O, həmişə yolda idi...

 

\Hüseyn Arifin vəfatından 19 il ötdü

 

Əsl şeir gerçəkliyi ötür, nədən danışır-danışsın, insaniliyi təsdiq edir. Bugünlərdə vəfatından 19 il ötən tanınmış şair Hüseyn Arif yaradıcılığında özünəməxsusluğunu təsdiq etmişdi. Onun yaradıcılığında iki yön var: insan ruhunu, duyğularını canlı şəkildə, duru, anlaşıqlı bir dillə poeziyaya gətirə bilirdi. Başqa bir cəhəti isə təbiətlə ruhən bir olması idi. İnsan-təbiət birliyini gözəl anlayırdı, bu duyğunu şeirlərində öyürdü. Onun "Şeir deyilmi"si buna gözəl sübutdur.

Professor Qəzənfər Kazımov bu qənaətdədir ki, maraqlı yaradıcılıq yolu keçmiş Hüseyn Arifin poeziyası klassik ədəbiyyatımızın nəhəng simalarının, şifahi xalq ədəbiyyatı yaradıcılarının ədəbi-bədii irsi zəminində formalaşıb: "Burada rusdünya ədəbiyyatının da payı var. Ancaq Hüseyn Arif poeziyası daha çox M.P.Vaqif, Aşıq Ələsgər, S.Vurğun poeziyası qəlibində mayalanıb. Xalq şeirinin min il əvvəldən süzülüb gələn ən yaxşı keyfiyyətlərinə onun şeir dünyasında rast gəlmək mümkündür. Hüseyn Arifin poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şeirindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şeir bütün ifadəlilik vasitələrindən məhrum olar, bu poeziyanın canına hopmuş hikmətlər, aforizmlər, xalq ifadələri, ümumiləşmiş fikir-obrazlar, babaların deyim tərzinə uyğun deyimlər, təzadlar, obrazlı müqayisələr, bütün emosional məcazlar yox olar. Onun şeirlərini oxuduqda dil ilişmir, oxucu kəkələmir, misralar ana südü kimi, bulaq suyu kimi içilir. Bu şeirləri oxuduqda baş yorulmur, beyin sancmır, əksinə, nəfəs genişlənir, bədən sanki şəkərlə, şərbətlə qidalanır. Hüseynin ifadə tərzi gözəl və təbiidir, fikirləri yeni və səmimidir. O, bizim yüz dəfələrlə gördüyümüz əşyalarda, müşahidə etdiyimiz hadisələrdə yeni keyfiyyətlər tapmaq, onu yeni şəkildə mənalandırmaq qüdrətinə malikdir. Buna görə də Hüseyn Arif həmişə oxunubsevilib".

Araşdırmaçı qeyd edir ki, o, həmişə lilparlı buz bulaqlardan, elin yetirdiyi min cür nemətlərdən söz açıb. Xınalı qayalar, naxışlı daşlar, Koroğlu nişanəli, Cavanşir izli dağlar, laləli, nərgizli, yarpızlı çəmənlər dilinin əzbəri olub. Təbiət dostu, insan dostu, ana torpağın əzizi, sevimlisi idi. Bəxtinə gözəllik düşmüşdü, ruhu həqiqi şair duyğuları ilə mayalanmışdı. El üçün saz çalıb söz qoşmaqdan yorulmurdu:

 

Getməz qulaqlardan Hüseyn Arif,

Son aşıq sazını çalana kimi.

 

Adi yoncanı, yovşanı, yarpızı vətənin bir zərrəsi kimi sevirdi, əzizləyirdi. "Zirvələrdən zirvələrə gedən yolu məndən soruş, Ceyranı da, cüyürü də nəsil-nəsil tanıyıram" -deyən şair adi yovşan kolunun qoynunda sənətkar şair duyğusu ilə kəşf edilə bilən neçə-neçə sirlər gizləndiyini qeyd edir: "Bir ovuc torpaqdan dönən deyiləm, Bir ovuc torpağa dönənə kimi" misralarında torpağa, ana yurda bağlılıq çox güclüdür. Təbiət və təbiətin insanlara bəxş etdiyi nemətlər şairin qəlbini qürurla doldurur, onu riqqətə gətirir, daim özünə çəkirdi".

 

Gəl çıxaq seyrinə uca dağların,

Çəmən olan yerdə xalça nə lazım.

Gözündən su içək buz bulaqların,

Lilpar olan yerdə dolça nə lazım.

Hə kaman götürək, nə tar, nə qaval,

Orda nəğmə də var, nəğməkar da var...

