"Ey Azərbaycan, başını qaldır!"

 

 Şeyx Məhəmməd Xiyabani: "Biz xalqın gözünü açmaq qərarına gəlmişik"

 

"Bütün dünya xalqları xilas oldular, ancaq sən hələ də əsirsən"

 

(Əvvəli ötən sayımızda)

 

Tanınmış araşdırmaçı Əli Azərininin bu yazısı Xiyabaninin həyatı və mübarizəsi haqqında ilk ciddi araşdırmadır. Yazı Azərbaycan mətbuatında ilk dəfə "Xalq Cəbhəsi" qəzetində işıq üzü görür. Əsər 1948-ci (h.q. 1327) ildə yazılıb. İlk dəfə 70-ci illərdə Türkiyədə çap olunub. Əsərdə araşdırmaçı onun həyatı və yaradıcılığı haqqında bilgi verir, Xiyabaninin seçilmiş fikirlərini təqdim edir.

 

Azərbaycan demokratiyası

 

Bədniyyətli yabançı və bəzi yerli "özümünkülər" bu müqəddəs torpağın yaralı sinəsinə dar ağacları basdırdılar. Zülm və haqsızlıq aynasının qaranlıq zülməti, bu qanlı torpağın üzərinə düşdü. Milli gənclər, yaşlı qəhrəmanlar bu qırğın və qiyamətin, çaxnaşmanın ortasında başlarını dik tutaraq zülm və haqsızlıq dünyasını ayaqları altına aldılar.

Həyatlarını həqiqət və hürriyyətə həsr edən qəhrəmanlar sırasında məsum uşaqlar da var idi. Dar ağacları onların kiçik, zəif bədənlərinin titrəməsindən sarsılırdı. İnsanın xəyalına gətirə bilmədiyi bəlalar Azərbaycanın başına gətirildi...

 

Ey heysiyyətli Azərbaycan! Ey hürriyyətin cəsur qəhrəmanı!

Ey mədh edilməyə ehtiyacı olmayan Azərbaycan! Ey Azərbaycan!

 

Bu tərif dolu cümlələrin hamısını sən şəhidlərinin qanı hesabına özünə yaraşdırdın. Bunların hamısı sənin əbədi ölümsüzlüyə qovuşmuş gənclərin, mərd yaşlıların, məsum uşaqların, ismətli qadın və qızlarının İran üfüqlərindən xoş bir nəğmə kimi qulaqlarımıza gələn səsidir.

Bu onların səsidir! Oyan! Dinlə! Ey Azərbaycan, ey Azərbaycan demokratiyası, başını qaldır! Bu gün boğazına qədər fəlakət səfalət girdabına batmış ola bilərsən. Sənə endirilən zərbələr səbrini tükətmiş ola bilər. Pərişan, solğun, ac evsiz ola bilərsən. Çox zavallı çarəsiz ola bilərsən. Bir-biri ilə müharibə edən ölkələr belə sənin qədər əziyyət çəkmədi. Bütün dünya xalqları xilas oldular, ancaq sən hələ əsirsən. Ey Azərbaycan, vücudunun hər yeri yaralar qanlar içində ola bilər, yenə ruhdan düşmə, uca başını qürurla qaldır. O tərif dolu müqəddəs səsi eşit. Vətənin içindən, ürəyindən qalxan o təsəlliverici səsə qulaq ver. Bu səsin qəlbində ruhunda bir qaranlıq aydınlıq fırtınası qoparmasına izin ver. Çünki sən yorğun yaralı vücudunu dik tutmaq üçün tərifə ucalığını nəvazişlə anladan ürəkverici sözlərə ehtiyacı olan bir pəhləvan kimisən. Sən, Sənə yardım edən ilk varlıqsan, Sən özünü xilas edəcəksən!

