Torpaq həsrətli nasir
Onun əsərlərində
tərənnüm olunan
torpaqlarımızın sahəsi çox
böyük idi...
Böyük şairimiz Bəxtiyar Vahabzadənin dünyasını dəyişməsi ilə poeziyamıza üz verən ağır kədərin ürəyimizdən göynərtisi getməmiş, daha bir ağır itki ilə üzləşdik: nəsrimizin görkəmli nümayəndəsi, xalq yazıçısı Sabir Əhmədli bizi tərk edib oğlu ilə görüşə getdi. Onun Cəbrayıla qayıtmaq arzusu ürəyində qaldı. Ölümündən bir neçə il əvvəl televiziya müxbirinə Sabir Əhmədli 75 yaşdan sonrakı həyatının arzularını belə anlatmışdı: "Ürəyim düşmən tapdağında qalan Qarabağım, doğulduğum Cəbrayıl üçün nanə yarpağı kimi əsir, ən böyük arzum doğma torpaqlarımızın azad olması, Cəbrayılda ömrümün sonunacan yaşayıb, onun torpağına qarışmaqdır".
Amansız tale Sabir deyəni demədi. O, Cəbrayılı
- ata-baba torpağını
bir daha görmədən, Bakının
Binəqədi qəsəbəsinin
torpağına tapşırıldı.
Arzu arzudur. Lakin Sabirin əsərlərində
tərənnüm olunan
torpaqlarımızın sahəsi
çox böyük idi.
Onun məzarı üstə vida nitqi söyləyən
millət vəkili, yazıçı-publisist Aqil
Abbas da Sabirin yaradıcılığını
yüksək qiymətləndirib,
nitqini bu sözlərlə bitirdi:
"Sabir Əhmədliyə
torpaq darlıq eləyər, o, 300 milyonluq
bir xalqın ürəyinə həkk olunub, bu azdımı?!"
Sabirin yaxın dostu, AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin kövrək ürəyi daha da kövrəlmişdi,
böyük yazıçının,
əziz dostun vəfatı onu da sarsıtmışdı:
"Sabir əbədiyyətə
adını çoxdan
yazıb, ölümsüz
əsərləri "Ömürdən
nişanə" kimi
onun adını yaşadacaq, yatdığı
torpağı da ziyarətgaha çevirəcək"...
Sabir Əhmədli
yaradıcılığında 30-cu illərdən 90-cı illərin
sonunadək xalqımızın
taleyində baş verən bir çox acılı-şirinli
məqamlar bədii ifadəsini tapmışdır. O, realist qələminə
sarılıb, gördüyü,
duyduğu kimi yazmış, oxucu ürəyinə yol tapmışdır. Həyatının dərd və sevincinin ifadəsini Sabir Əhmədli əsərlərində görmüş,
xalqı onun əsərlərini sevə-sevə
oxumuşdur.
Təkcə "Arabaçı" hekayəsinə
görə Sabir Əhmədli SSRİ Yazıçılar
İttifaqına üzv
qəbul olunub. Az sonra isə (1956-cı ildə)
"Ədəbiyyat qəzeti"nin
nəsr şöbəsinin
müdiri təyin edilib. Sabir məsuliyyətli və tələbkar bir işçi kimi "Ədəbiyyat qəzeti"ndə 1993-ilə qədər
fasiləsiz işləmişdir.
Sabir qəzetdən söhbət düşəndə
deyirdi: "Ədəbiyyat
qəzet"inin çox
əməkdaşları, baş
redaktorları bir qədər işləyib
başqa işə gedirdilər. Üç adamınsa həmişəlik
iş yeri "Ədəbiyyat qəzeti"
olub. Məmməd Əkbər müəllim,
mən və Ayaz Vəfalı. Ayaz Vəfalı 1959-cu ildən bu günədək,
ədəbi işçi,
məsul katib, baş redaktor kimi "Ədəbiyyat qəzeti"nin cəfakeşi olub. Süleyman Rüstəmdən
sonra Qasım Qasımzadə, Yusif Əzimzadə, Hüseyn Abbaszadə, Nəriman Həsənzadə, Cabir Novruz, mən də baş redaktor işləmişəm".
Sabirin xatirini çox istədiyi Məmməd Araz onun mərdliyindən, işdə prinsipial, yaradıcılıqda özünə
tələbkarlığından ağızdolusu danışırdı. Sabirin hekayələri
mətbuatda, əsasən
jurnalda tez-tez çıxırdı. Çox keçmədi
ki, onun "Bir payız axşamı" kitabı
(Azərnəşr, 1961) səs
saldı. Tələbələrin, ümumiyyətlə ədəbiyyatı
sevənlərin əlindən
düşmürdü. Xüsusilə respublika, məktəb kitabxanaları
Sabirin kitablarını
az zamanda
kitab mağazalarından
götürür, ya da "Kəndkitab"ın
xətti ilə sifariş edirdilər.
1989-cu ildə "Azərnəşr"də
Sabirin iki cildlik əsərləri çap edildi. Çox
az zamanda
həmin kitablar əl-əl gəzirdi. Onun bir-birinin ardınca çıxan
"Aran" ("Uşaq
Gəncnəşr",1962) iki hissəli romanı, "Pillələr" ("Azərnəşr",
1964), "Yamacda nişanə"
("Gənclik", 1973), "Toğana" ("Yazıçı"
1981), "Mavi günbəz"
("Gənclik", 1984, povestlər),
"Yasamal gölündə
qayıqlar üzürdü"
("Yazıçı", 1984), "Yasaq edilmiş oyun, Gülmalı kişinin axırı"
("Yazıçı", 1988) sürətlə respublikamızın
hər tərəfinə
yayılmışdı. Şair
İlyas Tapdıq danışır ki, "televiziyada "Gənclər"
proqramının baş
redaktoru işlədiyim
illərdə rayonlarda
çox olurdum. "Məhsul bayramları"nın çəkilişlərində
gənclərdən, müəllimlərdən
hansı əsərləri
oxumusunuz sualına, cavabda İlyas Əfəndiyev, İsmayıl
Şıxlı, Bayram
Bayramov, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Anar və Əkrəm Əylislinin adları olardı.
