Elektron kitab, yoxsa nəşr olunan kitab?

 

Şəbnəm Xeyrulla: "Əgər kitabın vərəqlərini göz yaşınla islatmayacaqsansa, deməli, heç onu oxumamısan"

 

Qurban Yaquboğlu: "Ənənəvi kitabı, kağızı monitorla əvəzləmək qeyri-mümkündür"

 

Səlim Babullaoğlu: "Nadir hallarda ola bilər ki, kitabı elektron varinatda oxuyum". Günlər bir-birini sürətlə, dabanbasma qovur gələcəyə. Gələcək sürətlə "indi"ləşir. Zaman dəyişir, dövr dəyişir, insan dəyişir, texnologiya dəyişir. Özü də get-gedə sürətini artıraraq... Bu gün yeni olan çox keçmədən köhnəlir. Təbii ki, dəyişikliklərin başında insan amili dayanır. Dünyada demək olar ki, hər şey ona xidmət edir. Onun zövqləri, tələbatı, düşüncə dünyası, dünyagörüşü dəyişməsə, ənginləşməsə, zənginləşməsə, və ya əksinə yoxsullaşmasa, ona xidmət edən vasitələr də sabit qalar. Amma bəzən insan öz yeniliklərinin, yeniliklərin təbii nəticələrinin əsirinə çevrilir. Yəni insan faydadan çox zərərləri olan bəzi yeniliklərlə "sözün əsl mənasında bacara bilmir, onların axarına düşüb gedir. "Yeniliy"in həmişə müsbətə bərabər olmadığını tam dərk edə bilmir. Özü öz gerçəyinə yadlaşır..

Son illərin yüzlərlə yeniliklərindən biri - ənənəvi kağız kitablarla yanaşı elektron kitablardan istifadə diqqət çəkir. Get-gedə elektron kitablardan istifadə sürətlə artır. Düzdür, kağız kitabların çatdırılması elektron kitablara nisbətən daha çox zaman tələb edir, daha çox yer tutur. Amma onun elə "fəzilətləri" var ki, hətta məncə, insanlar əlli il sonra Yupiterə getsələr də, gözlə işləyən, sözlə çevrilən, hətta özü-özünü oxuyan, barmaq işarəsi ilə səhifələrini dəyişən elektron kitablar ixtira etsələr də, bu kağız kitabları atmamalıdırlar, özlərini ondan məhrum etməməlidirlər. Soruşsanız niyə?

Çünki ən dərin hafizə qoxu yaddaşıdır. Yaponlar yeni doğulan uşaqlara kitab oxutmazdan əvvəl kitab qoxuladırlar. Kitab qoxulayan və kitab oxunan mühitdə böyüyən uşaqlar həm kitab oxuma vərdişi əldə edirlər, həm də yaddaşlarının dərinliyindəki qoxu onlara böyüdükcə istiqamət verir. Kitab oxumağa qeyri-ixtiyari yönəlirlər. Yəni sevərək oxuyurlar, xəbərdarlığa, nəzarətə ehtiyac duymadan. Demək ki, kitab birinci olaraq insan yaddaşının bir növü olan qoxu yaddaşı ilə yaxından bağlıdır. Həşr olunmuş kitabları oxuyarkən əlinizi toxundurur, barmaq yaddaşından istifadə edirsiniz. Təkcə gözünüzlə deyil əlinizlə də oxuyursunuz. Sanki bir-birinə dəstək olur bunlar. Hələ göz yaşlarını demirəm. Bəzən isladırsınız vərəqləri, bir qəhrəmanın acı həyatından danışan sətirləri. Bəzən gözlərinizin kökü kitab kimi yol çəkib saralır. Bəzən kitabla elə bütünləşirsiniz ki, kitab oxucu olur, siz də kitab..

