Musiqimizin Babası

 

Bizim çoxşaxəli bir sənətkarımız var idi. Opera səhnəsində əvəzedilməz obrazlar qalereyası yaradan, xalq mahnılarının, təsnif və muğamlarımızın gözəl ifaçısı, aşıq mahnılarını polifonik janra gətirib ifa edən, folklor ansamblı yaradan, ansambla qədim alətləri, milli geyimi gətirən, sazı ansambla gətirən, ensiklopedik biliyə malik, Koroğlu harayı qəhrəmanlıq mahnılarını lentə yazdırıb xalqın istifadəsinə verən, xalqın yaddaşına yazılan sənətkarımız Baba Mahmudoğlu Mirəzəyev. «Xanəndənin taleyi» operasını Cahangir Cahangirov məhz Baba Mirzəyevə həsr etmişdir. Hörmətli musiqişünasımız Ramiz Zöhrabov bu opera haqqında fikirlərini söylərkən belə deyir: «Bütün həyatı boyu xalq mahnılarına bağlı olan bu gənc səhnədə öz həmkarlarını yaradır. Vətən torpağının gözəllikləri, saf məhəbbət, dostluq, qüdrətli insan əməyi Babanın istedadına qonmuş və yaşıdları arasında onu fərqləndirmişdir. Heç təsadüfi deyil ki, bəstəkar da, rejissor da Baba Mirzəyevi bu çətin rolda sınamış və məhz ona bu mürəkkəb xarakterli obrazı həvalə etmişlər.

Ümidvarıq ki, gənc artist hər bir rolu ilə özünün şöhrət çələnginə müvəffəqiyyətlər gətirər. Biz hər dəfə Babanı dinləyəndə onun müxtəlif janrlı ifalarından, musiqi planlarından doyunca ləzzət alırıq».

1983-cü ildə Aktyor Evində Baba Mirzəyevin yaradıcılıq gecəsi keçirilirdi. Musiqişünas, rejissor, çoxşaxəli yaradıcılığı ilə tananmış xalq artisti Kərim Kərimov deyir: – «Cahangir də, mən də bu operanın liberettosunu oxuyanda, işləyəndə Cahangir müəllim dedi ki, yalnız Babanı nəzərdə tutub, operanı yazmışam. Mən də dedim ki, Babadan başqa bir kimsəni təsəvvür edə bilmirəm, çünki bu obrazı ancaq Baba oynaya bilər. Baba kimi ehtiraslı və düşünən, Baba kimi səsli və güclü bir müğənni oxumalıdır. Baba Mirzəyev bu operada yenilik yaradıb, inanıram ki, illər keçəcək, bəlkə də elə isti-isti hələ bilmirlər, bizim sənətşünaslarımız, musiqişünaslarımız bu barədə dissertasiyalar yazacaqlar».

Ona görə ki, yenilik yaradaraq ilk dəfə Azərbaycan operasında Avropa məktəbini bizim muğamat, bizim xanəndəlik məktəbinə çox gözəl bağlaya bilmişdir. Baba Mirzəyevin yaratdığı bu obraz onun necə deyərlər, ən zirvəsi deyil. Baba Mirzəyevin imkanları daha çoxdur. Koroğlunu da oxuya bilər. Çünki onun səsi, diapazonu, aktyorluq məharəti buna çatır. Bilirsiniz nəyə görə? Çünki Baba Mirzəyev eyni zamanda aşıq sənətini qəlbən duyur. Baba Mirzəyev öz sənətində aşıqlıq, həm də muğam sənətini üzvi surətdə birləşdirmiş, bu yeniliyi də Azərbaycan operasına gətirmişdir. Mənə elə gəlir ki, Baba kimi sənətkarlar, müğənnilər çox olsa bizim operalarımız çox inkişaf edər».

Teatrşünas Cabir Cəfərov isə onu belə qiymətləndirirdi:

«Baba Mirzəyevin xalq arasında sevilməyinin ən mühüm cəhəti orasındadır ki, özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir. Heç kəsi təqlid etmir, tapdanmış yollardan, cığırlardan qaçır və çalışır ki, oxuduğu hər bir mahnı, opera səhnəmizdə, uzun illərdən artıq müddətdə yaratdığı bir epizodda fərqlənsin, özünün olsun. Səhnəmizin dahi rejissoru Hüseyn Ərəblinski həmişə Azərbaycan aktyorlarına deyərdi: teatr yeganə yerdir ki, orada oynamırlar, teatrda yaradırlar. Belə yaradanlardan biriBaba Mirzəyevdir.

Babanın musiqi yaradıcılığı çoxcəhətlidir. İstər el havalarının, istərsə də opera səhnələrimizin ən qiymətli inciləri «Leyli və Məcnun», «Şah İsmayıl» kimi qiymətli əsərlərin baş qəhrəmanlarının rolunu sələflərini təkrar etmədən böyük ustalıqla, ürəklə, yaradıcılıq eşqiylə səhnəmizdə yarada bilmiş, tamaşaçıların məhəbbətini qazanmışdır. Baba Mirzəyev ifa edəndə mənə elə gəlir ki, Bakının bağları oxuyur, Azərbaycan xalqının ürəyi oxuyur. Baba Mirzəyev oxuyanda sanki bülbül qızılgül bağında cəh-cəh vurur».

