BİR AİLƏNİN FACİƏSİ
GİRİŞ
Gənc yazıçı Sahilə İbrahimovanın “Ulduz” dərgisində çap olunan hekayələrindən biri daha çox diqqətimi cəlb etdiyindən bu yazıda məhz həmin hekayədən bəhs etməyə çalışacağam. Hekayə “Elə deyilmiş” adlanır. Hekayədə bir – birini dəlicəsinə sevən iki insanın arzularının arxasınca qaçmasından, lakin arzuların heç də hər zaman reallığa çevrilməməsindən, bəzən isə hətta faciəyə gətirib çıxarmasından danışılır. Səbəblər nə olursa olsun hər zaman nəticə önəmlidir və dünya xəlq olunduğundan bəri davam edən Xeyir – Şər mübarizəsində heç də həmişə Xeyir qalib gəlmir.
Hekayənin sujet xətti olduqca maraqlıdır. Kadrlar durmadan yenilənir, lakin hər kadr yenilənməmişdən öncə bir inam dilə gətirilir: BİZ XOŞBƏXT OLACAĞIQ. BİZ BUNA LAYİQİK!... Kadrlar yeniləndikcə bir məqam da özünü göstərir: yavaş – yavaş ümidlər ölür, geriyə isə qocaman təsəllilər qalır. Sona doğru təsəllilər də ölür və ailənin yeganə ümidi - övladları ağ ölümün qurbanına çevrilir. Bundan sonra artıq xoşbəxt olmaqdan və ya xoşbəxt olmağa layiq olmaqdan danışmaq isə absurddur.
Bu yazı boyunca gənc yazıçı Sahilə İbrahimovanın qələmə aldığı “Elə deyilmiş” hekayəsini məhz onun üslubu ilə, yəni kadr – kadr incələməyə çalışacağam. Çünki, bu hekayəni qısa metrajlı sənədli – bədii film də adlandırmaq olar.
I KADR
İnsan arzulardan ibarətdir.
Yəni bir arzusunu həyata keçirib ondan zövq almağa
imkanı da çatmır heç kimi zaman, dərhal digər
arzusunun peşindən qaçır. Arzular isə tükənmir
ki, tükənmir... Öz arzularının arxasınca
qaçan, durmadan ona yetişməyə çalışan
insan bu yolda ona əngəl olan ya da əngəl ola biləcək
maneəni rahatlıqla dəf etməyə qadirdir.
... İki gənc... Bir –
birilərini dəlicəsinə sevirlər. Onların sevgiləri
saf və qutsaldır. O qədər saf və qutsaldır ki, hətta
onlar vüsal anlarından sonra hər şeyin daha da gözəl
olacağına, dünyanın tamamilə dəyişəcəyinə
inanırlar. Hər şey ağ – qara şəkillərdəki
kimi saf, təmiz, həlim və təhlükəsiz
görünür onların gözünə. Və
qonşularının dediklərini də öz
düşüncələrinə sitat kimi gətirirlər.
Onların sevgisi qovuşduqdan sonra elə bir dünya qurulacaq
ki, orda nə cinayətlər işlənəcək, nə də
həmin cinayətlərin araşdırılması
üçün gecəsini gündüzünə qatan
hüquqşunaslar lazım olacaq... Hakimlər artıq başqa bir sənətə
yiyələnməli olacaqlar...
Onlar bir – birini sevsələr
də içlərində dəhşətli bir qorxu var.
Qovuşa bilməmək qorxusu. Sevsələr də nə
zamansa ayrılacaqları qorxusu ilə yaşamaq rahatlıq
vermir onlara. Lakin yaşamaq əzmi onlara ayrı güc bəxş
edir. İki sevən insan bir – birindən güc alır.
Gözəl, xoşbəxt bir həyata layiq olduqlarını
hər kəsə hayqırmaq keçir könüllərindən.
Bu iki sevən qəlbin
etiraflarını oxuyarkən oxucu istər – istəməz
yaddaşını təzələyir; indiyə qədər
oxuduğu sevgi romanlarını, izlədiyi sevgi filmlərini
xatırlayır və birinci kadrı(bütünlükdə
hekayəni yox!) onlarla qarşılaşdırmağa
çalışır. Hər şey eynidir, çünki
sevgi deyilən qavramın açılımı sevgi ümumbəşəri
bir hiss olduğuna görə həmin duyğunun insanda
yaradacağı ovqat dəyişməzdir. Sevginin
qarşısını tikanlı məftillər kimi kəsən
mədəniyyətlərarası, siniflərarası fərqliliklər
daim mövcud olmuşdur və zənnimcə elə sevgin
böyüklüyü, sevginin qutsallığı da həmin
mədəniyyətlərarası, siniflərarası fərqliliklərə
sinə gərmək, onları aradan qaldırmaq gücündə
gizlidir.