Çünki nəşr olunan kitablar gözlərinizi elektron kitablara nisbətən o qədər yormur. Hamı bilir ki, kompüterin şüaları nəinki gözləri tez yorur, hətta zəiflədir. Təkcə gözlərin deyil, elə yaddaşın da kökünə balta çalır. Eyni zamanda uzun müddət elektron kitab oxuyanlarda diqqət dağınıqlığı halları daha erkən özünü göstərməyə başlayır. Elekron kitabları təbii ki, komputerdən oxuyuruq. Komputer də telefon kimidir, funksiyaları çoxdur. Necə telefondan həm danışıq vasitəsi, həm də video, fotoaparat və s. kimi istifadə edirsiniz, eləcə də kitab oxuyarkən bir də baxırsınız ki, kitab bir kənarda qalıb nəsə yazır və ya nəsə axtarırsınız. Bu da diqqət dağınıqlığının başqa bir səbəbi. Çünki kitab keçmişimizin həm sənədi, həm də özüdür. Onunla bağları bir anda qoparıb atmaq o qədər asan olmamalıdır. Nizami onun üstünə tökmüş hikmət damlalarını, Füzuli göz yaşlarını, Sabir acı gülüşlərini. Onu bizə, bizi ona bağlayan ən azı minillik bir tarix var. Bütün hallarda bir həqiqət var ki, kitab kitab olaraq qalacaq, səhifələri kağızdan olmasa da, qoxusuz olsa da... Bəs bizim yazarlar kitabı necə oxuyurlar? Nəşr olunmuş şəkildə, yoxsa elektron variantda?

Yazar-dramaturq Şəbnəm Xeyrulla "əvvəllər bizə kimsə kompyuterin qarşısında oturub kitab oxuyacağımızı desəydi, bunu əsl hünər sayardıq" - deyir: "Çünki mümkünsüz görünürdü. Həm də deyirdim ki, əgər kitabın vərəqlərini göz yaşınla islatmayacaqsansa, deməli, heç onu oxumamısan.

Amma son 2 ildə elektron formada oxuduğum kitabların sayı çap kitablarını üstələyib. İlk oxuduğum elektron kitab Voyniçin "Ovod"u oldu. O kitabı çoxdan oxumaq istəyirdim, amma hər dəfə kitabxanaya gedəndə yadımdan çıxırdı. Bir dəfə təsadüfən bir saytda qarşıma çıxdı və yüklədim. Əvvəlcə bir neçə səhifə oxuyub maraq doğursa, kitabxanadan həmin kitabı almağı düşünmüşdüm. Amma əsər məni elə apardı ki, sonuna qədər elə kompüterdən oxumalı oldum. Həm də klaviaturanı göz yaşlarımla isladaraq.

Kompyuterdən və ya noutbukdan oxumağın mənim üçün yeganə çətinliyi bir yerdə əyləşib oxumaq məcburiyyəti yaratmasıdır. Amma bunun da çıxış yolunu tapmışam. Həmin kitabların telefon üçün olan variantını yükləyirəm. Hazırda telefonumda 60 kitaba yaxın kiçik bir fond var. Metroda, avtobusda, boş vaxtlarımda elə telefondan oxuyuram. Elə böyük romanları telefondan oxumuşam ki, bəlkə də çap məhsulu olsaydı onların həcmi gözümü qorxudardı. Amma çap kitablarının da öz üstün cəhətləri var. Əminəm ki, nə qədər müasir, rahat elektron kitablar olsa da, ənənəvi kitabın yerinə keçə bilməyəcək".

Yazar Qurban Yaquboğlunun fikrincə, təkcə oxumağa məhkum intellektuallar (onlar informasiyalı olmağa, yenilikləri və təzə çıxan kitabları oxumağa bir növ həm də borcludurlar) yox, sadə insanlar da dövrün şərtlərinə uyğunlaşmalıdırlar: "İndi informasiya mənbəələri, eləcə də bədii informasiya qaynaqları internetdi, kompyuter vasitələridi. Bununla belə, yəqin ki, ənənəvi kitabı, kağızı monitorla əvəzləmək qeyri-mümkündür. Mən hər ikisindən istifadə edirəm, imkan tapsam bəzən elektron formadan kağıza köçürürəm".

