"İranın xilası demokratik qüvvələrin əli ilə həyata keçiriləcək"

 

 Şeyx Məhəmməd Xiyabani: "Haqqımızı qoruyarkən gərək olsa canımızı da qurban edərik"

 

"Əgər Tehran bizim istəklərimizə qarşı çıxarsa, radikal addımlar ataraq Azərbaycanı yenidən quracağıq. Biz bütün Azərbaycanda demokratik hakimiyyət istəyirik. Əyalət və vilayətlər düşündüklərini azad söyləməlidirlər. Haqqımızı qoruyarkən gərək olsa canımızı da qurban edərik. Bu yolda ölmək, şərəfsizcə yaşamaqdan daha yaxşıdır. And olsun şərəfimizə, biz nə qədər ki, diriyik, heç bir xətər, təhlükə, qorxutma, hədələmə bu qiyamın əsasını sarsıda bilməyəcəkdir.

Ey Azərbaycan! Zülm, əzab, işgəncə və dar ağacları, zəncir və zindanlar nə qədər möhkəm olsa belə, sənin istiqamət və mətanətinin qarşısında bir-bir əriyib məhv olacaqdır...

Yolunda can, mal və ailənizi qurban verməyə hazır olduğunuz və onun üçün qiyam etdiyiniz haqq və həqiqət, bəlkə də təhqir və istehzalara düçar oldu. Bəlkə də onu məhv etdilər. Lakin ən nəhayət, o, yenə dirçələcək və həqiqəti meydana çıxaracaqdır".

Tanınmış araşdırmaçı Əli Azərininin bu yazısı Xiyabaninin həyatı və mübarizəsi haqqında ilk ciddi araşdırmadır. Yazı Azərbaycan mətbuatında ilk dəfə "Xalq Cəbhəsi" qəzetində işıq üzü görür. Əsər 1948-ci (h.q. 1327) ildə yazılıb. İlk dəfə 70-ci illərdə Türkiyədə çap olunub. Əsərdə araşdırmaçı onun həyatı və yaradıcılığı haqqında bilgi verir, Xiyabaninin seçilmiş fikirlərini təqdim edir. Əsərdən hissələri təqdim edirik.

 

Xiyabani kimdir?

 

Xiyabaninin kimliyini dərk etmək, azadlığın döyüş yolunda məqsəd və hədəfinin nədən ibarət olduğunu anlamaq üçün öncə onun həyatı haqqında məlumat vermək lazımdır. Şeyx Məhəmməd Xiyabani Hacı Əbdülhəmid Xamneyi oğlu h.q. tarixlə 1297-ci ildə Təbriz yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olub. Atası Hacı Əbdülhəmid tacir idi. Təqribən 30 il Rusiyada - Petrovski şəhərində yaşayaraq ticarətlə məşğul olub. Xiyabani kiçik yaşlarında Xamnədə məktəbə gedib. O, öz biliyini artırmaq üçün Rusiyaya səfər edib. Bir müddət atasının ticarətxanasında işləyərək iqtisadi biliklərə yiyələnib və Təbrizə qayıdıb.

Təhsilini artırmaq üçün Xiyabani dini elmləri öyrənməyə başlayır. O, fiqh və üsul elmlərinə Hüccətülislam Hacı Mirzə Əbülhəsən Ağa Əngəcinin yanında təhsilini davam etdirməklə yiyələnir. Hacı Məhəmməd Əli Badamçının Xiyabani haqqında yazdığı kiçik həcmli əsərdə bu şəxsin onun yaxın dostlarından biri olduğu görünür. Məhəmməd Xiyabani bu iki elm sahəsində Əngəcinin ən ardıcıl tələbələrindən biri idi. Az müddət ərzində o, şəxsi keyfiyyəti, zehni, güclü düşüncə və təcrübəsi sayəsində müctəhid səviyyəsinə çatmışdı. Heyət, nücum və hesab elmlərini isə məşhur münəccim Mirzə Əbdüləlidən öyrənmişdi. O, bu sahədə də böyük uğur qazanmışdı. Heyət elminin çətin problemlərini həll etmiş, xətti təqvimlər tərtib etmişdi. Bununla birlikdə Xiyabani hikmət və ədəbiyyat elmləri sahəsində də uğur qazanmışdı.

