Geriyə yol yoxdur

 

Orta əsrlərin təfəkkür tərzi ilə 21-ci əsrin suallarına cavab tarmaq mümkün deyil

 

Azərbaycanda dini baş örtüyü ilə bağlı aparılan müzakirələrdən və İran ayətullahlarının təxribat xarakterli çağırışlarından sonra dünənə kimi İslam və onun fundamental mənəvi-fəlsəfi kriteriyalarına arxa çevirənlər də birdən-birə dönüb oldular mömin müsəlman.

"Vaveyla, din əldən getdi", - deyə daş atıb başlarını tutdular. Sanki bu günə kimi özlərinə, yaxınlarına, doğmalarına və cəmiyyətə münasibətdə İslam dininin prinsiplərini əsas götürür, halal və haram kimi səmavi kitablarda yer alan dəyərlərə sözün bütün mənalarında əməl edir, başqalarının haqlarına sayğıyla yanaşır, şər və böhtandan çəkinir, nəfsləriylə mübarizədən qalib tərəf kimi ayrılırdılar.

...Az qala hər gün sahibi olduqları, yaxud çalışdıqları mətbuat orqanlarında heç bir konkret fakt gətirmədən fərqli dünyagörüşlü insanların ünvanına saysız-hesabsız hədyanlar yağdıran, ayrı-ayrı məmurların kompramat savaşının çirkli oyunçularına çevrilərək ev, maşın və imtiyaz sahibi olanlar bütün bu naqisliklərin İslama və onun təməl prinsiplərinə zidd olduqlarını düşünmürlərmi? İndi mömin olublar! Bütün İslam dünyasının lənətlədiyi Yezid İbn Müaviyə və Əmrasın cinayətkar qoşunu kimi nizələrinin (qələmlərinin) ucluğuna Quran ayələrini və onun bəzi dini-siyasi rejimlərin maraqlarına xidmət edən qondarma təfsirlərini keçirib, konkret mövqeyi və siması olanların, Azərbaycanın gələcəyini inkişafda, hüquqi və dünyəvi dövlətdə görənlərin üzərinə hücuma keçiblər. Görəsən nə yapdıqlarının və hansı həssas məqamda Azərbaycan dövlətçiliyinin təməl sütunlarının, respublikanın və onun müqəddəs üçrəngli bayrağının ehtiva etdiyi çağdaş dəyərlərin, insan haqlarının, fikir, söz və vicdan azadlıqlarının, humanizm prinsiplərinin üzərinə getdiklərinin fərqindədirlərmi?! Əgər fərqindədirlərsə, deməli bu insanlar 20 il öncə elan etdikləri Respublikanın bütün prinsiplərinə arxa çevirərək üzlərini teokratik despotiyaya çeviriblər. İddia etdikləri ideyalardan və dəyərlərdən, sağlam və məntiqli düşüncədən üz döndəriblər.

Baş verənlərin fonunda bu gün birmənalı və açıq şəkildə, sağa-sola sapmadan dünyəvi Azərbaycan dövlətçiliyinin, respublikaçılığın təməl ideoloji və hüquqi prinsiplərinin yanında olmağı bacaran BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı aparılan kampaniyaya isə yalnız bir ad vermək olar: Məcaraçılıq! Yəni, avantüra. Məgər üzdə özünü demokratiya tərəfdarı kimi göstərib, qisas almaq, yaxud haqlı görünmək naminə demokratik təsisatları xurafatla təhdid etmək avantüra deyil?

Görəsən bu adamlar dinin siyasətlə cuğlaşdığı bir çox ölkələrdə müqəddəs dəyərlər adına insanları kölə və məzlum vəziyyətinə salanların, onların iradə azadlıqlarını əllərindən alaraq bəsirətsiz təpəgözlərə çevirənlərin yanında olduqlarının fərqində deyillər?

Əgər fərqindədirlərsə, deməli ya demokratiyanın mahiyyətini anlamırlar, ya da öz qərəzli münasibətlərini sərgiləmək üçün bütün mümkün vasitələrdən istifadə etməyi məqbul sayırlar.

...Nə deyib Qüdrət Həsənquliyev və onun müsahibəsindəki fikirləri kontekstdən çıxararaq, öz "mömin" personalarını qabartmaqla İranlı ayətullahlara yalmananların məqsədi nədir?

