«Yazıçılar oxucu səviyyəsində
yazmağa başlayıblar»
Qulu
Ağsəs: «Hazırda həqiqi, çəkisi olan sözlə
saxta sözü ayırmaq qeyri-mümkündür»
«Bizim ədəbi düşmənçiliyimiz
yoxdur, bu birlik, qrup səviyyəsində olan
qarşıdurmalardır»
Müsahibimiz «Ulduz» jurnalının
baş redaktorunun müavini Qulu Ağsəsdir
- Söhbətə
belə bir ənənəvi sualla başlayaq: təzə nə
var, nə yox?
- Bu gün həyatımda
çox önəmli hadisə baş verdi: günəşi
hiss elədim axır ki. Təzə olan odur ki, xeyli təzə
şeir yazmışam və hamısını da gizlətmişəm.
- Gizlətmisən?
- Bəli, xeyli təzə
şeir yazmışam və hamısını da gizlətmişəm.
- Niyə gizlədirsən
axı?
- Mən
şeiri yazıram, bir müddət keçir və sonra təzədən
baxıram həmin şeirlərə. Məndə
yazıçılıqla oxuculuğun arasında hər zaman
bir problem yaşanır. Mən yazanda əvvəlcə bilmirəm
ki, o yazdığım yaxşıdır ya da pisdir? Gərək
üstündən bir xeyli keçə və mən bir də
qayıdıb baxam ona ki, görüm necə yazmışam?
Sonra təzə olan odur ki, Mirzə Ələkbər Sabirin
yubileyi ilə bağlı Mədəniyyət və Turizm
Nazirliyi yeni bir almanax hazırlayır, həmin almanaxın tərtibçi
– redaktoruyam. Ondan başqa bir neçə kitabın
redaktoruyam. Təzə işlər xeyli var. Amma yenə də
deyirəm ki, nə yazdığım şeirlər, nə
redaktə etdiyim yazılar, kitablar heç biri təzə
deyil. Bircə günəşdən başqa. Təzə olan
bircə günəşdir.
- Günəş?
- Bəli. Son
günlərdə ağlıma gəlib ki, günəşə
bir təqvim alıb göndərmək lazımdı.
- Bu qədər
işin içində yorulmursan ki?
- Məni yoran bircə şey var ki, o da
nadanlıqdır. Demək olar ki, hər gün saytlara girirəm,
hər gün o saytlardan yazılar oxumağa
çalışıram. Azərbaycanda düşünürəm
ki, demokratiyanın bir qolu olmasına baxmayaraq şərh
anlayışını qaldırmaq, bu qolu kəsib atmaq
lazımdır. Çox biabırçı şərhlər
yazılır. Əvvəla adam şərhləri öz
adı ilə yazar. Bilirsən, ən böyük problem nədir?
Əvvəllər yazılar babat idi, şərhlər isə
zəif. İndi isə artıq bu iki janr məhz üzvi şəkildə
bir-birinə bağlanıb. Artıq onları keyfiyyət
baxımından bir-birindən ayırmaq mümkün deyil.
Yazarlar artıq şərh yazanların səviyyəsinə
enməyə başladılar. Bu ən təhlükəli
meyldir. Bəzi yazarlar var ki, onlar elə standart oxucu səviyyəsində
yazırlar və oxucu da onları o formada qəbul edir. Bu
gün artıq get-gedə kütləvi ədəbiyyatla
elitar ədəbiyyat arasındakı xətt ciddi şəkildə
itməkdədir. Yazıçılar oxucu səviyyəsində
yazmağa başlayıb.
- Bu yaxşı haldır, yoxsa pis?
- Bu murdar haldır. Ədəbiyyatın
şaquli və üfüqi qolları var. Şaquli ədəbiyyatı
biz vektor sistemi ilə götürsək bu yuxarıdan
aşağıya doğru gedir. Üfüqi ədəbiyyat isə
ürəyə işləyir, dərinə işləmir. Bu
gün cəmiyyətdə bir monotonlaşma gedir. Şəhərə
çıx və fikir ver: hamı qara kostyum, qara ayaqqabı
geyinir, hamı eyni köynək geyinir. Nəticədə
hamının geyinib-keçinməyə imkanı var.
