"Yazıçı qələmlə dolana bilməz"

 

 Aslan Quliyev: "Yazıçının siyasəti onun əsərləridir"

 

Aslan Quliyev Yardımlı rayonunda yaşayır. Bir sıra maraqlı nəsr kitablarının müəllifidir. Bu yaxınlarda onun yeni bir kitabı işıq üzü görüb. Aslan müəllimlə həmin kitab barəsində və ümumiyyətlə ədəbiyyat mövzusunda söhbət etdik.

- Aslan müəllim, ümumiyyətle ədəbiyyatda şəxsiyyətə pərəstişə münasibətiniz necədir?

- Bizim ədəbiyyatın evini yıxan elə şəxsiyyətə pərəstişdir. Ədəbiyyat yoxdur, amma şəxsiyyətə pərəstiş ən yüksək həddədir.

- Bəs bundan çıxış yolları nələrdir?

- Çıxış yolu kitab bazarının olmasında, oxucuların kitaba marağının artmasındadır. Onda sözü yalançı bülbüllər yox, söz deyər, bazar deyər. Kimin kim olduğu bilinər. Başqasını demirəm, Türkiyədə boz bir yazıçını muzdlu tenqidçilər ordusu şişirdib dağ başına qaldıra bilərlərmi? Bilməzlər.

- Əyalətdə yaşayırsınız. Əyalətdən ədəbiyyat necə görünür?

- Bərbad. Bilirsən adamı ağrıdan nədir? Deyək ki, mən yazımı Türkiyədə çap elətdirmək istəyirəm. Tərcümə elətdirirəm, aparıram yayım evinə. Orda isə əvvəlki azəri yazarların çapından yaşadıqları üzüntüyə görə səni çap eləməkdən imtina eləyirlər. Çünki oxucu kitabı azəri yazarın yazdığını görən kimi bağlayır. Bunlar bura da da qabağımızı kəsdilər, orda da imkan vermirlər. Qardaş, hər cür imkanları var, geninə-boluna çap olunurlar, amma oralarda bunları kim oxuyur?

- Ədəbiyyatda tərəf olmaq məsələsinə gələk. Aslan Quliyev özünü hansı tərəfdə hiss edir?

- Heç bir tərəfdə. Mən tərəfsizəm. Ədəbiyyatın tərəfindəyəm. Amma illər uzunu da həmişə məni hansısa tərəfdə zənn eləyiblər və bu zənn eləməyin də badına getmişəm.

- Heç demisinizmi ki, kaş elə yaşayaydım ki, məni heç kim öz tərəfində görməyəydi və bunun da badına getməyəydim?

- Yox, heç ağlımdan da keçirməmişəm. Mən öz istədiyim kimi yaşayıram, kiminsə məni harda görməsi və ya görmək istəməsi kimi yox. Təsəvvür elə, mən AYB üzvüyəm, məntiqlə AYB tərəfində olmalıyam. Amma onlar mənim "Yazıçının savaşı" kitabımı birliyin foyesində satışını qadağan elədilər. Halbuki bircə dəfə də olsun, AYB əleyhinə heç nə yazmamışam. Elə isə sizdən soruşuram, niyə icazə vermədilər?

- Sirr deyilsə AYB-nin neçənci üzvüsünüz?

- Orasını bilmirəm. Eh, AYB üzvü olmağım bir romanlıq əhvalatdır. Amma siz mənim sualıma cavab vermədiniz...

- Cavab verim... Yəqin onlar gözləyirdilər ki, siz AYB-nin tərəfində olduğunuzu bildirən bir yazı yazacaqsınız. Siz də belə bir yazı yazmadınız...

- Yox. Bircə səbəbi var, təvözökarlıqdan uzaq da olsa deyim, mən onlardan yaxşı yazıram. Bunu da heç cür həzm eləyə bilmirlər. Bir xof var qəlblərində. Nec olur, ölkənin ucqarından heç kimi olmayan birisi gəlir və tabuları qırır, onlar kimi yazmır. Onlar isteadlı adaları iki yolla məhv eləyirlər. Ya öz yanlarına çəkib orda işi həll eləyirlər, onların yanına gedən ən istedadlı birisi uzağı iki ildən sonra onlardan bərbad, hətərən-pətərən yazmağa başlayır. Ya da üstündən xətt çəkir, adının hardasa çəkilməsinə yasaq qoyurlar. Buna isə elə də nail ola bimirlər. Qəzet var, virtual aləm... Amma hər halda bildiklərini eləyirlər.

- Amma bütün hallarda siz yazıb-yaradırsınız da...

- Təbii. Yazıram, böyük bir roman üzərində işləyirəm. Türkiyədə kitabımı çapa hazırlayıram.

- Kimləri oxuyursunuz müasir ədəbiyyatdan?

- Son vaxtlar tərcümə ilə də məşğulam, ona görə də istədin, istəmədin, bir qisim yazıçıları oxumalı olursan. Yaxınlarda Əlif Şəfəqin "Eşq" romanını oxumağa başlamışam. Nə deyim? Məncə o, böyük ədəbiyyatlıq deyil... İtalyan yazıçısı Alessandro Barikkonun "İpək" romanını tərcümə elədim. Bax, böyük ədəbiyyat budur!

- Sizcə, yazar brend olandan sonra hər nə gəldi yaza bilər?

- Əsla. Yazar ömrünün sonuna kimi sözə və ədəbiyyata məsuliyyətini itirməməlidir. Əks halda əvvəl yazdığı sözün əsl manasında yaxşı olan əsərlərinə də kölgə düşər.

- Yazar siyasətlə məşğul olmalıdı sizcə, yoxsa yazar elə bir küncdə oturub əsərlər yazaraq cəmiyyətə yön verməlidir?

- Yazıçı siyasətdən kənar olmalıdır. Yazıçının siyasəti onun əsərləridir, yazılarıdır.

- Ədəbiyyatda qalmaqallar qalır, yoxsa əsərlər?

- Əsərlər. Hansı ölkənin ədəbiyyatındakı qalmaqallar yadda qalıb? Rus, Qərb ədəbiyyatındamı? Təbii, bunsuz da keçinmək olmaz, amma əsas ədəbiyyatdır.

- Aslan müəllim, sizcə Azərbaycanda sözün əsl mənasında 2500 yazar var?

- Sözün əsl mənasında yox. Amma yazarlarımız dediyin rəqəmdən də dəfələrlə çoxdur. Qənaətimcə, bundan əndişə duymağa dəyməz. Nə qədər çox olsalar, yaxşıdır.

- Söhbət bir qurumun ətrafında bu qədər adamın yığışmasından gedir...

- Qoy yığışsınlar, nə olasıdır? Hər bir yazar, eyni zamanada potensial oxucudur. Yazırsa oxumağa məhkumdur. Bu da ədəbiyyatın xeyrinədir.

- Aslan müəllim qarşıdan AYB-nin qurultayı gəlir. Bu qurultaydan nə gözləyirsiniz?

- Heç nə. Amma Birliyə yeni sədr gələrsə, yəqin ki, bir sıra mətləblərin üzərindəki sirr pərdələri qalxar. AYB-in rəhbərliyinə daha cavan, işküzar birisi gəlməlidir. Əsas odur ki, yeni, modern düşüncə sahibi olsun. Lap elə Elçin Hüseynbəyli, Rəşad Məcid, İlqar Fəhmi də olarsa, vəziyyətin dəyişdiyini hiss eləyərik...

 

 

Söhbətləşdi: Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2011.- 30 sentyabr.- S.13.