Cəfər
Cabbarlı və milli kino
sənətimiz
O, qeyri-professional bekar rusların, yəhudu
və ermənilərin Azərkinoya gətirilməsinə
etiraz edirdi
Cəfər
Cabbarlı müxtəlif sənət sahələri ilə məşğul
olmasına, hətta rəsmi sənədlərində onun
jurnalist kimi təqdim edilməsinə baxmayaraq şair, nasir, tərcüməçi,
kinossenariçi, hər şeydən əfzəl dramuturq və
teatr xadimi idi. O, teatrın bədii hissə müdiri və
teatrı repertuarla təmin edən dramaturq və hətta
teatrın rejissoru kimi 20-30-cu illərdə elə böyük
nüfuza malik idi ki, onun digər sahələrdə
gördüyü ciddi işlər dramaturq, rejissor və
teatrşünas Cəfər Cabbarlının möhtəşəm
fəaliyyəti fonunda kölgədə qalırdı. Belə
diqqətəlayiq sahələrdən biri Cəfər
Cabbarlının kino yaradıcılığı idi.
Heç şübhəsiz ki, Cəfər Cabbarlı Azərbaycan
kino sənətinin banilərindən biridir. Öncə nəvəsi
Qəmər Seyfəddin qızının bir mülahizəsinə
nəzər salaq: «Uzun müddət Azərbaycan Dövlət
Dram Teatrında ədəbi hissə müdiri işləyən
professional dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti
ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino
fabrikində M.F.Axundovun vəfatının 50 illiyi münasibətilə
«Hacı Qara» əsərinin motivləri əsasında «Sona»
adlı kino filmi çəkilir… «Sevil» filmi 1929-cu ildə Cəfər
Cabbarlının ssenarisi əsasında çəkilmişdir.
Bu film Azərbaycan kinematoqrafiyaçılarının
qadın hüquqsuzluğuna, qadın əsarətinə ilk
etiraz səsi idi.»
Cəfər
Cabbarlı Azərbaycan kino sənətinin mahir təşkilatçısı,
ilk ssenariçisi və ilk rejissorlarından biri idi, kinoya sadəcə
nüfuzlu bir teatr və mədəniyyət xadimi kimi gəlməmişdi.
O, 1925-27-ci illərdə aktyor və kinorejissor kurslarında
oxumuşdu. Kinonun problemləri Cəfəri təkcə bir
yazıçı kimi deyil, həm də bir mədəniyyət
xadimi, vətəndaş kimi həmişə narahat
etmişdir. O, kinoya çox ciddi münasibət bəsləyir,
böyük gələcəyinə inanırdı.
XX əsrin
20-30-cu illəri, yəni Cəfər Cabbarlının
çoxşaxəli fəaliyyət göstərdiyi dövr
kino sənətimizin təşəkkül dövrü idi.
Obrazlı desək kino – XX əsrin möcüzəsi yeni bir həyatla
üz-üzə gəlmişdi. Bu, kino tarixində səssiz
kino dövrü idi. Azərbaycanda ilk səsli bədii film
1936-cı ildə S.Mərdanov və B.Barneqin çəkdiyi
«Mavi dənizin sahilində» əsəri idi. Bir neçə il
sonra məşhur «Kəndlilər» və «Bakılılar»
filmləri meydana çıxdı. Amma Cabbarlı həmin
filmləri görmədi.
30-cu
illərin filmləri, artıq qeyd etditimiz kimi, yeni həyatın
sürətli inkişafından doğan mövzu və problemləri
əks etdirirdi. Kinoşünas A.Kazımov bu dövr kino sənətimizin
təşəkkülü ilə bağlı
çoxsaylı faktlardan 3-nü fərqləndirir:
«Xalq
Komissarlar Sovetinin 5 mart 1923-cü il tarixli xüsusi dekreti ilə
fotokino şöbəsi əsasında Mərkəzi Dövlət
Kino Müəssisəsi Xalq Maarif Komissarlığının
Azərbaycan Foto Kino İdarəsi – AFKİ yaradılır;
1923-cü il sentyabrın 12-də «Qız Qalası» 2
seriyalı bədii filmin çəkilişinə
başlanır. «Bu film Şərqdə müstəqil
kinematoqrafik həyatın inkişafına doğru ilk addım
idi». Həhayət, «30-cu illər» Azərbaycan kinosunda
aparılan əsas xətt – müasir mövzu ilə daha
çox bağlı olmuşdur. Bu da səbəbsiz deyildi.