Qüdrət Həsənquliyevin, ətrafında məqsədyönlü ajiotaj yaradılan müsahibəsindən iqtibas gətirək: "Bilirsiniz ki, İslam fanatizmi cəhalətə aparan məqamdır. Bunun nəticəsidir ki, İslam dövlətləri inkişaf edə bilmirlər. İran İslam Respublikası prezident adminstrasiyasının rəhbəri Rəhim Məşainin dediyi kimi Şərqdə, yəni İslam dövlətlərinin yerləşdiyi məkanda insan haqları deyilən şey yoxdur, insanlar köləliyə, məhrumiyyətlərə öyrəşiblər. Orada insanlarla heyvan kimi davranırlar və insanlar da bu davranışı qəbul edirlər. Bu köləliyin insanların geninə keçməsində İslamın çox böyük rolu olub. Hələ 100 il əvvəl bizim Sabir, Mirzə Cəlil kimi ziyalılar var idi. Təəssüf ki, bu gün dini fanatizmə qarşı bu cür ziyalıları görmürəm. Onlar artıq terrordan, fanatizmdən qorxurlar. Deməli, bizdə vəziyyət 100 il qabaqkından pisdir, deməli, biz irəli yox, geriyə getmişik".

Göründüyü kimi, Qüdrət Həsənquliyev öz müsahibəsində islam dinindən yox, islam fanatizmindən söz açıb və İran prezident adminstrasiyası rəhbərinin fikirlərinə istinad etməklə öz arqumentlərini kifayət qədər əsaslandırmağı bacarıb. Əslində, Qüdrət bəyin mövqeyi tamamilə aydındır. Bu adam dünyəvi dövlət tərəfdardır və öz fikirlərini də dünyəvi dövlətçiliyin qəbul edilmiş, sınaqdan çıxmış prinsiplərinə söykənərək hüquqi məntiqlə izah edir. Bəs siz, yəni BAXCP sədrinin və onun kimi düşünənlərin fikirlərinə "küfr" və anti-islam donu geyindirənlər nə istəyirsiniz? Nə istədiyinizi və hansı mövqedə dayandığınızı açıq şəkildə ortaya qoyun. Bir insanın eyni zamanda həm demokratiya və hüquqi dövlət tərəfdarı olması, həm də şəriət qaydalarının diqtə etdiyi didaktik məntiqlə düşünməsi mümkün deyil. Başqalarının fikirləri üzərində şou yaratmaqdan öncə ilk növbədə öz dünyagörüşünüzdəki ziddiyyətlərə aydınlıq gətirin! Seçim ortalıqdadır, cənablar: Ya Perikl, Aristotel, Şeyx Nizami Gəncəvi, Monteskye, Corc Vaşinqton, Mustafa Kamal Atatürk, ya da Səddam Hüseyn, Əhmədinejad, Abdulla ibn Əbdüləziz, Hasser Əl Muhamməd Əl Əhməd Əl Cabir Əl Sabah, Şeyx Xəlifə bin Zaid Əl Nəhəyan, Şeyx Həmad ibn Xəlifə ət-Təni və yüzlərlə şeyxlər, ayətullahlar...

Ya elm, ya vəhy! Ya məntiq, ya kor-koranə sitayiş! Ya iradə azadlığı, ya qismət və mütilik! Ya qanun, ya da didaktika! Ya hüquqi dövlət, demokratiya və azadlıq, ya da teokratik despotiya və köləlik! Ya Avratlantika, ya da Ərəb Liqası...

Gördüyünüz kimi üçüncü yol yoxdur! Bunu 2 min il bundan əvvəl qədim romalılar dərk edərək, bu gün də ehtirama layiq olan qanunçuluğun əsasını qoyublar və respublika dövlət quruluşu yaradıblar! İslam alimlərinin də rəğbət bəslədiyi və rəhmətlə andığı böyük Aristotel 2400 il bundan öncə belə yazıb: "Qanunun hakimiyyəti olmayan yerdə dövlət quruluşu yoxdur".

Sizin üçün bu qədər bəsdir...

...İndisə İran İslam Respublikasının ilkin dəyərlərinin təcrübədə uğursuzluqla nəticələndiyini deyən bu ölkənin prezident adminstrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin öz suallarına cavab tapmasına kömək edəcəyəm:

Rəhim Məşayi deyir ki, cəmiyyətdə təbliğ olunan islam dəyərləri ilə real həyatda və əməldə müşahidə olunanlar arasında böyük fərq var: "Şərqdə insana dəyər verilmir və insan məhrumiyyəti, yoxsulluğu, başqasının hegemonluğunu asanlıqla qəbul edir. Görəsən işimizin harasında nöqsan var?"

