Şuşa -Azərbaycan musiqisinin məbədi   

 

Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopub. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam vardır ki, "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar".  

Musiqimizin məbədi və beşiyi olan füsünkar Şuşa şəhərinin əsası 1750-ci ildə Qarabağın ilk xanı Pənah xan tərəfindən qoyulub. Pənah xanın qala üçün seçdiyi yer əvvəllər tamamilə meşə ilə örtülü bir sahə idi və üç tərəfdən sıldırım qayalarla əhatə olunduğundan, gələcək şəhər üçün əlverişli təbii səngər rolunu oynayırdı. Pənah xan tərəfindən qısa bir müddət ərzində salınan bu şəhər əvvəllər öz banisinin adı ilə "Pənahabad" adlanırdı. Lakin sonralar şəhərin yaxınlığında yerləşən Şuşakəndin adıyla "Şuşa qalası" adlanmağa başlandı. «Musiqi dünyası» saytında yerləşdirilən «Şuşa Azərbaycan musiqisinin məbədidir» başlıqlı məqalədə qeyd edilir ki, tarix boyu bu qala düşmən basqınlarına, hücumlarına məruz qalmışdırsa da, heç vaxt əyilməmiş, həmişə alınmaz olub. Ona görə bu gün işğal altında olan Şuşa qalasının, Şuşa şəhərinin 250 illiyi münasibətilə danışmaq və yazmaq çox çətindir. Əfsuslar ki, biz bu mədəniyyət, musiqi məbədimizi qoruya bilmədik. Təsəllimiz odur ki, bu məbəd statik, qoruq kimi qalmamışdır, əsrlər boyu zəngin musiqi ənənələriylə, musiqi məktəbiylə Şuşadan çox-çox uzaqlarda məşhur olub. Şuşa – Zaqafqaziyanın konservatoriyasıdır, təbirini və təyinini haqlı olaraq qazanıb. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.

 

Dahi musiqiçilərin vətəni

 

Şuşa – Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İrsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Primovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu, əlbəttə Şuşa musiqiçilərinin tam siyahısı deyil. Şübhəsiz ki, bu mövzu bir məruzənin, hətta bir məqalənin deyil, böyük tədqiqat əsərinin mövzusudur. Şərq musiqisinin məşhur tədqiqatçısı V.Vinoqradov hələ 1938-ci ildə Üzeyir bəy haqqında kitabında yazırdı: "Şuşada musiqi çoxdur Azərbaycanın hər hansı rayonundan daha çox xalq mahnılarını, rəqslərini, xanəndə və sazəndələrini burada eşitmək olar. Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır. "Şuşa musiqiçiləri" Azərbaycan musiqisinin tarixini yaradırdılar və onu yalnız vətənlərində deyil, digər Şərq ölkələrində təqdim edirdilər".

 XIX əsrin ikinci yarısında Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunurdu. Belə ki, Bakıda Məşədi Məlik Mənsurovun məclisi, Şamaxıda Mahmud Ağanın, Şuşada isə Xarrat Qulu Məhəmməd oğlunun və Mir Möhsün Nəvvabın musiqi məclislərinin Azərbaycan musiqisinin inkişafında önəmli rolu olub.

