"Poeziya bizim
nağılımızdır"
Afaq
Şıxlı: "Ətrafda baş verən
hadisələr bəzən o qədər
canlı, qaynar olur ki, qələmə almaya
bilmirsən"
"Şairin hər misrası onun
kiçik bir
parçasıdır"...
Afaq
Şıxlı 1969-cu ildə Bakı şəhərində doğulub. Orta təhsilini
Bakı şəhəri 12 saylı orta məktəbdə
alıb, 1984-cü ildə həmin məktəbi qızıl medalla başa vurub. 1990-cı ildə Azərbaycan Tibb İnstitutunun
müalicə-proflaktika fakultəsini bitirib.
Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayan
Afaq xanım ailəlidir, iki
övladı var. Həkimlikdən əlavə
musiqi, rəssamlıq və psixologiya ilə məşğul olur. 4 kitab müəllifi olan Afaq Şıxlı
çoxsaylı şeirlərin, hekayələrin, nəğmələrin
müəllifidir. Kitablarının adı da
rəngarəng və maraqlıdır. "Qəlbimin dedikləri",
"Sevərsənmi", "Məndən uzaqda",
"Səni düşünürəm" adlı
kitabların müəllifidir. Onunla ədəbiyyat,
şeir haqqında maraqlı söhbət
etdik.
- Afaq Şıxlı özünü cəmiyyətə necə təqdim
edir, biz onu necə tanıyaq?
- Birinci növbədə,
adı ilə, namusu, isməti ilə,
daşıdığı mənəviyyatla hər zaman, hər yerdə fəxr etdiyimiz
Azərbaycan qadınıyam. Ürəyi, duyğuları Vətəninə
bağlı olan bir vətəndaşam.
Bütün varlığımla, ruhumla ədəbiyyata bağlı bir insanam. Sənətimə
gəldikdə isə, həkiməm. Artıq 22 ildir ki, insanların
sağlamlığı yolunda
çalışanlardan biri də mənəm.
- Sizcə, qadınların yazdığı şeir, istər qadına, istər başqa əhatə dairəsinə aid olsun, nəticədə,
qadınlıq hisslərindən qaynaqlanan
bir şüuraltı təsirin nəticəsində
yazılmayacaq ki?
- Bu fikri
eynilə kişilərə də şamil
etmək olar. Əlbəttə ki, hər bir şeir yazılarkən, sözlər
hansısa hisslərdən qaynaqlanıb gəlir.
Qarşısına kağız, qələm qoyaraq,
məcburən hecalar və qafiyələr
axtaran, zamanın damarını tutmağa çalışıb
"lazımi" mövzuda şeir yazan "şairləri"
çıxsaq, bütün yazarlar öz
duyğularını sətirlərə
köçürürlər. Amma bu o demək deyil ki, hər bir şair yalnız öz həyatını və başına gələnləri
yazır... Qətiyyən. Mən bu fikirlə
razı deyiləm. Əsil yazar üçölçülü fəzada
görməyi bacarmalıdır. Yalnız öz
həyatından yazılarsa, sözlər və mövzular çox tezliklə
tükənər və yaradıcılıqda müəyyən
bir stereotip, təkrarlanma
yaranar. Bu yolverilməz
bir haldır. Oxucuları
bezdirən, yazarın dəyərini azaldan
bir fəlakətdir... Ətrafda baş verən hadisələr bəzən o qədər canlı, qaynar
olur ki, qələmə
almaya bilmirsən. Şair
də, eynilə aktyor kimi,
başqalarının yaşadığı hiss
və həyəcanları da öz daxili aləmindən
keçirə bilməlidir.
- Şeir Vətəndə
yazılanda daha təsirli olur,
yoxsa Vətəndən kənarda qələmə
alınanda?
