Naxçıvanda toy
adətləri
Xalqı xalq edən onun
özünəməxsus adət-ənənələridir. Bu gün «yenilik»,
«dünyayla ayaqlaşmaq»
adı altında qədim adət-ənənələrimiz çox hallarda
çağdaşlaşdırılır, təbiiliyindən
çıxır. Toyla bağlı adətlərin getdikcə yaddan çıxması müşahidə olunur. Şübhəsiz, xalqın öz təməlində irəliyə doğru inkişafı gərəkdir, ancaq bu
yaddançıxmalar özgəliklərin içimizə gəlməsi
ilə müşaiyət olunduqda vəziyyətin
acınacaqlığı daha da aydınlaşır.
Araşdırmaçı Əroş Vəliyevin Şərurda
toy adətləri ilə bağlı araşdırması
bu mənada diqqətçəkəndir:
«Hər bir xalqın milli-mənəvi dəyərlərini
özündə əks etdirən fərqli toy
adət-ənənələri var. Toy mərasimi bütün
dünya xalqlarının həyat tərzində
mövcud olan ən qədim
adətlərdən biridir. Toy hər bir xalqın mədəniyyətinin
ayrılmaz hissəsidir. Azərbaycanda maraqlı toy adətləri var. Hələ
üstəlik hər milli
azlığın, hər mahalın, hətta hər kəndin,
elin özünə xas
maraqlı adətləri mövcuddur. Hər birinin öz
gözəlliyi var: qızbəyənmə,
qızgörmə, xəbərgöndərmə,
danışığagəlmə, elçilik,
nişan, gəlingörmə, kəbinkəsdirmə,
bayramlıq, xonçagətirmə, qız toyu,
cehizaparma, xınayaxdı, gəlinaparma, oğlan toyu, üzəçıxdı,
qonaqçağırma, ayaqaçdı və s.
bu kimi adət-ənənələrimiz
hələ də qalmaqdadır. Naxçıvan
bölgəsinin toy adətləri mərasimlər
içərisində özünəməxsus xüsusiyyətləri
ilə seçilir. Şərur rayonunda da bu
adət-ənənələr illərdən bəri nəsildən-nəsilə
keçərək indiki dövrə qədər
gəlib çatıb. Bu adət-ənənələr
Şərur rayonunda hələ də mövcuddur. Bunlardan ilk olaraq elçi
getmək adəti olub. Əvvəlcə oğlan evinin bəyəndiyi
qız üçün qız evinə gəlmək
razılığı alınır. Razılığı əvvəlcə
xanımlar edir. Qız evinə getmək
razılığı alınandan sonra «hə»
cavabı almaq üçün
sonra oğlan evinin ağsaqqal,
ağbirçək, hörmətli adamları qız evinə
xüsusi «şirin çay» adlı mərasimə
toplaşırlar. «Hə» cavabı veriləndən sonra ortaya şirin
çay gətirilir. «Hə» cavabı
verilməyənədək oğlan tərəfi
qız evində heç nəyə əl
vurmaz. Ancaq qız evi bir dəfəyə
razı olmaz. Oğlan
tərəfini bir neçə dəfə
elçi gəlməyə məcbur edirlər.
Sonra razılıq verilir.
Bundan sonra «üzük, yaylıq» adlı bir
adət yerinə yetirilir. Qız evinə bir üzük və
qırmızı rəngdə bir
yaylıq aparılır. Buna «bəlgə»
deyilir». Araşdırmaçının
fikrincə, qız üçün
alınan geyim və əşyaların
qırmızı rəngdə olması xalqımızın
qırmızı rəngi xoşbəxtlik, səadət simvolu hesab etməsindən
irəli gəlir: «Sonra «nişan»
üçün vaxt
təyin olunur. Nişana
aparılacaq «nişan üzüyü»
alınır, geyimlər, şirniyyatlar,
meyvələr, hədiyyələr hazırlanır. Qohum-əqrəba
gəlin üçün nişan
xonçası hazırlayır. «Nişan
günü» oğlanın valideynləri və
yaxın qohumları qız evinə gedirlər.
«Nişan»ın xərcini oğlan evi çəkir. Buna «xərcixörək»
deyirlər. Qız evinə qoyun, şirniyyat, ərzaqlar verilir.
Qohumlar ətraflı tanış olurlar, sonra nişan taxılır. Bu zaman nişan üzüyünü oğlanın bacısı,
ya da yaxın qohumlardan biri gəlinin
barmağına taxır. Üzüyü taxana qız tərəfi hədiyyə verir. Qız evinin
adamlarından biri oğlana
yemək aparır və ona da hədiyyə verilir. Bu zaman ərzində oğlan qız evinə getməz. Toya qədər oğlanı qonaq
çağırırlar. Buna «ayaqaçdı»
deyirlər. Oğlan bir
neçə dostu, qohumları ilə
birlikdə qız evinə gedir və ona qonaqlıq verilir».
Toyun vaxtı müəyyənləşdikdən
sonra hər iki ailə
hazırlıq işlərinə başlayır.: «Bir qayda olaraq
Şərurda toy şənliyi payız
aylarında keçirilir. Toydan
bir müddət öncə qonaqlar dəvət edilir. Toydan qabaq qızın
anasına «süd pulu»
deyilən məbləğ verilir. Bundan əlavə də «başlıq» verilir. Qız evi bu pula cehiz
hazırlayır. Toyun birinci
günü günortaya
yaxın oğlan evi
aldıqları geyim və əşyaları
da götürərək çalğıçılarla
birlikdə qız evinə «parçabiçdi»yə gedirlər.
