"Azərbaycan"
qəzetinin ilk sayı Gəncədə çap olunub
Bu,
Bakının azad olunduğu möhtəşəm günə
təsadüf edirdi
Ataxan Paşayev:
"Azərbaycan" qəzeti Cümhuriyyət dövrü tariximizi
öyrənmək baxımından əvəzsiz tarixi mənbədir"
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay müddətində milli dövlətçiliyimizin yeni dönəmdə təsdiqi baxımından xeyli iş gördü. Xüsusilə də 1918-ci ilin 15 sentyabrından sonra dövlətçiliyin möhkəmləndirilməsi özünü ictimai-siyasi həyatın bütün sahələrində göstərdi. Gerçəkdir ki, dövlətçiliyin təsdiqi sarıdan o dövrdə mətbuat ayrıca rol oynayırdı. Cümhuriyyət dövründə "Azərbaycan" qəzeti rəsmi dövlət orqanı olaraq bu görəvi gərəyincə yerinə yetirdi. Bu mənada ümumən Azərbaycan milli mətbuat tarixində əhəmiyyətli məqamlardan biri də 1918-20-ci illərdə rəsmi "Azərbaycan" qəzetinin işıq üzü görməsidir. Tanınmış tədqiqatçı, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev bildirir ki, Azərbaycan Demokratik Respublikası hökumətinin rəsmi dövlət mətbuat orqanının yaranması müstəqil dövlətin əsas atributlarından biri idi. 1918-ci il iyulun 3-də hökumət "Azərbaycan Cümhuriyyəti hökuməti xəbərləri"nin nəşrinə başlamaq haqqında qərar qəbul etdi. Həftədə iki dəfə buraxılması nəzərdə tutulan "Hökumət xəbərləri"ndə əsasən milli hökumətin, ayrı-ayrı nazirliklərin qəbul etdiyi qərarlar, təlimatlar, hökumət xəbərləri, elanlar və s. dərc edilirdi: "Ancaq hökumətin siyasi kursunun xalqa izah edilməsinə imkan verən mətbuat orqanının yaradılması zəruri idi. Bütün çətinliklərə baxmayaraq belə bir mətbu orqanının yaradılması üçün hökumət ciddi səylər edirdi. 1918-ci il sentyabrın əvvəllərində Gəncədə "Azərbaycan" adlı hökumət qəzetinin nəşri haqqında qərar qəbul edildi. Başlıca məqsəd yeni yaranmış cümhuriyyətin adını Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" qəzetinin adı ilə dünyaya yaymaq idi".
Qəzetin ilk sayı 1918-ci il sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap edilib. 4 səhifəlik ilk sayın iki səhifəsi Azərbaycan, iki sayı isə rusca buraxılmışdı: "Qəzetin Gəncədə cəmi dörd sayı işıq üzü görmüşdü. Görünür, ya mətbəə işçiləri, ya da şrift çatışmazlığı səbəbindən, yaxud da redaksiya işçilərinin olamamasına görə Gəncədə nəşr edilən "Azərbaycan" qəzeti əsasən rusca buraxılmışdı".
Qəzetin ilk sayı Bakının azad olunduğu möhtəşəm günə təsadüf edirdi: "Bu sayda verilən xəbərdə deyilirdi ki, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edilərkən 30 minə yaxın silahlı düşmən əsir alınıb, çoxlu qənimət ələ keçirilib. Hazırda şəhərdə sakitlik hökm sürür. Qəzetin bu sayında Məhəmməd Hadinin türk əsgərinin qəhrəmanlığını vəsf edən "Türk nəğməsi" şeiri də dərc olunmuşdu".
Artıq 4-cü sayda qəzetdə elan verilir ki, qəzet Bakıya köçür. Bakıda "Azərbaycan" qəzetinin ana dilimizdə ilk 5-ci sayı 1918-ci il oktyabrın 3-də, rusca isə 7-də çap edilir. Bu saydan başlayaraq qəzetin adının altında "Gündəlik siyasi-ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir" sözləri yazılır: "Hoyabrın 28-dən Azərbaycan dilində olan qəzet Ceyhun Hacıbəylinin, rusca olan qəzet isə Şəfi bəy Rüstəmbəylini redaktoruluğu ilə nəşr edilir. Bu qəzetlər tərcümə, bir-birinin təkrarı olmayan tam müxtəlif mövzularda məqalə və materiallar verirdilər".
1918-ci il dekabrın 31-ə qədər "Azərbaycan" qəzetinin ana dilimizdə 75, rusca isə 70-ci sayı işıq üzü görür: "1919-cu il dekabrın 28-də Azərbaycan hökuməti parlamentin ağsaqqalar şurası üzvlərini iştirakı ilə Paris sülh Konfransında iştirak etmək üçün Ə.Topçubaşovun sədrliyiylə gedəcək hökumətin nümayəndə heyətinin tərkibini müəyyən edir. Hümayəndə heyətinə müşavir sifətilə "Azərbaycan" qəzetinin redaktoru Ceyhun Hacıbəyli də daxil edilir. 89-cu saydan başlayaraq qəzeti Üzeyir Hacıbəyli imzalayır. Bu, 1919-cu il 30 iyun tarixli 215-ci saya qədər davam edir. 216-cı saydan qəzet Xəlil İbrahimin redaktorluğu ilə nəşr olunmağa başlayır. Səbəb Üzeyir bəyin istirahətə getməsi idi. 1919-cu il sentyabrın 3-də Üzeyir bəy istirahətdən qayıdır və 1920-ci il aprelin 28-nə - Cümhuriyyətin süqutuna qədər qəzetə redaktorluq edir".