Çünki respublikada təzə həyat qurulur, əməyə
münasibət dəyişir, əsrlərdən bəri
formalaşan məişətimizdə ictimai həyatın yeni
formaları öz təsdiqini tapır, adamlar arasında yeni
münasibətlər yaranırdı.»
Bu
dövrün filmlərində yeni zəmanənin – sosializm
quruculuğunun tarixini əks etdirən, «mədəni
inqilab»ın tələblərinə cavab verən mövzular
yer alırdı. Şəhərin sənayeləşməsi,
kənd təsərrüfatının kollektivləşməsi,
emansipasiya – qadın azadlığı bu mövzuların əsas
istiqamətlərini müəyyənləşdirirdi.
1924-cü ildə kinorejissor Ş.Mahmudbəyov AFKİ-yə sədr
təyin edilir. Bununla da kino fabriki həm təşkilati cəhətdən,
həm texniki-təchizat, həm də kadr potensialı
baxımından möhkəmlənir. C.Cabbarlı kinoya gəldiyi
dövrdə 20-ci illərin ikinci yarısında Azərbaycan
kino sənəti belə bir arsenala, mədəni-tarixi kontekstə
malik idi. Onun kino fəaliyyəti üç istiqamətdə
başlandı: kinoşünas, ssenariçi və kinorejissor!
Bu sıraya onun kino təşkilatçılığını
da əlavə etmək olar.
C.Cabbarlı
kinoya ssenariçi kimi gəlir. 1928-ci ildə öz
böyük sələfi, dramaturgiyamızın banisi
M.F.Axundzadənin «Hacı Qara» komediyasının motivləri əsasında
«Sona» bədii filminin ssenarisini yazır. Bununla da o, Azərbaycanın
ilk milli kino ssenariçisi (Q.Seyfəddin qızı) kimi
meydana çıxır. C.Cabbarlı ssenaridə
dövrünün yəni, «mədəni inqilab»
epoxasının tələblərinə uyğun olaraq
qadın azadlığı – emansipasiya problemini ön plana
çəkmişdi. Həmin istiqamətdə 1924-cü ildə
«XX əsrin 20-ci illərində müasir həyatı təsvir
edən ilk bədii film» (A.Kazımzadə) «Bayquş» ekran əsəri
yaradıldı, bir il sonra isə P.Blayinin ssenarisi əsasında
A.M.Şərifzadə dini fanatizmə qarşı mübarizə
mövzusunda «Bisimillah» filmini lentə aldı.
20-ci
illərdə çəkilmiş ilk ikiseriyalı səsziz bədii
filmlərdən biri C.Cabbarlının «Qız qalası»
poeması əsasında yaradılan «Qız qalası
haqqında əfsanə» filmi idi. «Qız qalası» əfsanə
poeması «Maarif və mədəniyyət» jurnalında (1923 H
4-5, 1924 H 2-3) çap olunduqdan dərhal sonra kinematoqrafın
diqqətini cəlb etdi. «Bu film əvvələr rəssam kimi
tanınmış Z.Ballyuzekin kinoda ilk rejissor işi idi.
Sonradan o, rejissorluğu atmış, kino rəssamlığı
ilə məşğul olmuşdu. Filmin ssenarisini N.Breslov-Lure
yazmışdı. Ssenarinin süjet xətti, hadisələrin
inkişafı, xarakterlər və obrazlar C.Cabbarlının
«Qız qalası» poemasında olduğu kimi qalsa da
ssenariçi poemanı sovet ideologiyasına tabe etdirmək
fikrinə düşmüş və bunu gerçəkləşdirmiş,
obrazların adlarını da dəyişdirmişdi.
