Çağdaş ədəbiyyatda etnos
problemi
Müasir
ədəbiyyatda "etnos" termininin müxtəlif
izahları mövcuddur. Bu izahlardan bir neçəsini xatırlatmaq istərdik. Məsələn,
Rusiya Elmlər Akademiyasının akademiki
Q.V.Osipovun redaktəsi
ilə nəşr olunmuş "Rusiya Sosioloji Ensiklopediyası"nda
oxuyuruq: "Etnos - qəbilə, xalq, millət yaxud digərləri tərəfindən
təqdim olunmuş insanların xüsusi növü olan tarixən yaranmış sosial qrupudur. Etnosun yaranması üçün
başlıca şərt
insanların sıx ünsiyyəti və birliyi üçün təbii baza kimi ərazi birliyi götürülür".
Fəlsəfi, sosioloji və etnoqrafik ədəbiyyatda
"etnos" termini "etnik
ümumilik" (birlik)
"etnik qrup",
"etnik psixologiya",
"etnik əlamət"lə
eyniləşdirilir. Oxucuya burada
ikinci, üçüncü
və digər anlayışlara daha çox diqqət yetirmək məsləhət
görülür. Məsələn, "Böyük Sovet Ensiklopediyası"nda qeyd
olunur ki, "Etnik ümumilik (birlik), etnos qəbilə, xalq, millətin sabit tarixən yaranmış qrupudur. Etnik ümumiliyin (birliyin)
yaranmasının əsas
şərti ərazi və dil birliyi
onun mühüm əlaməti kimi çıxış edir".
Göründüyü kimi etnos, etnik ümumilik,
etnik qrup, etnik əlamətin göstəricisi kimi ilk növbədə ərazi,
tarix, dil, adət, ənənə, ümumi mənşə, həyat tərzi və s. xidmət edir. Qeyd edək ki, müxtəlif sosial-iqtisadi
amillər və təbii şəraitin təsiri altında etnos üçün səciyyəvi olan maddi və mənəvi
mədəniyyət, məişət,
adət və əxlaq, eləcə də digər psixi xüsusiyyətlər
ortaya çıxa bilər. Bütün bunlar isə
nəticədə etnik
şüurun meydana gəlməsinə gətirib
çıxarır. Burada bu
etnosa daxil olan insanların tarixi taleyinin ümumiliyi mühüm rol oynayır. Etnik şüurun zahiri ifadəsi kimi etnonim çıxış
edir. Etnonimlə
bağlı bir maraqlı məqamı qeyd etməyə ehtiyac var. Məsələn,
bu məsələ ilə bağlı Q.Cəfərov qeyd edir ki, monqolların
Qərbdə dil və ənənələrini
itirməsi nəticəsində
"tatar" sözü
türkdilli xalqları
ifadə etməyə
başlayıb. Müəllif "tatar" sözünün
semantikasının genişlənməsində
iki səbəb göstərir. Tatar-monqol
fəthlərinin təsiri
altında "tatar"
sözü daha çox ali məqamla, epik üslubda işlənməsi
"monqol" və türk xalqlarının qaynayıb-qarışması nəticəsində
xalqların yeni birliklərinin, türk dili və islam
mədəniyyətinə yiyələnmiş
xalqların meydana gəlməsi zəminində
"türk-tatar" (xalqı,
dili) ifadəsi meydana çıxıb. Müəllif Azərbaycanın türkdilli əhalisinə
"tatar" deyilməsini
haqlı olaraq rus mədəni ənənələri ilə
bağlayır. Yeri gəlmişkən
qeyd edək ki, belə yanaşmanı
biz ilk dəfə Əlibəy
Hüseynzadədə görürük.
Ə.Cənnətinin 1907-ci ildə
"Füyuzat" jurnalının
7 avqust tarixli 24-cü
nömrəsində çap
olunmuş "Fəxriyyə"
adlı şeirinə
cavab olaraq yazılmış böyük
satirik Sabirin "Fəxriyyə"sində Azərbaycan
və turan tarixi mənşəcə
monqollara və türklərə mənsub
olan hökmdarların
hakimiyyəti timsalında
nəzərdən keçirilir.
Burada "tatar" sözündən istifadə
olunmasa da, monqol və türk hökmdarlarının
(Məlikzadə Büzürk,
Xarəzmşah, Çingizxan,
Ağqoyunlular, Qaraqoyunlular,
Teymur şah, Toxtamış xan, Şah İsmayıl, İldırım Bəyazid,
Sultan Səlim və
s.) hərbi və siyasi fəaliyyəti vahid bir tarixi
proses kimi götürülür, onların
etnik, milli mənafeyə zidd olan qəbilələrarası
müharibələri pislənir,
dini, milli təəssübsüzlüyü milli fəlakət kimi dəyərləndirilir.