Şuşada birinci musiqi məclisi Şərq musiqisinin bilicisi Xarrat Qulu (1823-1883) tərəfindən təşkil edilmişdi. Bu məclis dini məqsədlə yaranmışdır, lakin burada həm də muğam sənəti öyrənilirdi. Məhərrəmlik qurtarandan sonra (onun keçirilməsinə bir neçə ay hazırlaşırdılar) xanəndələr bu muğamları artıq toylarda və başqa yerlərdə ifa edirdilər. Xarrat Quludan sonra 80-ci illərdə Şuşada "Məclisi-Fərəmuşan" (Unudulmuşların məclisi) və "Musiqiçilərin məclisi" yaranır ki, onların rəhbəri, Azərbaycanın XIX əsrinin mütərəqqi xadimi, alimi, şairi, musiqişünası, rəssamı Mir Möhsün Nəvvab idi. Nəvvab Şuşada doğulmuş, yaşamış, yaratmış və orada da vəfat etmişdi (1833-1918). Ensiklopedik biliyə və nadir istedada malik olan M.M.Nəvvab Azərbaycan elmini, musiqi sənətini, ədəbiyyatını xeyli zənginləşdirmişdir. Onun çoxşaxəli fəaliyyəti, elmi müddəaları və tədqiqatları, müəllifin iyirmidən artıq əsərində öz əksini tapmışdır. Bizim üçün M.M.Nəvvabın musiqi ifaçılığı və musiqi elmi sahəsindəki fəaliyyəti xüsusilə maraqlıdır. Keçən əsrin 80-ci illərində məşhur xanəndə Hacı Hüsü ilə birlikdə yaratdığı "musiqiçilər cəmiyyəti"ndə musiqi sənətinin estetik problemləri, xanəndələrin ifaçılığı, klassik müğamları müşayiət edən şeirlər müzakirə olunurdu. Cəmiyyətə öz vaxtının məşhur xanəndə və sazəndələri Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və b. daxil idi. Bir çox musiqiçilər özlərinin ilk təhsilini məhz bu cəmiyyətdə almışlar. Burada müzakirə olunan problemlərdən bəziləri öz əksini və sonrakı inkişafını M.M.Nəvvabın "Vüzuhül-ərqam" risaləsində tapmışdır. Mir Möhsün Nəvvab musiqi sənəti haqqında "Vüzuhül-ərqam" risaləsini (Rəqəmlərin izahı) 1884-cü ildə Şuşada yazıb.

Böyük tarzən Mirzə Sadıq Əsəd (1846-1902) də burada böyüyüb başa çatıb. Xalq arasında o, Sadıxcan kimi məşhur idi. Mirzə Sadıq Azərbaycanda və Zaqafqaziya xalqları arasında böyük şöhrət və məhəbbət qazanmış ustad sənətkar idi. Onun "Sadıxcan" adlanması da görünür bu məhəbbətin ifadəsi idi. Mirzə Sadıq İran şahının oğlunun toyunda böyük bacarıq və ustalıq göstərdiyinə görə, şah onu "Şiri-Xurşid" qızıl medalıyla təltif etmişdi. Mirzə Sadıqın musiqimizin tarixində xidmətləri böyük idi. O, çoxəsrli tarı rekonstruksiya edərək təkmilləşdirmiş, beş simli zəif səslənən tara altı simi də əlavə edərək simlərin sayını on birə qədər artırmışdı. Tarın qolunda olan pərdələrin sayını isə azaldaraq 17 pərdəyə endirmişdi. Mirzə Sadıq yeni Azərbaycan tarının yaradıcısı idi. Onu "tarın atası" adlandırırdılar. Mirzə Sadıq tarla bərabər muğamları da təkmilləşdirmiş, tarın qoluna "Zabul" pərdəsini, "Mirzə Hüseyn Segah"ına isə "Müxalifi" əlavə etmişdir. Sadıxcan iri əllərə, uzun və güclü barmaqlara sahib idi, deyilənə görə onun tarda işlətdiyi barmaqları, vurduğu mizrabları heç kəs təkrar edə bilməmişdir. Ona baxmayaraq qeyd etməliyik ki, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Primov kimi mahir tarzənlər məhz Sadıxcan məktəbinin gözəl davamçılarıdır. 1897-ci ildə Şuşada yazıçı Əbdürrəhimbəy Haqverdiyevin rəhbərliyi ilə həvəskar aktyorların ifasında dahi Azərbaycan şairi Füzulinin poeması əsasında "Leyli Məcnunun məzarı üstündə" musiqili səhnəcik göstərildi. Məcnun rolunu məşhur xanəndə Cabbar Qaryağdıoğlu (1861-1944) oynayırdı. 1902-ci ildə "Fərhad və Şirin" mövzusunda ikinci belə musiqili səhnə qoyuldu. Fərhad rolunu yenə də Cabbar Qaryağdıoğlu ifa edirdi. O, xalq xanəndəsi və bəstəkarı kimi məşhur idi. Cabbar Qaryağdıoğlu öz sözlərinə çoxlu mahnı, təsniflər üçün isə şeirlər yazmışdır. "Bakı", "Bəsti", "Tiflisin yolları" və bir çox mahnıların müəllifi idi. Cabbar, Qaryağdıoğlunun yüksək tessitura və geniş diapazonlu gözəl tenoru var idi. Onun kimi "Mənsuriyyə", "Heyratı", "Kürdi-Şahnaz" oxuyan yox idi. Onun səsini məşhur italyan tenoru Karuzo ilə müqayisə edirdilər. Yesenin onu "Şərq musiqisinin peyğəmbəri" adlandırmışdır. Hələ 1906-1912-ci illərdə onun səsi Kiyev, Moskva, Varşavada bir sıra aksioner cəmiyyətlər tərəfindən fonovalikə yazılmışdır. Cabbar Qaryağdıoğlu Azərbaycan vokal sənətinin tarixində yeni səhifə açmışdır. O, musiqili-ədəbi və şərq konsertlərində çıxış edərək, milli operanın yaranmasında önəmli rol oynadı, onun üçün münbit zəmin yaratdı. Cabbar Qaryağdıoğlundan sonra Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi Seyid Şuşinski idi (1889-1965). Cabbar Qaryağdıoğlu onu "Şərq musiqisinin incisi" adlandırmışdı. Seyid Şuşinskinin 1908-ci ildə Şuşanın "Yay klub"unda keçən ilk uğurlu çıxışından sonra Cabbar səhnəyə çıxıb Seyidi bağrına basaraq gözləri yaşarmış halda demişdi: "indi mən ölsəm də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid vardı". Sonrakı çıxışlarının birində isə Cabbar Seyidin oxumağından riqqətlənərək öz qavalını ona bağışlamışdı. Şərqdə ilk opera olan "Leyli və Məcnun"u digər dahi Şuşalı Üzeyir Hacıbəyov 1907-ci ildə yazmağa başlayır. Amma bu operanın mövzusu bir qədər əvvəl 1897-98-ci illərdə hələ bəstəkar Şuşada yaşayarkən qəlbində həkk olmuşdur. Şuşada göstərilən "Məcnun Leylinin məzarı üstündə" mövzusunda səhnəcikdə balaca Üzeyir özü də xorda oxuyurdu.

