«Yaxşı görən insanları uca tutmalı…»

 

Üzeyir Hacıbəyli Hüseyn Cavidin oğluna kömək edib

 

Azərbaycan musiqisi tarixində özünəməxsus, bənzərsiz yol yaradan Üzeyir Hacıbəyli həm də çoxsahəli yaradıcılığa malikdir. Ancaq bu gün həm də onun çağındakı insanlara olan səmimi, fədakar münasibəti yaradıcılığı səviyyəsində söhbət mövzusudur. Əslində bu cür yaddaşlarda yaşamaq sənətkarın sənəti ilə yanaşı şəxsiyyətinin insaniliyə köklənməsi deməkdir. Yazıçı-publisist Esmira Fuadın Üzeyir bəylə bağlı qənaətlərində bu kimi məsələlərə toxunulur: «1942-ci ilin 28 fevralı… Böyük Hüseyn Cavidin «Xalq düşməni» damğası vurulmuş, ancaq xalqın elə ən çox sevib dəyər verdiyi əbədiyyət şairinin yeganə oğlu Ərtoğrul əsgəri xidmətə gedirdi. Yeganə nigarançılığı başsız qalmış ailənin maddi durumu, dolanışığının necə olacağından idi. Bu yolda gümanı gəldiyi bircə insana fevralın 27-də məktub yazdı: «Sizi görə bilmədim, xahiş edirəm ki, bacımın işə girməsinə kömək edəsiniz – Ərtoğrul…»

Üzeyir bəy məktubu oxuyan kimi Hüseyn Şərifova zəng vurur. Bircə kəlmə ilə Turan Cavid Radio Komitəsinin fonoteka şöbəsinin arxivinə işə götürülür. Çox sevdiyi Cavidin qızını növbəti sınmaqdan, ailəsini aclıqdan ölməkdən qorudu, zəmanəsinin ziyalısı, milli məfkurəmizin böyük təəssübkeşi Üzeyirbəy Hacıbəyli!.. O, milli təəssübkeşliyin ən parlaq təzahürü idi, yaşadığı dövrdə də, bu gün də… Ölümündən illər, qərinələr keçsə də, məhz böyük millətçi, qoca türk kimi xatırlanıb Üzeyir Hacıbəyli: istər musiqişünas, istər bəstəkar, istər yazıçı, istər publisist, istərsə də tənqidçi kimi hansı sahəyə müraciət edibsə, o üslubda yaratdığı əsərlər insan ruhunun, insan psixologiyasının ən dərin qatlarına nüfuz edib, günün ən vacib ictimai-siyasi tələblərinə cavab verib. İnsanın ruhunu qanadlandırıb, onu düşünməyə vadar edib… Üzeyir bəy sənəti Azərbaycan mədəniyyətində bir hadisədir, möcüzədir. Üzeyir Hacıbəyli möcüzəsi Şərqdə ilk milli operanın – «Leyli və Məcnun»un tamaşaya qoyulduğu gündən bütün dünyada dinləyicilərini və tamaşaçılarını öz sehrli, əfsunlu qanadlarına almaqda, ruhunu oxşamaqdadır. «Leyli və Məcnun» operasından sonra qazandığı ilk uğur Azərbaycan musiqi sənətini, mədəniyyətini sonsuz bir sevgi ilə sevən və onun milləti, xalqı üçün böyük əhəmiyyətini, gərəkliyini dərk edən qeyri-adi istedad sahibini yeni-yeni orijinal əsərlər yazmağa ruhlandırır. 1915-ci ilədək bir-birinin ardınca klassik Azərbaycan, qədim Şərq ədəbiyyatı, şifahi xalq ədəbiyyatının motivləri əsasında «Şeyx Sənan», «Rüstəm və Söhrab», «Şah Abbas və Xurşudbanu», «Əsli və Kərəm», «Harun və Leyla» operalarını, «Ər və arvad», «O olmasın, bu olsun» və «Arşın mal alan» kimi operettalarını – komediyalarını yaradıb, duyğu və düşüncələrini qəhrəmanlarının ictimai, fəlsəfi-əxlaqi, həyati görüşləri zəminində son dərəcə orijinallıqla, məharətlə ifadə etməyi bacarıb».

