Kinoda yeni estetik prinsiplərin təcəssümü

 

1950-ci illərin sonuna qədər bütün sənət sahələrində olduğu kimi kino sənətkarları da sosialist realizmi metodu ilə işləyirdilər ki, bu metod da filmlərin plakat-şüarçılıq, "dövrü tərənnüm" xarakterində çəkilməsinə zəmin yaradırdı.

60-cı illərin ortalarına doğru Azərbaycan kinosunda ciddi dəyişikliklər prosesi başlayır. Sovet kinosunda olduğu kimi Azərbaycan kinosunda da gündəlik məişət məsələləri, fərdi problem, həyatın adi xırdalıqları fəlsəfi görümdə ekranda əksini tapırdı. Məzmun və forma axtarışlarının miqyası genişlənir, müasirlik filmlərin əsas mövzusuna çevrilirdi. Məzmun və forma da bədii yaradıcılığın, incəsənətin və estetikanın vacib problemlərindən biridir. İncəsənətdə məzmun gercəkliyin sənətkar tərəfindən müəyyən ictimai-siyasiestetik ideal mövqeyindən inikasıdır. Məzmunun təsiredici olması üçün mütləq surətdə ona uyğun forma seçmək lazımdır. Əsərin əsas ideyası onun məzmununda olsa da, o yalnız bədii forma vasitəsilə açıla bilər. Forma və məzmunun dialektikası 60-cı illərdən sonra Azərbaycan kino sənətinin proqressiv inkişafına təkan verdi.

60-cı illərin sonu, 70-ci illər respublikamızda kino sənətinin yüksəlişi dövrü kimi xarakterizə olunur. Bu yüksəliş kinematoqafiyanın həm yaradıcı, həm də istehsal bazası baxımından genişlənməsindən, möhkəmlənməsindən irəli gələn amillərlə əlaqədar idi. Xüsusilə də onilliyin II yarısından öz dəst-xətti ilə seçilən müəlliflərin həyat mövqeyini üzə çıxaran, yaradıcılıq və mövzu baxımından diqqəti cəlb edən əhəmiyyətli filmlər istehsal olunmuşdur.

Tədqiq olunan dövrdə bir neçə əsər ("Qaraca qız", "Yaşamaq gözəldir, qardaşım", "Dağlarda döyüş", "Qanun naminə", "Mən ki gözəl deyildim", "Arşın mal alan") ekranlaşdırılmışdır. Kinolentlər arasında əksər filmlər ("Telefonçu qız", "Əhməd haradadır", "Möcüzələr adası", "Sən niyə susursan", "Bir cənub şəhərində", "Uşaqlığın son gecəsi") müasirlik mövzusu ilə bağlı olmuşdur.

Ümumiyyətlə, kino yaradıcılığının bütün sahələrində - rejissorluqda, operator işində, aktyor oyunlarında, filmin rəssam və bəstəkarlarının fəaliyyətində irəliləyiş hiss olunurdu. Əlbəttə, filmlərin səviyyəsi eyni olmasa da hər halda bu dövrün ən yaxşı kino əsərləri ümumittifaq miqyasında milli kinomuzu layiqincə təmsil edirdi. 60-cı illər Azərbaycan kinosunda "Uşağlığın son gecəsi" (rej. A.Babayev), "Bir cənub şəhərində" (rej. E.Quliyev), "Şərikli çörək" (rej. Ş.Mahmudbəyov) və "Dəli Kür" (I var) filmləri milli kino tariximizin ən uğurlu filmləri siyahısına daxil olmuşdur. Filmlərin uğurlu alınmasının başlıca cəhətləri dramaturji materialda, mövzunun bədii siqlətində, estetik ölçülərdə, aktyor oyununda və ən əsası rejissor təfsirində axtarılmalıdır.

60-cı illərin kinosunda isə ədəbi material cəhətdən yeni, orijinal süjetə malik filmlərdə yaradıcılıq axtarışlarının, rejissor tapıntılarının qabarıq nüanslarını görürük. Ekran təfsirinə, qoyulan məsələnin bədii həllinə və süjet müxtəlifliyinə görə bu kinolentlər kino tariximizdə istiqamətverici mərhələ rolunu oynamışdır. Adlarını çəkdiyimiz filmlərdə novatorluğa meyl görünsə də ənənəvi süjet xəttindən, səthi bədii şərhdən kənar qaçmaq olmurdu. Bu da dövrün yaradıcı kollektiv qarşısında qoyduğu tələblərdən, ya da sənətin vacib keyfiyyətlərindən sayılırdı.