Bahalı kostyumla ucuz kostyumu ayırmaq mümkün deyil. Əsl
dəri ayaqqabı ilə süni dərini bir- birindən fərqləndirmək
olmur. Eləcə də həqiqi, çəkisi olan sözlə
saxta sözü ayırmaq hazırda qeyri-mümkündür.
Mən bu gün baxıram, siz də fikir
verin, ən çox təriflənən yazılar
hansılardır? Ən zəif yazılar. Amma ciddi ədəbi
nümunələr olanda ona əks reaksiya verirlər. Bu
yaxınlarda mənim çox sevdiyim yazıçı
Mövlud Süleymanlının yazısının altından
onun haqqında yazılmış bir şərh oxudum və
sadəcə dəhşətə gəldim. Bu günə
kimi də o şərhə görə ürəyim
ağrıyır. Həmin saytın rəhbərliyinə də
öz iradımı bildirdim və o şərhin ordan silinməsinə
nail oldum. Yazının altından bir nəfər başqa bir
imza ilə götürüb yazır ki, Mövlud
Süleymanlı ümumiyyətlə yazı yaza bilmir. Hər
bir şərhi vermək olar, elə deyil? Amma Mövlud
Süeymanlı haqqında o sözü demək olar? Bəlkə
də Mövlud Süleymanlının bu dünyada elə
bacardığı yeganə iş yazmaqdır. Azərbaycanda
yazmağı bacaran üç-dörd müəllifdən
biri də məhz elə Mövlud Süleymanlıdır. Sən
də bir qəzetin işçisisən, sən də Azərbaycanda
internetin yaradıcılarından birisən. Amma inan ki, təkcə
bazara işləmək olmaz. Məsələn, mənim
dostlarımdan da var, əla saytlar yaradıblar, düzəldiblər
və o saytlar çox gözəl də işləyir, amma o
saytlarda gedən söhbətlər ədəbiyyat adına, sənət
adına ləkədir. Əvvəllər ədəbiyyat
bundan daha elitar idi. Baxmayaraq ki, Sovet dövründə ədəbiyyat
az qala hamının malına çevrilmişdi. Ədəbiyyatı
Sovet hökuməti «vosmoyun bazarı» halına gətirmək
istəyirdi, amma onu bacarmadı. Təəssüflər olsun
ki, müstəqillikdən sonra Azərbaycanda ədəbiyyat
«vosmoyun bazarına» çevrilməyə başladı.
Hamı burda fikir yürüdür.
- Ədəbiyyat saytlarından
danışdıq. Bəs bu gün Azərbaycanda nəşr
olunan ədəbiyyat jurnalları hansı səviyyədədir?
- Söhbət əgər konkret olaraq mənim
çalışdığım «Ulduz» jurnalından gedirsə,
biz artıq yeni layihələrə start vermişik. Bunlardan
biri «21-21″ adlı bir layihədir. Bu layihədə, məsələn,
layihənin rəhbəri kimi sənə məktub göndərirəm
ki, 21 sual hazırla. Sən təbii ki, bu sualları kimin
üçün hazırladığını bilmirsən.
Bilsən, onsuz da çox şey dəyişər. Sən o
sualları tərtib edib mənim e-mailimə yolladıqdan sonra
mən də həmin sualları başqa bir nəfərə
yollayıram. Amma demirəm ki, məsələn, bunu Oktay
hazırlayıb. O, da cavablandırır. Və yalnız
çapdan sonra hər iki tərəfə məlum olur ki,
sualları kimin üçün tərtib edib və kim həmin
suallara cavab verib. Artıq biz neçə nömrədir ki, bu
layihəyə davam edirik. Bundan əvvəlki «duel» layihəsində
mən insanları bir yerə yığa bilmirdim. Hər kəs
özünə öz dostunu rəqib kimi görmək istəyirdi.
