Adil Bəbirovun lirik
musiqi dünyası
Azərbaycan
bəstəkarlıq məktəbinin formalaşmasında
müstəsna xidmətləri olan böyük bəstəkar
və pedaqoq Qara Qarayevin sinfində onlarla tələbə təhsil
alıb. Həmin tələbələrin əksəriyyəti
də sonralar zaman ötdükcə adlı-sanlı musiqi
xadimlərinə çevilərək, musiqimizə hər biri
özünəməxsus rəng – çalar gətirmiş və
musiqi mədəniyyətimizi zənginləşdirməklə
ona xidmət etmiş oldular. Qara Qarayevin tələbəsi
olmuş bəstəkarların söhbətlərindən məlum
olur ki, görkəmli bəstəkar elə bir həssas insan,
pedaqoji duyumu yüksək olan, hər bir tələbəyə
fərdi yanaşan bir psixoloq idi ki, o bəstəkarlığa
yenicə başlayan gəncin yaradıcılıq yolunu
düzgün istiqamətləndirə, ona obrazlı şəkildə
desək dəqiq «diaqnoz» qoymağı bacarırdı. Onun tələbələri
arasında öz istedadı ilə seçilən, hələ
tələbəlik illərindən özünün estetik
dünyagörüşünün
formalaşdığını ilk əsərləri ilə
sübut etmiş gənclərdən biri Adil Bəbirov idi. Bu
ötən əsrimizin 50-ci illəri idi. Bu barədə bir az
sonra…
Əməkdar incəsənət xadimi, bəstəkar Adil Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olub. Musiqi sənətində ilk addımlarını atmağa başlayan balaca Adil musiqi məktəbinin tar sinfində oxumağa başlayır. Öz həmyaşıdları arasında, musiqi duyumu və istedadı ilə get-gedə seçilməklə, artıq ailədə və musiqi təhsili aldığı məktəbin müəllimləri arasında da hiss etməyə başlamışdılar ki, bu uşağın böyük gələcəyi olacaq. Gənclik illərində təhsil aldığı Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, tanınmış tarzən Əhməd Bakıxanovun sinfində muğamın sirlərinə yiyələnməsi, onun gələcək bəstəkarlıq fəaliyyətində xalq musiqi folklorunu dərindən bilməsi baxımından, son dərəcə əhəmiyyətli bir hadisə oldu. Bu mənada belə bir müəllimə rast gəlməkdə onun bir növ bəxti gətirmişdi. 1954-cü ildə musiqi texnikumunu bitirən Adil Bəbirov elə həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə qəbul olunur. O illəri xatırlayan bəstəkarın söylədikləri: «Mən ilk bəstəkarlıq dərslərimi Əşrəf Abbasovdan almağa başladım. Həmin vaxt Əşrəf müəllim bəstəkarlıq kafedrasında çalışırdı. O, həm də Konservatoriyada rektor vəzifəsində idi. Biz 6 ay onunla məşğul olduqdan sonra o, mənə təhsilimi Qara Qarayevin sinfində davam etdirməyimi məsləhət gördü. Mən Qarayevin rəhbərliyi ilə 5-ci kursa qədər bir çox əsərlərimi yazdım, lakin səhhətimlə əlaqədar son kursdan getməli oldum. Yalnız bir xeyli müddət sonra, 1978-ci ildə mən Konservatoriyaya yenidən qayıdaraq, simfonik əsərlə təhsilimi bitirərək diplomumu aldım. Əsər maestro Rauf Abdullayevin idarəsilə simfonik orkestrin ifasında səsləndi.»
Tələbəlik dövründə Adil Bəbirov fortepiano üçün prelüdlər, variasiyalar (1956), skripka üçün sonata, Violonçel və fortepiano üçün pyeslər, romans və mahnılar yazıb. Adil Bəbirov hələ gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri baş redaktoru kimi fəaliyyət göstərmişdir.
1966-cı ildə «Azərnəşr»in çap etdiyi fortepiano üçün sonatası Adil Bəbirovun bizə məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan bu əsər avropa klassik musiqi ənənələri ilə üzvi surətdə birləşərək, özünəməxsus tərzdə bəstəkarın yeni stilistik üslubu, bənzərsiz musiqi dili ilə diqqəti cəlb edir. Əsər bu günədək bir çox pianoçuların repertuarında yer alır. Hətta eşitdiyimə görə sonata sonradan simfonikləşdirilərək, müəllif tərəfindən partitura şəklinə salınmışdır.
