Heydər Hüseynovun faciəsi

 

Onun fitrətinin imkanları ilə gerçək durumu arasında təzadlı, hətta faciəvi sərhəd vardı

 

Faciəvi həyat yaşamış Heydər Hüseynovun anadan olmasından 104 il ötür. 1908-ci ildə İrəvanda anadan olub. Ailədəki 6 uşağın kiçiyi idi. Az sonra atası vəfat edir. Böyük qardaşı Yusif 1918-ci ildə ermənilər tərəfindən öldürüldükdən sonra ailəsi əvvəl Batuma, sonra Stavrorola, axırda Bakıya köçür. H.Hüseynov böyük qardaşı və anasının himayəsi altında böyüyüb, 12 yaşında Bakının 18 saylı məktəbinin şagirdi olub. O, 1927-1931 illərdə indiki Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olub, ərəb və fars dillərinə mükəmməl yiyələnib. 1931-ci ildə Pedaqoji İnstitutun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirib. Azərbaycan Elmi-Tədqiqat İnstitutunun asrirantı olub. 1936-1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitunun direktoru olub. 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı sədrinin müavini, 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda ictimai elmlər bölməsinin sədri olub. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl «Marksizmleninizmin əsasları», sonra isə «Fəlsəfə» kafedrasının müdiri olub. 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitunun direktoru işləyib.

Fəlsəfəyə aid bir çox dərsliklərin müəllifi, ilk azərbaycan-rus və rus-azərbaycan lüğətinin redaktorlarından olub. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi ararıb. Həmin dövrdən Heydər Hüseynov «XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında» fundamental əsər yazır, 1950-ci ilin mart ayında növbəti Stalin mükafatı alır. Əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla rusca çar edilib. Kitab Azərbaycan dilində ilk dəfə 2006-cı ildə çardan çıxıb. 1950-ci ilin mayında Kommunist Partiyası MK-nın büro iclasında ciddi tənqid edilib, XIX yüzildə Qafqaz fəlsəfi fikrini tədqiqi müridizmin təbliği, sufizmin təqdiri kimi qəbul edilib. Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsadət qaldırır və təmin edilir.

H.Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlət orqanları, bəzi həmkarları tərəfində əsassız təqiblərə məruz qalır. Təzyiqlərə dözməyən H.Hüseynov 1950-ci ilin avqustunda damarlarını kəsir.

Heydər Hüseynov marksist fəlsəfəçisi idi: özünün xüsusi nəzəriyyəsi olmasa da, marksizm xəttində fərdi yaradıcılıq keyfiyyətlərini aşkarlamağa, milli mücadilə problemlərini müəyyən səviyyədə rəmzi də olsa, qabartmağa çalışırdı. Sosializm bir ideologiya olaraq fərdin müstəqilliyini tanımırdı; ona ümuminin təsiri və tələbi ilə böyüyən, imperiya tələblərinə tabe olanlar lazım idi. Ancaq Heydər Hüseynov ömrünün yetkin çağında, lap son anda gedişatın boyunduruğuna baş əymədi. Fitrəti ona deyirdi ki, ləyaqəti məhz zamandan, gedişatdan uca olmaqla qorumaq mümkündür.

Heydər Hüseynov kimi talantlı bir şəxs imperiyaya hava-su kimi gərəkli idi. Başı qovğalardan ayrılmayan, ayılmayan Sovet imperiyasına elmin, xüsusən də fəlsəfənin marksizm ideologiyası yönündə inkişaf etdirilməsi olduqca gərəkli idi. Heydər Hüseynov isə fitrətən azadlığa meylli idi: lakin onun fitrətinin imkanları ilə gerçək durumu arasında təzadlı, hətta faciəvi sərhəd vardı. Əgər o, fitrətən zamanının balası olsaydı, gedişatın yiyələri ilə dil tapa bilərdi. Lakin o, həmin dövrdə Azərbaycanın yiyəsi olan Mir Cəfər Bağırovun qarşısında əyilmədi, bu səbəbdən də onun hər mənada məhvinə fərman verildi. Əvvəlcə sürətlə vəzifədən uzaqlaşdırıldı, sonra isə cəmiyyətdə onun gözdən salınma kampaniyasına başlandı. Bütün bunlar isə Heydər Hüseynovun xarakterindəki problemin daha da düyünlənməsinə səbəb oldu. Nəticədə cəmiyyətin gözündən salınan, vəzifəsindən uzaqlaşdırılan, psixi durumu gərgin vəziyyətdə olan Heydər Hüseynov 42 yaşında intihar etdi