Mərhum Xiyabani həm yüksək elmi səviyyəyə, həm də yüksək əxlaqi xüsusiyyətlərə malik olub. Öz ana dilində və fars dilində danışıq tərzi çox aydın, xoşagəlimli idi. Bütün bu xüsusiyyətlərlə yanaşı o, keçirdiyi sadə həyat tərzi, tamahkarlıqdan uzaq olması ilə də fərqlənirdi.

O, gənclik illərində, Məşrutə inqilabından öncə bir-iki il müddətində günortalar Cami məscidində, səhər və axşamlar isə Təbrizin Xiyaban məhəlləsində yerləşən Kərimxan məscidində imamlıq edib, min nəfərdən çox ardıcılı olub. Bu məscidlərin imamlığını öhdəsinə götürən zaman Xiyabaninin pişnamaz olan qayınatası Hacı Seyid Hüseyn ağa vəfat etmişdi.

Onun əxlaqi keyfiyyətləri haqqında Badamçı deyir: "Belə demək olar ki, öz dövründə mərhum Xiyabani dövrünün imamları arasında ən bilikli, ən mübariz, ən dindar insan idi. Rəhmətliyin o zaman Petrovskidə Hüseyn adlı qardaşı yaşayırdı. Denikinin kazak qüvvələrinin hücumu zamanı onun əmisi qətlə yetirilmiş, var-dövləti qarət edilmişdi".

Azadlıq və haqqın əldə olunması kimi iki böyük amal onun ictimai həyatının və şəxsiyyətinin mühüm hissəsi hesab olunur. O, hələ təhsil aldığı illərdə Kərbəla qırğınının nədən qaynaqlandığı haqqında düşünmüşdü. Hüquq və hüququ əldə etmək üçün nə etmək lazım olduğu haqda yetərincə biliklərə malik idi. Xiyabani İranda ən əvvəl düşüncə inqilabı etmək lazım olduğu əqidəsində idi. O, bu yolla insanları sağlam hüquqi cəmiyyətlə tanış etmək fikrində idi.

Məşrutə inqilabı, Təbrizin qəhrəmancasına mübarizəsi, İrana məşrutiyyətin qaytarılması zamanı o da silahlanıb mücahidlərə qoşuldu. Əli Müsyönün başçılıq etdiyi "İctimai - Amiyyun" partiyası şeyxin elmi və siyasi səviyyəsini nəzərə alıb onu Azərbaycan əyalət əncüməninə üzv seçdi. Şeyx dəfələrlə Basmıncdan Təbrizə gələn ərzağın yolunu bağlayan Eynəddövlənin hiyləsinin qarşısını inadla alaraq bir qrup əncümən üzvlərinin yardımı ilə Basmınc yolunun açılışına nail oldu...

Eynəddövlə Basmınca gələn gündən azadlıqsevərləri aldatmaq üçün "ürəyiyananlıq" göstərir, yaxşılıqdan danışır, qan tökməkdən nifrətlə söz açırdı. Lakin azadlıqsevərlər bunun bir oyun olduğunu yaxşı bilirdilər. Eynəddövlənin əsl məqsədinin vaxt qazanaraq ordu hissələrinin gəlib çatmasını gözləmək və məşrutəni ləğv etmək olduğunu hamı yaxşı bilirdi. Lakin Eynəddövlə məşhur adam olduğuna, Məhəmmədəli Mirzə ilə düşmənçilik etdiyinə görə azadlıq tərəfdarları onu öz tərəflərinə çəkməyə ümid edirdilər. Lakin Eynəddövlə bu məsələlərdən öz xeyrinə istifadə edə bilmədi. Azadlıq tərəfdarları Eynəddövlənin iç üzünü görsələr də, onunla danışıqları kəsmirdilər. İş o yerə çatdı ki, Əyalət Əncüməni Eynəddövləyə xalqın adından məktubla müraciət etməli oldu.