 

Q.Kazımov qeyd edir ki, şair həmişə təbiətin qoynunda təbiətlə təkbətək dolanmaq, təbii davranmaq, təbiətlə bilavasitə təmasda olmaq eşqilə bütün sünilikləri rədd edib: "Şair təbiətin ahənginin pozulmasına dözmür, onun zədələnməsinə etiraz edirdi. Təbiətin, təbiət qüvvələrinin, ağacların, yaşıllığın, heyvan və quşların insan üçün təbii zövq, həyat və dirilik mənbəyi olduğu onun şeirlərində füsunkar bir dil ilə ifadə olunub. O, təbiətin qoynunda ocaq çatmaqdan, təbiət qoynunda süfrə açmaqdan, insanların halal zəhmətlə qazandıqlarından və ürək açıqlığı ilə, böyük sevinclə təqdim etdiklərindən söz açmaqdan doymurdu.

Hüseyn təbiəti sevdiyi kimi, onun yağışını, qarını, buzunu, şaxtasını, tufanını, bir sözlə, istisini, soyuğunu, qəfil baş verən hay-harayını da sevir və onlara dözməyi bacarırdı. O, təbiətin qoynunda, bulaq başında, yaşıl meşədə də yazırdı, evdə, yazı masası arxasında da. Hüseyni bir yerdə tapmaq çətin idi. Daim gəzir, axtarır, görür, duyurdu. Həmişə yolda idi. O, S.Vurğunu da beləcə duymuş, beləcə mənalandırmış, "Yolda" poemasını da bu duyğu ilə yaratmışdı.

Onun poeziyasının estetik prinsipləri şair qarşısında, söz sənəti qarşısında yüksək vəzifələr qoyurdu. Şeir asan yaranmır, şair qəlbi ümman kimi çağlamalıdır:

 

Dünyaya bir şeir gəlməzdən əvvəl

Könüldə ümmanlar çağlasın gərək.

 

Hüseyn Arif şairi, şair qəlbini dərdlilərin ümid yeri, sirdaşı, təbibi, bütün canlı və cansız varlıqların tapındığı dayaq bilir, onu insan yaralarının məlhəm qoyanı sayırdı. Sanki sinəsindən güllə yarası alan maral da, tülkü əlilə kəməndə salınan pələng də, öküz ayaqları altında tapdanan yaşıllıq da öz dərdlərini şairlə bölüşürdü. Onun poeziyası elə bir poeziyadır ki, inzibati yolla deyil, möhür və şallaq gücü ilə deyil, insanı sənətin qüdrəti ilə, bulaq suyu kimi şəffaf və duru şeirlərlə tərbiyə etməyi təlqin edir, insanı bu yolla qanadlandırmağı lazım bilir:

 

Hüseyn Arifəm, sənət aşiqi,

Məndən şeir istə, möhür istəmə".

 

Q.Kazımovun fikrincə, onun qəlbində əzələ, ilkinə, ululara, insan və təbiət ulularına hörmət, məhəbbət güclü idi. Elə buna görə də şair qəlbində el sevgisi, el məhəbbəti elin şairə məhəbbəti ilə tən gəlirdi: "Bir dənizin sinəsində min bulağın sirri yatır", "Dağların yükünü dərələr çəkir", "Yüz dağdan ağırdır bir kiçik kədər", "Yer göyə sığmayıb, göy yerə sığmaz", "Bir xalqın söhbəti bir ömrə sığmaz", "Heçə yol qayanı yel ayaqlayıb, Qaya yerindədir, yeldən xəbər yox", "Getmə" söyləməklə gedən dayanmaz", "Bayquşun gözündə gül də tikandır" və s. kimi Hüseyn Arif hikmətləri ulu babaların yadigarlarından seçilmir. Onun poetikasının mühüm bir sirri də fikri eyni sistemli məcazlarla müşaiyət etmə qabiliyyətinin gücündədir. Şair ya eyni bir təsvir obyektini müxtəlif cəhətdən, yaxud müxtəlif təsvir obyektlərini eyni sistemli, ancaq obyektin xarakterinə müvafiq ifadələrlə səciyyələndirirdi. Hüseyn Arif ilhamının mayası Dədə Qorqud, Qurbani, Kərəm, Tufarqanlı Abbas, Dilqəm, Şəmkirli Hüseyn, Aşıq Alı, Ələsgər və Vurğundan gəlirdi:

 

Nə qədər canında can var, Hüseyn,

Sənətə borcunu qaytar, Hüseyn!

Axtar babaları, axtar, Hüseyn!

Bir gün nəvələr də səni axtarar".

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2011.- 29 sentyabr.- S.14.