Tərcüməçi Leyla Rasim kitabı nəşr olunmuş şəkildə oxumağı daha çox sevir: "Üstəlik ikinci əl kitabları sevirəm. Bu kitablarda oxucunun enerjisi qalır. Elektron kitab daha çox oxuyuram, çünki indi istədiyim kitabları nəşr olunmuş şəkildə tapa bilmirəm. Ona görə də məcbur olub belə oxuyuram". Yazar Eyyub Qiyas köhnə kişilərdən olduğu üçün kitabı nəşr variantında oxumağı daha üstün tutur: "Çünki daşınan kitab daha rahat olur, istənilən şəraitə uyğunlaşdırıb oxumaq mümkündür. Amma son vaxtlar elektron kitablar da oxuyuram və buna da alışmağa çalışıram. Bilirsiniz, istər-istəməz insan reallıqlarla barışmalı olur. Bu gün elektron kitab zərurətə çevrilirsə, hara qaçasıyıq ki? Oxumaq istəyiriksə hansı formada olursa olsun, tapıb oxuyacağıq. Bu qədər".

Yazar-tərcüməçi Səlim Babullaoğlu əsərləri daha çox kitab halında oxuyur: "Bəzən sadəcə A4 formatda kağıza çap edirlər elektron versiyanı, kağızda oxuyuram. Hadir hallarda ola bilər ki, irihəcmli kitabı elektron varinatda oxuyum. 38 yaşım var, 6 yaşımdan kitab oxuyuram. Yeni kitab və kağız vərdişlərimin yaşı 32-dir. Kompyuterlə əlaqəm isə hələ balacadır. 5-6 yaşı ancaq olar".

Yazar Kənan Hacı elektron versiyada hansısa əsəri oxuya bilmir: "Kitab mənə daha doğmadır. Kitabı oxuyarkən onun qoxusunu hiss edirsən, bu psixoloji cəhətdən əsərin həzm olunmasına çox kömək edir. Bilgisayarımda bir neçə irihəcmli roman var ki, mən hələ də onları oxuya bilməmişəm. Bəlkə də bu, mənim qüsurumdur, deyə bilmərəm. Çoxları düşünür ki, kitab tədricən sıradan çıxacaq. Amma mən belə düşünmürəm. Kitab həmişə yaşayacaq". Yazar Jalə İsmayıl kitabları yalnız çap olunmuş halda oxuyur: "Şeir və kiçik hekayələri çıxmaq şərtilə. Lap birincisi, gözlərimə çox ziyan eləyir, ikincisi, heç bir zövq vermir elektron kitab. Başın ağrımasın deyə məcbur yemək yeməyə oxşayır".

Yazar-publisist Hafiz Mirzənin son vaxtlar çoxlu kitab oxumağa vaxtı və macalı olmur: "Amma haradasa 1-2 saat boş vaxtım ola bilərsə, boş-boşuna gözləməyim deyə özümlə nəşr məmulatı götürürəm. Xüsusən də yollarda. Kitab redaktələrini isə yalnız elektron variantda edir, düzəliş və əlavələrimi birbaşa kompüterdə aparıram. İnternet vasitəsilə isə yalnız məqalə və hekayə oxuyuram".

Yazar Bəxtiyar Hidayətin fikrincə, elektron variantda şeiri və hekayəni oxumaq olur: "Kitabı isə belə oxumağa nə gözümün imkanı var, nə də hövsələmin. Buna görə də kitab öz dövrünü başa vurdu demək yersizdi. Həm də kitab sanki adamı təkrar oxumağa da vadar edir, amma elektron variantda sanki adam tezbazar sonluğu oxumaq istəyir".

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2011.- 23 sentyabr.- S.13.