Keçmişə nifrət oyatmaq üçün Vaqram
Panazyanın oynadığı Səməd xan (Qaytəmir)
tamaşaçıya qaniçən və şərəfsiz
bir şəxsiyyət kimi təqdim olunur. C.Cabbarlının
kino sahəsində ilk ciddi addımı «Sevil» filmi ilə
bağlı idi. Filmin rejissorları Amo Bek-Nazarov və
Q.Braginski, ssenari müəllifi C.Cabbarlı idi. Ədibin həyat
yoldaşı Sona xanımın xatirələrindən öyrənirik
ki, C.Cabbarlı həm də filmin çəkilişində
ikinci rejissor kimi iştirak edib.
C.Cabbarlını
bir kinoşünas kimi təqdim etməzdən öncə,
«Almaz» filmi üzərində dayanmağa dəyər.
1933-cü ildə C.Cabbarlı «Mən «Almaz» ssenarisini nə
üçün yazdım?» adlı məqalə qələmə
alıb qeyd edirdi ki, təhsil almış qızlar qəzalara
işləməyə getmirlər. Ədib məqalədə
bunun üç əsas səbəbini göstərir:
varlı və ziyalı ailələrindən olan qızlar
işləməyə ehtiyac hiss etmirlər; qız məktəbi
bitirib birdən ərə gedir, cavan ər-arvad bir-birindən
ayrıla bilmir; qızını könülsüz oxumağa
buraxan dindar ata və meşşan ər onu qəzaya göndərmir.
Cabbarlıya
görə bunun nəticəsində də toqquşmalar
baş verir, qız icazəsiz ailəni, əri tərk edib
işləməyə getməli olur: «İstəyirik ki,
qızlarımızda ictimai işə həvəs oyadaq,
onların mübarizlik iradəsini və cürətini
artıraq. Hamı Almazı sevəcək və onunla
ayaqlaşmağa çalışacaq. Almazın cəsarəti,
möhkəmliyi ağır dəqiqələrdə belə
qızlar üçün təskinlik və ilham mənbəyi
olacaqdır. Bundan əlavə birlikdə götürülən
bütün bu məsələlər bizdə köhnə
yaşayışa qarşı yeni, işıqlı mədəni
kollektiv həyat uğrunda mübarizənin necə
başladığını və getdiyini də təsvir etməyə
çox kömək edəcək.»
Bəzən
Cəfər Cabbarlı sovet ideologiyasının kəshakəs
vaxtı elə cəsarətli fikirlər söyləyirdi ki,
bu sözlərə görə adama asanlıqla bir
pantürkist damğası vurmaq olardı. Dediklərinin
arxasında C.Cabbarlının böyük nüfuzu
dayanırdı. C.Cabbarlı məhz öz nüfuzuna güvənərək
bir yazısında qeyri-professional bekar rusların, yəhudu və
ermənilərin Azərkinoya gətirilib onlara havayı pul
verilməsinə açıq-aşkar və cəsarətlə
etiraz edirdi: «Dəvət olunmuş mütəxəssislər
bir qayda olaraq zəifdir. Axı heç bir təşkilat
öz yaxşı işçilərini əldən buraxmaz…
Öz sənətlərini bilməməkdən əlavə
bu işçilər ümumiyyətlə,
tanımadıqları mühitə düşdüklərinə
görə daha da çaşbaş qalırlar…» Əlbəttə,
C.Cabbarlının diqqət cəlb etdiyi bu məsələ də
çox ciddi idi. Gəlmə millətdən olan rejissor
türk-azərbaycan tarixini, həyat tərzini, adət-ənənələrini,
dinini, nəhayət milli psixologiyasını bilmirdi.
C.Cabbarlı fikirlərini faktlarla deyirdi, «Birinci komsomolçu»
və «Gilan qızı» filmləri timsalında əsaslandırırdı.
Beləliklə, C.Cabbarlı peşəkar rejissor problemini
qaldırırdı. Bu zaman isə Azərkino Moskvada işsiz
qalmış operator İ.S.Frolovu özünün etirazına
baxmayaraq zorla rejissor təyin edir. «Axı mən rejissor
olmamışam, özü də ümumiyyətlə, həm
operator, həm də rejissor işinin bir yerdə apara bilmərəm.