O, İsi ilə çox yaxın idi. Bir dəfə mənə
zəng etdi ki, Pirşağıdan şeir yazmısan. İsinin ayaqları ağrıyır.
Onun dərmanı Pirşağı
qumudur - deyiblər.
Ora səninlə getmək istəyirik. Etiraz etmədim,
mənim maşınımla
getdik. Yolda maşını İsi də sürdü, maşını təriflədi:
"Əla maşındır
bu 412-lər. Mənim "Moskoviç"im zay çıxıb." İsidən
soruşdum: "Neçə
ildir maşın sürürsən?" İsi
dedi: "Təzə-təzə
öyrənirəm." Mən
dedim: "Bu ikinci maşınımdır."
Sabiri gülmək tutdu, dedi: "Görünür
birincinin başında
dəlləklik öyrənmisən.
Bu maşına da qıymırsan, ehtiyatla sürürsən".
Mən Sabirin sözlərini təsdiq edib dedim: indi
İsi də təzə maşın alanda, onu göz-bəbəyi
kimi saxlayacaq.
Pirşağıda Mikayıl Hüseynovun,
Mirmehdi Seyidzadənin bağının yanından
dolanıb gözəl
bir qumlu yerdə süfrə açdıq. Sabir İsi Məlikzadənin
xətrini çox istəyirdi, onun kitablarına rəy verirdi. İndi də İsi ona təzə əsərinin süjetindən
danışırdı, mənə
dedi: "Gəl, sən də qulaq as". Dedim ki, qardaş, yox, mən bütün
günü onun-bunun əsərini oxuyuram, istəyirəm bu gün başım dincəlsin. Hava sakit idi, su isti, zümrüd
kimi suda çimib quma uzandım. Onlar da dənizə baş vurub, bir az çimdilər və ayaqlarını qızmar quma basdırıb xeyli söhbətləşdilər,
mən bir az da çimdim.
Dönüb dəniz boyu
üfüqə baxanda
gördüm buludların
arasında günəş
ocaq kimi közərir, zolaq-zolaq buludlar da qıp-qırmızıdır.
Sabirlə İsi kürəklərini
günəşə çevirdikləri
üçün bu mənzərəni görmürdülər.
Sudan çıxıb Sabirə
yaxınlaşdım: "Qardaş,
bir dön o mənzərəyə bax".
İsi də, Sabir də cəld dönüb mənzərəyə
baxdılar. Sabir
dedi: "İlyas bayaqdan təbiətdən
zövq alır, biz də başımızı
mübahisəyə qatmışıq."
Sabir Əhmədli əsərlərində
yazıçının qarşısına
qoyduğu məqsədi
bəri başdan hiss etmək olmur. Hadisələr məhəbbəti də, nifrəti də, tarixin keşməkeşlərində insanın başına gələn müsibəti
də əsər boyu bizə göstərir. İndi
dilimizdə az
işlənən sözləri
də yerində elə məharətlə
işlədir ki, yaddaşımızda həmin
sözlər təzədən
möhkəmlənir.
Sabir Əhmədli
başqa yazıçılarımızın
təzə çıxan
əsərlərinə, onun
bədii taleyinə oxucunun münasibəti necə olacağını
bir "görücü"
kimi bəri başdan deyirmiş. Bu yerdə
onunla bağlı xalq şairi Məmməd Arazın xatirələrinə nəzər
salaq: "Söhrab Tahir və digər
dostları həmişə
ona məsləhət
görürdülər: Sabir,
bu fikirlərini yaz, mətbuata çıxart. Sabirsə onlarla razılaşmır,
zarafatyana deyirdi: "Mən nə vaxtdan tənqidçi oldum. Bu ədəbiyyatşünasların,
tənqidçilərin işidir,
mən oxucu kimi fikrimi bildirdim".
Cavanlıqda Məmməd Arazın darısqal otağı Sabirin, Əli Kərimin, Tofiq Bayramın ən çox getdikləri, yığışıb mübahisə
etdikləri yerlərdən
imiş. İnstitutdan ədəbiyyat dərnəyindən
ayrılandan sonra təzə əsərlər
haqqında mübahisələr
edərmişlər, təzə
yazılarını gecənin
bir vaxtınacan bir-birilərinə oxuyaraq
söhbətləşərmişlər.
Əli, Tofiq, Məmməd dünyasını xeyli vaxtdır dəyişib.
Sabir Əhmədli də o xatirəli kiçik otağın söhbətlərini
sinəsində apardı.
Böyük şairimiz Mirzə
Ələkbər Sabir
XX əsrin 11-ci ilində
dünyasını dəyişmişdi.
Onun adını daşıyan
qüdrətli nasirimiz
Sabir Əhmədli XXI
əsrin 9-cu ilində
dünyasını dəyişdi.
Şerimizin və nəsrimizin Sabirləri əbədi olaraq xalqımızın yaddaşında
yaşayacaq!
Oktay Hacımusalı
Xalq Cəbhəsi.-
2011.- 26 oktyabr.- S.13.