Məktub cümə axşamı hazır oldu. Cümə günü isə (19 şəhrivər 1288-ci il) Maku alayı ilə döyüş gedirdi. Təbriz çətin vəziyyətdə idi. Dörd nəfər lider: Şeyx Məhəmməd Xiyabani, Mirzə Məhəmmədtağı Təbatəbayi, Seyid Həsən xan Ədalət, Mirzəhüseyn Vaiz məktubu götürüb ingilis konsulunun iştirakı ilə Sahibdivanın bağında görüşdülər. Şəhərdə şiddətli döyüşlər gedən vaxt onlar burada danışıqlar aparırdılar. Danışıqlar bir nəticə vermədiyi üçün qanlı döyüşlər davam etdi. Döyüş azadlıqsevərlərin qələbəsi, Eynəddövlənin məğlubiyyəti ilə başa çatdı.

Mərhum alimin müxtəsər bioqrafiyasından da bildiyimiz kimi, o, məşrutə inqilabının aparıcı rəhbərlərindən biri olmuşdu. Məhz bu dövrdən başlayaraq o, azadlıq tərəfdarları ilə həmrəy olmuş, siyasi mübarizədə isə təcrübə qazanmışdı.

O, İranda məşrutənin çiçəklənməsini, hüquqi hakimiyyətin təmin olunmasını istəyirdi. Şeyx zülm görmüş, hər bir şeydən məhrum edilmiş Azərbaycan xalqının arasından çıxmışdı. Nakam və çarəsiz xalqların oyanması və maariflənməsi kimi ali vəzifəsini yerinə yetirdi. Xiyabani qiyamı Azərbaycan xalqının istəklərindən yaranmışdı. Xiyabaninin başçılıq etdiyi qiyam məşrutə inqilabı ilə əlaqədar olduğundan əsərdə məşrutə dövrü tarixinə də müraciət olunub.

... Ş.M.Xiyabani deyirdi ki, İranın xilası gec-tez demokratik qüvvələrin əli ilə həyata keçiriləcəkdir...

- İran inqilabı azadlıq tərəfdarı olan, tərəqqipərvər və yenilikçi bir qüvvənin simasında şəhid verir. Bu qüvvə demokratik qüvvədir. Dünən, bu gün və sabah da çirkaba bulaşmamış bu təmiz demokratik qüvvə İranın demokratikləşməsi yolunda çalışacaqdır...

- Hökumət xalqları taqətsizliyə, aclığa, səfalətə sürükləyir. Mədəni hüquqları, azadlığı, toxunulmazlığı qəsb edib xalqa zülm edən bir hökumət yaşaya bilməz. Gündən-günə artan təzyiq, zülm və orta əsr qaydaları ilə əhalini idarə etmək mümkün deyildi.

- İnsanlar adamyeyən istibdad qurdlarının "məşrutə libasında" yenidən meydana çıxdığını yaxşı başa düşürlər!

- Zəhmətdən əlləri qabar bağlamış, köhnə yaxalıqlı və cırıq-cındır içində olan təbəqə istibdad tör-töküntülərinin mahiyyətcə dəyişməyəcəyini anlamışdılar. Yaxşı başa düşmüşdülər ki, zülmkarlıq, vəhşilik, qaniçənlik onların təbiətinə hopub, südlə qanlarına keçib, oradan yalnız canı çıxmaqla qurtulmaq olar. Azərbaycan Demokrat Firqəsinin rəhbər kadrlarının azlığına baxmayaraq, xalq bunu anladı. Onların gözünü şimal qonşuluğunda baş vermiş inqilab, qaniçən rus çarının devrilməsi, ardınca isə Müvəqqəti Burjua Hökumətinin yaranması açdı. Yaşamaq onlar üçün qat-qat çətin olsa da, yavaş-yavaş əsarət və ətalət zəncirini qırmaq üçün hər cür çətinlik və maneəyə tab gətirib sonu işıqlı olan sabaha doğru getdilər.