Yox, biləndə ki, onun əleyhinə olan adamdır, həmin
adamı sualları ilə aşağılamağa
çalışırdı, təhqir etməyə cəhd
göstərirdi. «Ulduz» jurnalı da dövlət
orqanıdır. AYB-nin nəşridir. Ona görə də mən
belə qərara gəldim ki, heç kim heç kimi
tanımasın. Biləndə ki, dostudur, ancaq tərif
yağdırmaqla məşğul olacaq.
- Burada yaş məhdudiyyəti var?
- Təbii ki, burda yaş məhdudiyyəti
yoxdur, amma biz daha çox gənclərə və orta nəslə
yer ayırırıq. Ayırmalıyıq da. Çünki
bunu nə «Azərbaycan» jurnalı eləmir, nə də
«Qobustan» jurnalı. Çünki «Azərbaycan» jurnalı
almanaxdır. Biz bir az yeniliklər eləmək istəyirik,
müəyyən mənada buna nail də oluruq, amma «Azərbaycan»
jurnalı toplu şəklində dərc olunur. Onu da
İntiqam Qasımzadə bir baş redaktor kimi belə görmək
istəyir.
- Necə belə görmək istəyir?
Bunlar fövqəlbəşərdirlər bəyəm?
Söhbət dövlət orqanından gedir axı…
- Söhbət dövlət orqanından
gedir. Bu aydındır. Bura dövlət nəşridir, sən
istədiyin kimi hərəkət edə bilməzsən. Əgər
«Ulduz» jurnalı mənim öz jurnalım olsaydı
başqadır, «Ulduz» jurnalının hazırkı vəziyyəti
tamamilə başqadır. Mən uzun illər dövlət
teleradiosunda çalışmış adam kimi bunun fərqindəyəm.
Biz bütün AYB üzvlərini çap eləməliyik.
Biz buna məhkumuq. Bir adam AYB-nin üzvüdürsə, bu bizdən
əvvəl çap olunmaq hüququnu üzvlük bileti ilə
əldə edib. Və hər dəfə də gəlib
başıma taqqıldadanda ki, mən bu birliyin üzvüyəm,
sizdən əvvəl üzv olmuşam, sizdən qabaq çap
olunmuşam, sən artıq onu çap etməyə bilmirsən.
- Belə artıq keyfiyyətli yazı
çap etdirmək tendensiyası düşür
aşağı…
- Təbii ki, o aşağı düşməlidir.
Bir alternativ də var: orda elə yazıları çap etməliyik
ki, həmin yazılarda maksimal keyfiyyət həddi gözlənsin.
Yoxdur, onu gözləyə biləcək mətbu orqan yoxdur.
Adamlar var ki, bir mətbu orqan yaradıblar, ancaq özlərini
çap edirlər, heç kimi ora yaxın buraxmırlar. Bu nə
dərəcədə ədalətlidir? Bir qrup öz mətbu
orqanını yaradıb ancaq özünüreklamla məşğul
olursa, bu da ədəbiyyata xidmət deyil axı. Amma bizim
naşirlərimizin, bizim nəşrlərimizin problemi
ondadır ki, bizdə yaxşı nümunələr olduqca
azdır.
- Necə düşünürsən,
AYB-nin orqanlarında AYB-yə müxalif olan bir gənc
çap oluna bilər?
- Yüz faiz… Adlarını çəkim
istəyirsənsə, kimlərə indiyə kimi müraciət
etmişəm?
- Bəli, buyur…
- Seymur Baycana, Zahir Əzəmətə,
Samir Sədaqətoğluna, Aqşinə, Qanturalıya… Bunlara
şəxsən müraciət etmişəm.
- Bəs yazı göndərməmək
üçün hansı arqumentləri gətiriblər? Bəhanələri
nə olub?