Təbiidir ki, intihar faktoru ilə cəmiyyət heç zaman barışmayıb. Bütün hallarda intihar gedişata təslim olmaq kimi dəyərləndirilib. Lakin Heydər Hüseynovun intiharı ləyaqət qoruyuculuğu idi. O, ləyaqətini qorumaq üçün intiharı seçmişdi. İstər-istəməz yaradıcı şəxslə zaman arasında tarixin əksər çağlarında konfliktlər olub. Çünki zamanın əhvalı çox hallarda çərçivəsindən kənara çıxmaq istəyən, onun qayda-qanunları, əhvalı ilə uyğunlaşmaq istəməyən şəxsiyyətin ölçüsünə uyğun gəlmir. Əgər şəxsin əhvalı, iradi vəziyyəti güclüdürsə, o, əsərlərində arzuladığı, yaratdığı müsbət qəhrəmanlar kimi olur. Yox, əgər yaradıcı şəxs zamanın axarına düşüb gedirsə, o zaman şübhəsiz, onun mənəvi iflası başlanır. Sovet dövründə, xüsusən də 30-cu illər repressiyası zamanı yazıçıların müstəqilliyinə hər mənada qadağalar qoyulmasının, onların yaradıcılıqlarına, hər şeydən əvvəl isə psixikalarına olduqca mənfi təsir edib. Yaradıcı insanın düşüncəsini buxovlamaq olmaz. Sovet dövründə yazıçının nəzarət altında saxlanması şübhəsiz, onun idraki-bədii keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə etməsinə ciddi əngəl törədirdi. Araşdırmaçı Adıgözəl Məmmədov deyir: «Hər kəs kimi yazıçı da insandır. Bir insanın hər hansı formada sarsıntılara cavab vermək reaksiyası necə mövcuddursa, bədii yaradıcılığa meylli insanlarda da bu, var. Fiziologiya elmində siqnallar sistemi var. Mənfi emosiya da bir siqnaldır. Bir görürsən, insan xaricdən ona ardıcıl şəkildə təsir edən siqnallara vaxtında cavab verə bilmir, nəticədə nevrozluq yaranır. Yaradıcı şəxs o hala çata bilər ki, onda suisid (intihar) baş versin. Bu mənada Heydər Hüseynovun ölümü buna bariz nümunədir. Heydər Hüseynov öz dövrünün konyukturasının girovuna çevrilmişdi. Ancaq o, bu girovluqdan çıxmaq üçün cəhd edirdi. Geneoloji olaraq informasiyalar onu bu girovluqdan çıxmağa məhkum etmişdi».

Heydər Hüseynov imperiyanın yaratdığı «fikir zindanının hücrəsində» müqavimət göstərmək imkanında deyildi. O, bu zindandan çıxmağa cəhd etdi. Çünki bu cür yaşamağı qəbul etmirdi. Sonda isə yeganə çıxış yolunu özünə qəsddə gördü. Təsadüfi deyil ki, özünə qəsdə meylə yaradıcı insanlar arasında da az rast gəlinmir.

M.Bağırov 1950-ci ildə «Müridizm Şamil hərəkatının xüsusiyətləri barədə» kitabında yazırdı: «Heydər Hüseynov Şamil hərəkatını azadlıq proqressiv addım kimi dəyərləndirir. Bu qiymət antimarksist, nəzəri siyasi baxımdan səhv, tarixi həqiqət tarixi materializmə ziddir. Müridizm islamda daha savaşqan reaksion istiqamət olmuşdur, xalq kütlələrinə zülm aləti kimi istifadə olunmuşdur işğalçı türk ordusu, ingilis müstəmləkəçiliyinin maraqlarına qulluq etmişdir. Şamil Qafqazı Rusiyadan ayırmağa çalışmış Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət hissi oyatmışdır. Ona görə Şamil hərəkatı sırf reaksion xüsusiyyəti daşımış, inqilabi hərəkatın maraqlarına ziddiyyət təşkil etmişdir, Dağıstanda zəhmətkeş qüvvələrin sinfi özünüdərk prosesinə ləngedici təsir göstərmişdir».

A.Məmmədov daha sonra deyir: «Sözsüz ki, M.Bağırov bu sözləri yazarkən əsassız olduğunu bilirdi, lakin o, məcbur idi. Dünyada siyasi proseslər yeni mərhələdə qaynayırdı. Bu dövrdə Bağırov Moskvaya hər səfərində İran Azərbaycanı məsələsini qaldırırdı. O, 1945-ci ildə başa çatdıra bilmədiyi Güney Azərbaycandakı siyasi prosesləri yenidən bərpa etdirmək istəyirdi. Erməni-daşnak siyasi klanı M.Bağırovu hər vasitə ilə Stalinin gözündən salmağa çalışırdı. Heydər Hüseynovun müridizmi təbliğ edən əsərinin mükafata layiq görülməsi Bağırov əleyhinə hazırlanan planın gizli tərəfi idi. Tükü tükdən gözəl seçən Bağırov küləyin hardan gəldiyini gözəl duymuşdu. Bağırov ona qarşı yönəldilən maneəni məharətlə dəf edə bildi. Təəssüf ki, bu oyunun qurbanı Heydər Hüseynov oldu».

Heydər Hüseynov bu təzyiqlərə tab gətirə bilmədi. Nəticədə bir dəfə vena damarını kəsdi, akademik Topçubaşov onu ölümdən xilas etdi. Xəstəxanadan çıxdıqdan bir neçə gün sonra isə onu özünü asmış vəziyyətdə tapdılar. Dəfnini tez-tələsik həyata keçirdilər, dəfnində cəmi bir neçə nəfər iştirak etdi. Professor Fuad Məmmədov Heydər Hüseynovun şəxsiyyətini yüksək dəyərləndirir: «Heydər Hüseynov Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biridir. Heydər Hüseynov qəlbən, ruhən Azərbaycana bağlı ziyalı idi. Onun Şeyx Şamil haqqında yazdıqları az sonra əleyhinə çevrildi. Sonradan dövriyyəyə belə xəbər buraxıldı ki, guya Şamil İngiltərənin Türkiyənin agenti olub. Heydər Hüseynovu bu məsələdə sıxışdırıb ciddi ittiham etdilər».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 6 aprel.- S.14.