Zəngilanın işğalından 18 il ötür...

 

Bir ovuc çərşənbə buğdası

 

Xankəndi, Əsirlik. Mart da ki, ilıq nəfəsiylə yavaş-yavaş gəlir. Hamı intizardadır. Söz gəzir ki, Novruz bayramı ərəfəsində əsir dəyişmə olacaq. İlahi, bu dəfə azadlıq kimin bəxtinə düşəcək? Arı pətəyi kimi gecəli-gündüzlü narahatdır dara düşənlər.

 

Günlər isə ağır da olsa, ötüşür. Çərşənbə axşamı yaxınlaşır: Əsirlərin qaldığı damın altında da bayrama hazırlıq görülür. O qadınlar ki, yun əyirib, corab-zad toxuya bilirlər, zəhmət haqqına buğda istəyirlər. Mən yazıq, çərşənbə yaxınlaşdıqca elə bil burnuma qovrulmuş buğda ətri dəyir. İstər-istəməz xəyallar, xatirələr məni rahat buraxmır. Zəngilandakı çərşənbə axşamları, bayrama hazırlıq yada düşür. Qonşularla gecələr yatmayıb nə qədər şəkərbura, paxlava, şor qoğalı, başqa şirniyyatlar bişirərdik. Yumurta bəzəyərdik. Bəs indi nə edim?!

Əsirlikdə olsaq da, bilirəm ki, aramızdakı əsir uşaqlar çarpayı-çarpayı gəzib çərşənbəmizi təbrik edəcək, pay istəyəcəklər. Binəvaları əliboşmu qarşılayacağam? Qərara aldım ki, hər səhər verilən iki çay qaşığı qənd tozunu bir həftə yığım. Bir balaca nimçədə qənd bişirim. Kiçik hissələrə bölüb çarpayıma əl uzadan hər uşağa bir qənd parçası verim. Çərşənbə yaxınlaşdıqca buğda ətri məni rahat buraxmırdı. Buğdası olanlara yalvardım ki, çərşənbə axşamı mənə bir qaşıq, heç olmazsa, çay qaşığı buğda verin! Dedilər, dişin yoxdur, neynirsən qovurğanı? Dedim, ürəyim istəyir. İyləyim, barı ürəyim toxtasın.

Nəhayət, bu da çərşənbə axşamı! Kədər. Ümid. Tanrıya yalvarış: Gözətçilər həyətə çıxıb tonqal qalamağa qoymadılar. Hərə öz "otağında" - çarpayısında oturub fikirli-intizarlı bir-birini seyr edir. Deyəsən, elə həyatın qanunu belədir. Burada əsirlər arasında da "varlılar", "kasıblar" təbəqəsi yaranıb. İş görüb qazananlar buğda qovurur, hoppa bişirirlər. Digərləri - mənim kimi xəstələr, zəiflər, "işsizlər" həmin "bəxtəvərləri" süzüb fikirləşirlər ki, heç olmazsa, bu çərşənbə axşamı bir çömçə hoppa, yaxud bir qaşıq buğda verərlər.

Uşaqlar (3 yaşından 12 yaşadək) çərşənbə payı yığmağa başladılar. Sayları çox olduğundan bişirdiyim qəndi noxud boyda doğradım. "Şəhərimiz" balaca, döyməli "qapı" az, gecə də ki uzun. Uşaqlar o başdan bu başa çıxıb, ikinci dəfə döndülər. Mənim də könlümdən qovurğa keçirdi. İstəyimi əvvəl bildirmişdim. Bir də deməyə üzüm gəlmədi. Bəxtəvər saydığım qovurğa sahibləri isə məni "görmürdülər". Özümə yazığım gəldi! Əsirlik elə yerdir ki, hamı hamının ağzına baxır. Hər hərəkətini izləyir. İçdiyin suya da baxırlar ki, neçə qurtum uddun. Görməyənlər görməsin! Uşaqlar üçüncü dəfə pay almağa gələndə "qəndcik"ləri yığdığım paketi göstərdim. Gördülər ki, boşalıb. Dönüb getdilər. Mən isə ağrılı xəyallara qapılıb uzun çərşənbə gecəsi o ki, var ağladım.