1968-ci ildə isə «Azərnəşr» istedadlı bəstəkarın fortepiano ilə oxumaq üçün nəzərdə tutulan 4 mahnısının klavirini nəşr etmişdir. Albomun ilk səhifəsi «Mən anayam» adlı mahnı ilə başlanır. Fikrət Qocanın kiçik, sadə bir şeirinə yazılmış mahnı kuplet formasında olub, zəngin harmonik müşayiətlə, oxuyanın axıcı, süzgün və lirik ifasını birləşdirirək gözümüz önündə bir növ yeni mənzərə yaradır. Kiçik bir şeir parçasında bəstəkar musiqinin ifadə vasitələrindən, bacarıqla istifadə edərək hətta ötəri lad yönəlməsindən də bəhrələnə bilmişdir.
«İlk addımlar» adlanan digər mahnı isə şüştər ladından başlayaraq tədricən segah ladına gəlir və qısa müddət, bir neçə xanədən sonrar dalğavari hərəkətlə yenidən, əvvəlki şüştərə nisbətən kvinta aşağıya «sürüşərək» başqa pillədəki şüştərə keçir. Vals ritmində yazılmış «Yollar» mahnısının melodiyası və harmonik dili elə bir tərzdə yazılmışdır ki, klassik harmoniyaya, daha dəqiq desək avropa musiqisində işlədilən triton intervalları, majoro – minor akkordları, ikiqat dominanta, nonakkordlar üstünlük təşkil edir. Linear və adi keçici akkordlar, ləngimədən sonra həll olunma və s. geniş tətbiq olunur. Dalğavari xətlə inkişaf edən melodiya müxtəlif tonallara elliptik dövrə edərək əvvələ qayıdır. Vokalı yaxşı hiss edən bəstəkar kantilena yaratmaqla, oxumaq üçün əlverişli gəzişmələrdən və həm də mahnı mətnində ən yaxşı səslənən saitlərdən istifadə edir. Mahnıda Azərbaycan ladlarına xas olan kadansvari melizmlər işlədilməklə ona ustalıqla milli don geydirilmişdir. Bu kiçik mahnı məcmuəsi, nəğməkar şair Yusif Həsənbəyin sözlərinə yazılmış «Xoşbəxt olsunlar» nəğməsi ilə tamamlanır. Kuplet formasında yazılmış mahnı segah ladının pərdələrinə toxunur.
Ümumiyyətlə, Adil Bəbirovun mahnılarının hamısına diqqət yetirsək görərik ki, ona xas olan üslub, yəni hətta kiçik bir musiqi cümləsində belə, eləcə də hər bir dövrədə, bir neçə lada yönəlmələr üstünlük təşkil edir. Bu sadəcə müxtəlif ladların süni şəkildə, yönəlmə və ya modulyasiya etmək xatirinə müqayisəli vəziyyətdə tutuşdurulması olmayıb, müxtəlif rəng çalarlarından ibarət çələngə və ya xalıya bənzədilə bilər ki, bu rənglərin uyarlığında da heç bir təsadüfilik yoxdur. Nəinki mahnılarında, Adil Bəbirovun digər janrlarda yazdığı əsərlərində də bu üslub tərzi bir «qırmızı xətt» kimi keçir.
1975-ci ildə «İşıq» nəşriyyatı tərəfindən nəşr olunmuş, «Azərbaycan bəstəkarlarının pyesləri» adlı fortepiano məcmuəsinə bəstəkarın iki əsəri də daxil edilmişdir. Məcmuəni ilk pianoçu qadınlarımızdan olan, görkəmli pedaqoq Kövkəb Səfərəliyeva tərtib etmişdir. Prelüd-skertso adlanan pyes, pianoçularımız arasında artıq çoxdan məşhurdur. Beynəlxalq Müsabiqələr laureatı, istedadlı pianoçu Vasif Həsənov bu əsəri dəfələrlə konsertlərdə ifa etmiş, radio və televiziyada lentə yazdırmışdır. Ağır tempdə başlayan bu əsər, bir növ lirik balet adjiosunu xatırladır. Əsərə giriş preludü rolunu oynayan adajio poetik obraz yaratmaqla onunla üzvi surətdə birləşir. Musiqidə bir janr kimi formalaşan, obrazlar rəngarəngliyi yaradan «prelude» sözünün mənası da elə «qabaqcadan çalıram» anlamı burada özünü təmamilə doğruldur. Ona görə də pyesin Prelüd – skertso adlandırılması yerinə düşür. Əvvəlki hissədən ölçüsünə və obraz xarakterinə görə fərqlənən ikinci hissə rəqsvari səpgidə olub, mürəkkəb 3 hissəli formada yazılmışdır. Pyesin Skertso adlandırılması canlı tempdə, dəqiq ritmdə olan musiqi mövzusu olduğuna işarədir. Formaya burada bir qədər başqa səpgidə, şərti baxılmalıdır. Belə ki, əsər əslində qısa dramatik musiqi məzmununa görə sonatina kimi qavranılır.
