Milli musiqimizin Üzeyir Hacıbəyli zirvəsi

 

 Bakıda dahi müsiqiçiyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir

 

Xalqımızın möhtəşəm varlığının musiqidə muğamat, xalq mahnıları kimi təsdiqi var. 20-ci yüzil bir çox xalqların "olum-ölüm" dövrü oldu.

Təbiidir ki, xalq - gerçəkliyi ötmək hadisəsidir, o, yalnız insaniliyin, xəlqiliyin mahiyyətinə uyğun yaşayanda, "olum-ölüm"dan üstün olanda əbədi var olur.

20-ci yüzildə dünyanın ictimai-siyasi, habelə mədəni düzənində qanlı-qadalı hadisələrlə yanaşı çoxlu yeniliklər oldu. 20-ci yüzilin əvvəllərində Azərbaycan aydınlarının millətin qayğılarına yönəlik fədakarlıq, özündənkeçmə səviyyəsində çabaları daha da artdı. Əsası Həsən bəy Zərdabidən başlayan milli mətbuatımızın artıq 20-ci yüzülin əvvəllərində Mirzə Cəlil, Sabir, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə və başqa fədailəri vardı.

Bu dönəmdə yaradıcılığa jurnalistika ilə başlayan Üzeyir Hacıbəyli həm də peşəkar bəstəkarlıqla da məşğul oldu: 22 yaşında "Leyli və Məcnun" kimi operanı ortaya qoydu. Düzdür, bu əsər onun sonrakı əsərləri ilə müqayisədə möhtəşəm deyil, ancaq bütün hallarda professional milli musiqimizin ilkciddi başlanğıcı sayıla bilər.

Üzeyir Hacıbəylinin bütün həyatı faciəviliklərlə doludur. Təsəvvür etmək olar ki, sovet imperiyasının qılıncının hər iki tərəfinin kəsdiyi bir zamanda yaşamaq onun üçün necə əzablı olub. 20-ci yüzilin əvvəllərindən başlayan hərtərəfli gərgin yaradıcılığının Azərbaycan Xalq Cümhuriyyətinin qurulması dövründə daha da artması, Cümhuriyyət zamanı ictimai-siyasi fəaliyyətin zənginliyi, Azərbaycan Sovet imperiyasına qatılandan sonra ömrünün büsbütün musiqiyə və sovet quruluşunun tələbi yönündə ictimai-pedaqoji fəaliyyətə həsr olunması onun nələr çəkdiyini təsəvvür etməyə imkan verir.

Üzeyir bəy 20-ci ildən sonra siyasi fəaliyyətdən ayrıldı, demək olar, ömrünü büsbütün musiqiyə həsr etdi. O, sanki fəhmən anlayırdı, Azərbaycanda imperiyanın ömrü uzun çəkəcək. Düzdür, onunla bir dönəmə Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Mikayıl Müşviq də qədəm qoydular. Ancaq Sovetlər üçün hətta möhtəşəm milli musiqinin varlığı belə ədəbiyyat qədər təhlükəli deyildi. Bu səbəbdən də 30-cu illərin repressiyası daha çox ədəbiyyat adamlarını apardı.

37-ci ilə kimi artıq Üzeyir bəy özünü "sovet bəstəkarı" kimi təsdiq edə bildi. Bu, onun sağ qalıb professional milli musiqimizin yeni-yeni incilərini yaratması üçün çox gərəkli idi. Sovet imperiyası da Üzeyir bəyin sağ qalmasında maraqlı idi. Bu, imperiyanın xislətindən gəlirdi: şeirdə Səməd Vurğunu, musiqidə də Üzeyir bəyi saxlayır, qalanlarını isə məhv edirdi.

Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin gördüyü işlər son dərəcə heyrətamizdir. Onun Azərbaycan Xalq Cümhuriyətinin möhtəşəm himnini yazması, o dövrdə Cümhuriyyətin yaşaması üçün xeyli gərəkli sahələrdə çalışması daim millətimiz üçün fədakar yaşamasından xəbər verir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni son dərəcə möhtəşəmdir: bu gün sözügedən himn Azərbaycan Respublikasının dövlət himnidir. Bu himnin sözlərində müəyyən uyarsızlıqlar olsa da, musiqisinin dahiyanə olması danılmazdır. Himnin əvvəlinin fəlsəfi mənası haray, ortası ümid, sonu isə inamdır.

