"Gənclərdə saza həvəs oyatmaq lazımdır"

 

 Aşıq Elçin: "Aşıq sənətində Vətənə, Allaha sevgi, qəhrəmanlıq və haqq-ədalətə çağırış var"

 

Aşıq yaradıcılığı hər zaman xalqın mənəvi qidasının təminatçısı olub. Xüsusən də, Azərbaycanın qərb bölgəsində, necə deyərlər, hər evdə saz var. Körpələrin beşiyi başında saz havaları səsləndiyindən hər kəsdə bu sənətə qarşı xüsusi maraq yaranır. Belə körpələrdən biriindi el arasında özünəməxsus dəsti xətti ilə tanınan, 1975-ci il fevralın 28-də Ağstafa rayonu Səməd Vurğun qəsəbəsində müəllim ailəsində dünyaya göz açan gənc aşıq Elçin Musayevdir. Atası Məhəd Musayev riyaziyyat müəllimi olsa da, saz-söz sənətinə vurğunluğu oğlunun da bu istiqamətə yönlənməsinə səbəb olub. Məhəd müəllim oğlunun böyüdükcə saza olan marağını görüb, onu ustad yanına göndərir. Ustad aşıq Şəadət Gülməmmədovun yanında şəirdlik edən Elçin Musayev az bir müddətdən sonra bacarığı ilə ətrafındakıların rəğbətini qazanır. Saza olan marağı onun bu sənəti daha dərindən mənimsəməsinə səbəb olur. Elçin Musayev bu günozan sənətinin sirlərini öyrənməkdədir. Eldə, obada aşıq Elçin kimi tanınan gənc ozanımızla söhbətləşmək bizə də müyəssər oldu. Müsahibə zamanı onun nə qədər səmimi və ozan sənətinə vurğun olduğunu hiss etmək çətin deyildi.

 

- Aşıq Elçin, necə oldu siz bu sənətə gəldiniz?

- Hələ keçən əsrin ortalarından bizim evdə aşıq məclisləri olarmış. Babam Əhəd kişi el-obanın tanınmış aşıqlarından Aşıq Mirzə Bayramov, Əsəd Rzayev, Aşıq Avdı İncəli, Aşıq Əkbər Cəfərov və başqa ustadları dəvət edir, saz-söz məclisləri qurarmış. Mən 10-12 yaşlarından musiqi ilə yaxından maraqlanmışam. 1985-ci ildə əmim Mədəd özü üçün bir saz aldı ki, öyrənsin. Mən də gizlincə sazı götürüb çalardım. Günlərin bir günü mənim bu gizli çalğılarımın üstü açıldı. O vaxtlar Ağstafa şəhərində Aşıq Alı adına "Aşıqlar Evi" fəaliyyətə başlamışdı. Atam da məni həmin məktəbə apardı və bundan sonra dərs almağa başladım.

- Usdadınız kim olub, hansı aşıqların yaradıcılığından bəhrələnmisiniz?

- Hər bir sənətkarın ustadı olmalıdır. Mənim də ustadım saz havalarının dəqiq və mahir ifaçısı olan Aşıq Səadət Gülməmmədovdur. O vaxtlar böyük ustad Aşıq Şəadət Gülməmmədov da qeyd etdiyim "Aşıqlar Evində" saz tədris edirdi. Ustad alayarımçıq ifama qulaq asdı, bığaltı gülümsündüo gündən məni "şəyirdliyə" qəbul etdi. Yəqin etdim ki, ifamdan xoşu gəlib. Ondan sonra 5 il Aşıq Şəadətdən ozan sənətinin sirlərini öyrəndim. Aşıq Şəadət həm gözəl insan, həm də gözəl ustaddır. Biz gənc aşıqlar onun sənətindən çox incəlikləri götürməli və gələcək nəsillərə çatdırmalıyıq. Digər ustadlara gəlincə, hamımızın sevə-sevə oxuduğumuz Tufarqanlı Abbas, Xəstə Qasım, Qurbanitürk dünyasının ilahi şairi Yunus Əmrə kimi dahilərdən bəhrələnmişəm.

- Ümumiyyətlə yaşayıb-yaradan aşıqlarımızdan hansıların yaradıcılığını bəyənirsiniz?

- İndi yaşayıb-yaradan aşıqlarımızdan bir çoxlarının sənətinə heyranam. Onlardan ustadım Aşıq Səadət Gülməmmədov başda olmaqla, Ədalət Nəsibov, Hacı Bayramov, Təbrizli Aşıq Məhbub, Aşıq Cahangirs. Bu şəxslər və adını çəkmədiyim bir neçə sənətkarımız həqiqətən də saz sənətinin yaşaması və gələcək nəsillərə ötrülməsi üçün kifayət qədər səy göstəriblər.

- Gənclər arasında aşıq sənətinə maraq varmı?

