«Musiqisi olmayan millət qəlbi olmayan bir vücuda bənzər»

 

  Əhməd Ağaoğlu aşıq sənətini yüksək qiymətləndirirdi

 

Azərbaycan xalqının böyük mütəfəkkir oğlu Əhməd bəy Ağaoğlu (Ağayev) XIX əsrin sonu, XX əsrin birinci yarısı hüdudlarında milli ziyalı kimi formalaşmış və Azərbaycanın ictimai fikir tarixini dəyərli əsərlərilə zənginləşdirmişdir. O, 1869-cu ildə Azərbaycanın Qarabağ mahalının Şuşa şəhərində anadan olmuşdur. Ağaoğlunun ailəsi Şuşanın elm və bilik sahəsində seçilən ziyalılar zümrəsinin ən nüfuzlu dairəsinə mənsub idi. Əhməd bəy ilk təhsilini məhəllə məktəbində almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Az sonra isə Şuşada yeganə müasir tipli maarif ocağı sayılan rus məktəbində oxumuşdur.

Əhməd bəy Ağaoğlu sonrakı illər Tiflisdəki 1 saylı gimnaziyada təhsilini davam etdirmiş, 1885-ci ildə oranı bitirmişdir. Bir neçə ildən sonra – 1888-ci ildə, o, ali təhsil almaq məqsədilə Fransanın paytaxtı Parisə gəlmişdir. O, 1994-cü ilə qədər «Kollej de Frans» və siyasi biliklər məktəblərində təhsil almış, dünyanın ən şöhrətli təhsil ocaqlarından biri olan, məşhur Sarbonna Universitetinin teologiya (ilahiyyat) fakültəsini bitirmiş və hüquq məktəbində də oxumuşdur. Görkəmli hüquqşünas, ilahiyyatçı, siyasətçi və digər bilik sahələrinə dərindən bələd olan alim kimi fərqlənən Ağaoğlu Fransada olduğu zaman latın, yunan, fransız, ingilis və rus dillərini də dərindən mənimsəmişdir. Azərbaycanda və Türkiyədə onlarca qəzetin redaktoru olmuş, yüzlərlə məqalə, 15 kitab və kitabça çap etdirmişdir. Böyük intellektual diapazona malik bu mütəfəkkir 1939-cu ildə Türkiyədə vəfat etmişdir.

Əhməd bəy Ağaoğlu (Ağayev) istər böyük, istərsə də kiçik əsərlərində incəsənətin bütün sahələrilə bağlı qiymətli fikirlər söyləmişdir. Onun xalq poeziyası və aşıq sənəti haqqında araşdırmaları bu günkü nəzəri fikrimiz üçün də öz aktuallığını və əhəmiyyətini itirməmişdir. O, ədəbiyyat, teatr, musiqi və s. sahələrin xalqın mənəvi inkişafında rolu barədə ayrı-ayrı məqalələr də dərc etdirmişdir. Ə.Ağaoğlu «Kaspi» qəzetinin 1900-cü il avqustun 8-də dərc olunmuş (266 saylı) «Opıt oçerka tatarskoy poezii» məqaləsində türk-tatar (Azərbaycan) xalq poeziyasında aşıq sənətinin təfsirini vermiş və maraqlı qənaətlərə gəlmişdir. Müəllif göstərir ki, məqalədə qarşıya qoyulmuş məqsəd əldə edilmiş cüzi material əsasında yerinə yetirilir və toplanmış həmin material yalnız dəryadan götürülmüş bir damla təşbihindədir. Təbiidir ki, damla ilə dərya haqqında mühakimə yürütmək olmaz.

Yeri gəlmişkən qeyd edək ki, Ə.Ağaoğlu o zamanlar daha populyar olan «tatar» söz anlamını əsasən rus dilli əhalinin təsəvvüründə yer tutmuş Azərbaycan türkü (azərbaycanlı) mənasında işlədir. Çünki adi azərbaycanlılar, Azərbaycan türkləri əslində özlərini heç vaxt tatar adlandırmamışlar. Ə.Ağaoğlu xalq müəllimlərinin gələcək rolunu xüsusi qeyd edir və onları bu müqəddəs işə ciddi qoşulmağa çağırır. O, təəssüflənir ki, «Qafqaz xalqlarının təsviri üçün materiallar məcmuəsi»ndə (rus dilində) dərc olunmuş və əsasən xalq eposuna həsr olunmuş məqalələr istisna edilməklə, xalq müəllimləri (müəllif «xalq müəllimi» dedikdə təkcə tədrislə məşğul olanları deyil, yazıçıları da nəzərdə tutur) heç bir iş görməmişlər. O, bu sahədə yeganə kitab olan, cənab Cəlilov tərəfindən nəşr olunan «Tatar atalar sözləri məcmuəsi»ni xüsusi qiymətləndirir. O, xalq müəllimlərinin (geniş mənada) nədənsə dramatik əsərlərinin yazılmasına göstərdikləri xüsusi meylə, demək olar ki, tənqidi yanaşır və özünəməxsus istehza ilə qeyd edir ki, Qafqazda Fransa ilə müqayisədə daha çox dramaturqlar peyda olmuşdur. Onun fikrincə, bu «dramaturqlar» həmin ehtirasa mübtəlalıq maniyasını atmalı, həqiqi faydalı işlə – xalqın həyatını onun maddi və mənəvi təzahürlərində öyrənməlidirlər.

