Sovetlər dövründə Türkiyə-Azərbaycan mədəni əlaqələri

 

O vaxtlarda da ermənilər iki qardaş ölkənin yaxınlaşmasına hər vəchlə mane olublar

 

Hazırkı mərhələdə müstəqil Azərbaycan dövlətinin Avropa və Yaxın Şərqlə ikitərəfli sosial-iqtisadi və mədəni əlaqələri xeyli genişlənib. Bu əlaqələrin genişlənməsində «bir millət, iki dövlət» adlandırılan qardaş Türkiyə ilə mədəni əlaqələrin yaradılmasının xüsusi önəmi var. Uzun illər boyu Azərbaycanın beynəlxalq mədəni fəaliyyətə birbaşa qoşulmaq hüququ olmayıb. Lakin istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələr yaratmağa böyük ehtiyac duymuşdur.

Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında 1964-72-ci illərdə Sovet İttifaqı ilə Türkiyə arasında bağlanan mədəni-elmi saziş xüsusi rol oynamışdır. Məhz bu saziş imzalandıqdan sonra 1967-ci ildə XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin yubileyi ilə əlaqədar olaraq Bakıda keçirilən təntənəli tədbirdə Türkiyənin də mötəbər elm, mədəniyyət xadimləri iştirak etmək imkanı əldə etmişlər. Elə həmin ildə Bakıda AsiyaAfrika ölkələrinin yazıçılarının beynəlxalq konfransı təşkil olunmuşbu tədbirdə də Türkiyə nüməyəndələrinin iştirakına şərait yaradılmışdır. Türkiyə-Azərbaycan mədəni əlaqələri 1973-cü ildə Nəsiminin yubileyinə həsr olunmuş mədəni-kütləvi tədbirdə yeni mərhələyə qədəm qoydu. Bu səfərdə türk nümayəndələri Azərbaycanın mədəni həyatı ilə daha yaxından tanış oldular. Hətta türk şairi Fazil Hüsnü Dağlarca Bakıya, Göygölə şeirlər həsr etdi.

Sovet hakimiyyəti illərində Azərbaycanla Türkiyənin birbaşa mədəni əlaqələri 1987-ci ildə baş tutdu. Belə ki, 1987-ci ilin iyulunda Azərbaycanın mədəniyyət naziri Zakir Bağırov Türkiyənin mədəniyyət naziri Məsud Yılmazla Ankarada görüşdübu görüşdə iki qardaş ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. 1990-cı ilin yanvar ayında Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu ilə Türkiyənin mədəniyyət naziri N.K.Zeybək arasında mədəni əməkdaşlıq haqqında saziş imzalandı. Elə bu sazişə əsasən 1990-cı ildə Türkiyədə Azərbaycanın mədəniyyət günləri keçirildi. Həmin vaxt Türkiyə əhalisi Azərbaycanın bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri ilə yaxından görüşmək imkanı əldə etdi. Bu əlaqələrin reallaşmasında «Vətən» cəmiyyətinin, xüsusilə həmin cəmiyyətin sədri Elçin Əfəndiyevin xüsusi xidmətləri oldu.

Ən maraqlısı odur ki, Sovet İttifaqının rəhbər orqanlarında böyük vəzifələrdə çalışan ermənilər Türkiyə ilə Azərbaycanın mədəni əlaqələrinin genişlənməsinə hər vəchlə mane olmağa çalışırdılar. Onlar imperiya rəhbərlərinə belə fikir aşılamağa çalışırdılar ki, Azərbaycanın qardaş ölkə ilə əlaqələr yaratması Türkiyəyə meylin güclənməsinə səbəb ola bilər. Ancaq ermənilərin Azərbaycana qarşı düşmən münasibətləri aşkarlandıqdan sonra xalqımızda Türkiyəyə olan meyl doğrudan da gücləndi. (Bu səbəbdən də 1988-ci ilin əvvəllərindən başlayaraq Bakının küçə və əyləncə yerlərində türk mahnıları eşidilməyə başladı). 1988-ci ildə Azərbaycanın incəsənət xadimləri Türkiyənin İzmir şəhərində Bakı günləri təşkil etdilər. Azərbaycanın incəsənət xadimləri türk tamaşaçıları qarşısında bir çox konsert proqramları ilə çıxışlar etdilər. Bundan sonra türk tamaşaçılarının da Azərbaycan musiqisinə marağı artdı.

Bu hadisə hər iki dövlətdə ayrı-ayrı şəhərlərin qardaşlaşmasının və mədəni əlaqələrinin genişləndirilməsinin əsasını qoydu. Belə ki, Gəncə və Naxçıvan şəhərləri ilə Bursa şəhəri arasında qardaşlıq əlaqələri yaradıldı. Bursa şəhəri ilə Azərbaycanın Gəncə və Naxçıvan şəhərləri dostluq və mədəni əlaqələri inkişaf etdirmək haqqında xüsusi müqavilə imzalandı və həyata keçiriləcək mədəni-kulturoloji tədbirlər planı hazırlandı.