Bir məqam da
özünü dərhal biruzə verir hekayədə:
yazarın aid olduğu millətin psixologiyasını öz əsərində
göstərməsi!... Bilirsinizmi, bu yazarın bəlkə də
qarşısına qoyduğu məqsədlərdən deyil, bəlkə
də yazar bu məsələnin fərqinə yazını
oxuduqdan sonra varacaqdır. Amma səbəb nə olursa olsun
yazar qoca Şərqlinin prizmasından baxıb hadisələrə.
Bu gün “gender, gender” – deyə qışqıranların
qarşısına qoyulmalı faktdır. Bir – birinə sevgi
kimi qutsal hisslə bağlı olan iki nəfərin münasibəti
(istər ailə qurmamışdan öncə, istərsə də
ailə qurduqdan sonra!) qarşılıqlı sevgi və
anlayış içərisində davam edir. Bəzən hətta
qadın duruma etiraz edir, amma kişi vəziyyətdən
çıxış yolları tapır. Nəticədə isə
kadrlar qadının təsdiqləyici ifadələri ilə
başa çatır:
- Elədi.
Sadəcə bir kadrın
sonunu çıxmaq şərtiylə yazar fərqində
olaraq, ya da fərqində olmadan Şərqin ataərkil(patriarxat)
ailə modelinə qadının sadiqliyini göstərib. Bu da
bu gün bəzi gənclərimizin milli – mənəvi dəyərlərimizi
heçə saydığı bir zamanda çox təqdirəşayan
bir haldır.
II KADR
...Kadrlar sürətlə
bir – birini əvəz edir. Kadrlar hər nə qədər bir
– birini sürətlə əvəz etsə də, müstəqilmiş
kimi görünsə də, əslində ikinci kadr mənbəəyini
birinci kadrın sonundan götürüb. Hər şeyin
gözəl olacağına dair verilən vədlər
qızın gözlərində parlayan xoşbəxt ümidlə
və köhnə kinoların məhəbbət səhnələrindəki
kimi günəş şüalarının
dalğalarının üstündə qayğısız –
qayğısız yellənməsi ilə sıx surətdə
bağlıdır. Yazar burda incə bir yumorla keçmişin
kinolarındakı məhəbbət səhnələrinə
ətfdə bulunur, onları yarı ironik yarı ciddi bir dillə
bir cümlə ilə belə olsa oxucuya xatırladır.
Bununla da yazar kinonun məhəbbət səhnələri ilə
gerçək həyatdaki məhəbbət səhnələrinin
daban – dabana zidd olduğunu oxucuya çatdırır, sanki
oxucunu gələcək kadrlarda (belə baxanda elə bu
kadrın özündə də!) baş verəcəklərə
hazırlayır.
Ümid dolu anlar geridə
qalıb, əgər əvvəllər qorxu hissləri
mövcud idisə, indi bu qorxu hisslərinin yerini tamam fərqli
duyğular alıb. Saatın əqrəbləri sürətlə
hərəkət edir, bəzi insanlar isə əqrəbləri
sürətlə hərəkət edən saatların bir
zaman insanları xoşbəxt edəcəyinə inanır.
Artıq bir – birini sevən iki gənci ailə telləri bir –
birinə sıx surətdə bağlayır. Onlar artıq
yaxşı və pis günlərdə bir – birilərinə
dayaq olacaqlarına söz veriblər. Pis günlərdən
biri artıq qapıdadır. Ailə qursalar da, xoşbəxt
ömür sürsələr də, evdən uşaq səsi
eşidilmir. Və oğlanın anası bu işdə gəlinini
günahlandırır. Onların arasında yenə də
ümid dolu, sevgi dolu bir dialoq yaşanır və yaşanan dialoq
qadının təsdiqini saymasaq ərin bir cümləsi ilə
başa çatır:
- Biz bir ailə üçün uşağın nə
qədər vacib olduğunu unudarıq.