- Əsl Azərbaycan türkü olan hər bir gənc öz kökünü tanımalı və dəyərlərini sevməlidir. Hər birimizin tarixi kökümüz saza bağlıdır. Ona görə də sazı, sözü, aşığı sevməliyik. Aşıq sənətində Vətənə sevgi, Allaha sevgi, qəhrəmanlıq və haqq-ədalətə çağırış var. İndiki gənclərimizdə də saza maraq var. Gənclər arasında saza, sözə meyl təzə-təzə yaranır. Ona görə demək olar ki, bu sahəyə olan maraq hələ bir qədər aşağı səviyyədədir. Biz aşıq sənətini baxça yaşından uşaqlara təbliğ etməliyik. İnsan beyni ilk dəfə nəyi necə qəbul edirsə, sonralar elə də davam edir. Uşaqlarımızın beyninə hansısa şou xarakterli mahnıları yeridib, sonra desək ki, aşıq havalarına, muğamas. qulaq asın, bunun xeyri olmaz. Çünki artıq onlarda beyin başqa cür formalaşmış olacaq. Amma qeyd etdiyim kimi, uşaqlarımıza baxça yaşından milli musiqilərimizi təbliğ etsək, istər şəhər, istərsə də rayon gəncləri olsun, onların bu dəyərlərimizə maraqları daha çox olar, nəinki bayağı musiqilərə. Fikrimcə, gənclərdə saza həvəs oyatmaq lazımdır ki, bunun da məsuliyyəti hər bir fərdin, o cümlədən də, dövlətin üzərinə düşür.

- Hər hansı bir sənətin inkişaf etdirilməsi üçün onun təbliğatına geniş yer verilir. Bəs aşıq sənətinin təbliğatı aparılırmı?

- Hazırda bir gənc aşıq kimi deyə bilərəm ki, aşıq sənətinin təbliği məni qane etmir. İndi toylarımızda, el şənliklərində, məclislərdə saz çox az yada düşür. O cümlədən, qeyd edim ki, mediadaeyni simalar, eyni insanlardır sazı təbliğ edənlər. Aşıqlıq çox çətin sənətdir və bu sənəti yaşatmaq üçün biz gənclərə yol açmaq, ilham vermək lazımdır. Ümidvaram ki, gələcəkdə hər şey öz yerini tapar, aşıq sənəti öz əvvəlki zirvəsinə qalxar.

- Məlumdur ki, televiziyalar güclü təbliğat vasitəsidir. Fikirlər səsləndirirlər ki, televiziyalarda aşıq sənətinə bir o qədər də yer verilmir. Siz necə düşünürsünüz, televiziyalar aşıq sənətinin inkişafına yardım edə bilirlərmi?

- Hələ keçən əsrin axırlarında, sovetlər dönəmində, efirin məhdud olduğu vaxtlarda aşıq sənəti indikindən çox sevilərdi. İndi də aşıq sənətini təbliğ edən televiziyalarımız var, ancaq yetərincə deyil. Yaxşı olardı ki, televiziyalarımızda bir sıra aşıq verilişləri, dastan gecələri təşkil olunaydı. Bu sahədə boşluq var deyə dastanlarımız tədricən yaddan çıxır. Çox təəssüf ki, bu haqda həmişə giley-güzarla danışırıq.

Elektron mediada, çap mediasında aşıqlığın təbliğatı daha zəifdir. Çünki çap mediasında bir neçə qəzeti çıxmaqla deyə bilərəm ki, aşıq sənətinə yer verilmir. Onları maraqlandıran şou-biznesdir. Bayağı musiqilərin efirləri zəbt etməsini mənfi hal kimi qiymətləndirirəm. Fikrimcə, bayağılığa çox geniş yer verilirbu da milləti öz kököndən qoparır.

- Aşıq məktəbləri, xüsusən də, Qərb və Şirvan aşıq məktəbləri arasındakı rəqabəti necə qiymətləndirirsiniz?

- Qərb və Şirvan aşıq məktəbləri hər ikisi Azərbaycan xalqına məxsus olduğu üçün gözəldir. Hər bölgənin öz adəti, ənənəsi və bu məktəblərin öz tarixi var. Odur ki, aşıq məktəblərinin hər ikisi öz dinləyicisinə gözəldir. Mən bir gənc aşıq kimi bu məktəblər arasında rəqabət görmürəm. Təbii ki, Qərb aşıq məktəbi çoxşaxəlidir. Bununla belə Şirvan aşıq məktəbinin də gözəl ustadları olubindi də yaşayıb-yaradan gözəl aşıqları var.

- Digər Türk ölkələrində də kifayət qədər yaxşı aşıqlar var. Düzdür, bizdə aşıq sənəti qardaş türk ölkələri ilə müqayisədə bir qədər fərqlidir, amma maraqlıdır ki, onlarla təcrübə mübadiləsi varmı?

- Türk dövlətlərindən bizə ən yaxın olanı böyük Türkiyədir ki, dilimiz, adətimiz və musiqimiz daha yaxındır. Türkiyənin Qars, İğdır vilayətində yaşayan aşıqlarla vaxtaşırı görüşlərimiz olur. Belə görüşlər zamanı əsasən də Çıldır aşıq havalarından bəhrələnirik. Çünki bu havalar ruhumuza daha yaxındır. Mən Çıldır gözəlləməsi, Çalpapaq kimi havalardan yaradıcılığımda istifadə edirəm. O cümlədən, türkiyəli aşıqlar da bizim bir çox havalarımızdan öz yaradıcılıqlarında istifadə edirlər. Qardaş ölkənin aşıqları ilə görüşlər çox maraqlı keçir. Ona görə də çalışırıq ki, tez-tez görüşlər təşkil edək. Bu həm də ozan sənətinin geniş şəkildə tanınması deməkdir. Yaxşı olardı ki, bu cür görüşləri, deyişmələri media orqanları, xüsusən də televiziyalar işıqlandıraydılar.