Baba Mirzəyev heç oxumasaydı, aşıq yaradıcılığı ilə məşğul olmasaydı, konsertlərdə çıxış etməsəydi belə, Məcnunla ürəklərimizi fəth etmiş olardı, teatr tariximizdə onun adı şərəfli bir səhifə təşkil edərdi. Baba ən çətin və mürəkkəb opera əsərlərimizin baş qəhrəmanlarının mahir ifaçısı kimi tanındı, sevildiböyük şöhrət qazandı. Folklorşünas Ağalar Mirzənin Baba Mirzəyevlə müsahibəsindən: «Məcnun rolunun ifaçılarından biri, folklarumuzun gözəl bilicisi, daim axtarışda olan, öyrənməyə meyilli, qədirli sənətkarımız Baba Mirzəyev. O sazın, sözün çağladığı Qazaxda dünyaya göz açıb. Atlar nallananda, məxmər çullananda, o minilməmiş sevda atlarının biriniBaba minib arzularının dalınca paytaxta gəldi».

Baba Mirzəyev: «Aşıq musiqisi ancaq türk dünyasına məxsusdur. Niyə? Çünki aşıq sazının kökündə Allah – təalaya aşiqlik var. Aşıq, yəni allahü – təalaya aşiq gözəllik dünyasını qlobal şəkildə təsvir edə bilən bir şəxs, bir fərd, taleylə fəhmə girən şəxsdir. Fəhmlə əlaqədardır – necə Peyğəmbərlər, böyük dühalar Allahla fəhmə girirsə, onunla pərdə dalında hisslə, duyğuyla danışırsa, aşıqlarda hisslə, duyğu ilə danışan şəxslərdir. Metedən bəri, Metedən o yana, amma görün Atilladan o yana dünyanı fəth edən bütün türk sərkərdələrinin qoşunlarında saz yox idimi? Koroğluda saz yox idimi? Saz möcüzəli bir aləmdir. Saz çox sadə və mürəkkəbdir. Niyə? Bu alət bütün dünyanı fəth edən bir alətdir (ocağımız sönməsin).

Ü.Hacıbəyov «Leyli və Məcnun» operasını yazdı və nəhayət, Milli operamızın Comolunqma zirvəsini yaratdı – «Koroğlu» operasını. Bu operaların ikisində də aşıq musiqisi var. Məsələn, «Leyli və Məcnun» operasında Məcnunun Leyliyə müraciət pərdəsi var: «Leyli, ey bivəfa Leyli». Bu «Arazbarıdır». Amma «Segah» muğamına gətirdi, «Arazbarı» «Şur» üstündədir. Ü.Hacıbəyov bunun adını dəyişib, çox böyük fəhmlə «Segah» muğamına gətirib çıxarıb, aşıq musiqisidir. «Koroğlu» operasında aşıq bir gözəlləmə «Nazlı yarım, vəslə çatdım, keçdi hicran günlərim» oxunur, nədir? Adicə Koroğludur gözəlləmə». Koroğluda nə qədər musiqi var. Üvertüradan tutmuş hamısı aşıq musiqisidir. Kimin ağlına gələr ki, «Arazbarı», «Mani»nin qədimdə adı «Osmanlı»dır. Sovet dövründə «Osmanlı» sözü qadağan olduğuna görə «Os» hecasını götürüblər, adı qalıb «Mani».

«Arazbarı» – «Mani» nədir? – aşıq musiqisidir. Azərbaycan muğam sənətinə gəlincə, qədimdə aşıqlarımız çalıb bunu. Fikir verin, «Koroğlu» kimin ağlına gələ bilər ki, bütün Koroğlularımızın hamısı «Mahur» muğamındadır. Niyə? Harada «Mahur» varsa, orada çalmaq var, orada qan tökmək var, orada döyüş var, orada çağırış var. Amma qəribədir. O da Allahü – təalanın fəhmidir. Mənə çatan məxəzlərə görə bu Şah İsmayıl Xətainin sarayında qulluq edən böyük Qurbaniyə məxsusdur.

«Misri Koroğlu», «Bayatı Şiraz» muğamının «Bayatı – İsfahan» kökündədir.

«Bayatı – İsfahan» nədir? Aşiqin Allahla təması pərdəsidir. Müslüm Maqomayev – mənim dilimdə bəlkə də az danışa bilən böyük bir bəstəkardır, mənim dilimdə opera yazdı. Nə ilə yazdı? Fəhmlə yazdı? Müslüm Maqomayev ali təhsil almamışdı ki. Orada «Şah İsmayıl» da Ərəbzəngiylə görüş səhnəsi var. Musiqidə transport edir, gəlib düşür «Hicran Kərəmiyə», bəzi yerlərdə ona «Quba Kərəmi» də deyirlər, bəzi yerdə «Atlı Kərəmi» deyirlər. Bizim operalarımızın əksəriyyəti aşıq musiqisi üzərində qurulub».

Öz müsahibələrində vaxtilə Babanın dediyi qiymətli, dəyərli fikirlər nəhayət ki, öz yerini aldı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, həmçinin Azərbaycan Milli Konservatoriyasında saz sinifləri açıldı. Burada qədim milli alətimiz saz havalarımız tədris olunmağa başladı. Baba Mahmudoğlunun səhnə həyatı, yaradıcılıq yolu və ifaçılıq xüsusiyyətləri barədə deyilmiş qiymətli fikirlər və onun çoxjanrlı Azərbaycan musiqisi haqqında söylədikləri bu gün necə də yerinə düşür. O, sənətində də, bir insan kimi də, heç kəsə bənzəməyən saf Qartal idi. Onun açdığı cığırlara başqa cür baxanlar, indi o yolla gedirlər. Sinəsində nə qədər fikirləri, söz-söhbətləri vardı, hələ nə qədər işlər görəcəkdi, xalqını sevindirəcək, yeni-yeni nəğmələr oxuyacaqdı. Heyf ki, ömür bəs eləmədi.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 10 aprel.- S.13