E.Fuad belə bir məqama diqqəti çəkir ki, bu əsərləri seyr edən tamaşaçı istər-istəməz düşünməli olur: böyük bəstəkar lirik-romantik səpkili operalar yaratdığı halda nə üçün həmin illərdə komik, satirik ruhlu komediyalarını da yazmaq qərarına gəlmişdi? «Əlbəttə, dövrü, zamanı nəzərə alan, 23-24 yaşlarında müəyyən həyat təcrübəsi qazanmış gənc qələm sahibi xalqının gələcəyi, milli azadlığı uğrunda dövrün ziyalılarının apardığı istiqlal mücadiləsində yumorun, satiranın, kəskin gülüşün lirik-romantik süjetlərdən az əhəmiyyət daşımadığını hiss edərək lirikanı gülüşlə əvəz etməyə ehtiyac duymuşdu. Üzeyir bəy həm lirik əsərlərində, həm də komik operettalarında poetik qayəsinə, məqsədinə nail ola bilmişdi. Bu əsərlər Üzeyirbəy sənətinin tələblərinə cavab verməklə yanaşı həm də onun zövqünə uyğun qələmə alınmış, dövrünün mənəvi ehtiyaclarına, xalq ruhuna, milli koloritə əsaslanmışdı».

Araşdırmaçı ayrıca olaraq vurğulayır ki, Üzeyir bəyin həm də iti təxəyyülə, sərbəst məntiqə malik qüdrətli publisist kimi məhsuldar fəaliyyəti də xalqına, millətinə, Vətəninə ləyaqətlə ziyalı xidmətinin ən bariz nümunəsidir: «Onun qələmə aldığı bütün publisistik əsərlərində hansı ideologiyanın daşıyıcısı, hansı ictimai meylin nümayəndəsi olduğu aydın görünür, hiss edilir. Üzeyirbəy adını Azərbaycan adlı böyük bir ölkənin, bir millətin «Azərbaycan» qəzetinə qardaşı Ceyhun bəy Hacıbəylidən sonra rəhbərlik etdiyi 1919-20-ci illərdə, eləcə də Birinci Dünya müharibəsi illərindən 1919-20-ci illərədək yazdığı dərin, təmkinli mühakimə, güclü məntiq, inandırıcılıq və səmimilik kimi xüsusiyyətlərə xas olan məqalələrində mütərəqqi fikirlərini, xalqına arzularını ifadə edirdi. Eyni zamanda bu yazılarda cəhalətin, nadanlığın, geriliyin, milli zülmün kəskin tənqidi də öz ifadəsini tapırdı. Onu publisistik əsərlər yazmağa məhz fikirlərini oxuculara, xalqına daha tez çatdıra bilmək istəyi sövq edirdi və bu yolla sanki cəmiyyətlə, soydaşları ilə qısa vaxt ərzində dialoqa girə bilir, üz-üzə, göz-gözə danışmaq arzusunu gerçəkləşdirirdi. Üzeyir bəy bütün varlığı ilə xalqına, onun həyatına bağlı idi. Azərbaycan xalqının həyatını, ruhunu, mənəvi dünyasını, tarixini və mədəniyyətini dərindən bilirdi. Xalqın dərdlərini, problemlərini, ağrı-acılarını, ağır güzəranını bir ziyalı kimi içdən yaşayır və bu problem məsələlərə açıq-aşkar münasibətini bildirirdi. Ədibin «Dövlət Dumasının açılması», «Dövlət Duması və ministrlər», «Dövlət Duması haqqında», «Dövlət Şurası», «Vəkillərimiz nə tövr olmalıdır?», «Dövlət Dumasının buraxılmasına dair» və s. yazılarında müxtəlif prizmalardan yanaşaraq bürokratik, istismarçı quruluşun çatışmazlıqlarını şərh edir, millətin gözünü açmağa, hüquqlarını anlatmağa çalışırdı. Seçib-seçilmək hüququ olan soydaşlarından xahiş edirdi ki, Dövlət Dumasına vəkil seçiləcək nümayəndələr gərək bu səlahiyyətə, etimada layiq olsunlar və öhdələrinə götürəcəkləri vəzifənin məsuliyyətini anlasınlar». İti, sərrast düşüncəli publisist erməni-müsəlman məsələsini, Qarabağ problemini, əbədi qonşularımız olan İran, Rusiya, Gürcüstan, Ermənistanla Azərbaycanın münasibətlərini də gündəmdə saxlayır, «Qarabağ haqqında», «Dağıstan və biz», «Dərbənd əhvalatı», «Şimalımızın halı», «Naxçıvan və Qarabağ», «Ermənistan və Azərbaycan münasibəti», «Gürcüstandakı həvadis», «Qonşuluq», «Bağlanır», «Rus inqilabi-kəbiri» və s. məqalələrində bu məsələlərlə bağlı obyektiv vətəndaş-ziyalı mövqeyindən çıxış edirdi. Gürcüstandan Axıska türklərinin çıxarılmasını, erməni generalı, quldur Andranikin Azərbaycan torpaqlarında törətdiyi iğtişaşlara, qətl-qarətlərə, Ermənistan hökumətinin müstəqil dövlətimizin bu düşmənçiliyə son qoyması üçün göndərdiyi notalara «Andranikin erməni hökumətinə dəxli yoxdur, o bizdən küsübdür» – deyə bəhanələrlə məhəl qoymamasını, bu vəhşiliklərin arxasında kimlərin, hansı dövlətlərin çirkin məqsədlərinin durmasını bütün detalları ilə təhlil edir. O, xalqın cəhalətdən, nadanlıqdan xilas olması, hürriyyətinə qovuşması üçün qələmi ilə fəal mübarizə aparır, bu istiqamətdə hər kəsin, xüsusən də müəllimlərin üzərinə düşən vəzifələrdən yorulub-usanmadan yazır, «Müəllimlərimizin doğrudan-doğruya olan vəzifələri camaatımızı girdabi-cəhalətdən qurtarıb, rahi-nicati-mədəniyyət və mərifətə tuş eləməkdir» – deyirdi».

