Hüseyn Cavid əbədiliyi

 

Dünən dahi şairin doğum günü idi...

 

Hüseyn Cavidin əsərlərində göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir - inamlı, inadlı, ilahi. O, bənzərsiz göy adamı idi. Hüseyn Cavid nəinki Azərbaycanın, habelə bəşər mədəniyyətinin nadir simalarındandır. Oktyabrın 24-ü böyük Hüseyn Cavidin anadan olmasından 129 il ötdü. Asif Ata yazır: "1920-ci ildə xalqın başını kəsdilər, 1937-ci ildə ürəyini yedilər". Habelə Ata 1937-ci ili "Şaqqalanan Ümid" adlandırır.

1930-cu illərdən başlayaraq rəsmi Moskva ədəbiyyat adamları arasında özünə carçılar (əslində yeni çarçılar) axtarmağa başladı. Bu ideyaya tabe olmayanların məhvi planını məharətlə hazırladı və həyata keçirdi. Ancaq heç bir zaman əsl ədəbiyyat zamana tabe olmayıb. 20-ci illərdən geniş vüsət alan sovet ədəbiyyatı əbədiyyəti təsdiq edən insanlar yetirə bilmədi. Sovet ədəbiyyatının insanları zaman, şərait əhvallı idilər. Dövranın gurultulu, həşirli əhvalları ədəbiyyata gəldi, əbədiyyətə xidmət etməli olan ədəbiyyat mahiyətcə sovet ideologiyasının xidmətçisinə çevrildi. Yaradıcılığı sovet dövründə davam edən, bu günyaşayan müəyyən yazarlar (Hüseyn Cavid, qismən Cəfər Cabbarlı və b.) isə zamandan üstünlüyünə görə bu gün də yaşayırlar. Düzdür, çətin, amansız zaman idi, ancaq əgər o dövrdə ziyalı əyilməsəydi, satqınlıq etməsəydi, imperiya Cavidlərin başını kəsə bilməyəcəkdi. Hüseyn Cavid zamanın tələbinə boyun əymədi, axıradək dəyişməz qaldı.

Qəhrəmanı Şeyx Sənanın ucalığını Hüseyn Cavid gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini sübut etdi. Şeyx Sənan-göyə ucalmaq rəmzidir əslində. Göyə yüksəlmək - insanın öz daxili-mənəvi dünyasına baş vurmasıdır. Mütləq ədalətə, mütləq həqiqətə, mütləq ülviyyətə yüksəlməkdir. İnam harayı səslənir Sənanların göyündə-ardıcıl, aramsız, qəti! Şeyx Sənanların, Xumarların göyləşmək həsrəti var-zamana sığmayan!

Xumar Sənanın illərlə aradığı, nəhayət, tapdığı idealıdır.

Mütləqiliyin, yəni dəyişməzliyin, bütövlüyün bütün nişanələrini Xumarda tapır Sənan və ona dəlicəsinə vurulur.

Sənan Xumarı səcdəgah saydığı dərəcədə onun üçün də səcdəgahdır. Sənan Xumarını, yəni həqiqətini tapır, inama yüksəlir, göyləşir, paklaşır, durulaşır, çünki özümlüyünə yüksəlir, yetir, qovuşur. Həqiqətinə doğru yol gedən, əzab içində qovrulan, əzabdan fərəh alan, həqiqətinə yetəndir Sənan! Ancaq Sənanın və Xumarın ətrafındakılar naşı inamlara tapınırlar. Onlar Sənanı və Xumarı anlamaqdan çox uzaqdırlar. Fitnə-fəsadla, həsədlə yoğrulmuşlar inamsızlıq fəlakətinə düçar olublar. İnamsızlıq dəhşətli fəlakətlər yaradır.

Cavid "Şeyx Sənan"da yoxluğu sevənlərin, özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə açıb göstərir.

İnamsızlıqdan adamların içərisində qorxu, böhtan ağacı boy atır, şübhə meyvələri yetişir. Ancaq Sənanların içərisində ədalət, ülviyyət ağacı boy atır, fərəh meyvələri yetişir.

İradə göyü yaradırlar göylülər aqibətlərində - yerdəkilərin anlaya bilmədikləri, duya bilmədikləri! Göy qətiyyəti gəlir göy oğlu Sənanın ömrünə.

İdrakın göy səviyyəsi var-bəsit idrakdan göy qədər uca.

Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır.

Xəyyam mənəviyyatı zamana qarşıdır. Cavidin Xəyyamı zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir. Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir Yerdəkilərə-ürəklərini işıqlandıran. Qaranlıqları yaran göy idrakı gərəkdir Yerdəkilərə - onları ağıllandıran, işıqlandıran. Cavidin Səyavuşu göy idrakına yüksəlir, yetir, göy inamına layiq bilinir. Həsrət göyünə yüksəlir Səyavuş: dərd çəkir, dərdə calanır. İdrak göyünə yüksəlmək, qovuşmaq həsrəti yaşayır içimizdə - uca, dərin, əlçatmaz.