Bizcə, həmin xalq müəllimi rolunda çıxış etmək nümunəsi göstərən Ə.Ağaoğlunun məqaləsinin predmentini təşkil edən xalq poeziyasının daşıyıcıları və yayıcıları olan aşıqlardan bəhs etməsi təsadüfi deyildir. Müəllif «aşıq» sözünün etimoloji cəhətdən türk-tatar mənşəli və yaxud əcnəbi, xüsusilə ərəb dilindəki aşiq (sevgili) mənalı olduğunu qəti təsdiq edən fikir söyləməkdən imtina edir. Lakin bu sözün türklərin dilində daşıdığı xüsusi, spesifik və funksional mənasının türklərlə farsların və ərəblərin tarixi toqquşmalardan əvvəl birincilər sırasında mövcudluğunu sübut edən arqument gətirir. O yazır: «Yalnız bir şey bizə dürüst məlumdur: «aşıq» sözünün bizim tatarlar arasında başa düşülən xüsusi mənasında nə xalis farsların yaşadığı cənubi İranda, nə də Ərəbistanda mövcudluğu haqqında heç yerdə oxumamış və heç kimdən eşitməmişik. Əksinə, bu tip adamlar türk-tatar irqinin yaşadığı Aralıq Dənizindən Çin hüdudlarına qədər hər yerdə son dərəcədə yayılmışdır. Mövcud olmuş bu vəziyyətdən bizim çıxaracağımız yeganə ehtimali qənaət ondan ibarətdir ki, aşıqlar türk-tatarlarda hələ onların fars-ərəblərlə toqquşmalarından əvvəl mövcud olmuş və həmin sivilizasiyalı xalqlarla təmasda olarkən onlar bu qədim termini yeni ərəb istilahı ilə əvəz etmişlər».

Yuxarıda göstərilən mənbədə Ə.Ağaoğlu bu sözün Avropa xalqlarında olan bənzərlərini qeyd edir. O, göstərir ki, «aşıqlar» heyranedici dərəcədə orta əsrlər trubadurlarını və minnezingerlərini (orta əsrlərdə Almaniyada: şair və xanəndə), Rusiyada isə bayan-quslyarları xatırladır. Müəllif qeyd edir ki, bəşəriyyətin müxtəlif qismlərində əsrlər uzunu mövcud olmuş bu tarixi təkrarlıq onların ümumi taleyindən xəbər verir.

Ə.Ağaoğlu aşıqları «əsl xalq artistləri» adlandırır və göstərir ki, bu adı onlara xalqın özü verib. Müəllif aşıqların – bu xalq artistlərinin professionallıq xüsusiyyətlərinə malik olmalarına diqqəti cəlb edir. O, ölkəni oymaq-oymaq dolaşan bu aşıq dəstəsinin tərkibinin dörd nəfərdən ibarət orkestr adlandırır və onların hər birinin daşıdığı ifa funksiyasının təsnifini verir: onlardan ikisi sırf musiqiçidir, biri dəfdə çalır, digəri züyçüdür. Züyçü birincilərin ifasına uyğun olaraq balabanda takt tutur, onların səsinə səs verir.

