"Müsahibə vermək məmurun vəzifəsi deyil"

 

 Xalid Ağalıyev: "Ancaq medianın, vətəndaşların haqqı olan bütün bilgiləri topluma açıqlamaq onun vəzifəsidir"

 

"Əgər məmur açıqlamalı olduğu bütün bilgiləri sayta qoyursa, yaxud məsul şəxs ardıcıl brifinqlər, konfranslar keçirirsə, müsahibədən imtina da edə bilər"

 

Jurnalist olaraq cəmiyyətdə baş verən hadisələri, hüquqları pozulmuş vətəndaşların problemlərini işıqlandırır, medianın öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Amma media nümayəndəsi olaraq özümüzün də hüquqlarımızın pozulduğu hallarla qarşılaşırıq. Ona görə də media hüququnu bilmək hər bir jurnalist üçün mühüm məsələdir. Məsələylə bağlı suallarımı Media Hüququ İnstitutunun proqram koordinatoru Xalid Ağalıyev cavablandırır.

- Media Hüququ İnstitutu nə vaxt və hansı məqsədlə yaradılıb?

- Media Hüququ İnstitutu (MHİ) 2002-ci ildə yaradılıb. Məqsədi Azərbaycanda hüquq sahəsinin inkişafına yardımçı olmaqdır. Bu məqsədlə də media quruluşlarına, jurnalistlərə hüquqi yardım göstəririk. Yazdığı məlumata görə məhkəməyə verilən jurnalistlərə sonadək dəstək oluruq. Əgər jurnalistin informasiya sorğusuna cavab verməyiblərsə, biz yenə də ona hüquqi yardım göstərərək məhkəmə işini apara bilərik. Əgər qəzetiniz çapa getmək ərəfəsindədir, ancaq hansısa məqalədə böhtan, təhqir elementi olduğunu güman edirsinizsə, bizdən ekspertiza istəyə bilərsiniz. Hüquq ədəbiyyatına ehtiyacınız olduqda belə MHİ ilə təmas qura bilərsiniz. Qısacası, jurnalistlər üzləşdikləri bütün hüquqi dilemmalarda yardımımıza güvənə bilərlər. Hazırda əlimizdə jurnalistlərin tərəf olduğu yüzə yaxın məhkəmə işi var. Jurnalist hüquqlarının pozuntusuyla bağlı 50-yə yaxın şikayəti Avropa Məhkəməsinə göndərmişik.

- Sizcə, bugünkü Azərbaycan mediası dördüncü hakimiyyət rolunu oynaya bilirmi?

- Bundan öncə üç hakimiyyət qolu var - icra, qanunverici və məhkəmə hakimiyyəti. Rolların necə yerinə yetirilməsini müəyyən etmək üçün qarşılıqlı analiz lazımdır. Media o zaman dördüncü hakimiyyət qolu olur ki, əvvəlki üç qol öz rollarını layiqincə oynaya bilsin. Məncə, heç kim mübahisə etməz ki, reallıqda qanunverici və məhkəmə hakimiyyəti qolları icra hakimiyyətinin təsiri altındadır. Belə durumda medianın təzyiqsiz, basqısız işləməsindən, azad reklam bazarına malik olmasından, nəhayətdə hakimiyyət qolu funksiyasını yerinə yetirməsindən danışmağın yeri olmaz.

- Məmurlar bir çox hallarda müsahibə verməkdən imtina edirlər. Hüquqla bu məsələ necə tənzimlənir? Məmur müsahibədən imtina edə bilərmi?

- Məmur məşğuldursa və ya müsahibə verməyə vaxta tapmırsa, bütün bunlar normal qəbul olunmalıdır. Müsahibə vermək məmurun vəzifəsi deyil, əlbəttə imtina da edə bilər. Ancaq medianın, vətəndaşların haqqı olan bütün bilgiləri topluma açıqlamaq məmurun vəzifəsidir. Əgər məmur bunu edirsə, açıqlamalı olduğu bütün bilgiləri sayta qoyursa, məsul şəxs ardıcıl brifinqlər, konfranslar keçirirsə, müsahibədən imtina da edə bilər. Ancaq bu addımları atmadan müsahibədən imtina etmək insanların informasiya əldə etmək hüququna qəsd etmək deməkdir. Bu, artıq qanun pozuntusudur və jurnalist, eləcə də hər bir vətəndaş həmin məmuru məhkəməyə vermək haqqına sahibdir.

- Hansı məlumatlar açıq informasiya sayılır və alınması məhdudlaşdırılan informasiyalar hansılardır?

- Açıq bilgi sferası o qədər genişdir ki, onları sadalamağa vaxtımız yetməz. İnsanları onların sahib olduqları bilgilər idarə edir, bu səbəbdən də məlumat məkanı açıq olmalıdır. Açıqlanması qanunla yasaqlanan bilgilər istisna olmaqla bütün məlumatlar insanlara açıq tutulmalıdır. Açıqlanmasına icazə verilməyən bilgilər qanunlarla müəyyən edilir. Dövlət, peşə, özəl həyat, kommersiya sirləri gizli tutulmalıdır.