- Həqiqi duyğularla
yazılan şeir hər zaman
mənalı olur. Amma
Vətəndən kənarda yazılan şeirlərə, həm
də həsrət damcıları, nisgilli
kövrək notlar da hopur... Bu istər-istəməz
özünü bildirir
və bunu duymamaq oxucunun əlində deyil.
- Müasir Azərbaycan
poeziyasında kimləri bəyənirsiniz?
- Müasir Azərbaycan
poeziyasında bəyəndiyim şəxsiyyətlər az deyil. Amma incə məhəbbət
şeirlərilə minlərlə oxucunu valeh edən rəhmətlik Nüsrət Kəsəmənlinin,
sadə, axıcı və doğma misralarla ürəkləri ələ alan Nəriman Həsənzadənin və
müxtəlif mövzularda öz sözünü deyə
bilən Ramiz Rövşənin adlarını
xüsusilə qeyd etmək istəyirəm.
Məncə onların
yaradığıcılığını sevməmək mümkün deyil!
- Siz şairsiniz,
həkimsiniz, musiqiçisiniz; şeirlərinizdə
diqqətə çarpan bir
şəkildə tələffüz etdiyimiz
o uca duyğu
olan "Eşq"dən
danışaqmı bir az?
- "Eşq" deməzdim,
"sevgidən"dən danışaq. Şeirlərimin dayaq nöqtəsi olan üç məfhum var: Vətən,
Ana və Məhəbbət.
Vətənə olan sonsuz sevgi, Anaya
olan ilahi sevgi və Məhəbbətə olan ehtiram. Bəli, məhəbbətə
- saf, təmiz, heç
nə ummadan, fədakarcasına
yaşanılan bu duyğuya
olan sevgi.
Məni çox sev!
Dünya qədər!
Ondan da
çox!
Qoy bilim ki,
bu sevginin ölçüsü yox!
Məni çox sev!
Ölümünə!
Hər şeyini dəyişə bil ömrümüzün bir
gününə!
Məni çox sev!
Elə çox ki,
nəsillərə danışılsın
Leyli ilə Məcnun kimi.
Elə çox ki,
ürəklərə həkk olunsun Sevgi adlı
qanun kimi.
Hər addımda, hər nəfəsdə
yalnız məni, məni düşün!
Elə tələs yanıma ki, sanki bu gün
ilk görüşün!
Qoy eşqinin hərarəti alov saçsın
gündən-günə, ildən-ilə!
Əgər məni sevəcəksən - bax belə sev, yalnız belə!
Yalnız belə!
Mən bu hissdən
yazıram... Nəzərimcə, belə hissi
sevməmək, ona baş əyməmək olmaz. Məhəbbəti ucuz tutmaq, cılızlaşdırmaq olmaz.
Onu qəlbində daşımayanlar
çox zavallı insanlardır.
- Afaq xanım, kitabınızda sərbəst
şeirlər də var, amma vəznli
şeirlər daha çox üstünlük
təşkil edir. Bundan başqa, şeirlərinizdə
yüksək bir səviyyə görülür.
Bu bacarığı necə əldə etmisiniz?
- Oktay bəy, əvvəla, verdiyiniz dəyər üçün
sizə təşəkkür
edirəm. Şeirlərim haqda yüksək
fikirdə olmanız məni sevindirir. Bir ədəbiyyatçı olaraq,
şair olaraq və hər şeydən öncə, bir oxucum olaraq,
sizdən bu sözləri eşitmək
nəyəsə nail olmuşam
deməkdir.
Şeirlərimin necə yazılmasına gəldikdə
isə, deyə bilərəm ki, mən heç zaman şeiri yalnız yazmaq xətrinə
yazmamışam. Şeir axıcı və
tam olaraq süzülüb gəlməsə, mən onu kağıza köçürmürəm.