Müasirtarixi filmlərə müraciət fonunda mənəviyyat və əxlaq problemləri haqqında fərqli baxışlar formalaşırdı. 1932-66-cı illərdə tarixi həqiqətlərin təhrifi prizmasından Bakı komissarlarına həsr olunan filmlər yalnız kinematoqrafik məziyyətlərinə görə maraq doğursa da, ideoloji cəhətdən əhəmiyyətini itirmişdir. Xüsusilə, 60-cı illərin II yarısında çəkilən filmlər materialın təzəliyi, gözəlliyi ilə seçilir. Sanki həmin filmlərdə ("Şərikli çörək", "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində") baş verən hadisələr yazıçı təxəyyülünün məhsulu deyil, hadisələrin həyatda cərəyan etdiyi vaxtda lentə köçürülmüşdür. "Şərikli çörək" dramaturji materialına, "Uşaqlığın son gecəsi" yeni estetik meyarların təcəssümünə, "Bir cənub şəhərində" və "Dəli Kür" (I var.) filmləri isə sovet ideologiyasına qarşı çıxan tələblər baxımından əlamətdar hadisə kimi tarixə düşmüşdür. Bu yeniliklər rejissoraktyor yaradıcılıq axtarışlarının nəticəsidir. Tədqiq olunan illərdə günümüzün ən zəruri, çağdaş problemləri öz bədii həllini tapmışdır. Bu kino əsərlərində dövrün spesifikasına uyğun qəhrəmanların formalaşması, mənəviyyatın bütün çalarları ilə üzə çıxarılması diqqət mərkəzinə çevrilmişdi. İctimai-siyasi və mənəvi problemlərin kinematoqrafik həlli yaradıcılığın səciyyəvi cəhətlərindən biri olmuşdur. Xalqın həyatında mövcud olan problemlər, şəxsiyyət və cəmiyyət, müasir həyatın aktual məsələləri bu filmlərin ana xəttini təşkil edirdi.

Kino sənətkarları, yazıçı-dramaturqlar tərəfindən aparılan məzmun və forma axtarışlarının səmərəli nəticəsi olaraq 70-ci illərdə mözvujanr etibarilə daha əhəmiyyətli filmlər ekranlara buraxıldı. Milli kino sənətimiz getdikcə yeni estetik prinsiplər əsasında formalaşdı, milli obrazlar silsiləsi yarandı, tarixitarixi-inqilabi, eyni zamanda müasir mövzuya meyl üçün əlverişli şərait yaranmışdı. Tədqiq olunan illərdə müasirlik mözvusu nəinki kinoda, o cümlədən ədəbiyyat və teatr sənətində də aktual məsələlərdən idimüasir insan onun mənəvi aləminin zənginliyi, gündəlik qayğıları, yaşam tərzi, problemləri bütün rəngarəngliyi ilə təcəssüm olunurdu.

70-ci illərdə yaradılmış ən yaxşı əsərlərdə biz təbliğatdan uzaq, mühüm həyat həqiqətlərini, gercək hadisələri əks etdirən realdolğun xarakterlərin axtarışını və bunların ekran həllini görürük. Bunun müqabilində "Xoşbəxtlik qayğıları" (rej. H.Seyidbəyli), "Gün keçdi", "Arxadan vurulan zərbə" (rej. A.Babayev), "Ad günü" və "İstintaq" (rej. R.Ocaqov), "Dantenin yubileyi" (rej. G.Əzimzadə və Anar) və dövrün digər filmləri nəinki 70-ci illərin, hətta hazırki zamanda belə televiziya ekranlarında nümayiş etdirilən vaxt maraqla qarşılanır.

Bu dövrdə müasir Azərbaycan kinosunun kinematoqrafik dili, üslub dəst-xətti mütərəqqi proses keçmişdi. Həmin dövrün filmlərinin tədqiqatı bu əsərlərdə incəsənətimizin milli özünəməxsusluğunun və zəngin ənənələrinin əks olunduğunu göstərir. Kinostudiyadakı mütərəqqi proses onun müxtəlif növ və janrlarında olan filmlərində, o cümlədən "Sevil" film-operası, "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Ulduzlar sönmür", "Nəsimi", "Dədə Qorqud", "Babək", "Tütək səsi" və b. kino əsərlərində açıq-aşkar özünü büruzə verirdi.

60-cı illərin ortalarından başlayaraq respublikada rüşvətxorluğa, əxlaq normalarını pozanlara qarşı aparılan ardıcıl mübarizə, mənəvi və əxlaqi dəyərlərin təsdiqi ölkədə mənəvi ab-havanın dəyişməsinə, o cümlədən Azərbaycan kinematoqrafiyasına keyfiyyət dəyişikliyi baxımından müsbət təsir göstərdi. Həmin proses növbəti illərdə daha da yüksəldi. Ümumilikdə, 70-ci illərdə Azərbaycan ictimai-siyasi həyatında bir çox önəmli hadisələr olmuşdur. Ölkədə baş verən bu sosial-siyasi dəyişikliklər şübhəsiz, Azərbaycan kino xadimlərinin ekran işində öz əksini tapmaya bilməzdi. Belə ekran variantlarından biri 1979-cu ilin istehsalı "İstintaq" bədii filmidir. 70-ci illər Azərbaycan kinosunda istehsal olunmuş "Nəsimi" "Dədə Qorqud" tarixi filmləri əvvəlki illərdən fərqli olaraq quruluşun genişliyi parlaq təsvirinin ifadəliyi ilə seçilir. Eyni zamanda film sosializm metodu prinsipindən uzaqlaşmış, gerçək hadisələrə tarixi həqiqətlərə söykənmişdir.