Üzeyir bəy dönə-dönə qeyd edirdi ki, müəllimlər cəhaləti dəf etmək üçün əvvəlcə onu törədən səbəbləri müəyyənləşdirməlidirlər: «Bu bəlanın ən böyük səbəbi elmsizlik, savadsızlıqdır, savadsızlığın ləğvi isə təkcə uşaqların deyil, onların valideynlərinin də təlim olunması ilə mümkünləşə bilər. Ürəkağrısı ilə göstərirdi ki, əsrimiz tərəqqi, inkişaf əsridir, lakin biz ən böyük mərəzlərimizdən olan cürətsizlik və acizliyimiz üzündən geri qalmışıq. İnsan fələyin, taleyin önünə yumalatdığı çətinliklərlə mübarizə aparmaq üçün yaranıb. Acizlik, cürətsizlik bizləri mədəniyyətdən, tərəqqidən uzaqlaşdırır».

Araşdırmaçı sonda bildirir ki, Üzeyir bəy ölkəsinin həyatında baş verən yenilikləri, xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu fərəh hissilə, sevinclə yazıya köçürür, naqislik və çatışmazlıqları isə tənqid hədəfinə çevirirdi. «Hər işi öz əhlinə tapşırmalı, hər hansı işi boynuna götürən adam da altına girdiyi işin məsuliyyətini anlamalı, bacardığı işdən yapışmalı, yaxşı iş görən insanların qədrini bilməli, uca tutmalı» – deyirdi vətəndaş yazıçı…»

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 11 aprel.- S.14.