Əgər sən həyat cövhərini, sənin xəmirini yoğurub ərsəyə gətirən o odun soyuduğunu düşünürsənsə, əgər bütün bu problemlərə qarşı zəifləyib yıxıldığını hiss edirsənsə, yanılırsan. O dəyərli cövhərin kiçik bir parçası, damarlarındakı qeyrət odunun bir qığılcımı belə sənə ümidverici bir sabah yaratmaq üçün istədiyin gücü verə bilər. Səndə gördüyüm bu qətiyyət qeyrət cövhəri gözəl sabahların müjdəsidir. Sən bu geniş müasirləşmə meydanında təkbaşına irəliləyirsən. Əziyyət çəkmişsən, təcrübə qazanmışsan, imtahandan uğurla keçmişsən. İndi sənin üçün yeni bir dövrün qapıları sona qədər açılıb.

Sən fədakarlığının necə gözəl təsir təəssüratlar yaratdığını görürsən. Əzildin, qanın axdı, ancaq sən yenə şərəflə öz yolunda irəlilədin. Son hədəfinə çatmağın artıq an məsələsidir. Zalımların güclü olmalarına baxmayaraq, sənin qətiyyətin iradən qarşısında tab gətirə bilmədilər. Bu zülm, dərd, işgəncə zindanları belə sənin iradəni qıra bilmədi. Sənə hücum edənlərin hamısı layiq olduqları cavabı aldılar. Təhdidlər, təqiblər, hücumlar, mühasirələr, kütləvi qırğınlar səni parça-parça etdi, amma səni yox edə bilmədi. Yıxıldın, dağıldın, ancaq hər dəfə daha güclü şəkildə ayağa qalxdın. Cərəyan edən hadisələr sənin iradə qətiyyətin qarşısında davam gətirə bilmədi. Onların ölümündən sonra sən hələ yaşayırsan. Sən hələ ayaq üstəsən!

Sənin həyatının hər dövrü səndən bir əsgər kimi hərəkət etməni istədi, səndən fədakarlıq, qan istədi. Sən onlardan da dəyərlisini verdin. Səndən birlik, bərabərlik, üsyankarlıq, üsyan hərb etməni istədi. Sən dövrün bu tələblərinin hamısına dözə bildin. Sənə suyu belə çox gördülər, çörəksiz ərzaqsız qoydular. Sən bunların hamısının öhdəsindən gəldin; zorakılıq düşüncəsini yox etdin. Bunu etməyə məcburdun. Bu əski çürümüş binanı yıxmağa məcburdun, bunu sona çatdırmaq üçün oda, atəşə, qana, dəmir polada, maddi mənəvi gücə ehtiyacın vardı; sən lazım olan hər işi gördün. Bunun əvəzində mərkəzi mətbuatın səsini, yəni ölkə ziyalılarının təqdir dolu səsini eşidirsən. Bu mənalı görüntü qarşısında durub düşünməyi lazımdır.

Sən Azərbaycan demokratiyasının ruhusan, çevriliş hərblərin maddi mənəvi gücünü təmin edən varlıqsan. Sən məşrutiyyət azadlığın, damarlarındakı qandan güc aldığına inanırsan. Başlanmaqda olan islahat yeniləşmə dövründə ölkən səndən qətiyyətli fəaliyyətli olmağını istəyir. Yıxmaq asandı. Bu gün yenidənqurma dövrü başladı. Hər şeyi təzədən, lap əvvəldən yaradacaqsan. Yabançılara qarşı müqavimət göstərmək, daxili düşmənlərə qarşı savaşmaq, cəsarət qeyrət, çalışma qətiyyət istəyir; lazım olan hər şey sənin övladlarının ürəyindədir. Bütün arzularını həyata keçirdin, sonunda mütləqiyyət düşüncəsini təməlindən yıxmağı bacardın. Bu gün çəkdiyin dərdlərin, zülmlərin qarşılığında mükafatlanmağın lazımdır. Bütün bunlar səbir qətiyyət tələb edir. Yenidən qurulma, formalaşma üçün uzaqgörən bir baxış, tədbir, zəka, ahəng, icraat, islahat lazımdır; səbir qətiyyət tələb olunur. Prinsiplərə bağlılıq, intizam, təşkilat, ayıq-sayıqlıq, ümid fədakarlıq tələb olunur. Bəli, fədakarlıq, sona qədər fədakarlıq! Heç bir zaman yorğunluq ümidsizliyə qapılmamalı! Xüsusilə bir millətin taleyi bir tükdən asılı olduğu dövrlərdə ayıq olmalıyıq! Ey Azərbaycan!

