"Vəkillik institutu tam fəaliyyət göstərmək imkanına malik deyil"

 

 Əliməmməd Nuriyev: "Qanunun aliliyinin təmin edilməsində problemlər varsa, bu, onun etimadlı instituta çevrilməsinə müəyyən problemlər yaradacaq"

 

"Hüquq məsləhətxanalarında maddi-texniki baza çox bərbad vəziyyətdədir"

 

Azərbaycanda vəkillik intitutunun lazımı səviyyədə inkişaf etməməsi barədə müəyyən fikirlər səslənir. Bir çox ekspertlər bu qənaətdədirlər ki, vəkillər obyektiv və subyektiv səbəblərdən vətəndaşların hüquqlarını qoruya bilmirlər. Mövzu ilə bağlı suallarımızı Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev cavablandırır.

- Azərbaycanda vəkillik institutu səmərəli fəaliyyət göstərə bilirmi? Vəkillər vətəndaşların hüquqlarını layiqli formada qoruya bilirlərmi?

- Azərbaycanda vəkillik institutu tam, hərtərəfli fəaliyyət göstərmək imkanına malik deyil. Bunun da müxtəlif səbəbləri var. Hər şeydən əvvəl qanunun aliliyinin təmin olunmasında problemlər mövcuddur. Qanunun aliliyinin təmin edilməsində problemlər varsa, bu, heç şübhəsiz vəkillik institutunun da səmərəli və professonal işləməsinə, onun etimadlı instituta çevrilməsinə müəyyən problemlər yaradacaq. O yerdə ki, qanunun aliliyinə təminat verilmir, məhkəmə hakimiyyətində problemlər var, belə olan halda vəkillik institutu da tam gücü ilə fəaliyyət göstərə bilməyəcək.

- Bəs vəkillərin peşə hazırlığı səviyyəsini qaneedici saymaq olarmı?

- Bununla bağlı ciddi problemlər mövcuddur. Doğrudur, kifayət qədər savadlı, qabilliyyətli, öz işinin öhdəsindən layiqincə gələn vəkillər var. Ancaq çox təəssüf ki, vəkilliklə məşğul olan şəxslərin bəziləri daha çox vasitəçilik funksiyasını yerinə yetirməklə məşğul olurlar, nəinki vətəndaşların hüquqlarının müdafiəsi ilə... Düzdür, son illərdə vəkillik fəaliyyətilə məşğul olmaq istəyən şəxslər test imtahanı verirlər. Bu, istər-istəməz müəyyən potensiala malik gənc insanların vəkillərin sırasına qoşulmasına imkan yaradır keyfiyyət baxımından vəkillər korpusuna təsir göstərən amildir. Amma bir məqamı mütləq nəzərə almaq lazımdır. Vəkillər sırasına uzun müddət sistemdən bu ya digər səbəbdən çıxarılmış şəxslər daxil olurdu. Bu səbəbdən vəkilliyə bir qədər fərqli yanaşma formalaşıb. Vəkillər koorpusunun fərqli şəkildə formalaşdırılması, peşəkarlığın azlığı keyfiyyətli hüquq yardım göstərilməsində ciddi problemlər yaratmışdı. Dediyimiz kimi son illərdə bu problemlərin həlli üçün ciddi addımlar atılıb, ancaq bunu yetərli saymaq olmaz.

- Vəkil əməyinin ödənməsi ilə bağlı problemlərin mövcudluğu işin keyfiyyətinə təsir göstərirmi?

- Təəssüf ki, ən ciddi problemlərdən biri vəkil əməyinin ödənməsilə bağlıdır. Bu, hüquqi yardım göstərilməsində müəyyən problemlər yaradır peşəkarlığın yüksək səviyyədə olmamasına gətirib çıxarır. Belə bir arqument səsləndirilə bilər ki, hüquqi yardım göstərilməsi prosesi müqavilə əsasında, hər iki tərəfin razılığı ilə baş verir bir şəxs digər şəxsin hüquqlarını qorumaq vəzifəsini öz üzərinə götürür. Amma ilk növbədə onu nəzərə almaq lazımdır ki, müqavilə olmasa, vəkillər ümumiyyətlə fəaliyyət göstərə bilməzlər. Buna görə vəkillər məcbur olurlar ki, daha aşağı məbləğlə müqavilə imzalasınlar. Aşağı məbləğlə müqavilə imzalayan vəkil isə tam hüquqi yardım göstərmək arzusunda olmur. İstənilən bir işin araşdırılması, uğurlu müdafiənin təmin edilməsi üçün ciddi surətdə çoxsaylı qanunvericilik aktlarına müraciət etmək lazımdır. Bu, çox ağır zəhmət tələb edən məsələdir. Bunun üçünsə çoxlu vaxt lazımdır. Amma müqavilə məbləğinin aşağı olması, müştərinin iqtisadi potensialının zəifliyi ona gətirib çıxarır ki, vəkil işə ciddi surətdə hazırlaşmır. Onu da nəzərə almaq lazımdır ki, hakimlərin qərar qəbul etməsində müəyyən amillər rol oynayır. Bu səbəbdən bir çox vəkillər çalışır ki, vasitəçi kimi çıxış etsinlər.

