«Erməni dilinin lüğət fondunun 75 faizi türk sözləridir»

 

 İslam Sadıq: «Ermənilər türk musiqisini hazır şəkildə, olduğu kimi mənimsəyiblər»

 

Ermənilərin türklərə qarşı soyqırımının çeşidlərini saymaqla qurtarmaz. Əlinə fürsət düşdükcə türkləri məhv etməklə kifayətlənməyən ermənilər türklər yaratdığı nə varsa, ona yiyə durmaq istəyiblər. İslam Sadıq bu mövzuda araşdırmalar aparıb: «Qafqaza gələrkən mədəniyyət sandıqlarında heç nə olmayan ermənilər bütün mədəni-məişət dəyərlərimizi, folklorumuzu, musiqimizi, mətbəximizi yavaş-yavaş əxz edib sonralar öz adlarına çıxmağa başladılar. Bir milli musiqi aləti olmayan ermənilər bir çox xalq mahnılarımızı oxuya-oxuya sazımıza, tarımıza, kamançamıza, dəfimizə, nağaramıza, zurnamıza, qavalımıza, tütəyimizə, balabanımıza vurularaq «Yallı», «Uzundərə», «Tərəkəmə», Vağzalı», «İnnabı», Nəlbəki», Heyvagülü», «Qəşəngi» kimi Azərbaycan rəqslərinin təranələri altında süzə-süzə muğamlarımızı öyrənməyə girişdilər. İndi onlar ölülərini də Azərbaycan təranələri, xüsusilə muğam sədaları altında dəfn edirlər. Azərbaycan mətbəxi erməniləri heyran qoydu, bir-birindən ləzzətli yeməklərimizin dadı damaqlarında qaldı, adı yaddaşlarında. Dolmaya dolma dedilər, dovğaya dovğa. Erməni qazanlarında bişirilsə də piti, bozartma, kabab, aş, qayğanaq, küftə, küftə-bozbaş, düşbərə, xaş, əriştə, xəngəl, ovduq, qovurma, xaşıl, quymaq, ləvəngi, tavakabab kimi Azərbaycan milli yeməklərinin nə adı dəyişdi, nə də dadı. Hətta ermənilərin həyasızlığı o həddə çatdı ki, bu yemək adları erməni milli xörəkləri kimi ayrı-ayrı mənbələrə də düşdü. Hələ XIX yüzilliyin əvvəllərindən başlayaraq erməni şairləri və yazıçıları öz əsərlərində Azərbaycan atalar sözlərindən və xalq məsəllərindən geninə-boluna istifadə edərək öz dillərinin lüğət tərkibini zənginləşdirdilər. Erməni xalqının danışıq zamanı işlətdiyi sözlərin yarıdan çoxunu Azərbaycan sözləri təşkil edirdi. Erməni ədəbiyyatının X.Abovyan, Q.Ağayan, B.Broşyan kimi klassikləri çox zaman öz əsərlərində işlətdikləri Azərbaycan atalar sözlərini və zərb məsəlləri tərcümə etmir və yaxud onları qismən tərcümə edirdilər. Onlar bunu bilə-bilə edir, bu yolla Azərbaycan türkcəsindən aldıqları sözlərlə erməni dilini zənginləşdirir, onun poetik imkanlarını artırır, yaradıcılıq işi zamanı rastlaşdıqları boşluqları doldururdular. Bu müəlliflər hər hansı bir Azərbaycan atalar sözünü və zərb-məsəli, yaxud idiomatik ifadəni tərcümə etmək istəyərkən erməni dilinin leksik baxımdan nə qədər kasad olduğunu aydınca görür və həmin boşluqları doldurmaq üçün Azərbaycan türkcəsindən aldıqları sözləri dilin lüğət tərkibinə daxil etməkdən başqa çıxış yolu tapmırdılar. Azərbaycan və erməni atalar sözləri və məsəllərində ümumi cəhətlərdən danışan pedaqoji elmlər namizədi Y.Arustamyan yazırdı: «Bir çox Azərbaycan atalar sözü və məsəllərini ermənilər tərcümə etmir və olduğu kimi işlədirlər. Ancaq onların bütün təravət və məziyyətini, dərin fəlsəfi məzmununu saxlamaqla tərcümə etmək mümkün deyil». Çox az-az hallarda Azərbaycan atalar sözləri və zərb-məsəlləri erməni dilinə tərcümə olunurdu. Bu da öncə ondan irəli gəlirdi ki, XIX əsrin ortalarında erməni dilinin leksik baxımdan zəngin olmadığı, söz ehtiyatının kasadlığı, fikrin poetik ifadəsinin dərinliyi və yığcamlığı, bədii tutumunun və sanbalının dəriniyi ilə seçilən Azərbaycan atalar sözlərini, zərb-məsəllərini, habelə idiomlarını və digər hikmətli deyimlərini bütün incəliklərinə qədər tərcümə etməyə imkan vermirdi. Erməni dili yetərincə inkişaf etmədiyindən, zənginləşmədiyindən erməni yazıçıları işlətdikləri Azərbaycan atalar sözlərinin, zərb-məsəllərin və idiomların qarşılığını da tapa bilmirdilər».