İran demokratiyası yenilənmə yolunda, daha bəsit bir ifadə ilə yaşama mübarizəsi mücadiləsində səni hər zaman qarşısında görüb. Yol göstərəni lideri kimi yenə səni arxasında hiss etmiş, sənə arxalanmağa güvənməyə başlamışdır. Yəni sən İran üçün bir zireh, bir qalxan, bir qılınc, bir nizə kimisən. Sən ey çarəsiz demokratiya, bu günə qədər həmişə təhlükəli anlarda ön sıradaydın. Bu gün ən yüksək uca yerdə mövqeyini saxlayırsan. Bu şərəfli vüqarlı keçmişinə əsaslanaraq səndən sədaqətli olmanı bizə bağlılığını istəyirik. Keçmişdə vəd etdiklərini yerinə yetirməyini, sözlərinə əməl etməyini, bizə tanıtdığın xüsusiyyətlərinə bağlılığını istəyir. Bu müqəddəs borcundan boyun qaçıra bilməzsən.

Ey sevgili Azərbaycan! Sən İranın Qərbə açılan gözüsən. Vətəni aydınlıqlara aparan həssas duyğulu bir qəlb kimisən. İranı bütün parlaq keçmişinə bağlı şəkildə Avropa sivilizasiyasına doğru aparan sehrli bir qüvvə kimisən. Bu günə qədər etdiyin bütün fədakarlıqlar adına, sənin müqəddəs torpaqlarına axan bütün qanlar adına, Ey uca Azərbaycan! Bu gözlədiklərimizi yerinə yetir! Başını qaldır, sonsuza qədər yaşa!

 

Rus bolşevikləri Şimali Azərbaycanda

 

Rus bolşevikləri Şimali Azərbaycan Cümhuriyyətini yıxmaq üçün fəaliyyət göstərdikləri bir vaxtda, Güney Azərbaycanda Şeyx Məhəmməd Xiyabani 7 aprel 1920-ci ildə Azadıstan dövlətini elan etdi. Şeyx Xiyabani Güney Azərbaycanın müstəqillik qazanması yolunda hərəkatın ən fəal və fədakar nümayəndəsidir. Səttarxan, Bağırxanın öndərliyi ilə başlayan Məşrutiyyət Hərəkatında yaxından iştirak edən Xiyabani səngərlərdə çarpışaraq mübariz ruhlu bir döyüşçü kimi püxtələşmişdi. O, gənc yaşında mübarizə meydanına atılmış və inqilabi fəaliyyəti ilə əlaqədar olaraq ölkəsini tərk etməyə məcbur olmuşdu. Atasının ticarətlə məşğul olduğu Şimali Qafqazın şirin bəlgəsi olan Şamil qalaya (Mahaçqala) getdi, orada Mirzə Talib oğlundan dərs öyrəndi, savadlandı və ziyalı bir şəxsiyyət kimi yetişdi. Quzey Azərbaycanda başlayan Müsavat hərəkatını addım-addım izlədi və Güneydə gizli fəaliyyətə başladı. Səttarxan dövründə qurulan Azərbaycan Demokrat Partiyasını dirçəltdi. Nəşr etdiyi "Təcəddüd qəzeti" ilə öz fikirlərini geniş xalq kütləsinə çatdırmağa və yaymağa başladı. O, Güneydə paytaxtı Təbriz olan Azadıstan dövləti ilə, paytaxtı Bakı olan Quzey Azərbaycan Cümhuriyyəti, Rusiya və İngiltərə kimi iki imperialist gücün - iki imperialist dövlətin "kürkünə birə salmışdı". Hələ Quzey Azərbaycan Cümhuriyyətinin hər şeyə böyük ehtiyacı olduğu bir dövrdə, öz imkanları xaricində olsa belə, Anadoluda başlayan İstiqlal savaşına maddi dəstək yollaması suda boğulana əl uzatmaq kimi mühüm bir qardaşlıq köməyi idi. Bu vaxt Qərb ilə ruslar arasında saziş bağlandı, Qərb dövlətləri Qafqazda baş verən haqsızlıqlara göz yumdular. Gürcü Stalinlə erməni Şaumyan, içlərindəki Nəriman Nərimanov kimi etinasızlığı xəyanət nöqtəsinə çatacaq ölçülərdə olan zavallıların da yardımı ilə Şimali Azərbaycan Cümhuriyyətini 27 aprel 1920-ci il tarixində XI Qızıl Ordunun vasitəsilə işğal etdilər. Şeyx Məhəmməd Xiyabani bu hadisədən iki gün sonra 29 aprel günü xalqa belə səslənirdi:

"Biz cəmiyyətin aşağı pilləsində olan xalqa öz sosial haqlarını öyrədərək onların gözünü açmaq qərarına gəlmişik. Onları maarifləndirərək, hər şeydən elmi məlumat verərək, onları elmlə silahlandıraraq, öz azadlıqlarının yolunu göstərəcəyik. Biz milli ruhlu, milli əqidəli elə bir hökumət qurmaq istəyirik ki, onu milli hökumət adlandırmaq mümkün ola bilsin. İstiqlaliyyət və azadlıq təntənəsi tam və mükəmməl şəkildə zəfər çalsın. Bu fikir və baxışları geniş xalq kütləsinə çatdırmaq və yaymaq bir fikir adamı olan hər ziyalının müqəddəs borcu və vəzifəsidir. Bu işə təşəbbüs göstərmək lazımdır. Cəmiyyətin aşağı təbəqəsini, XX əsrin elmini və informasiyasını yeni çağın demokratik düşüncəsi ilə silahlandırmalıyıq".

Xiyabani Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə yalqız qalmışdı. Casuslar Təbrizə axınla gəlir, cahil, avam, savadsız xalqı pulla, vədlərlə satın alır, yeni hökumətə qarşı qaldırırdılar. Belə ki, Şeyx Xiyabaniyə qarşı hər tərəfi üsyan dalğaları bürüdü. 12 min nəfərlik milli ordu üsyanları yatırmaq üçün göndərildi. Təbrizdə sadəcə jandarma birliyi qaldı. Jandarma komandanı Hüseyn Major müxtəlif vədlərlə satın alındı. 1920-ci ilin 12 sentyabr tarixində Güney Azərbaycanlı bir ovuc cahillər güruhu Təbrizin Alaqapı səmtindəki dövlət mərkəzlərinə hücum etdilər. Dövlət başçısı Şeyx Məhəmməd Xiyabani sığınmağa pənah gətirdiyi yoldaşı Əli Badamçının evində son damla qanına qədər, yalnız türkə yaraşan bir şəkildə çarpışaraq Allahın rəhmətinə qovuşdu. Quzey Azərbaycanın işğalından altı ay sonra Güneydəki Azadıstan dövləti "susduruldu". Quzeydə 27 aprel 1920-ci il işğalından 1924-cü ilə qədər 54 üsyan oldu və hamısı da qan tökülməklə yatırıldı.

 

 

Uğur

 

Xalq cəbhəsi.- 2011.- 17 sentyabr.- S. 14.