Cavidin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər. Cavidin qəhrəmanları insanları Yer ədalətsizliyinə, həqiqətsizliyinə, üviyyətsizliyinə qarşı durmağa çağırır, ədalətdə, həqiqətdə, ülviyyyətdə mənəviyyatın varlığını təsdiq edirlər. İşıq gərəkdir yerdəkilərin həsrətdən cadar-cadar olmuş ürəklərinə.

Cavid "Peyğəmbər" əsərində peyğəmbərliyin mahiyyətini dərindən duyub, ifadə edib. Göy hökmü səslənir Cavidin peyğəmbərinin aqibətində - ardıcıl, aramsız, qəti! Sonrakı mərhələdə kitabı qılıncla əvəz edən peyğəmbərin halı Cavid qələmində ruhani görümlə açılır.

Cavidin qəhrəmanları Göyə seçiliblər, Göyü seçiblər, mənəviyyat göyünə yüksəliblər. Cavidin qəhrəmanları Yer iradəsindən əl çəkir, göy iradəsinə yüksəlirlər. Yer iradəsi Yerdə qalır; qorxusuyla, tərəddüdüylə birgə-göy hökmünə, qətiyyətinə yad, yağı! Qətiyyətin, qüdrətin mütləq ölçüsü yaranır. Cavidin Səyavuşu ülvi, müqəddəs duyğular yiyəsidir.

Göy çağırışı düşür göy inamlı Səyavuşun aqibətinə-aramsız, ardıcıl, qəti! Oxu daşa dəyir göy inamlıların - göy həsrətilə yana-yana qalırlar. İnam göysüzləri yazırlar inam göylülərinin aqibətini; hərcayilik törədirlər, insansızlıq törədirlər. "Uçurum"da insan faciəsi bütün barizliyi ilə açılır. Cavidin "İblis"indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır. Yerdəkilərin İblis adlı səcdəgahı var: yüksələn görünürlər, alçalırlar, çünki göysüzdürlər. Cavid haray çəkir: İblis göysüzlüyündə - İblisləşən Yerdə inam göysüzlüyü, xurafat göysüzlüyü həqarəti bərqərar olub.

Yerdəkilərin ağlında İblis ağlı yaranır-zülmət gətirən. İdrak göysüzlüyündən duyğu, iradə yoxluğu yaranır.

Fitnə-fəsad, hərdən yoğrulmuş əməllər törəyir Yer idrakından-göy idrakını ağladan, sızladan. Xurafat, cəhalət, mənasız adət-ənənələr Mənəviyyat göysüzlüyü yaradır.

Cavidin qəhrəmanları zəlilləşmənin yaratdığı zor qələbəsinə inanmır. Mənəviyyat göysüzləri vicdan adlanan qüdsiyyətin səsini eşitmirlər. Mənəviyyatsızlığın İblislik adlı məqamı var. İblislik insansızlıqdan yaranır. Cavidin qəhrəmanları ləyaqətsizcəsinə "ləyaqətləşənlərə", naşıcasına müdrikləşənlərə -azğınlığa, zalımlığa, harınlığa qarşı döyüşürlər. Cavidin qəhrəmanları öz iradi imkanlarına inanmayan göysüzlərə qarşı döyüşürlər. Yadlaşma yağılığından ayrıla bilmirlər mənəviyyat korları, çünki iradəsizdirlər.

Cavidin "Topal Teymur"unda fatehliyin göysüzlüyünü dahiyanə şəkildə açıb göstərir. Bu fəlakəti Teymurlar öz əlləriylə yaradırlar. Cavid demək istəyir ki, Teymurlar həqiqət, ədalət, ülviyyət dağını fəth edə bilmirlər; zorla ürək adlı göyə sahiblənmək istəyirlər, ancaq bacarmırlar. Zorçuluq insansızlıqdır. Cavid demək istəyir ki, göysüzlər göylüləri anlamazlar. Göylüləri anlamaq üçün idrak göyünə yüksəlmək gərəkdir.

Cavidin qəhrəmanları həqiqətə çatıblar, zamanı aşıblar. Yüzillər ötəcək, Cavidin yaradıcılığı yenə də öz bənzərsizliyini qoruyacaq, yaşadacaq. Onun insan soraqlı əsərləri bəşərin bütün çağlarında öz ilahi dəyərini daha da yüksəldəcək, artıracaq.

 

 

Uğur   

  

 Xalq Cəbhəsi.- 2011.- 25 oktyabr.- S.14.