«Orkestrdə» rolların bölüşdürülməsini təfsir edərkən Ə.Ağaoğlu rusdilli oxucuların təsəvvürünə aydınlıq gətirmək üçün ön planda çıxış edənləri aşağıdakı şəkildə təqdim edir: birinci rolları üç simli, tara bənzər (saz) alətdə çalan skripaç və tütəkdə çalan fleytist ifa edirlər. Lakin tütəyin zurna ilə heç bir ümumi oxşarlığı yoxdur: onun səsi incədir, yumşaqdır və sazla unison çalır. Bu iki musiqiçi eyni zamanda oxuyandır. Onlar birgə və ayrıca oxuyur, çalır və oynayırlar. Lakin onların rəqsi geniş olmayıb, əksinə, yumşaq və rəvan tövrlə musiqinin taktına, vəzninə uyğun ayaqların hərəkətindən ibarət olur. Əsas baş artist eyni zamanda bütün orkestrə dirijorluq edərək səhnəyə fleytaçı – balabançı ilə birlikdə çıxır, camaatı salamlayır və hər hansı müəyyən bir nəsihətamiz, dini və yaxud əxlaqi məzmunlu şeiri deklomasiya ilə oxuyur və sonrakı təhkiyəsində yalnız şeirin ideyasını inkişaf etdirir. Dinləyici kütləsi bununla da ifanın məzmunu haqqında qabaqcadan xəbərdar olur. Təhkiyənin özü növbə ilə monoloq və yaxud dialoq forması kəsb edir, duet və yaxud solo şəkli alır; duet və ya solo sazın və tütəyin müşayiətilə oxunur, təhkiyənin arası tez-tez rəqslərlə və yaxud nağıletmə ilə kəsilir, bəzən hər iki artist birgə oynayır və həm də qollarının dirsəklərilə bir-birinə dayaq dururlar ki, sazda və tütəkdə çalmaq hər ikisinə qolay olsun; təklikdə rəqs edən aşıq çalğısını kəsir, rəqs etməyən isə oturub çalğını davam etdirir.

Ə.Ağaoğlu öz dövründə aşıq sənətinin bütün ifaçılıq incələliklərinin təfərrüatının bilicisi kimi çıxış edərək ziyalıları, xüsusilə xalq müəllimlərini xalq yaradıcılığının bu çox mühüm sahəsinə xüsusi diqqət verməyə ruhlandırmaq üçün özü nümunə göstərir. O, bu sənətin sənətkarlıq ifaçılıq xüsusiyyətlərinə diqqəti cəlb etməklə yanaşı aşıq poeziyasının məzmun mündərəcə tərəfinə maraq təlqin edir. Müəllif göstərir ki, aşıq poeziyasının mərkəzində əsas etibarilə məhəbbət sərgüzəştləri durur xalq yaradıcılığının bütün formalarında, o cümlədən əfsanələrdə, rəvayətlərdə, satira, oda, pastoral yaxud həyatın mühüm hadisələrinə yazılmış şeirlərdə aşiqanə motivlər tərənnüm edilir.

Ə.Ağaoğlu əsrin əvvəllərində Azərbaycanın bir sıra bölgələrində aşıq sənətinin daha geniş yayıldığını qeyd edir. O yazır ki, Zaqafqaziyada bəzi kəndlər bu sənətin beşiyi kimi şöhrət tapmış onlarda aşıqlıq nəsildən-nəslə keçərək irsi, ənənəvi bir hal almışdır. Müəllif Şuşa uyezdinin Gülablı kəndinin aşıq sənətinin inkişaf etdirilməsində xüsusi rolunu yüksək qiymətləndirir. Onun fikrincə, elə bir onillik olmamışdır ki, onun ərzində bu kənd aşıq sənəti sahəsində məşhur bir sənətkar yetişdirməsin.

Ə.Ağaoğlu xalq yaradıcılığının bu qolunun inkişafında Şuşanın, Şamaxının, Qazaxın müəyyən qədər Salyanın oynadığı böyük rolundan bəhs edir. O, Şuşa Şamaxını eyni zamanda xalq mahnılarının yaranış mənbəyi kimi səciyyələndirərək yazır ki, bu bölmələrdə yaranmış mahnı rəqslər qeyri-adi bir surətdə azı iki ay ərzində bütün Zaqafqaziya xalqları arasında yayılır. Onun fikrincə, xalqların istək arzuları ilə bağlı hadisələr qəhrəmanlar haqqında nəğmələr yaddaşlarda daha çox yayılır yaşayır. Mütəfəkkirin aşıq sənətinə olan yüksək münasibəti onun, ümumiyyətlə, milli müsiqinin əsl mənəvi mahiyyəti haqqında belə bir fəlsəfi qənaətinə tamamilə adekvatdır: «Bu əsrdə musiqisi olmayan bir millət qəlbi olmayan bir vücuda bənzər».

 

 

Oktay

                                                                                                                           

Xalq Cəbhəsi.- 2012.- 12 aprel.- S.13.