Oxucu burda dialoqların hər
kadrda təkrarlanmasına da fikir verməlidir məncə. Bu
da əsərin sonuna kimi bizi finala anbaan yaxınlaşdıran
uğurlu bir tapıntıdır. İşdi şayət bu əsərin
mövzusu hardansa başqa bir yerdən süni bir şəkildə
götürülmüş olsaydı, yazarın peşəkarlığından
ya da xamlığından asılı olmadan kadrlar bu qədər
uğurlu alınmayacaqdı. Müəllifin ən incə
detalı belə gözdən qaçırmamasının məncə
yeganə səbəbi də elə həmin təbiilikdir. Bu
hadisələrin hər birisi bizim ətrafımızda
mövcuddur. Hər birimiz bilirik ki, insan sevdiyi zaman təkcə
özünü yox, həm də ətrafında onu sevən
insanı fikirləşir və bir gün mütləq
xoşbəxtliyin onların da qapısını döyəcəyini,
onun da sevdiyi insanla bərabər bu xoşbəxtliyə layiq
olduğunu xəyal edib müsbət düşüncələr
üstündə köklənir. Sözsüz ki, bu hər bir
insanın ən təbii haqqıdır.
III KADR
Lakin heç də hər
şey həmişə insanın düşündüyü,
xəyal etdiyi kimi getmir...
Yenə də müəyyən
bir vaxt dilimi keçir və kadr yenə dəyişir.
Axşam düşür Bu dəfə
qadının əli boynunda, qulağında gəzişir. O,
boynunda, qulağında nəyisə varsa hər şeyini
bazara çıxarır. Lakin qadın yenə də nikbindir.
Yenə də xoşbəxt olduğuna, ya da bir gün xoşbəxt
olacağına inanır. Bu kadrda yalnız təsəlli var.
Bu kadrda yalnız artıq öləziməkdə olan ümidlər
var. Burda yazarın maraqlı bir təsbiti diqqətimi çəkdi:
“İnsanlar daha az gülür, solğun təsəlliləri
acgöz ümidlərinin gözlərinə təpirlər.
Mütəxəssislər bu dövrü keçid
dövrü adlandırırlar.”
Burda artıq xoşbəxtliyin
nisbi bir anlayış olduğun diqqət çəkir
yazıçı kadrlar dəyişdikcə. Əgər ilk
kadrlarda söhbət platonik sevgidən gedirdisə artıq
hardasa söhbət pulun, maddiyyatın gətirə biləcəyi
xoşbəxtlikdən gedir. Qadın ərinin onun
qızıllarına verilən pulu ona verməsindən sonra
pulların üstündə yatan sehrə aldanıb bir gün
xoşbəxt olacaqlarını dilə gətirir. Maddiyyatla isə
heç bir zaman xoşbəxtlik qurulmur. Bunu da növbəti
kadrda - əsərin qəhrəmanlarının sevgisinin nəticəsində
yaranan övladlarının ağ ölümə qurban getməsi
kadrında görürük. Artıq o ana kimi yalnız təsəllidə
qalan xoşbəxtlik nağılları birdəfəlik yox
olub gedir. Geriyə gözüyaşlı ana, beli
bükülmüş zavallı ata qalır.
NÖVBƏTİ KADRLAR
Kadr yavaş – yavaş final səhnəsinə
yaxınlaşır. Artıq onların övladları yoxdur.
Ana ağlayır, ata isə səssizcə heykəl kimi
dayanıb. Qıraqdan baxanlar bir daha onun səsini eşitməyəcəklərini
zənn edirlər. O isə oğlunun ağ ölümə məğlub
olan çəlimsiz vücudunu sanki bütöv bir qəbristanlığı
daşıyırmış kimi çətinliklə yeriyir. Bəli, hekayənin məhz bu yerində cəmiyyəti
təhdid edən növbəti bir bəladan söz edilir:
ağ ölümdən, narkomaniyadan! Bəlkə də bu
sıradan oxuculara adi bir məqam kimi gələcək, onlar
bunu elə - belə oxuyub keçəcəklər. Amma
yazıçı burda çox önəmli bir məqama
toxunub, həyəcan təbili çalıb. Bu kiçik
kadrla oxucuya dəhşətli bir həqiqəti
çatdırıb: ailələr var ki, özülü sevgi
ilə, sayğı ilə qoyulur, lakin həmin ailələri
cəmiyyətimizin artıq sosial bılasına çevrilən
narkomaniya, ağ ölüm məhv edir. İki nəfərin,
bir – birini dəlicəsinə sevən iki nəfərin əvvəlki
kadrlardakı həyatına nəzər salaq: onlar hər
şeyə, bütün çətinliklərə sinə gərir,
duruş gətirirdilər. Lakin ağ ölüm
övladlarını əllərindən alandan sonra onların
artıq söykənəcəkləri, sabaha ümidlə
baxa biləcəkləri bircə dəyər belə olsun
qalmayıb. Dövr bunu tələb edir. Yox olanların xəyalı
ilə yaşayaraq xoşbəxt olmaq istəyənlər, ya
da xoşbəxt olanlar çoxdan bu dünyadan gediblər.