 

Döyüşçünün xatirəsi

 

Döyüşün qızğın anlarından biri idi. Birdən ayağımda bir istilik hiss etdim. İrəli atılmaq istəyəndə ayağım sözümə baxmadı. Başa düşdüm ki, ayağımdan yaralanmışam. Yara soyuduğundan dözülməz ağrı başladı. Sürünüb döyüş meydanından aralanmaq istədim. Ancaq tərpənə bilmirdim. Ağrının şiddətindən huşumu itirdim. Özümə gələndə bir dəstə erməni əsgərinin əhatəsində olduğumu gördüm. Onlar quduz it kimi üstümə tökülüşdülər. Təpiklə-yumruqla ağız-burnuma vururdular. Al-qanın içində idim. Ağrımın şiddətli o qədər güclü idi ki, artıq hissiyyatım itmişdi, arabir də ayaqlarını mənim ayağımdakı yaramın üstünə basırdılar. Yerimdə qıvrılırdım. Yenidən huşumu itirdim. Gözümü açanda özümü xalatlı adamların arasında gördüm. İçəriyə bir qoca kişi girdi. Məni görəndə gözləri hədəqəsindən çıxdı. Görünür, o, əvvəlcədən məni tutmaqlarından xəbərdar imiş. Ağzından köpük daşlana-daşlana:

- Ərə, mənim oğlumu sizinkilər - türklər öldürüb deməyi ilə cibindən çıxardığı bıçağı qarnıma soxduğu bir oldu. Bıçaq qarnıma girən kimi onu yuxarı dartdı. Bağırtım ərşə qalxdı. Gözümün qarşısında bağırsaqlarım bayıra çıxdı. Gözlərim toranlaşmağa başladı. Sonra nə baş verdiyini anlaya bilmədim.

Gözümü açanda özümü palatada gördüm. Kir basmış divarları, köhnə-kürüş döşəmə-taxtası, yarımçıq tavanı olan bir otaq idi. Çarpayıdakı adyal və ağlar isə kir içində idi. Yavaş-yavaş başıma gələnlər huşumun özünə qayıdışı ilə birgə yadıma düşürdü. Qarnıma baxdım, tikilmişdi. Ayaqlarım gipsdə idi. Ağız-burnumu isə tərpədə bilmirdim. Yaraların ağrısı bir-birinə qarışmışdı. Ayağımı sanki gipsə deyil, betonun içinə salmışdılar. Bunun səbəbini sonralar, gips açılandan sonra başa düşdüm. Onlar ayağımın əyri bitməsi üçün qəsdən necə gəldi, elə gipsə salıblarmış. Sir-sifətim də döyülməkdən eybəcər hala salınmışdı. Ermənilər mənə baxıb gülürdülər.

Ətrafımda bir tibb bacısı hərlənirdi. Əvvəllər mənə etinasız yanaşırdı. Onunla yavaş-yavaş danışmağa başladım. Bir neçə günlük danışıqdan sonra Stepanakertdən olduğunu bildim. Mənim bacım da orada tibb bacısı işləmişdi. Məlum oldu ki, onlar bir yerdə işləyiblər. Qızın bundan sonra mənə münasibəti dəyişdi. Gecələr xəlvətcə mənə dava-dərman verirdi.

Bu hadisəni rayonun Köhünlü kəndindən olan Şükürov Qalibə 1993-cü ildə o, Füzuli rayonunun Qaraxanbəyli kəndində hospitalda yatarkən yanına Qubadlı rayonundan olan, əsirlikdən dəyişdirilərək həmin hospitala gətirilən bir əsgər danışıb.