Erməni dilinin XIX əsrin ortalarından başlayaraq inkişaf yoluna qədəm qoymasından danışan İ.Sadıq bildirir ki, bu dilin ən ağrılı problemi olan lüğət boşluğu türk sözləri hesabına doldurulub: «Dünyanın əksər dillərinin lüğət fondu canlı xalq danışığı hesabına zənginləşdiyi halda, erməni dilinin lüğət fondunun zənginləşmə mənbəyi türk dili olub. Bu belə də olmalıydı, çünki ermənilər səpələnmiş halda türk torpaqlarında məşkunlaşır, türk xalqları ilə müntəzəm ünsiyyətdə olurdular. İstisnasız olaraq ermənilərin məskunlaşdıqları bütün yerlərdə türklər çoxluq təşkil edirdilər və onlar da çox zaman türkcə danışırdılar. Erməni yazıçısı Xaçatur Abovyan hələ 150 il bundan öncə ürək ağrısı ilə erməni dilinin inkişafına türk dilinin güclü təsir göstərdiyini etiraf edib. O, bu barədə yazırdı: «Bizim yeni dilimizin yarısını türkfars sözləri təşkil edir. Onların dili bizim millətin ağzına o qədər dadlı gəlib ki, öz dillərini buraxıb mahnı, nağıl, zərbi-məsəlləri türkcə deyir». Bir dilin onunla heç bir genetik qohumluğu olmayan digər dildən 70-75% söz götürməsi çox nadir hadisədir. Bunun da hansı zərurətdən irəli gəldiyini ermənilər özləri söyləyiblər. Əvvəla, «erməni dili» anlayışı XIX əsrdən sonra yaranıb. Ona qədər bugünkü ermənilər qrabaraşxarabar adlanan dillərdə danışıblar. Bunun özüdüşündürücü bir sual doğurur: bir millətin iki dili olarmı? Millətin adının və dilinin bir-birilə bağlılığı olmayan müxtəlif sözlərlə adlandırılması nədən irəli gəlir? Bir millətin iki dili ola bilməz, bu, aksiomadır. Qrabar, aşxarabar və erməni sözlərinin bir-birinə uyğunsuzluğu isə ondan irəli gəlir ki, sonuncu bu gün özünü erməni adlandıranların yox, qədim türk tayfası olan ərmənlərin adıdır».

Ermənilər həm öz adlarını, həm əlifbalarını, həm də dillərindəki sözlərin əksəriyyətini türklərdən götürüblər: «Qədim erməni dili olan qrabarın lüğət fondu o qədər kasıb olub ki, sözlərin qafiyələnməsinə belə imkan verməyib. Bunu erməni alimləri özləri də dönə-dönə etiraf ediblər. M.X.Abeqyan hələ XIX əsrin ortalarında xalq qusanlarının mahnı oxumalarından danışarkan yazırdı: «Klassik qrabarda hayreni (guya şeir şəklidir- İ.S.) şeri qafiyəsiz yazılırdı». Müəllif bi şeirlərin niyə qafiyəsiz yazıldığını belə açıqlayıb: «Bizim dilimiz (qrabar- İ.S.) qafiyə sarıdan kasıbdır, dilimizdə həmqafiyə sözlər azdır». Bir dildə həmqafiyə sözlər yoxdursa, o dilin qədimliyindən, zənginliyindən necə danışmaq olar?! Bu dildə folklor yaratmaq mümkündürmü?! Əlbəttə, yox! Abeqyan erməni folklorunda qafiyənin türk sözləri hesabına yarandığını da açıq etiraf edib: «Şifahi xalq yaradıcılığında qafiyə XI-XII əsrdən sonra yaranmağa başladı. Xalq nəğmələrini yaradanlar qafiyə üçün onlara aydın olan türk dilinə müraciət edirdilər»".