- Dövlətin ayırdığı vəkillərin səviyyəsi ilə bağlı da narazılıqlar var. Bu narazılıqları haqlı saymaq olarmı?

- Dövlətin hüquqi yardım göstərməsi ilə bağlı ayrılan vəsaitlər çox cüzidir. Vəkilin hər saatına ayrılan vəsaiti - 2 manatı gülməli bir məbləğ saymaq olar. Baxmayaraq ki, bu məbləğdə dəfələrlə dəyişilik baş verib, amma vəsait yenə gülməli olaraq qalmaqdadır. Özünə hörmət edən hər hansı bir vəkil o məbləğlə görməz. Bu məbləğin artırılmasına ehtiyac var. Bir məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu gün "növbətçi vəkillər" fəaliyyət göstərməkdədir. Onlar daima hansısa müstəntiqin yanında "çalışırlar". Tanış müstəntiqlər işlərə tanış vəkilləri cəlb edirlər. Belə olan halda vəkil müştərinin hüquqlarını qorumaqdan daha çox onu bu işə cəlb edən vəzifəli şəxsin dediyi ilə oturub-durur. Məsələn, cəzaçəkmə müəssisələrində olanda məhbuslar tez-tez belə bir fikir səsləndirirlər ki, bizə ədalətli hökm verilməyib. Soruşuram, prosesdə sənin vəkilin olub? Verilən cavablardan çıxan nəticə budur ki, bəzilərinin, ümumiyyətlə, vəkili olmayıb. Bəzilərinin isə vəkili olub, ancaq proses zamanı onun üzünü belə görməyiblər. Bütün bunlar vəkillik institutunun inkişafına, etimadlı mühitin yaranmasına mane olan cəhətlərdir.

- Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı az, yoxsa çoxdur?

- Azərbaycanda vəkillərin sayı digər ölkələrdən kəskin şəkildə fərqlənir. Son zamanlarda vəkillərin sırasının genişlənməsinə baxmayaraq say yenə azdır. Vəkillərin sayının az olması ona gətirib çıxarır ki, əksər vətəndaşlarımız hüquqi yardım ala bilmirlər. Hesab edirəm ki, vəkillərin sayının artırılmasına ehtiyac var.

- Vəkillərin sayının az olduğunu dediniz, bəzi vəkillərin cəzalandırılması vəziyyəti bir az da qəlizləşdirmirmi? Məsələn, Osman Kazımov kimi bir vəkilin kollegiyadan uzaqlaşdırılmasını bir çoxları böyük itki kimi dəyərləndirirlər...

- Təəssüf ki, son illərdə çox mənfi bir tendensiya başlayıb. Əgər vəkil prinsipialdırsa, vəkil bir çox məqamlarla razılaşmırsa, hüquq-mühafizə orqanları onun sıradan çıxarılması istiqamətində müraciətlər edirlər. Bəhanə gətirirlər ki, o, vəkil etikasını, davranış qaydalarını pozub yaxud prosedur qaydalara düzgün əməl etməyib. Bu cür təzyiqlər öz fəaliyyətini peşəkar quran vəkillərin sayının azalmasına gətirib çıxarır. Vəkillərdə getdikcə daxili senzura yaranır. Beləliklə vətəndaşın müdafiə sisteminin qurulmasında problemlər ortaya çıxır.

- Hüquq məsləhətxanalarının maddi-texnikası bazası yerdədir?

- Hüquq məsləhətxanalarının fəaliyyət göstərdiyi ünvanlar keçən əsrin ortalarında verilmiş yerlərdir. Maddi-texniki baza çox bərbad vəziyyətdədir. Bəzən bir hüquq məsləhətxanasında, balaca bir yerdə 30-35 vəkil fəaliyyət göstərir. Hüquqi fiziki şəxslər hüquq məsləhətxanasındakı vəziyyəti görəndən sonra ümumiyyətlə vəkilə müraciət etmək fikrində olmurlar. İşin daha keyfiyyətli olması üçün maddi-texniki baza gücləndirilməlidir.

- Bayaq dediniz ki, müəyyən işlər görülür, ancaq bunu yetərli saymaq olmaz. Vəkillik institutunun inkişafı üçün daha hansı addımların atılmasına ehtiyac var?

- İslahatların daha da dərinləşməsinə ehtiyac var. Doğrudur, müəyyən işlər gedir, amma bu işləri daha da dərinləşdirmək lazımdır. Bəzi təkliflərimizi yuxarıda səsləndirdik. Bundan başqa hesab edirəm ki, vəkillərin yeni qanunvericilik materialları ilə təmin olunması problemi aradan qaldırılmalıdır. Vəkillər üçün çox sayda seminarlar həyata keçirilməlidir. Ümumiyyətlə kompleks tədbirlərin görülməsinə ehtiyac var ki, vəkillik institutunun nüfuzu artsın. Ən mühüm məsələ qanunun aliliyinin təmin olunmasıdır. Qanun aliliyinin təmin edilmədiyi ölkələrdə vəkillik institutunun böyük nüfuza malik olmasından danışmaq yersizdir.

 

 

Ağa Cəfərli

 

Xalq cəbhəsi.- 2011.- 16 sentyabr.- S. 10.