 

Hayıflı faciəsi

 

Zəngilan rayonunun işğalından bizi 18 illik bir zaman ayırır. Hər dəfə o yurd yerləri yada düşəndə göyüm-göyüm köynəyir, soğan kimi soyuluruq. Necə oldu ellər-obalar düşmən caynağına keçdi? Bütöv Qarabağımız, ətraf rayonlar işğala məruz qaldı? Azərbaycan torpaqlarının 20 faizi hələ də mənfur ermənilərin əsarətindədir. Bütün bu suallar ətrafında düşünə-düşünə yaxın keçmişimizə qayıtmalı oluruq. 29 oktyabr 1993-cü ildə Ermənistan ordusu Ermənistanla Qarabağ arasındakı bufer zonası olan Zəngilanı da işğal etdi.

Əslində Zəngilanın işğalının təməl daşları ondan bir il əvvəl 10 dekabr 1992-ci ildə qoyulmuşdu. Düz 18 il öncə millətimizin tarixində daha bir faciə baş verdi. Xocalı faciəsinin davamı olan Şayıflı faciəsi. Bu faciə erməni vəhşiliyinin yeni bir qanlı səhifəsidir. Bu dəhşətli hadisə onlarca insanın ölümü ilə nəticələnib.

1992-ci il dekabrın 9-dan 10-na keçən gecə erməni ordusu Zəngilan rayonuna üç istiqamətdən hücuma keçdi. Həddindən çox ağır texnika və piyadalardan ibarət olan işğalçı ordu gözlənilmədən və elan etmədən respublikamızın dövlət sərhədlərini pozaraq sərhədyanı kəndlərə - Qazançı, Dərəli, Ağkənd, Günqışlaq, Şərikan və Seyidlər kəndinə basqın edib vəhşiliklər törətdilər. Qocaya, uşağa, qadına aman verməyən mənfur ermənilər yeni-yeni qətllər törətməkdən sanki zövq alırdılar. Birdən-birə güclü hücuma məruz qalan müdafiəçilərimiz qeyri-bərabər döyüşdə geri çəkilməli oldular. Sərhəd kəndlərini ələ keçirən düşmən talanlar edir, daşıya bilmədiklərinə od vurub yandırırdı. Azğınlaşmış ermənilər sərhəddən aralı kəndlərə doğru irəliləyirdilər. Səhərə yaxın hava işıqlanında erməni ordusu Günqışlaq, Canbar, Göyəli kəndlərini ələ keçirdilər. Canbardakı yaşı eramızdan əvvələ gedib çıxan tarixi abidə yerlə-yeksan oldu. Bir neçə saatdan sonra Bürünlü, Şayıflı, Qaragöl kəndlərinə doğru irəlilədilər. Düşmən yeni-yeni qətllər törədir, vəhşiliklər edir, dinc sakinləri qəddarcasına öldürürdülər. Şayıflı kəndində baş verən hadisələr daha amansız idi. Ermənilərin muzdlu əsgərləri heç kəsə rəhm etmirdilər. Artıq düşmən 15 kilometr irəliləmişdi. Strateji əhəmiyyətli yüksəkliklər ələ keçirilmişdi.

Şayıflıda 23 nəfər dinc əhali bu vəhşiliyin qurbanı oldu. 10 nəfərdən artıq insan əsir düşdü. Ermənilərin 10 dekabr 1992-ci ildəki hücumu zamanı 60 nəfərdən çox insan tələfatı oldu. Həmin gün dünyada beynəlxalq insan hüquqları günü kimi qeyd olunur. Məhz həmin gün 20-ci əsrin yeni bir faciəsi baş verdi. Cinayətkar ermənilər, zərərçəkən Azərbaycan türkləri idi. Bu hadisə Şayıflı faciəsi kimi xalqımızın yaddaşına həkk olundu.