- Aşıq sənətinin əsas prinsiplərindən biridüzgün ifadüzgün oxumaqla yanaşı dastanlar bilməkdir. Siz dastanlarımızdan hansıları bilirsiniz və ümumiyyətlə məclislərdə dastan söyləməyinizi istəyən olubmu?

- Dastan söyləmək aşığın əsl aşıq olmasının təstiqidir. Aşıq məclisi ələ almaq üçün mütləq dastan danışmalı, qaravəlli söyləməlidir. Dastan söyləmək isə hər aşıqda yaxşı alınmır. Çünki dastan söyləmək üçün aşığın şirin ləhcəsi, gözəl dil qabiliyyəti olmalıdır. Mənim bildiyim dastanlar Abbas və Gülgəz, Qurbani, Əsli və Kərəm, Koroğlu kimi xalq dastanlarıdır. Ancaq əfsuslar olsun ki, bu gün toylarda, məclislərdə dastan tələb olunmur, onun əvəzinə zövqsüz ara mahnıları, oriyental rəqslər dəbdədir. Bunun nəticəsidir ki, xalqımızın mənəvi dəyəri olan saz sənəti tədricən sıradan çıxır. İndiki nəsildə aşıq sənətinə, dastanlara meyl çox azdır. Yeni nəsil dastanları eşitmir, ona görə də aşıq sənətinin şah damarı olan dastan ədəbiyyatı unudulur.

- Sazla sözü ayırmaq olmadığı kimi, aşıqla şaireyni bir sənətin yaradıcıları hesab olunurlar. Şairlər kimi aşıqlar da gözəllik aşiqi olurlar. Bəs sizi bu sənətə hansı tellər bağlayır?

- Allahın yaratdığı gözəlliklərdən hər bir bəndə ilham almalıdır. Xüsusən şair və aşıqların sənət mənbəyi ilahi gözəlliklərdir. Məni də sənətə kökləyən insan və təbiət gözəlliyidir. Aşıq olan gözəllikdən cuşa gələrək yaşayır, yaşadır, yaradır. Xalqımızın əvəzolunmaz sənəti sayılan aşıq sənəti hər bir Azərbaycan türkünün qəlbinin döyüntüsü olmalıdır. Çünki saz sənəti bizim varlığımızdır. Ona görə də hər birimiz bu müqəddəs sənəti gələcək nəsillərə sevə-sevə ötürməliyik.

- Gələcəkdə övladınızın da aşıq olmasını istərdinizmi?

- Övladlarımın seçimi öz əllərindədir. Mənim arzum budur ki, hansı sənəti seçsələr həmin sənətin ustası olsunlar. Birdə ki aşıqlıq haqqdan gələn bir vergidir. Təbii ki, bir söz-sənət vurğunu kimi mən də istərdim ki, övladlarımdan biri bu sənəti davam etdirsin, xatitələrdə qalsın.

- Ən çox sevdiyiniz şeir növü hansıdır? Mümkündüsə ürəyinizdən keçən bir şeiri bizimlə və oxucularla paylaşardınız.

- Aşıq yaradıcılığında bütün şeirlər məzmunlu və gözəldir. Ələxsus da təcnislər və ustadnamələr mənim yaradıcılığımın əsasını təşkil edir. Şəmkirli ustad aşıq Murad Niyazlının könlümü oxşayan bir şeirini diqqətinizə çatdırmaqdan məmnunluq hissi duyardım:

 

Əcdadımı xəbər alsan,

Türk oğluyam, türkəm oğul.

Məni yıxmaz nə yağlı dil,

Nə də quru görkəm oğul,

Türk oğluyam, türkəm oğul.

 

Uçurtma könlüm şəhrini.

Bulandırma qəm bəhrini.

Çəkə bilməz el qəhrini.

Hər ağılsız, hər kəm oğul,

Türk oğluyam, türkəm oğul.

 

Kəclə kəcəm, çiylə çiyəm.

Dünya görmüş bir kəndçiyəm.

Nə qatıra yedəkçiyəm,

Nə yabıya tərkəm oğul

Türk oğluyam türkəm oğul.

 

Aşığam hər nəyəm, buyam!

Çətin ki, namərdə uyam.

Alışana sərin suyam,

Üşüyənə kürkəm oğul,

Türk oğluyam türkəm oğul.

 

Niyazlı əl üzməz haqdan.

İlham alır hər sabahdan.

Mətin çıxıb çox sınaqdan.

Poladdan da bərkəm oğul,

Türk oğluyam, türkəm oğul.

 

 

Nicat

 

Xalq cəbhəsi.- 2011.- 2 sentyabr.- S. 14.