Yalnız o zaman
yazdığımı üzə çıxararam ki, ilk tənqidçisi olaraq özüm ondan razı qalım. Bəlkə
də, bir qədər təvazökarlıqdan
uzaq sayacaqsınız, amma
bir ana öz
övladlarını sevən kimi, mən
də şeirlərimi sevirəm. Əslində belə də
olmalıdır. Çünki hər
misrası şairin bir
kiçicik parçasıdır, bir zərrəsidir. Qəlbindən
ayırdığı, hisslərini hopdurduğu,
cilalayıb üzə çıxardığı xəzinəsidir.
- Sizcə Şeir öz quruluşu və məzmunu
ilə oxucuları yaşadığı dünyadan
çəkib çıxararaq, hadisələri tam duyğularla izləyə
bilməyəcəyi bir dünyaya
sürükləyir? Yoxsa şeir
həqiqi dünyanı ucaldaraq şüurlarda yenidən
formalaşdırır?
- Uşaqlara niyə
nağıl oxuyurlar? Heç bu sual sizi düşündürübmü? Məsələ burasındadlr ki, uşaqlar o qədər incə, kövrək və təmiz məxluqlardır ki, onların saf düşüncələrində günümüzün çirkablarına və dərdlərinə yer yoxdur. Zəmanəyə damla-damla öyrəşənə qədər onlara özləri qədər təmiz bir həyat lazımdır. Bu həyat nağıllarda yaşanır...
Böyüməsinə baxmayaraq, bizim də hər
birimizin - istər qadın olsun, istər kişi
- daxilində, iç
dünyasında bir uşaq gizlənir. Poeziya da bizim nağılımızdır.
Qəlbimizi, ruhumuzu daşlaşmaqdan, məhv
olmaqdan qorumaq üçün...
- Niyə bu sualı
verdim, adətən həmişə belə bir mübahisə gedir ədəbi mühitdə: istedad yoxsa zəhmət? Siz hansına üstünlük
verirsiniz?
- Hər ikisi, deyərdim. Bəlkə də, bunu sadə
və gözlənilən
cavab sayacaqsınız...
Amma biri olmayan yerdə
digərinin təsiri azalır. Nə zəhmətsiz şeir
yazmaq olmaz, nə də istedadsız. Bu bir aksiomadır.
- İlk şeir kitabınızı ələ
aldıqda nə hiss etmişdiniz? İndi hansı vəziyyətdəsiniz?
Ümid etdiyiniz kimi oldumu kitablarınız?
- İlk kitabım
2003-cü ildə nəşr
olunan "Qəlbimin dedikləri" adlı şeir toplusu idi. Onu əlimə götürdüyüm
zaman keçirdiyim hissləri sözlərlə
ifadə etməkdə
çətinlik çəkirəm.
Xoşbəxlik və qürur,
sevinc və həyəcan. Sanki qanadı
varmış kimi, uçacaqmış kimi olur insan... Təbii ki,
indi də, hər bir kitabımı
həmvətənlərimin ixtiyarına verən zaman məsuliyyət və sevinc qarışıq hisslər
yaşayıram.
- Bundan sonra oxucularınız
sizdən daha hansı yenilikləri gözləsinlər?
- Bu ilin avqust ayında
"Səni düşünürəm"
adlı dördüncü
kitabım işıq
üzü görüb.
Sevimli oxucularım onu şəhərimizin kitab dükanlarından əldə
edə bilərlər.
Buna görə də mən Nigar xanım Köçərliyə öz
dərin innətdarlığımı
bildirirəm.
Hazırda isə iki kitabın üzərində işləyirəm. Bunlardan biri, vətənpərvərlik
ruhunda yazılmış
növbəti şeir
toplusu, digəri isə şair həmkarlarımla deyişmələr,
qəzəllər və
rübailərdir. Bundan başqa,
bir roman üzərində
də işləyirəm
və demək olar ki, bitirmək
üzrəyəm.
Söhbətləşdi: Oktay
Hacımusalı
Xalq Cəbhəsi.-
2011.- 27 sentyabr.- S.13.