Söylədiklərimizdən məlum olur ki, etnosun adlarını
çəkdiyimiz elementləri
(ərazi və dil) ilə yanaşı
həm də etnosun digər əlamətləri çıxış
edə bilər. Formalaşmış etnos adətən sosial orqanizm kimi çıxış etməklə daxili (endoqam) nikahların yaranması, dili, mədəniyyəti, ənənələri,
etnik oriyentasiyası və b. yeni nəslə vermə yolu ilə gedir.
Etnosun daha sabit mövcudluğu
üçün onun öz sosial ərazisini təşkiletmə,
yaratmağa meylli (sinfi cəmiyyətə qədərki dövrdə
- qəbilə, sinfi cəmiyyətdə - dövlət)
olmasıdır.
Etnosla bağlı
ədəbiyyatlarda həm
də onun bioloji vahid-populyasiya kimi göstərilməsidir. Maraqlıdır
ki, "populyasiya"
termini latınca "populyus"dan
yaranmaqla "xalq",
"əhali" deməkdir.
Biologiyada isə bu termin bir növün
cəminin xüsusiyyətlərini
daşıyan, özünü
müəyyən ərazidə
yaradan böyük sayda olan nəsil
nəzərdə tutulur.
Antropoloq-tədqiqatçılara görə təkamül və insanın fiziki quruluşunun variasiyalarında bu termindən o qədər də geniş olmayan və ya son dərəcə geniş ərazilərdə yaşayan, eyni zamanda belə qrupların əksər üzvləri elə bu qrupun daxilində nikaha daxil olanlardır. Belə olduqda nə üçün populyasiyanı etnos adlandırmayaq? Hər etnos bioloji ümumiliyə malik olmaqla müəyyən insan populyasiyası ilə sıx bağlı olub, sosial qanunlarla yaşayır. Populyasiya, xüsusən digər dinin nümayəndələri ilə nikah qəbul olunmayıbsa, dövlət və dini icma telləri ilə bağlıdır.
Bəzən etnik terminologiya obyektiv reallıqdakı müxtəlif hadisələrin qeyd olunmasında istifadə olunur. Gah burada yalnız bioloji ümumilik (populyasiya), gah bioloji (ümumi-irqi) və sosial, gah da yalnız sosial hallar nəzərdə tutulur. Üçüncü halda ya bütün dünya xalqları, ya inkişafının arxaik pilləsində olan xalqlar, ya da xalqların ayrıca xüsusi hissəsi nəzərdən keçirilir. Etnik vahidlərin xarakterik əlamətinin ortaya qoyulmasında vahid tipli obyektlər (məsələn, dünya xalqları), çoxmənalılığın müəyyənləşməsi əsasən bu obyektlərdən özünün mürəkkəbliyi ilə bağlıdır. Belə olduqda biz hansı insanların ümumiliyini etnos-xalq adlandırırıq? Hər etnos - xalq mütləq özünəməxsus zahiri əlamətlərə malikdir: adın özü, xüsusi ad - etnonim. Yeri gəlmişkən, adın özü ilə bağlı bir neçə kəlmə söyləmək zəruridir. Məsələ burasındadır ki, digər xalqlar tərəfindən etnosa verilən ad etnonim - öz adından, həm də bir-birindən fərqlənir. Məsələn, özünü "madyar" adlandıran xalqı biz "macar", ruslar "venqr", avropalılar "hunqar", "deyç" adlandıranı biz "alman", ruslar "nemets", fransızlar "alleman", ingilislər "cömən", serblər "şvab", italyanlar "tedesko", finlər "saksalaynen" və s. adlandırırlar.
Azərbaycan türkləri gah "tatar", gah "türk", gah da "azərbaycanlı", türk etnosuna aid olan türklər müxtəlif cür "türk", "qırğız", "özbək", "türkmən", "qazax", "qaraqalpaq", "qaqauz", "malkar", "qaraçay", "noğay", "qumux", "karaim", "yaqut", "çuvaş", "qaramanlı" və s. adlandırılır (Yeri gəlmişkən qeyd edək ki, adlarını çəkdiyimiz bu türk xalqlarının əksəriyyəti müəyyən tarixi-siyasi proseslər nəticəsində ayrıca etnos kimi formalaşıb və onlardan bir sırası öz dövlət atributlarına malik olub və ya muxtar ərazi sahibidirlər). Eyni zamanda həm də öz adına malik olan insanlar qrupunu "xalq adlandırırlar" (məsələn, Azərbaycan xalqı, özbək xalqı, qazax xalqı, tatar xalqı və s.). Lakin elə hallar da mövcuddur ki, etnosların yerləşməsi heç də yalnız bir ölkə sərhədlərini əhatə etmir (məsələn, xalqımızın bir hissəsi şimalda, Azərbaycan Respublikasında, böyük hissəsi Cənubi Azərbaycanda, İraqda və s. məskunlaşmaqdadır). Buradaca iki əsas variant xalqın adı yaşadığı ərazinin adı ilə, daha doğrusu, toponimlə (yunanca "yer" və "ad") bağlı olur. Adın özü də etnonim ola bilər, daha doğrusu, o insanlar qrupunun etnik xarakterini əks etdirə bilər.