Bu qız üçün
alınan parçanın qız evində biçilib
sonradan tikilməsidir. Qız evində
çalğıçılar «xələt» (yəni hədiyyə)
və «nəmər» (yəni pul) istəyir.
Buna çox zaman «müştüksındı» deyilir. Toydakı qonaqlar üçün bir çox ləziz yeməklər
hazırlanır. «Bəy»in (yəni oğlanın)
atasını, əmi və dayısını
«qazanaçdı»ya çağırırlar. Toyun
yeməklərini bişirənlərə nəmər verilir. Nəmər verilməyənə kimi qazanların ağzı
açılmır. Yeməklər düzülür.
Qız-gəlinlər, cavan oğlanlar rəqs edir,
yallı gedir. Şərur toylarını
yallısız təsəvvür etmək çətindir.
Yallı həm də bu yerlərin musiqi rəmzinə çevrilib».
Şərurda
yallının tarixi qədimdir: «Toyda ağsaqqal və
ağbirçəklər «Şahsənəmi», «Heyvagülü» oynayırlar.
Şərur
toylarında «Xına gecəsi» də olur.
Buna «Xınayaxdı» da
deyirlər. Bu adəti xanımlar çox gözəl və təntənəli
surətdə qeyd edirlər. Xonçaya xına, meyvə, şirniyyat
və s. qoyaraq
çalğıçılarla birlikdə qız evinə
gedirlər. Xına xonçasını gətirən qıza
nəmər (yəni pul) verilir.
Xınanı gəlinin əl-ayağına, saçlarına,
gənc qızların əl-ayağına qoyurlar.
Bu da səadət və
xoşbəxtlik rəmzi sayılır. Xına gecəsi olan günün
axşamı qız evi bəy
xonçası hazırlayıb oğlan
evinə gedər. Orada bəyi
oynadırlar, bəyin başına pul, gül atılır və bəyə hər kəs
«şabaş» (yəni pul)
verir. Toy gecə
yarıyadək davam edir.
«Qazı-qazı», «Kos-kosa» oyunları
oynanılır. Yallı gedilir. Toyun sonuncu günü
axşama yaxın qız evinə
çalğıçılarla birlikdə gedib
rəqs edirlər. Bu zaman
müxtəlif mahnılar oxunur».
Oğlan evinin
ağsaqqalları gəlini çıxarmaq üçün
evə daxil olur. Bu zaman qız evinin balaca oğlan
uşaqlarından biri qapını kəsir
və nəmər istəyir: «Nəmər alandan
sonra qapıdan çəkilib yol verir. Buna
da «qapıkəsdi» deyirlər. Gəlini bəzəyənlərə
də nəmər verirlər. Qırmızı yaylıqla gəlinin
üzünü örtüb,
qırmızı rəngli belbağıyla gəlinin belini bağlayırlar. Gəlinin belini bağlayan ağsaqqal üç dəfə
belbağını gəlinin başından gətirib,
ayağının altından keçirir.
Üçüncü dəfə belində
bağlayır. Düyün vurmaq olmaz. Bağlaya-bağlaya
deyir:
Anam-bacım
qız gəlin,
Əl-ayağı
düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə
qız gəlin.
Sonra gəlinin valideynləri və ağsaqqal, ağbirçək qohumları gəlinə
xeyir-dua verir. «Gəlin
havası» – «Vağzalı» sədaları altında gəlin oğlan evinə yola düşür. Gəlin çıxanda
oğlanın qohumları qız evindən bir
qaşıq və bir boşqab
alırlar. Yol boyu
qaşıqla boşqabı döyəcləyirlər. Bu da şər ruhların
qorxudulub uzaqlaşdırılması mənasını
daşıyır. Qız evi ağ rəngdə bir toyuğu ya xına ya da qırmızı rənglə
boyayıb, boğazına qırmızı lent
bağlayır. Buna «gəlin toyuğu» deyirlər. Gəlin köçəndə
toyuğu onunla
yanaşı aparıb nəmər alırlar. Toyuğun
ağ rəngdə olması ağ gün, səadət
rəmzi daşıyır. Oğlan evində
gəlinin başına qırmızı alma
və şirniyyat atırlar ki, bu da
bolluq, bərəkət rəmzidir. Gəlin
evə girəndə qapının ağzına tərs çevrilmiş şüşə qab qoyulur. Gəlin vurub qabı sındırır. Bu da şər ruhların
qorxudulması, gəlinin güc-qüvvəsinin
sınanmasıdır. Bəyin anası gəlinə hədiyyə
verir. Buna
«Dizdayağı» deyirlər. Gəlinin yanındakı
qadınlar «Haxışta» deyirlər».
Araşdırmaçının fikrincə, haxışta Azərbaycan
toy mərasimlərində yalnız
Naxçıvan toylarına məxsusdur: «Oğlan
evinin xanımları gəlinin ətrafına
toplaşır. Xanımlardan biri uca səslə sözləri deyir,
ətrafdakılar isə bir səslə
«haxışta» deyir.
Qızıl dişim laxladı, haxışta,
Verdim anam saxladı,
haxışta
Anama qurban olum, haxışta
Yarı qonaq saxladı, haxışta…
Toydan üç gün sonra bəy və gəlin
qız evinə qonaq gedir.
Buna da «əlöpmə»
deyilir. Qızın ağsaqqalları,
ağbirçəkləri onlara xeyir-dua verir. Sonrakı
günlər oğlanın qohumları gəlin və bəyi qonaq çağırırlar. Bu
adət də yeni qurulan
ailənin cəmiyyətdə özünə yer
tutmasına, gələcəkdə qohumların bir-birinə
qarşı mehribançılığına şərait
yaradır».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 4 aprel.- S.14.