Zəngilanda qalmaq istəyim ola bilməzdi. Hələ işğaldan bir neçə həftə əvvəl yük maşınının kuzovunda Bakıya gəlmək istəyirdim. Evdən razı olmadılar. Dedilər, xəstəsən. Rahat maşın düşər, onunla yola salarıq.

İşğal günü əhali tələsik şəhərdən çıxanda həyat yoldaşıma - Alı həkimə dedim, bir maşın tap gətir, heç olmazsa, ən zəruri əşyalarımızı götürək. O, "Heç nə lazım deyil, qalın geyin çıxaq"-desə də israr etdim ki, çıxıb maşını tapsın. Mən də yır-yığış edim. 40 ildə min cür əziyyətlə yığdıqlarımızı bir gündə itirmək istəmirdim, həm də görürdüm ev çıxaranlar az deyil.

Söhbətimiz əsəbi məcrada keçdi. Yəqin ki, bu səbəbdən aramızda anlaşılmazlıq oldu:

- Yaxşı, deyək ki, anlaşılmazlıq olub. Sonra ki, gördünüz şəhər boşalıb. Onda niyə şəhəri tərk etmədiniz?

- Həmin gün axşama qədər bir neçə bağlama qiymətli saydığım əşya, pal-paltar hazırladım. Düşündüm ki, gecə qaranlığında sərhəddə gedib çıxa bilmərəm. Sabah hava işıqlananda gücüm çatandan götürüb Mincivana tərəf yola düşərəm. Şəhərdə işıq yanmadığından hər tərəf zülmət idi. Lampa işığında özüm bir toyuq kəsib yolda yemək üçün bişirdim. Gecə yata bilmədim. Səhərin açılmasını gözlədim. Tez-tez saata baxırdım. 7:30 radələrində gördüm dan yeri ağarır. Fikirləşdim ki, saat 8-də yola düşüm. 5-6 dəqiqə sonra çöldə səs eşitdim. Bunun ardınca qapı döyüldü. Bəs dedim bizimkilər geri dönüblər. Erməni əsgərləri idi. Yəqin lampa işığını görüb gəlmişdilər. Sorğu-sual apardılar və qəti tapşırdılar ki, evdən çölə çıxmayım.

- Dediklərinizdən belə aydın olur ki, ermənilər oktyabrın 28-də səhər erkən rayon mərkəzinə soxulublar. Ancaq həmyerlilərimizin bəziləri inandırırlar ki, ermənilər şəhərə ayın 29-dan tez girməyiblər.

- Kim nə deyibsə, özü bilər. Mən gözümlə gördüklərimi danışıram.

- Ermənilər sizinlə necə rəftar edirdilər?

Mən özümü rus kimi təqdim etdim. Həm də əlacsız qalıb özümdən uydurdum ki, ərimin türk arvadı da var. Onu özü ilə apardı, məni qoyub getdi. Odur ki, əsgərlər məni incitmədilər.

- Sizin evə də toxunmadılar?

- Mən evdə üç gün qaldım. O biri evləri yığıb aparır, sonra da od vururdular. İskəndər həkimin, Əli Fərhadovun, Şüşəbəyim xalanın evlərini, köhnə xəstəxananı, poliklinikanı, Camal müəllimgilin yaşadığı ictimai binanı elə ilk gündə yandırdılar. Demək olar, bütün şəhər odun, tüstünün içərisində idi. Sonuncu gün içməli suyum qurtarmışdı. Vağzalda öz axarı ilə gələn bulaqdan su gətirməyə getdim. Qayıdanda gördüm evimi boşaldıblar. Bu işlə məşğul olanların əksəriyyəti mülki əhali idi.

- Sizi əvvəlcə Qafana, oradan Xankəndinə aparıblar. Erməni torpağında da sizi incitmədilər?

- Döyməsələr də, tənə, təhqir edirdilər. Mənəvi əzab verirdilər. Ən çox da "Hiyə türkə ərə getmisən?" deyib məni cana doydurmuşdular. Axır ki, fikirləşib bir cavab tapdım. Dedim, niyə minlərlə gözəl-göyçək qızlarınız erməniyə yox, türkə ərə gedib? Ondan sonra məndən əl çəkdilər.

- Əsirlikdə sizə rəhmi gələn, yaxud xeyirxahlıq edən erməniyə rast gəldiniz?

- Xankəndində olarkən ermənilərin komandiri hiss etmişdi ki, əsəblərim pozulub. Əsgərlərlə bəd danışıram. O, mənə rusca dedi ki, "Mariya, əgər burdan sağ-salamat çıxmaq istəyirsənsə, xahiş edirəm, mülayim davran".

- Orada əsirləri öz tərəflərinə çəkmək üçün cəhd edirdilərmi?

- Bir dəfə bizə dedilər ki, xəbəriniz olsun, ölkəniz sizdən imtina edib. Ona görə də burada qalası olacaqsınız. Əlbəttə, biz deyilənlərə inanmırdıq.

- Bayaq dediniz ki, 1994-cü ilin çərşənbə və Novruz bayramlarını əsirlikdə keçirmisiniz. Ancaq sizin haqqınızda olan bir yazıda oxumuşam ki, fevralın 28-də əsirlikdən azad edilmisiniz.

- Həqiqətən 1994-cü ilin həmin əziz bayramlarını Xankəndində keçirmişəm. Martın 26-da əsirlikdən azad olunub Vətənə dönmüşəm.

 

 

(Davamı var)    

 

Ayaz İmranoğlu   

 

Xalq Cəbhəsi.- 2011.- 21 oktyabr.- S.14.