Səni kim unudar

 

Mikayıl Müşfiq Azərbaycanın ən çox sevilən, oxunan və dinlənilən şairlərindəndir. Onun coşqun təblə yazılmış odlu misraları, duyğu və düşüncələri insanı fikrən və ruhən nə qədər pərvazlandırırsa, faciəli həyatı oxucu qəlbini bir o qədər yandırıb yaxır. Ürəklərdə və yaddaşlarda özünə əbədi məskən salmış bu nakam şairə sevgi və istəyini hər kəs bacardığı kimi izhar etməyə çalışır. Qələm sahibləri bu vaxta qədər M.Müşfiqə qalaq-qalaq məqalələr, 4 monoqrafiya və 20 kitab həsr etmişlər. Bəstəkarlar Müşfiq lirikasını, demək olar ki, başdan-başa, sətirbəsətir musiqi dilinə çevirmişlər. Müğənnilər Müşfiq poeziyasına köklənmiş mahnıları hər vaxt və hər yerdə həvəslə oxuyur və ifa edirlər. Müşfiq yaradıcılığı məktəblərdə geniş tədris olunur. Lakin yenə M.Müşfiqə olan xalq məhəbbəti sönmür, soyumur və tükənmir.

Respublika Prezidenti cənab İlham Əliyev həmişə cavan və nakam xalq şairinin əziz xatirəsinin bir daha dövlət səviyyəsində və geniş miqyasda anılması üçün 16 aprel 2007-ci il tarixdə \"Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında\" sərəncam imzalamışdır. Sərəncamda deyilir ki, Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş Müşfiq dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaratmışdır.

Ölkə başçısı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Mikayıl Müşfiqin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək üçün müvafiq orqanlara, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinə lazımi tapşırıqlar vermişdir. Xızı rayon mədəniyyət və turizm şöbəsinin müdiri Sənan Talıbov qeyd etdi ki, cənab Prezidentin bu tapşırığı müşfiqsevərləin ürəyincə olmuş və onların xeyirxah təşəbbüslərinə yeni bir təkan vermişdir. Xatırladım ki, hələ 18 il əvvəl, 1989-cu ilin qışında müşfiqsevərlər Xızının girəcəyində, M.Müşfiqin anadan olduğu Sayadlar (Ovçular) kəndində, Tıxlı çayının sahilində şairin uşaqkən özünün əkdiyi 5 qovaq ağacının (indi onlardan 3-ü qalıb) ətrafında \"Müşfiq ocağı\"nın təməlini qoymuşdular. Polkovnik Əbülhəsən Əhmədovun vəsaiti hesabına Tıxlı çayı sahilində Müşfiqə ev tikilmişdir. Sonralar burada Müşfiqin büstü qoyulmuş, şeirlərində təsvir və tərənnüm etdiyi lövhələri əks etdirən müxtəlif kompozisiyalar yaradılmış, Müşfiqi xatırladan əşya və materiallar bura toplanmışdır. 2006-cı il yanvarın 1-də \"Müşfiq ocağı\"na dövlət muzeyi statusu verilmiş və muzeyə 8 nəfər işçi təyin edilmişdir. Bundan sonra \"Müşfiq ocağı\"nın şöləsi daha gur yanmağa başlamış və bura poeziya, təbiət və gözəllik vurğunları üçün əsl ziyarətgaha, söz-sənət məbədinə çevrilmişdir. Ötən il muzeyə 1800 nəfər, bu il 3 min nəfər tamaşaçı gəlmiş, mindən çox insan rəy kitabına öz ürək sözlərini yazmışdır. Hər il yanvarın 6-da ölkənin hər yerindən \"Müşfiq ocağı\"na 500-600 insan gəlir, böyük şairi hər kəs öz bildiyi və bacardığı kimi yad edir, şeir deyir, mahnı oxuyur, \"ocağa\" öz töhfəsini verir.

Cəmi 30 il yaşamış (1908-1938) şairin \"Oxu tar, səni kim unudar?\" şeirinin şərəfinə dağın döşündə tara heykəl qoyulmuşdur. Müşfiqin büstü ilə üz-üzə dayanmış və dağın döşünə sinmiş tar sanki Müşfiqə xitabən:

- Şair, səni kim unudar? - deyə nalə çəkir.

Əlbəttə, nə tar unudulandır, nə də Mikayıl Müşfiq. İlin bütün fəsillərində bura axışan insanların istəyi, dili, baxışları və ürəkləri deyir ki, Müşfiq unudulası mümkün olmayan mərd insan, istedadlı şair və gözəl vətəndaş olub. Onu anası Züleyxa xanım və bir də vurğunu olduğu Bərmək torpağı sanki şeir üçün dogmuşdur.

 

Ey baba torpağı, ey köhnə Bərmək!

Çətindir şeirimdə ruhunu görmək.

Sənin hər dağda bir macəran var,

İşıqlı baxtın var, sönən çırağın var, -

 

deyən şair bütün varlığı, ruhu qəlbi ilə vətənə, xalqa bağlı sənətkar olmuşdur.

Dağ dəniz, torpaq su, od təmiz hava Müşfiqin dünyaya göz açdığı qədim Bərmək mahalının obrazıdır. Bölgə üçün səciyyəvi olan gözəl iqlim, müalicəvi bulaqlar, göz oxşayan əsrarlı mənzərələr, təmiz hava, ürəkaçan genişlik, bir-birindən qədim ziyarətgah abidələr burada doğulanların yaddaşında silinməz iz buraxır. Bura bir dəfə gələn ikinci, üçüncü dəfə yenə gəlmək istəyir. Çünki təbiətsevərlər sağlamlıq aşiqləri üçün burada hər cür münbit münasib ab-hava var. Burada şərqdən gələn dəniz, qərbdən dağ, şimaldan əsən bağ, cənubdan axan çöl havası ilə nəfəs alan insan istər-istəməz cismən ruhən gümrahlaşır, fikri, xəyalı ənginliklərə pərvaz edir. Təsadüfi deyil ki, bu yerlərin havası böyük təb təxəyyül, alovlu qəlb qələm sahibi olan Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz, Zeynəb Xanlarova, Ağasəfa, Ofelya Babayeva kimi sevilib-seçilən sənətkarların ruhuna qida vermiş, onların ilhamı bu yerlərin suyundan havasından mayalanmışdır.

Tıxlı çayı boyunca gedib şairin dağlar səltənətinin qoynunda yerləşən doğma ata yurdu Səyyadlar kəndinə yetişəndə adam elə bil başqalaşır, eyni açılır, ürək təbə gəlir - müşfiqləşirsən. Ürəyindən bir səda keçir, istər-istəməz öz-özünə deyirsən ki, burada adam şair olar, hələ üstəlik aşiq . M.Müşfiq doğulduğu torpağı, yaşadığı vətənin, öydüyü öyündüyü xalqın şairidir. O, ölməz həmişəyaşar poeziyası ilə sanki bu gün bizimlə bir yerdə addımlayır. Romantik sənətkar sanki xəyalən bugünümüzü, müstəqil Azərbaycanın azad növrağını görərək yazmışdır:

 

Xəyalım ölkənin abadlığında,

Könlüm el toyunda, el şadlığında.

Əməyin, təhsilin, istirahətin

Özgə bir nəşə var azadlığında.

 

Həmişə hər vaxt fikrən qəlbən bizimlə bir yerdə olan şairi unutmaq olarmı?

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2011.- 11 yanvar.- S.14.