BDU ilə Ankara Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb  

 

 Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, doktor Camal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib.

C. Taluğ bildirib ki, Ankara Universiteti hüquq, türk dili və ədəbiyyatı ixtisasları üzrə ikili diplomların verilməsinə tərəfdardır. Rektorlar ikili diplomların verilməsi üçün Ankara Universitetinin tələbələrinin BDU-da, BDU tələbələrinin isə Ankara Universitetində yay məktəblərində iştiraklarının detallarını müzakirə ediblər. A. Məhərrəmov Amerika, Avropa və Asiya universitetləri arasında elm və təhsilin inkişafı ilə bağlı proqramların olduğunu xatırladaraq Azərbaycan və Türkiyə arasında da belə proqramların olmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Əməkdaşlıq müqaviləsində tədqiqatçı, doktorant və magistrlərin mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı, tamamlanmış bakalavr dərəcəsi, ikili diplom proqramları öz əksini tapıb.

İmzalanma mərasimdən sonra rektorlar bildiriblər ki, müqavilədən yararlanan tələbələr həm BDU, həm də Ankara Universitetinin məzunu olacaqlar, bu da onlara hər iki qardaş dövlətdə işləmək şansı yaradacaq.

 

 

Xalq Cəbhəsi.- 2011.- 19 yanvar.- S.2.