- Bəzən müsahibədən dövlət sirridir adıyla imtina edirlər. Jurnalist məlumatın dövlət sirri olub-olmadığını necə müəyyən edə bilər?

- Dövlət sirləri dövlətin təhlükəsizliyi və davamlılığı baxımından gizli tutulan, səlahiyyətli dövlət orqanları tərəfindən sirr olaraq qəbul edilən və qorunan bilgiləri əhatə edir. Elə bilgilər də var ki, onların müəyyən anadək açıqlanması dövlətin təhlükəsiz fəaliyyətinə ciddi zərər vura bilər və belə məlumatlar sirr olaraq qəbul edilir. Belə bilgilər əsasən hərbi, iqtisadiyyat, elm və texnika, xarici siyasət, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahələrinə aid olan bilgilərdir. Qanuna görə, dövlət sirrinə aid olan bilgilərin siyahısı tərtib olunmalıdır və həmin siyahı hamıya açıq olmalıdır. Media, eləcə də vətəndaşlar "hansı məlumatları əldə etmək olmaz?" sualına həmin siyahıdan cavab tapmalıdırlar. Təəssüf ki, bizdə hamının əli çatan belə siyahı hələ də yoxdur. Qanunlar jurnalistlərə dövlət sirri kimi məxfiləşdirilən bilginin ona verilməsini, yaxud həmin bilginin doğrudan da sirr olub-olmadığını müəyyənləşdirməyi tələb etmək hüququ verir. Bu, "Dövlət sirri haqqında" qanunda təsbit olunub. Jurnalistlərin dövlət sirriylə işləmək hüququ da var, onlar müraciət etməklə sirlə işləməyə buraxıla bilərlər. Ancaq jurnalist həmin bilgiləri yaymamaq öhdəliyi götürməlidir.

- Şəxsi həyat mediada işıqlandırıla bilər?

- Şəxsi həyata aid bilgilər hüquqda üç qrupa bölünür. Bunlar şəxsin ümumi, özəl və gizli həyat sahəsinə aid bilgilərdir. Ümumi həyat sahəsi başqaları tərəfindən bilinməsi, görülməsi mümkün olan, cəmiyyətə açıq bilgiləri - məsələn, şəxsin teatra, idman yarışlarına baxmağa getməsi, gəzintiyə çıxması, bazara getməsi və s. kimi bilgiləri əhatə edir. Bu həm də şəxsin xarici həyat sahəsinə aid bilgilərdir. Belə bilgilər açıqdır, gizliliyi qanunla qorunmur. Digər qrup bilgilər şəxsin gizli həyat sahəsinə aid bilgilərdir. Bunlar elə bilgilərdir ki, şəxs onları başqalarının bilməsini, öyrənməsini istəməyə bilər. Bu bilgilər toxunulmazdır, qanunlar həmin bilgilərin toxunulmazlığını qoruyur. Üçüncü qrup bilgilərə özəl həyat sahəsinə aid bilgilər daxildir. Burda bilgilərin açıqlanması şəxsə görə dəyişir. Əgər şəxs ictimai fiqur sayılan siyasətçi, məmur, iş adamı və ya müğənnidirsə onun özəl həyatı insanlara daha açıq olmalıdır. Mənim kiminləsə nişanlanmağım barədə bilgini yayan media məhkəmədə bunu əsaslandırmağa arqument tapa bilməyəcək, ancaq mən məmuramsa, başqa bir nüfuzlu məmurun qızı ilə ailə qururamsa, durum fərqli olacaq. Media özəl bilgi sayılan belə bilgiləri yaya bilər.

- İnformasiya mənbəyi hansı hallarda açıqlana bilər?