Şərqdə ona görə insana dəyər verilmir ki, İslam dinin müqəddəs çağırışları hakim siyasi qüvvələrin əlində məqsəddən daha çox vasitəyə çevrilib. Onlar insanların dinə olan inamından və həssas münasibətindən öz mənafeləri naminə yararlanır, təfsir adıya müqəddəs kitaba əlavə və dəyişikliklər edir, nəticədə onu özlərinin maraq və mənafelərinə uyğunlaşdırırlar.

Şərq ölkələrində insanlar başqalarının hegemonluğunu ona görə asanlıqla qəbul edirlər ki, onların hüquq və azadlıqlarına din və siyasət kahinlərinin toxunulmazlığına xidmət edən didaktik elementlərdən sərhədlər çəkilir. Onlar qanunlara deyil, dini təhdid vasitəsinə çevirən insanların iradəsinə tabe olmağa məcbur edilirlər.

Bu gün İslam dininin müqəddəs dəyərlərindən öz mənafeləri naminə istifadə edənlərin isə İslamın lənətlədiyi bütpərəst kahinlərdən heç bir fərqi yoxdur.

Rəhim Məşayinin cavab tapa bilmədiyi suallardan biri də budur: "Hamı mömin və inanclı olduğunu iddia edir. Lakin bu iddia ilə əməldə baş verənlər arasında böyük fərq var və iddia ilə əməldə olanı bir-biri ilə müqayisə etsək, cəmiyyətə bu baxımdan yüksək qiymət vermək olmur".

Çünki dinin siyasi məqsədlər üçün istifadə edildiyi cəmiyyətlərdə insanların istedad və bacarıqlarına güvənərək özünübüruzə, həmçinin azad seçim imkanları olmur. Belə cəmiyyətlərdə yalançı mömin və inanclı adam görüntüsü yaradaraq əl və ətək öpməklə daha tez uğur qazanmaq mümkündür. Dinin siyasətlə cuğlaşmasının gətirdiyi bəlalardan biri də məhz budur. Din siyasətlə çuğlaşdırıldıqda siyasi qüvvələrin əlində insanları əzmək və hakimiyyət maraqlarını təmin etmək üçün vasitəyə, hakim dairələrin təzyiq və təhdidlərindən qorunmaq istəyənlər üçün isə özünümüdafiə instinktinin əsas atributuna çevrilir.

Rəhim Məşayi deyir ki, cəmiyyətdə yalan öz qəbahətini itirib və bunun səbəbini tapmaqda acizlik çəkir...

Səbəb isə çox sadədir: Müqəddəs dəyərlərdən şəxsi məqsədlər üçün istifadə olunanda, Allah və din adına insanlar təhdid ediləndə və bütün bunlar cəmiyyətin idarə olunması üçün alətə çevriləndə ali dəyərlər və prinsiplər öz əhəmiyyətini itirir. İnsanlar yalan və həqiqətin harada olduğunu bilmirlər. Bu zaman yalan danışmaq və dinləmək hamı üçün adi hala çevrilir.

Rəhim Məşayi deyir: "Görəsən nəyə görə dindən, inancdan danışıldığı, nəsihət verildiyi minlərlə minbər insanlara kifayət qədər təsir göstərə bilməyib?"

Çünki əksər hallarda o minbərlərdən Allah kəlamının deyilməsi üçün yox, hakim siyasi gücün, yaxud konkret şəxsin maraqlarının təminatı üçün vasitə kimi istifadə olunur.

Bütün bu problemlərin kökü isə cəmiyyətin konkret sərhədləri olan qanunlarla deyil, ayrı-ayrı şəxslərin özəl maraqlarına uyğun yozulması mümkün olan didaktika ilə idarə olunmasındadır.

Azərbaycan xalqı isə hələ 1918-ci ildə dünyəvi, hüquqi, demokratik Respublika dövlət quruluşunu seçəndə Rəhim Məşayinin bütün suallarına cavab verib.

İran prezidentinin adminstrasiyası rəhbərinin vəziyyətini də yaxşı başa düşürəm. Çünki orta əsrlərin təfəkkür tərzi ilə 21-ci əsrin suallarına cavab tarmaq mümkünsüzdür...

İndi nə deyirsinizi, yenidən geriyə qayıdaq?

 

 

Elçin Mirzəbəyli

 

Xalq Cəbhəsi.- 2011.- 25 yanvar.- S.7.