 

Dahi Üzeyiri yetişdirən torpaq

 

Azərbaycan musiqisinin klassiki, opera sənətinin banisi, görkəmli alim-musiqişünas, alovlu publisist, istedadlı dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun yaradıcılıq yolu Azərbaycan musiqi mədəniyyətinin yaranması və inkişafı tarixinin mühüm dövrünü əks etdirir. Məhz elə buna görə Üzeyir Hacıbəyovun (1885-1948) anadan olduğu günü – 18 sentyabrı Respublikanın ictimaiyyəti musiqi bayramı kimi qeyd edir. 90 ildən artıqdır ki, Hacıbəyov musiqisi Azərbaycan xalqının canına, qanına sirayət edərək, bədii mədəniyyətimizin ayrılmaz hissəsini təşkil edir. Onun yaradıcılığı tək doğma Qarabağın deyil, Azərbaycanın da hüdudlarını aşaraq artıq müasir musiqi mədəniyyətinin bədii hadisəsinə çevrilmişdir. Üzeyir bəy dəfələrlə etiraf etmişdir ki, özünün şedevri olan "Koroğlu" operasını yaradarkən ən əvvəl Bülbülün səsini nəzərdə tutmuşdu. Bülbül (1897-1961) Hacıbəyovun ölməz operasında Koroğlu rolunun klassik ifaçısı oldu. Hələ 12 yaşından bu oğlan Qarabağ toylarında və bayramlarında iştirak edib oxuyurdu. Çox tez o, Bülbül adıyla məşhurlaşdı, populyar oldu. Bülbül inqilabdan əvvəl xanəndə kimi, muğamların ifaçısı kimi çıxış edirdi. İnqilabdan sonra yeni Azərbaycan vokal sənətinin banisi olmuşdur. Bakı konservatoriyasındakı illər, İtaliyada ən yaxşı belkanto ustalarından aldığı dərslər, rus, sovet və dünya ustalarının sənətindən öyrənməsi Bülbülü tamamilə yeni tipli Azərbaycan müğənnisi etmişdir. O, öz sənətində milli məxsusluğu dünyəvi texnika ilə məharətlə birləşdirə bilmişdir. Biz inanırıq, əminik ki, gün gələcək, Qarabağda, Şuşada, onun "Cıdır düzü"ndə, "İsa bulağı"nda yenə "Qarabağ şikəstəsi" səslənəcək, yenə xalq mahnısı "Qarabağda bir dənəsən" oxunacaq və yenidən yeni "Qarabağ bülbülləri" cəh-cəh vuracaq!

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 12 aprel.- S.11.