Qrabar adlanan «qədim» erməni dili ilə «aşxarabar» adlanan yeni erməni dili arasında yerlə göy qədər fərq olduğunu deyən araşdırmaçı erməni dilçilərinin bu danılmaz həqiqəti dönə-dönə açıq söylədiklərini bildirir: «Hətta bugünkü ermənilər qrabarı oxuyub başa düşə bilmirlər. Bu fərq təkcə qrabarla aşxarabarın lüğət fondunda özünü göstərmir. Bu dillərin qramatik quruluşları bir-birindən kəskin şəkildə fərqlənir. Tutaq ki, qədim rus diliylə bugünkü rus dili arasında da hətta anlaşılmayacaq qədər uzaqlıq var, ancaq onların qramatik quruluşu eynidir. Qrabarla aşxarabarda isə vəziyyət ayrı cürdür. «Qədim» erməni dili olan qrabarın quruluşu latın, yunan, fransız, ərəb və s. dillərə çox yaxın olduğu halda, aşxarabarın quruluşu onlardan kəskin şəkildə fərqlənir və türk dilinin quruluşuna daha çox uyğun gəlir. Tarixi inkişaf prosesində öz quruluşunu tamamilə dəyişib əvvəlkinə qətiyyən oxşamayan bir quruluşu qəbul edən ikinci dil tapmaq bəlkə də mümkün deyil. Bəs bunun səbəbi nədədir? Erməni dilçisi H.Açaryan da uzun illər boyu bu sual üzərində düşünüb, cavab axtarıb: «Erməni dilinin quruluşundakı dəyişiklik nədən törəyib? Niyə erməni dili quruluşuna görə öz əhatəsində olanonu işğal edən dillərə – latıncaya, yunancaya, fransızcaya, ərəbcəyə, aysoricəyə və hətta kürdcənin quruluşuna uyğun ola-ola birdən-birə bunlardan uzaqlaşır, türk-tatar dillərinin strukturuna uyğunlaşır? Bu oxşayış təsadüfidirmi? Erməni dilinin quruluşunun dəyişməsinə səbəb nədir?»

İ.Sadıq bu fikirdədir ki, bu səbəbi uzaqda axtarmaq lazım deyil. Əgər erməni dilinin lüğət fondunun 75-%-i türk sözləridirsə, sözsüz, bu qədər söz axını dilin quruluşunu dəyişdirməliydi: «Türk dilinin təsiri, türk sözlərinin axını erməni dilinə yeni quruluşla yanaşı, yeni vəzn də gətirib. Ermənilər heca vəznində yalnız bu dilin quruluşu türk dilinin quruluşuna uyğunlaşandan sonra şeir yazmağa başlayıblar. Ermənilərin musiqisi də türklərdən götürülüb. Bu musiqini də erməni dilinə türk dilinini quruluşu, türk sözləri və heca vəzni gətirib. Türk dilinin quruluşuheca vəzni erməni dilinə tədricən daxil olsa da, ermənilər türk musiqisini hazır şəkildə, olduğu kimi mənimsəyiblər. Erməni dilinin yalnız XIX əsrin ortalarından formalaşmağa başladığını və sürətlə inkişaf etdiyini nəzərə alsaq, həmin dövrdən əvvəlki erməni folkloru haqqında danışmaq çətindir. Bu fikri söyləməyə erməni dili haqqında yuxarıda deyilənlər əsas verir. Heç bir sübuta ehtiyacı yoxdur ki, bədii cəhətdən güclü və mükəmməl, forma baxımından zəngin folklor yaratmaq üçün ilk öncə yaxşı inkişaf etmiş, güclü poetik tutuma malik, hər hansı fikrin bütün incəliklərini ifadə etməyə imkan verən dil tələb olunur. Kasıb dildə zəngin folklor yaratmaq olmaz. Aşı dada-tama gətirən yağın bolluğudursa, folkloru ətə-qana dolduran, ona bədiilik və emosionallıq verən də dildir, dilin zənginliyidir. Atalar demişkən: «Gözəllik ondur, doqquzu dondur». Əgər hər hansı bədii əsərin gözəlliyi ondursa, doqquzu dilin payına düşür. Hər bir xalqın yaratdığı folklor əsəri başqalarından öncə öz milli koloriti ilə seçiliryadda qalır. Milli kolorik dedikdə sözsüz ki, hər şeydən qabaq obrazın daşıdığı milli xarakter nəzərdə tutulur. Hər bir xalqı öyrənmək üçün tədqiqatçının folklorla müqayisə olunacaq ikinci mənbə tapması mümkün deyil, çünki xalqın mükəmməl obrazını yalnız onun folklorunda görmək olar. Xalqı bir tam kimi səciyyələndirən və yalnız ona xas olan bütün keyfiyyətlər folklorda zərgər dəqiqliyi ilə ifadə edilib. Hər bir xalqın istedadı, dünyagörüşü düşüncə tərzi, mənəvi zənginliyi haqqında doğru-dürüst bilgi almaq üçün də hər şeydən öncə onun yaratdığı folklorla tanış olmaq lazımdır. Hər bir folklor əsərinin sətirləri arasında onu yaradan xalqın milli xarakterinin ayrı-ayrı cizgilərini qoruyub saxlayan genetik kodlar var. Bu kodlar o qədər dəqiq və mükəmməldir ki, onları yalnız genetika elmindəki genlərlə müqayisə etmək olar. Həmin kodları biləndən sonra istənilən folklor əsərinin hansı xalq tərəfindən yaradıldığını müəyyənləşdirmək və o xalq haqqında dolğun bilgi almaq çətin deyil. Məhz buna görə də Azərbaycan bayatılarının Kərkük variantı və versiyalarının yaranması tamamilə qanunauyğundur».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 14 aprel.- S.14.