İndi hər şey gözlə görünənə inanma
dövrüdür. Heç kim nə qəhrəman gözləmir,
nə də qəhrəman olmaq iddiasındadır. İndi
hamı sadəcə qarşısındakını nəyəsə
inandırmağa çalışır.
Əsərin qəhrəmanları
da nəticədə nə xoşbəxt olmaq fikri ilə
yaşayırlar, bir gün bu arzularını reallaşdırmaq,
həyata keçirmək üçün arayışlar
içindədilər. İndi onlar sadəcə kimlərisə
xoşbəxt etmək fikrinə düşüblər. Yəni
özlərini, öz həyatlarını kimlərəsə
həsr ediblər. Amma kim nə deyirsə desin ortada bir ailənin
faciəsi var. Bu faciə nə Əbdürrəhim bəy
Haqverdiyevin “Dağılan tifaq” faciəsindəki ailənin
dramına bənzəyir, nə də Rəşad Nuri Güntəkinin
“Yarpaq tökümü” romanındaki ailənin
dramına...
SONDA...
Bir ailənin faciəsindən
bəhs edən gənc müəllif onu narahat edən, cəmiyyətdə
mövcud olan deformasiyalara, sosial – ictimai problemlərə, hətta
milli – mənəvi dəyərlərin aşınması
sorununa toxunub bu hekayədə. Ümumiyyətlə, Sahilə
İbrahimovanın hekayələrində qısalıq,
lakoniklik, amma bu qısalığın, lakonikliyin içərisində
gizlənən dərin məntiq, şüuraltı məqamlara
göndərmələr mövcuddur. Yazar demək olar ki,
bütün hekayələrində geniş müşahidə
və təs(v)ir gücünə malik olduğunu oxucusuna hiss
elətdirir, lakin oxucunu həmin ovqatın, həmin əhvali –
ruhiyyənin təsirində çox da saxlamır. Yəni,
oxucu müəllifin dərin müşahidə gücünə
və təs(v)ir qabiliyyətinə özünü
qapdırmağa imkan tapmamış, bu dəfə Sahilə
İbrahimova tamam başqa bir rakursdan oxucunun
qarşısına çıxır. Oxucu modern qısa hekayə
janrına çox da öyrəşmədiyindən hekayənin
daha uzun olmasını gözləyir. Yəni oxucu gözləyir
ki, indi yazıçı uzun – uzun ona iki sevən gəncin
görüş səhnəsini tərif edəcək. Lakin
heç də elə olmur. Qısa, beş – on cümləlik
ekskursiyadan sonra oxucu artıq onların - əsərin qəhrəmanlarının
sevgi səhnəsindən doyduğunun fərqinə varır. Bu
da yazarın artıq üçüncü bir özəlliyindən
- mühakimə qabiliyyətindən xəbər verir. Inanın
mənə ki, Sahilə İbrahimova sadəcə birinci kadrdan
bir roman da yaza bilərdi. Amma qısa yoldan bunu həll etmək
var ikən, uzunçuluğa nə lüzum?!
Sahilə İbrahimovanın “Elə deyilmiş” hekayəsini oxuduqdan sonra məndə belə bir fikir oyandı: Sahilə bədbəxt olan insanların cəmiyyəti xoşbəxt görmək istəməsinə diqqət çəkir. Yəni, bu bir növ səslənişdir cəmiyyətə: imkanı olmayanlara yaxşılıq edin! Bəlkə onların arasından elələri çıxacaq ki, sizin görə bilmədiyiniz işləri görəcək?! Kim bilir, bəlkə də?!....
Hacımusalı Oktay
Xalq Cəbhəsi.- 2011.- 12 yanvar.-
S.14.