Artıq 1990-cı ildən başlayaraq Azərbaycan-Türkiyə mədəni əlaqələri sürətlə inkişaf etməyə başladı. Bu dövrdə Türkiyənin mədəni aləmində Azərbaycan klassik ədəbiyyatına böyük maraq göstərildi. Həmçinin türk ictimaiyyəti müasir yazarlarımızla da tanış olmaq imkanı əldə etdi. Türkiyədə Azərbaycan poeziyası və nəsri antologiyası nəşr olundu. Görkəmli türk şairijurnalisti Yücəl Feyzioğlu Səməd Vurğunun şeirlərini çap etdirdi. Ankarada milli folklor tədqiqatları nəşriyyatları və başqaları «Azərbaycan Respublikası», «Azərbaycan xalçaları», «Aşıq Ələsgər» adlı kitabları türk oxucularına təqdim etdilər. Azərbaycan və Türkiyə aşıq poeziyasının inkişafına böyük təsir göstərən Qaracaoğlunun ədəbi irsi Azərbaycan şairialimi, mərhum Rəfiq Zəka Xəndan tərəfindən araşdırılmışdır.

«Qaracaoğlanın xatirəsinə həsr olunmuş musiqipoeziya bayramı» təntənəsində iştirak etmək üçün respublikamızın görkəmli musiqipoeziya ustaları türk aşığının vətəni Adana şəhərində olublar. Azərbaycan nümayəndə heyətinə 40 nəfər musiqifolklor ustaları daxil idilər. Onlar 1990-cı il noyabrın 25-də başlayıb davam edən beynəlxalq mədəniyyət və incəsənət həftəsində iştirak etdilər.

Bu tədbirdən sonra Azərbaycan-Türkiyə aşıqları arasında qarşılıqlı əlaqələr genişləndi. Türkiyənin bir çox şəhərlərində qədim xalq sənətini qoruyub yaşadan sənətkarların ictimaiyyətlə görüşləri təşkil olundu. 1990-cı ildə türk filosofu, sufi şair Yunis İmrənin 700 illik yubileyi münasibəti ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi, mərhum Hüseyn Arifin rəhbərliyi ilə bir qrup aşıq sənətçilərimiz Əskişəhərdə, Ankarada və Mələkkədə çıxışlar etdilər. Həmin vaxt «Şairlər şöləni» adlı poeziya bayramında həm aşıqlarımız, həm də bir çox şairlərimiz iştirak etdilər. Bu təntənəli mədəni-kulturoloji tədbirlər zamanı Azərbaycan və Türkiyə sənətkarları arasında yaradıcılıq əlaqələrini inkişaf etdirdiyinə görə şair Hüseyn Arif «Kamal Atatürk Qızıl medalına» layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, Azərbaycanın bir çox dünya şöhrətli sənətkarları hələ Sovet imperiyasının Türkiyəyə qarşı radikal yanaşdığı dövrlərdə də qardaş ölkə ilə mədəni-kulturoloji əlaqələr yaratmaqdan çəkinməmişlər. Xüsusilə maestro Niyazi, Arif Məlikov, Zeynəb Xanlarova, Lütfiyar İmanov və başqaları daim Azərbaycan incəsənətini Türkiyə ictimaiyyətinə təqdim edə bilmişlər. Görkəmli sənətkarımız maestro Niyazi Ankara Dövlət OperaBalet teatrında P.İ.Çaykovskinin «Yevgeni Onegin» operasını tamaşaya qoymuşdur. Həmin operada German rolunu Lütfiyar İmanov ifa etmişdir. Maestro Niyazinin Türkiyə ilə əlaqələri daha çox olmuşdur. O, burada P.İ.Çaykovskinin «Qu gölü» baletini, C.Verdinin «Aida» operasını da tamaşaçılara təqdim etmişdir. Türk tədqiqatçıları Niyazini müasir dövrün ən qabaqcıl drijorlarından biri kimi qiymətləndirmişlər.

Xalq artisti Zeynəb Xanlarova isə Türkiyəyə etdiyi qastrollar zamanı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə onun mahnı janrının ecazkar gücə malik olduğunu nümayiş etdirmişdir. O, türk tamaşaçılarının ən sevimli müğənnisi statusunu qazanmışdır. 1970-ci ildə bu görkəmli müğənnimizi Türkiyə prezidenti Cövdət Sunay xüsusi diplomla təltif etmişdir. 1977-ci ildə isə Zeynəb Xanlarova Leyla Vəkilovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs ansamblı ilə birlikdə Türkiyənin İstanbul, Ankaraİzmir şəhərlərində çox uğurlu çıxışlar etmişlər. Həmin vaxt demək olar ki, bütün türk qəzetləri Zeynəb Xanlarovanın ecazkar ifasından, sənətkarlıq qüdrətindən yazırdılar…

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 5 aprel.- S.11.