«Eybi yox, eybi yox İvan Sergeyeviç, Siz elə gözdən
pərdə asmaq üçün özünüzü
göstərin, sonra bir adam taparıq». Və Medvedevi
tapdılar…
Nəticədə
«Birinci komsomolçu» filminin doxsan faizi çəkildikdən
sonra çəkiliş dayandırılır. Səbəbi?
«Filmin ssenarisi üzərində işləyən üç
qrupun heç birində bir nəfər də türkün
olmaması belə bir sonluğa gətirib çıxardı
ki, ssenarini təsadüfənmi, qəsdənmi oxuyan elə
ilk türk, dəqiq desək, Əli Məmmədov türk
qadınını ssenaridə nəzərdə tutulan şəkildə
çəkməyi «qadağan etdi» (s.256). Beləliklə, yenə
də C.Cabbarlı eyni prinsipiallıqla türk ssenariçi və
türk rejissor problemini irəli sürür. Bu məqaləsində
C.Cabbarlı ümümiyyətlə, milli kino kadrları məsələsinə
qlobal şəkildə yanaşırdı. O, dəqiq fakt gətirir:
«Azərkinonun 125 işçisindən yalnız 15-i
türkdür, onların da əksəriyyəti dülgər,
kuryer və s… Azərkinonun rəhbərlərinə sual verəndə:
nə üçün sizdə, fabrikin nəzdində yerləşən
mətbəədə dörd mürəttibdən biri də
türk deyil və türk yazıları bu dili bilməyənlər
tərəfindən elə təhrif olunur ki, «gözəl
qızlar» «gözəl qozlar» kimi yazılır, onlar cavab
verirlər ki, türk mürəttibləri yoxdur, burada isə
türk mürəttibi özü üçün gəzir və
nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə
türk qadını rolunda türk qadını çəkilmir,
deyirlər ki, türk qadınları yoxdur. Lakin elə
buradaca, fabrikdə türk qadını Orucova makinaçı
işləyir» Nəhayət, C.Cabbarlı Azərkinoda bərbad
vəziyyətdə olan, başlı-başına
buraxılmış maliyyə probleminə toxunur. Böyük
təəssübkeşliklə xalqın pulunun göyə
sovrulmasını ürək ağrısı ilə qeyd edir:
«Qoy bir neçə yüz min manat da Azərkinonun toyuq
korluğu ucbatından puç olsun. Axı indiyədək
yüz minlərlə (bəlkə milyonlarla!) manat pul
itib-batıb və ortada heç bir az-çox layiqli məhsul
yoxdur. Lakin bizi bir şey narahat edir. Azərbaycan kino sənətini
mənəvi və təşkilati iflas faktı
qarşısında qoyaraq, onu ümumiyyətlə, məhv edən
bu prinsipial səhvin bütövlükdə təkrar
olunması təhlükəsi qalmaqdadır».
Göründüyü
kimi C.Cabbarlı Azərbaycanda milli kino sənətinin təşəkkülü
ilə bağlı beş konseptual problemi mədəni-tarixi
dövrün kontekstində təqdim edir və hər birinə
də tutarlı açıqlama verir. Azərkinonun
düzgün yolda olmadığını qeyd edən ədib
onun nəticələrinin formaca milli, məzmunca sosialist mədəniyyətin
tarixi inkişafına zərbə vurduğunu qeyd edir: «Hardansa
dəvət olunmuş rejissorlar və aktyorlar bir neçə
yüz manat pulu havayı yerə xəcləyərək
çıxıb gedirlər və Azərkino həm məhsulsuz,
həm də işçisiz qalır. Bu faciə Ümumittifaq
İncəsənət Qlimpiadasında bütün kəskinliyi
ilə üzə çıxdı, burada Azərkinonun
rüsvayçılığı o dərəcəyə
çatdı ki, onun il ərzində bircə müstəqil
film də meydana çıxara bilmədiyi məlum oldu».
Oktay
Xalq Cəbhəsi.- 2012.- 6 aprel.-
S.13.