- Həmişə azadlığın bayraqdarı olan, mübarizədə öndə gedən və bütün İran xalqlarının haqqını tələb etmək uğrunda çalışan Azərbaycan xalqı, azadlığın bu müqəddəs məkanı azadlıq yolunda istibdadın ağır zərbələrinə məruz qalmışdı. Yadellilərə əlaltı olanların təhlükəli əməlləri ilə üzləşməli olmuşdu. Yenə də Azərbaycanın səadəti və xoşbəxtliyi uğrunda, özünü xilas etmək üçün Əhrimənlə əlbəyaxa oldu. Nəticəsi:

- Azərbaycan dəyişikliklərin astanasında dayanıb. Bu dəyişikliklərə zərurət yaranmışdı. Köhnə cəmiyyət öz yerini yeni cəmiyyətə verməlidir, yeniləşməlidir.

- Keçən on dörd ili başdan-başa dərd, bədbəxtlik, qaranlıqlar içində keçirmişik. Bu on dörd ilin bir ili belə şadlıqla keçməmişdi! Səadət və xoşbəxtlik ulduzu bir il də olsa parlamamışdı. Bu qara günləri unutmayaraq o geniş səhnəni kiçik nur ziyası ilə işıqlandırmağa, taleyimizin yarımçıq qalmış yazısını bitirməyə çalışmalıyıq.

Xiyabaninin son sözü bu olmuşdu: "Şərəfli ölüm şərəfsiz yaşamaqdan yaxşıdır!"

 

Azərbaycan Demokratiyası

 

Bugünlərdə Azərbaycanın vəziyyəti paytaxtın diqqətini çəkməkdə və Tehran mətbuatında bir düşüncə tərzi özünü göstərməkdədir. "İran", "Millətin səsi" və "Gülşən" kimi qəzetlərdə vətənsevərlik duyğularını əks etdirən realist məqalələrlə Azərbaycanın problemlərini təhlil etdilər... Yazılan məqalələrin hamısında Azərbaycan və Azərbaycan xalqından sevgi və sayğı ilə bəhs ediblər. Tarix boyu cərəyan edən ağır hadisələrə qarşı hər zaman sinə gərməyi bacaran Azərbaycan çevrilişdən öncəki və sonrakı mübarizə və mücadilə sonucunun məhsuludur. Dəyərli publisistlərimiz, şair və yazıçılarımız, Azərbaycanın bu ali xüsusiyyətlərini nəzərə alaraq, məsələnin təhlilini və həllini real baxımdan ələ alıblar. Beləcə, ölkənin bu bölgəsindəki gənc ziyalılarının xidmətlərini minnətdarlıq duyğuları ilə ən yaxşı şəkildə dilə gətiriblər.

İranda islahatlara səbəb olan rejim dəyişikliyi gerçəkləşməzdən öncə, Azərbaycan bir çox cəsur və fədakar əsgərlər yetişdirmişdi. Bu qürurlu gəncləri yaranmış vəziyyətlə bağlı hər yerə, qanlı meydanlara göndərdilər. Azərbaycan İranın hər bucağında qürurlu bir xatirə qoydu. Əqidə və inanclarını vətəndaşlarının qəlbinə sevgiylə aşıladı. Qərəzli və kinli yabançılar qarşısında azərbaycanlı vurdu, vuruldu, öldü, öldürdü, amma zülm və işgəncələr Azərbaycan xalqının müstəqilik və azadlıq hərəkatının qarşısını ala bilmədi.

 

(ardı var)

 

 

Uğur

 

Xalq cəbhəsi.- 2011.- 16 sentyabr.- S. 14.