Gördüyümüz kimi, "etnos", "etnik birlik", "etnik qrup", "etnik əlamət", "etnik
psixologiya" və s.
kimi terminlər etnoqrafik,
sosioloji, fəlsəfi ədəbiyyatda uyğun terminlər kimi
işlədilməkdədir. Və burada etnos, etnonim, toponim, etnonimika və s. eyni cərgədə
işlənir.
Etnik özünüdərk digər şüur formaları kimi obyektiv faktorlardan törənən ikinci hadisədir, ona görə də etnosun mahiyyətini yalnız özünüdərkə aid etmək də doğru olmazdı. Çünki belə olduqda etnosun əks etdirdiyi anlam da müxtəlif rakurslardan izah olunur. Etnoslar insanların iradəsinə görə yox, obyektiv tarixi proses nəticəsi kimi meydana çıxır. Etnoslar son dərəcə mürəkkəb fenomen olmaqla, onlardan hər biri digərləri ilə həm fərqli, həm də ümumi xassəyə malikdir. Belə bir fikir də mövcuddur ki, etnosların bir-birindən fərqi onların mahiyyətinin müəyyənləşdirilməsində ikinci dərəcəlidir. Lakin burada belə bir məqam da ortaya çıxır ki, etnoslar arasında məhdudiyyətlər qoyulmadıqda onların mahiyyəti də sıfıra bərabərdir. Etnosun birlik xüsusiyyəti onun daxili əlaqələrinin ifadəsidir. Etnik birliklərin səciyyəvi xüsusiyyəti onların qarşılıqlı şəkildə bir-birindən fərqləndirilməsidir. Deməli, etnoslar müqayisəli kateqoriyadır və məhz onların belə prinsipial müstəvidə öyrənilməsi mümkündür. Burada müqayisələrin mərkəzində etnos-xalqların obyektiv xüsusiyyətləri dayana bilər. Məhz belə əsaslı müqayisələr əsasında Azərbaycan türklərini digər etnoslardan fərqləndirmək olar. Azərbaycan etnosunu müəyyənləşdirdikdə azərbaycanlıların Altay xalqları türk qrupunun oğuz qoluna mənsubluğu, söyköklərində başlıca olaraq kuti, lullubi, turuk (turukku), hürri, kimmer, iskit (skit, skif, sak, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, qıpçaq, habelə başqa türk və qeyri-türk etnosları iştirak edib, oğuz türkləri (ağqoyunlular, qaraqoyunlular, səlcuqlar və b.) bu prosesdə həlledici rol oynayıblar.
Hər bir etnos üzərində, onu təşəkkülü, inkişafı, formalaşması kontekstində ictimai-siyasi, mədəni-kulturoloji amillərə əsaslanaraq müvafiq müşahidələr aparmaq mümkündür. Lakin bunu da etiraf etməyə ehtiyac var. Etnosun elmi-nəzəri aspektləri, əvvəllər mövcud olub və hazırda mövcud etnik törəmələrin sona qədər öyrənilməsi heç də başa çatdırılmayıb. Etnosun tarixi tipləri (qəbilə, xalq, millət) fərqləndirilsə də, bu terminlərin anlayış xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı mübahisələr davam etməkdədir. Sosioloji ədəbiyyatda kompakt əraziyə məxsus və ərazi baxımından bir-birindən təcrid olunmuş vəziyyətdə yaşayan etnoslar tipoloji nöqteyi-nəzərdən fərqləndirilir.
Xaotik cəmiyyətlərdə
etnik qruplar əhəmiyyətini
saxlamaqla, siyasi
konfliktlərə tez cəlb olunur (yaxud onları
törədir). Bunun bariz
nümunələrinə son iki onillikdə keçmiş
Sovetlər İttifaqında, Yuqoslaviyada,
Azərbaycanda, Özbəkistanda, Qazaxstanda,
Gürcüstanda, Moldovada,
Çində və s. yerlərdə görmüşük. Nəticədə bir sıra ərazilərdə "etnik təmizləmə" əməliyyatı
həyata keçirilib.
Nizami Tağısoy,
professor
Xalq Cəbhəsi.-
2011.- 27 oktyabr.- S.14.