A.Paşayev daha sonra bildirir ki, 1918-ci il sentyabrın 15-dən 1919-cu il dekabrın 31-ə kimi qəzetin 358 sayı, 1920-ci il yanvarın 1-dən aprelin 28-ə qədər isə 85 sayı çap olunub. Ümumilikdə isə 2 il ərzində qəzetin 443 sayı işıq üzü görüb. "Azərbaycan" qəzetinin səhifələrində fəaliyyətini 1918-ci il noyabrın 16-da yenidən bərpa edən Azərbaycan Milli Şurasının, onun Azərbaycan Parlamentinin çağırılması sahəsindəki fəaliyyəti geniş işıqlandırılıb. Qəzetin səhifələrində Milli Şuranın sədri M.Ə.Rəsulzadənin parlamentin çağırılması ilə əlaqədar noyabrın 19-də "Bütün Azərbaycan əhalisinə müraciət"i, parlamentin təsisi haqqında şurada gedən müzakirələrin materialları, şuranın bu haqda qəbul etdiyi qanun da dərc olunub. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan parlamentin işi qəzetda geniş işıqlandırılıb. Qəzetdə "Hökumət qərarları", "Rəsmi xəbərlər", "Teleqraf xəbərləri", "Xarici xəbərlər", "Azərbaycanda", "Bakı xəbərləri", "Rusiyada", "Ermənistanda", "Gürcüstanda", "Türkiyədə", "Türkiyə mətbuatı", "Qəzetlərdən", "Sülh ətrafında", "İrəvan müsəlmanlarının halı", "Teatr və musiqi" və başqa daimi rubriklaar var idi. Qəzetin səhifələrində Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir Hacıbəylinin, Xəlil İbrahimin, Fərhad Ağazadənin, Əliabbas Müznibin və başqalarının tariximizə, ədəbiyyata, iqtisadiyyata, sənayeyə, siyasi vəziyyətə və s. aid məqalələrin çap olunurdu: "Həmçinin qəzetdə erməni daşnaklarının Azərbaycanın Zəngəzur, Haxçıvan, Qarabağ bölgələrində soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər, Ermənistanda yaşayan soydaşlarımızın acı taleyi, soyqırımı, doğma yurdlarından qovulması ilə bağlı məqalələr dərc edilirdi. Həmçinin qəzetdə soydaşlarımıza qarşı yeridilən vəhşi siyasətlə əlaqədar Milli Hökumətin Ermənistan hökumətinə notaları, məktubları və başqa rəsmi sənədlər qəzetin müxtəlif saylarında özünə yer alıb".
Ədəbiyyat və İncəsənət arxivinin direktoru Maarif Teymur
"Azərbaycan" qəzetinin fəaliyyət göstərməsində mühüm xidmətləri olan Xəlil İbrahim haqqında danışır: "Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatı ilə bağlı Hazim Axundovun araşdırmaları ciddi əhəmiyyət kəsb edir. Onun bu dövrlə bağlı araşdırması kitab halında ixtisarla çap olunub, ancaq araşdırmanın tam mətni arxivimizdədir. Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli haqqında bu dövrlə bağlı bilgilər demək olar, kifayət qədərdir, ancaq Xəlil İbrahim haqqında kifayət qədər məlumat yoxdur".
M.Teymur Xəlil İbrahimin həyat və fəaliyyəti haqqında qısaca danışır: "1882-ci ildə Şuşada anadan olub. 1909-1910-cu illərdə Gəncəyə, Tiflisə yaradıcılıq səfərləri edib.
1911-ci ildə Qarabağın Sarıcalı kəndində müəllimlik edib.
"Səda", "Açıq söz", "İqbal", "Azərbaycan" qəzetlərində çoxsaylı, maraqlı məqalələrlə çıxış edib. Onun maraqlı tərcüməçiliyi də olub: Tolstoydan, Şillerdən,
Lev Tolstoydan tərcümələri var. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai mühitin tanınmış nümayəndələrindən olub. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonrakı illər ərzində əsasən tərcüməçilik, publisistika və jurnalistika ilə məşğul olub. 1938-ci ildə repressiyaya məruz qalıb.
1956-cı ildə bəraət alıb".
A.Paşayev hesab
edir ki, "Azərbaycan"
qəzetinin 1918-20-ci illərdəki nəşri zamanı Azərbaycanın
dövlət, ictimai-siyasi, iqtisadi
və mənədi həyatı onun səhifələrində
geniş surətdə ifadəsini
tapıb. Bu gün bu qəzetin sayları cümhuriyyət dövrü tariximizi
öyrənmək baxımından bizim üçün əvəzsiz tarixi
mənbələrdən biridir.
Uğur
Xalq Cəbhəsi.- 2011.- 27
sentyabr.- S.14.