Faciənin iştirakçıları ilə dəfələrlə görüşmüşük. Hamısı da o günləri ürək ağrısı ilə xatırlayır. Həmin faciənin iştirakçısı olmuş və 1992-ci ildə Zəngilan rayon icraiyyə komitəsinin sədri işləmiş Zakir İbrahimovun xatirələrindən:

- Həmin vaxtlar gecəm-gündüzüm sərhəd postlarında, hərbçilərlə, müdafiəçilərlə bir yerdə keçirdi. Getsin, gəlməsin o günlər. Ermənilər Azərbaycan rəhbərliyinin o vaxt gücünə bələd idi. Azərbaycan ordusunun adı vardısa da, özü demək olar ki, yox idi. Hərə özünə bir dəstə toplayıb özlərini qoruyurdular. Rəhim Qazıyev kimi müdafiə nazirinin elə də ordusu olmalı idi. Surət Hüseynovun dəstələri hegemonluq edirdi. İnanın, bir-birilə yola getmirdilər. Əmrlərə tabe olmurdular. Əsl hərc-mərclik oyunu gedirdi. Bütün bunları bilən ermənilər 10 dekabrda Şayıflı faciəsini törətdi. Yaxşı ki, torpaq sevən vətən oğulları vardı. Onlar gecə-gündüz sərhədlərimizin müdafiəsində durur, düşmən həmlələrini dəf edirdilər. Belə oğullarla Azərbaycan ayaq üstə qala bildi.

Şayıflı faciəsi zamanı qəhrəmancasına həlak olmuş Adil Rüstəmov əsl fədakarlıq göstərmişdi. Həmişə döyüşə "ya torpaq - ya ölüm" deyib atılan Adil ermənilərə göz dağı idi. Hətta ermənilər onun başına pul ayırmışdılar. Şayıflıda isə o əfsanəvi bir igidlik göstərdi. Erməniləri çaşdırmaq, dinc əhalini meşəyə çəkilməsi üçün irəli atılır. Neçə saat döyüşür. Axırda patronu qurtarır. Bunu hiss edən ermənilər vəhşi kimi onun üstünə atılırlar. Əlbəyaxa döyüşdə neçə düşməni məhv edən Adil ağır yaralanır. Onu canavar kimi didişdirirlər. Qol-qıçasını sındırırlar, sinəsini güllə ilə deşik-deşik edirlər. Bütün nahiyələrini bıçaqlayır və boğazını kəsirlər. Adil Rüstəmov beləcə şəhid olur. 1994-cü ilin 16 sentyabrında ölkə prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı" (ölümündən sonra) ordeni ilə təltif olundu.

Bəli, Şayıflı faciəsi belə kədərli notlar üstə köklənib. Bu faciəni, ləkəni yumaq üçün 1993-cü ilin aprelin 10-da "Qana-qan", "qisasa-qisas" deyən döyüşçülərimiz Kollu istiqamətindən hər an ərazimizə həmlə etməyə can atanı düşməni öz yuvasında əzmək amalı ilə müharibə başlanan andan ilk dəfə olaraq döyüşü Ermənistanın öz ərazisində keçirməyə müvəffəq oldu və ildırım sürətilə bir neçə saatın içərisində Hənd, Sav, Kilsə, Şıxavuz kimi ilan yuvalarını məhv edərək bir sıra hərbi qənimətlər ələ keçirdi. Qafan kimi iri sənaye şəhərini ələ keçirməyə imkan yaranmışdı. İstər rayonun müdafiəçiləri, istərsə də sakinlər müvəffəqiyyətli müzəffər yürüşə hazır idilər. Ancaq min təəssüflər olsun ki, bu uğurlu əməliyyatın inkişaf etdirilməsinə nəinki yuxarıdan icazə verilmədi, hətta döyüşçülərimizin tutduqları ərazilərdən təcili geri çəkilmələri haqqında göstəriş oldu. Səbəb isə həmin günlərdə ATƏT-in nümayəndələrinin regiona gözlənilən missiyası idi. Bəli, həmin missiyalar hələ də davam edir...

 

 

Ayaz İmranoğlu

 

(Əvvəli ötən sayımızda)   

  

Xalq Cəbhəsi.- 2011.- 22 oktyabr.- S.14.