“Turizm həm də mədəniyyət hadisəsidir”

 

“Nizami Cəfərov: Tarixi yerlərlə bağlı silsilə qanunların qəbuluna ehtiyac var”

 

Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyev 2011-ci ilin «Turizm  ili» elan olunmasını təklif edib.

Belə olan  halda, görəsən, parlamentin qarşıdan gələn yaz sessiyasında «Turizm ili» ilə bağlı hansı qanun layihələrinin hazırlanması, müzakirələrə çıxarılması nəzərdə tutula bilər?

Bununla bağlı Modern.az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov bildirib ki, turizm dünyanın həm maddi-maliyyə, həm də insan həyatının mənalılığı baxımından təkcə perspektivli yox, eyni zamanda, böyük əhəmiyyətli bir  sahəsidir. N.Cəfərovun sözlərinə görə, gözümüzün qabağında Türkiyənin vaxtilə geri qalmış regionlarının turizm sayəsində nə qədər böyük inkişaf yolu keçməsi nümunəsi var.

 «İndi Azərbaycanın bu gün bu sahədə xüsusi bir mövqe qazanmağa çalışması və cənab prezidentin də bu barədə birinci dəfə deyil, dəfələrlə mövqe ortaya qoyması çox əhəmiyyətli bir hadisədir”.

N.Cəfərov deyib ki, bu elə bir böyük spektrli məsələdir ki, burada yalnız ümumi ictimai maraq və dövlətin bu maraqları təmin etməsi məsələsi ilə yanaşı, həm də Milli Məclisin, xüsusilə, Mədəniyyət Komitəsinin üzərinə bir məsuliyyət  qoyur.

“Məsuliyyət qoyur ki, bu sahədə müəyyən qanunvericilik işlərini həyata keçirməliyik. Doğrudur, turizmlə bağlı müxtəlif komitələrin işləri əlaqələndirilməlidir. Burada iqtisadi, maliyyə, təsərrüfat məsələləri və sair, var. Amma bununla yanaşı, turizm həm də bir mədəniyyət hadisəsidir. Ona görə biz bu məsələyə hələ komitəmizin payız sessiyasının iclasında yüngülvari şəkildə toxunmuşduq. Yəni, mədəniyyət abidələrinin, memorial abidələrin bərpası və onların qorunması ilə bağlı müəyyən prinsiplərin işlənilib hazırlanması, sonra Azərbaycanda təsviri sənətin, eləcə də bir sıra yaradıcılıq sahələrinin inkişafı üçün qanunların qəbul olunması çox vacib məsələdir».

N.Cəfərov onu da deyib ki, uzun illər ərzində üzərində işlənilən «Mədəniyyət haqqında» qanunda çox ciddi dəyişikliklər edilməli və yaxud bu sənəd bütövlükdə yeniləşdirilməlidir: «Burada da turizmin inkişafından irəli gələn məsələlərə diqqət yetiriləcək və yetirilməlidir ki, bunların da bir hissəsi konkret məsələlərdir”.

N.Cəfərovun dediyinə görə,  «Babadağ», «Göy-göl», eləcə də Abşeron kəndləri, Azərbaycanın digər tarixi yerləri, regionları ilə bağlı sahəvi qanunların hazırlanması və qəbulu mümkündür. Bunlar sadəcə, bir təbiət hadisəsi, coğrafi məkan deyil, həm də bir mədəniyyət hadisəsidir.

“Bəzi qanunları yalnız Mədəniyyət Komitəsi miqyasında  yox, başqa komitələri də bu işə qatmaqla, hazırlayıb ortaya qoymalıyıq”.

 

 

Səlcuq

 

Xalq Cəbhəsi.- 2011.- 19 yanvar.- S.13.