- Ümumiyyətlə, jurnalist qaynaqları qorunmalıdır, çünki bu, insanların informasiya almaq azadlığını təmin edən əsas hüquqlardandır. Belə bir ifadə var "qaynağının sayını de, deyim necə jurnalistsən". Mötəbər qaynaq tanınmayan jurnalisti bir bilginin hesabına ən nüfuzlu jurnalistə çevirə bilər. Yaxud əksinə, etibarsız qaynağın bir bilgisi nüfuzlu bir jurnalisti biabırçı duruma düşürmək gücündədir. Qaynaq bir jurnalist üçün şərəf məsələsi olmalıdır. Qaynağın açıqlanması jurnalistin etibarının yox olması deməkdir, istər bunu öz təşəbbüsüylə etsin, istərsə də məhkəmə qərarıyla. Azərbaycanda qaynaqlar, onların qorunmasıyla bağlı ciddi problemlər var. ABŞ-da FTB personalının 80 faizdən çoxu jurnalist qaynağıdır. Hansısa jurnalistimiz deyə bilərmi ki, Azərbaycanın eyni profilli qurumunda qaynağım var? "Kütləvi informasiya vasitələri haqqında" qanuna görə, jurnalist qanunla müəyyənləşdirilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Qaynağı açıqlamaq dedikdə təkcə bilgi verən şəxsin kimliyinin açıqlanması yox, həm də həmin şəxsi tanımağa imkan verən bütün digər bilgilər nəzərdə tutulur. Jurnalist yalnız əsaslandırılmış məhkəmə qərarıyla öz qaynağını açıqlamağa məcbur edilə bilər. Bu məcburetməyə yalnız insan həyatının müdafiəsi, cinayətlərin qarşısının alınması kimi məqsədlərlə yol verilə bilər. Jurnalist məhkəmədə belə qaynağını açıqlamaya bilər, ancaq bu halda onu ifadə verməkdən imtina etməyə görə məsuliyyətə cəlb edə bilərlər. Ümumiyyətlə, məhkəmədən başqa heç kimin, heç bir dövlət qurumunun jurnalisti öz bilgi qaynağını açıqlamağa məcburetmə haqqı yoxdur. Ümumilikdə bizim qanunlarımızda da qaynaqların qorunmasıyla bağlı ciddi çatışmazlıqlar var. Qaynaqları qoruyan xüsusi qanuna ehtiyac var.

- Gizli çəkilişə və ya səs yazısına hüquqla icazə varmı? Gizli çəkiliş və ya səs yazısı məhkəmədə dəlil ola bilər?

- Qanunlar özəl həyata dair bilgilər istisna olmaqla gizli formada bilgi toplamağı qadağan etmir. Həm "İnformasiya əldə etmək haqqında", həm də "Məlumat azadlığı haqqında" qanunlarda alınması məhdudlaşdırılan bilgilər açıq göstərilir. Bu məhdudiyyətlər eyni zamanda gizli toplanan bilgiləri də ifadə edir. Gizli toplanan bilgilərin yayılması qaydası da fərqlidir. Gizli çəkiliş məhsullarından istifadə qaydaları KİV qanunu ilə ayrıca tənzimlənir. Qanuna görə, gizli audio və video yazılardan, kino və foto çəkilişindən istifadə etmək və ya hazırlanmış məlumat və materialları yaymaq müəyyən istisnalar xaricində yolverilməz sayılır. Bu yolla əldə olunmuş lentdə qanunla yayılması məhdudlaşdırılan bilgilər varsa, jurnalist həmin məlumatları çıxmaqla qalan materialı yaya bilər. Qanunla qorunan bilgilər şəxsin razılığı və məhkəmə qərarıyla nümayiş etdirilə bilər. Gizli çəkiliş və ya səs yazısı məhkəmədə dəlil kimi də istifadə edilə bilər, ancaq qanuna görə, belə çəkiliş və ya səs yazısı məhkəmə qərarıyla aparılmalıdır. Ümumiyyətlə, gizli çəkiliş, səsyazma ilə bağlı müzakirələr Konstitusiyamıza şəxsin icazəsi olmadan görüntülənməsiylə bağlı edilən son dəyişikliklərdən sonra daha sıxlaşıb. Rəsmilər bu dəyişikliyin ictimai önəm daşıyan bilgiləri toplayan jurnalistlərə heç bir çətinlik doğurmayacağını desələr də, təcrübə əksini göstərir. Artıq bir çox məmurlar, polis əməkdaşları həmin dəyişikliyi əsas gətirib jurnalistlərə çəkiliş yasağı qoyurlar, onların peşə alətlərini əllərində alırlar. Bu durum həmin dəyişikliyin mətninin qüsurlu olduğunu isbat edir. Həmin dəyişikliyin mətnində ictimai önəmli olaylar, ictimai fiqurlar fərqləndirilməli idi. Burda əsas məsələ ondan ibarətdir ki, əgər bir məmur buna layiq olmayan yaxın qohumunu dövlət əhəmiyyətli tenderin qalibi etmək qərarı verirsə və bu onun yataq otağında belə baş verirsə, jurnalist ordan gizli bilgi toplaya, çəkə, yaza bilər. Yaxud jurnalistin dövlət quruluşunu sarsıtmağa yönəlik çağırış edən siyasi xadimin müraciətini gizli yazma və yayma haqqı məhdudlaşdırılmamalıdır. Bu, jurnalistin işidir, ona demək olmaz ki, "büdcəni talayan məmuru, dövlət quruluşunu hədələyən siyasətçidən icazə al, sonra çək". Media, jurnalistlər polis prokuror kimi toplum, cəmiyyət üçün çalışır. Çəkiliş, səsyazma, bilgi toplama işində media da onlar kimi üstünlüklərə sahib olmalıdır.

 

 

Real Cəfərli

 

Xalq cəbhəsi.- 2011.- 16 sentyabr.- S. 11.