- Onlar düşünür ki, biz
müxalif düşərgəyik. Nə biz onlarda, nə də
inlar bizdə çap oluna bilməz. Mən də deyirəm
ki, bu səhvdir. Əgər biz bir yerdə çay içə,
çörək yeyə biliriksə və ən azı mənimlə
probleminiz yoxdursa, «Ulduz» jurnalında niyə çap
olunmayasınız? Yaxşı, mən sizin mətbu orqanda niyə
çap olunmayım? Mən bu tendensiyanı qəbul edə
bilmirəm. Bir-iki nömrə bundan əvvəl mən Zahir Əzəməti
Aqil Abbasla tərəfmüqabili kimi «21-21″ layihəsində
çap etdim. Fikrim var Aqşini də, Seymuru da dəvət eləyim.
Gəlsinlər bizdə bədii yazılarını vermək
istəmirlərsə, heç olmasa müsahiblərini versinlər.
Polemikalarda iştirak etsinlər.
- Yəni ilk addımı
atırsınız…
- Mən sizin qəzetin vasitəsi ilə
yenə müraciət edirəm ki, gəlsinlər çap
olunsunlar. Mən poeziya haqqında məruzəmdə
onların hamısının adlarını çəkmişəm.
Həmid Herisçinin də, Azad Yaşarın da, Rasim
Qaracanın da. Bizim ədəbi düşmənçiliyimiz
yoxdur, bu birlik səviyyəsində, qrup səviyyəsində
olan qarşıdurmalardır. Bizim mətbuat düşmənçiliyimiz
yoxdur, bizim mətbu orqan düşmənçiliyimiz var. Mənim
şəxsən kiminləsə düşmənçilik etmək
niyyətim yoxdur. Kimsəyə deyə bilmərəm ki, mən
səni çap eləmirəm. Yaxşı materiallar
olmalıdır ki, biz də jurnalı çap edək.
Bildiyiniz kimi AYB-nin orqanlarının dolanışıq səviyyəsi
də çox aşağı səviyyədədir.
- Amma bunu əks tərəf o cür iddia
etmir axı. Əksinə deyirlər ki, dövlətdən
datasiya alır, dövlətin pulunu göyə sovurur və s.
bu kimi iddialar səslənir.
- AYB-nin orqanları artıq iki ildən
çoxdur ki, Azərbaycan Prezidenti yanında KİVDF-dən
maliyyələşir. Bizim pulu ora ayırıblar və
bildiyiniz kimi oranın da özünün
mühasibatlığı var. Orda hər şey hesablanır.
İşçilərin aylıq maaşı, qonorarlar və
s. Mən keçən dəfə bunu «Azadlıq» radiosunda da
demişdim. Mən burdan – «Ulduz» jurnalından 230 manat maaş
alıram. Mənim iyirmi illik mətbuat kariyeram var, amma mənim
aldığım maaş budur. Təbii ki, dolanmaq
üçün kitablar redaktə edirəm, başqa bir
dövlət jurnalı ilə əməkdaşlıq edirəm.
Adi dolanışıq minimumlarımızı təmin etməliyik,
burda verilən maaş isə onu
reallaşdırmağımıza kifayət etmir. İlqar Fəhmi
«Ulduz» jurnalında 180 manat maaş alır. Buna yüksək
maaş demək olar? Amma Qanturalı «Kulis.az» saytında bizim
iki şöbə müdirinin və mənim maaşımdan
çox qazanır.
- Bu yaxınlarda mənə müsahibə
verən şəxslərdən biri belə bir söz işlətdi
ki, Anar müəllimin televiziyalara göndərdiyi siyahı
var ki, verilişlərə ancaq onları dəvət edin. Bu
iddia nə dərəcədə düzdür?
- (Gülür) Hər bir televiziya çox
mühim strateji obyekt sayılır. Yazıçılar
Birliyi ora necə deyə bilər ki, sən filankəsi
çağır, filankəsi çağırma?!
- Deyirlər ki, tövsiyyə xarakterli məktub
gəlib filankəsləri dəvət eləyin, filankəsləri
yox.
- Oktay, nə vaxt ürəyin televiziyaya
çıxmaq istəsə, mənə zəng vur…
Söhbətləşdi:
Oktay Hacımusalı
Xalq Cəbhəsi.-
2012.- 4 aprel.- S.11.