Habelə onun yaradıcılığında "Sənsiz", "Sevgili canan" romansları ayrıca hadisədir, "Koroğlu" operası isə zirvə təşkil edir. "Koroğlu" operasındakı "Üvertüra" mahiyyətcə qədimdən gələn səsdir. Gərək insan xəlqi mahiyyəti görsün ki, möhtəşəm əsər yarada bilsin. Jurnalist, publisist, dramaturq, pedaqoq, sənətşünas, ən başlıcası isə bəstəkar... Həyat hadisələrini, insan münasibətlərini dərindən öyrənən, bilən, milli duyğudan bir an da olsun, ayrılmayan, neçə-neçə yaradıcı gəncə təsəvvürəgəlməz dərəcədə insani qayğı göstərmək, çox zaman ömrün bu cür qayğılardan açılmaması Üzeyir bəyin faciəvi fədakarlığına bir misal çələngidir. O, gerçəkdən fədai idi. Xoşbəxtlikdən Üzeyir bəyin yaratdığı təməl güclü oldu. Çünki özü həmin təməllə bağlı idi, bir an da olsun, həmin təməldən ayrılmadı.

Bir neçə il qabaq Azərbaycan cəmiyyətində Üzeyir Hacıbəylinin əlyazmalarının, əşyalarının oğurlanması, tapılması, yenidən muzeyə qaytarılması ilə bağlı söz-söhbətlər oldu. Türk ruhundan doğulmuş Üzeyir Hacıbəylinin canlı yaradıcılıq soraqlarının sübutu, ifadəsi olan əlyazmalarının yoxa çıxarılması istəyi onu sevməyənlərin gözündə qaldı. Bu hadisə real mənada xətasız sovuşsa da, hər halda bizim üçün sözün əsl mənasında dərs olmalıdır. Yəni bir xalq olaraq belə hadisələrdən bundan sonra da sığortalanmayacağımızı, belə hadisələrin yenə də baş verə biləcəyini, daim belə təhlükəli vəziyyətlərə hazırlıqlı, ayıq-sayıq olacağımızı dərk etməliyik. Zaman-zaman Azərbaycanın çoxlu milli-mənəvi soraqları məhv edilib, başqa millətlərin adına çıxılıb. Bizi sevməyənlər mümkün qədər belə nümunələri təhrif ediblər. Yüzillərlə türkə qarşı həqarət, hər cür murdarlıq, xəyanətlər edən köksüz-soysuz, ruhsuz ermənilər xüsusən son yüzildə daha da amansızlaşıblar. Bu gün Azərbaycanda ədəbiyyat, musiqi sahələrində yeni nəfəslərin, orijinallığın tədricən azalması müşahidə edilməkdədir.

Üzeyir Hacıbəylinin gördüyü işlərin qətiyyən inkar edilməməsi şərtilə indiyeni-yeni nəfəslərin meydana çıxmasına, yeni-yeni sənət zirvələrinin yaranmasına böyük ehtiyac var. Ancaq acınacaqlı haldır ki, bu gün belə zirvələri yox, olanların, yaradılanların kor-koranə şəkildə təkrarçılığının, daha çox isə təqlidçiliyinin şahidi oluruq. Məsələn, məşhur "O olmasın, bu olsun", "Arşın mal alan" kimi əsərlər çağdaşlaşdırılır, obrazlar bugünkü tamaşaçının, gənc nəslin gözündə cılızlaşdırılır. Bu cür şoular xalqın sabahkı yaradıcılıq üfüqlərini daraldır. Bu, hər şeydən əvvəl o deməkdir ki, böyük mənada yeni yaradıcılar meydana çıxmalıdır. Deməli, Üzeyir bəyin təməlini qoyduğu Azərbaycan professional musiqisinin bundan sonra da həmin milli ruh üstə inkişafı gərəkdir.

Sentyabrın 18-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan festivalın açılışında çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylini Allahın Azərbaycan xalqına misilsiz bir töhfəsi olduğunu deyib. Nazir vurğulayıb ki, onun yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir: "Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Builki festivalın proqramı olduqca zəngindir. Festivalda Azərbaycanla yanaşı, Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Koreya Respublikası, Macarıstan, Almaniya və digər ölkələrdən görkəmli ifaçılar, musiqi kollektivləri iştirak edirlər".

Festivalın açılış mərasimində Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" kamera xorunun ifasında Ü. Hacıbəylinin, digər yerlixarici bəstəkarların əsərlərindən parçalar səslənib. "Buta"nın ilk ifasında Böyük Britaniya musiqişünası Conatan Ratbonenin aranjmanında Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasından xalq artist Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın solistliyi ilə bir parça ifa edilib. "Buta" kamera xoru Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2010-cu ilin noyabrında yaradılıb. Xorun əsas məqsədi Azərbaycan xor musiqisini və müxtəlif dövrlərə aid olan dünya musiqi nümunələrini milli və beynəlxalq festivallarda, müxtəlif tədbirlərdə ifa edib respublikamızı layiqincə təmsil etməkdir. Qeyd edək ki, Üzeyir Hacıbəyli adına III Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Festival sentyabrın 30-dək davam edəcək.

      

 

Uğur

 

Xalq Cəbhəsi.- 2011.- 20 sentyabr.- S.14.