70-ci illər Azərbaycan milli kino tarixinə istər filmlərin sayına, istərsə keyfiyyətinə görə coşğun yüksəliş dövrü kimi daxil olub. Bu müvəfəqiyyətin qazanılmasında H.Seyidbəylinin xidmətləri, onun "Nəsimi" filminin rolu böyükdür. Azərbaycan kino tarixinin uğurlu filmləri siyahısına daxil olmuş "Nəsimi"də baş qəhrəman "Nəsimi" rolunun iştirakçısı, aktyor Rasim Balayevin danılmaz xidmətləri var.

Beləliklə, 70-ci illər kino tariximizə nəzər salsaq görərik ki, doğrudan da həmin illərin əvvələrindən Azərbaycan kino sənətində həyata bənzəyən kino estetikası yaranmağa başlayır bu kino estetikası öz təzahürü üçün filmə lazım olan digər bədii vasitələrlə yanaşı təbii düşünülmüş oyun tərzinə qadir aktyorlarla ehtiyac duyurdu. Belə bir vaxtda R.Balayev kimi istedadlı, daxili kino mədəniyyəti olan aktyorların ekranda görünməsi qanunauyğun zərurət idi. Tanınmış kinodramaturq Eldəniz Quliyev "Tarixi simaların həyatını yaşamış sənətkar" məqaləsində həmin obrazın əsasında R.Balayevin yaradıcılığına yüksək qiymət vermişdir.

1979-cu ildə iki seriyalı "Babək" tarixi filmi ekranlara buraxılır. Film yerli feodallara ərəb işğalçılarına qarşı mübarizə aparan Azərbaycan xalqının qəhrəman oğlu, xürrəmilər hərəkatının başçısı Babəkə həsr olunmuşdur. Professor B.Nəbiyev bu filmə həsr olunmuş resenziyasında filmi müəlliflərin yaradıcılıq nailiyyəti hesab etmişdir.

Həqiqətən , filmi seyr edən tamaşaçı inanır ki, xürrəmilər hərəkatı xilafətə qarşı adi, pərakəndə kəndli üsyanı deyil, mütəşəkkil surətdə davam edən, milli dövlətçiliyə, vahid birliyə əsaslanan böyük əzəmətli azadlıq müharibəsidir.

Həmin uslublu filmlər sırasında "Yeddi oğul istərəm" xalq təfəkkür tərzində, ziyalı sənətkarların dünyanı dərki prosesində nəinki Azərbaycan mədəniyyətində, sovet kinematoqrafiyasında yeni hadisəyə səbəb olmuşdur.

Filmin əsas qəhrəmanı Bəxtiyarın (akt. Həsən Məmmədov) tarixi gedişatı dərki, xarakterindəki psixoloji qat Azərbaycan incəsənətində mütərəqqi hadisəyə çevrildi. Ənənəvi oyun üslubundan istifadə etmiş aktyor Həsənağa Turabov Azərbaycan kinosunda ilk dəfə idi ki, sinfi düşməni bu cür təzadlı, inandırıcı dastanvari yaratmışdır.

Hər iki sənətkar sələflərindən fərqli olaraq oynadıqları ciddi rolları ilə tarixi-estetik cəhətdən milli kino tariximizdə inqilab etmişlər.

Yaxın inqilabi keçmişimizin artıq tarixə çevrilmiş hadisələrindən bəhs edən "Yeddi oğul istərəm" filmi mədəniyyətlərarası körpü rolu oynayan sənət əsərlərindəndir.

İstər il baxımından, istərsə ideoloji cəhətdən müasir qəbul edilmiş filmlərdə milli xarakter meydana çıxır, qəhrəmanların cəmiyyətdə yeri mövqeyi zamanın meyarları baxımından müəyyənləşirdi. Sovet totalitar rejiminin ideal quruluş haqqında formalaşdırdığı mifik təsəvvürlər dağılırdı. Bu proses kinematoqrafiyada da əksini tapırdı. Əvvəlki illərdən fərqli olaraq ekranlaşdırma zamanı - ədəbi əsərlər obrazlar mənbəyi kimi xarakterizə edilir, yəni təsvir forma axtarışları kinonun bədii ifadə vasitələrini, estetik imkanlarını zənginləşdirirdi. Bu kinematoqrafik yeniliklər, sənətkarlıq məziyyətləri 70-ci illər Azərbaycan kinosunun inkişaf tendensiyasını sürətləndirirdi. Belə inkişaf tendensiyası milli kino sənətimizin bədii-estetik problemlərinin həllində önəmli əhəmiyyət kəsb edirdi.    

 

 

Oktay Hacımusalı 

 

Xalq Cəbhəsi.- 2011.- 22 oktyabr.- S.13.