Müəllifin söhbət əsnasında bildirdiyinə görə o, Prelüd – skertsosunu sonradan partitura şəklində simfonik orkestr üçün işləmişdir. Azərbaycan bəstəkarlarının yaradıcılığına nəzər salsaq görərik ki, fortepiano üçün çoxlu sayda əsərlər yazılmışdır. Əlbəttə ki, onların heç də hamısını şedevr kimi qəbul etmək olmaz. Fortepiano musiqisi inciləri sayılan az sayda əsərlər arasında prelüd-skertso da özünəməxsus yer tutur. Adil Bəbirovun yaradıcılığında 1980-ci ildə yazdığı, estrada heyəti üçün nəzərdə tutulan, birhissəli «Konsert pyesi» əsəri maraq doğurur. Sonata formasında yazılan əsərin əsas teması çılğın, oynaq və enerjili xarakterdə olub, sürətli alleqro tempindən başlayaraq, tədricən lirik əhval-ruhiyyəli, mahnıvari, cantilenanı xatırladan köməkçi mövzuya keçməklə, sonataya xas olan kontrastlıq prinsipi yaradır. Konsertdə olan kəskin ritm və intonasiyalar bir qədər caz musiqisinə xas olan elementləri xatırladır. Müəllifin dediyinə görə o, sonradan əsərə solo ifaçısı üçün nəzərdə tutulan kadensiya da əlavə etmişdir. Konsert-pyesi əsəri, tar və simfonik orkestr üçün köçürülmüş və tar ifaçılarının repertuarında geniş yer almışdır.
Bəstəkarın səhnə əsərləri arasın da, onun dram tamaşalarına yazdığı musiqi, eləcə də «Yer tutanlar» muzikli musiqi ictimaiyyətinə yaxşı tanışdır. Müzikl musiqili komediya teatrında 1982-ci ildə səhnəyə qoyulmuş, 1984-cü ildə isə «Melodiya» səsyazma firması tərəfindən iki valdan ibarət alboma yazılmışdır. Bu dövrdə yazılmış musiqi əsərləri arasında «Kamera orkestri üçün 5 pyes» (1983), «Balet süitası» (1984), Səməd Vurğunun «İnsan», Bəxtiyar Vahabzadənin «İz qalır» pyeslərinə yazılmış musiqi bəstəkar yaradıcılığının maraqlı səhifələrindəndir.
Adil Bəbirov pedaqoq kimi də fəaliyyət göstərmişdir. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Pedaqoji Universitet) musiqi kafedrasında alətşünaslıq dərsləri aparmışdır. Bu dövrdə bəstəkar teleradio şirkətində də səs rejissoru kimi çalışmışdır. Sənətdə yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətinə verdiyi töhfələrə görə bəstəkar, 1989-cu ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Kino musiqisi sahəsində məhsuldar işləyən Adil Bəbirov 12-yə dək filmə musiqi bəstələmişdir. Bu sırada «Oxu tar» (1968), «Sevinc» (1968), «Azərbaycan ipəyi» (1972), «Pəncə..qulaq..palaz..tikan.» (1976), «Bağda rahat yer» (1978), «Sağ ol, dostum» (1980), «Böyük anda sadiqik» (1981), «Ekskursiya» (1991), «Yurd yeri» (1994-97), «Cümhuriyyət generalları» (2006), «Bağ yerində» kimi filmlər misal göstərilə bilər. Bəstəkarın Qarabağ torpağından məcburi köçkün düşmüş insanların real həyatını əks etdirən, «Yurd yeri» televiziya tamaşasına yazdığı musiqi onun son vaxtlarda yazmış olduğu əsərlərindəndir.
1990-2001-ci illərdə Adil Bəbirov musiqi folklorumuza müraciət edərək təksəsli olan, bir sıra Azərbaycan xalq mahnılarını harmonizə etməklə fortepiano üçün işləyib.
Mahnı janrına sadiq qalan, ona vaxtaşırı müraciət edən bəstəkar bu janrın gözəl nümunələrini yaratmışdır. Onlar sayca bir o qədər çox olmasa da, qeyri-adi melodizmi, təzə harmoniyası ilə seçilir və üslub cəhətincə heç kəsə bənzəmir. Televiziyada və radio efirindən biz bu mahnıları tez-tez dinləyirik. İndiyədək təəssüf ki, bu nəğmələrin not yazıları nəşr olunmadığından onları təhlil etmək mümkünsüz olmaqla, peşəkar səhnəyə ayaq açması da əngəllənir. Belə mahnıların notsuz ifası isə düzgün sayılmır və diletantlığa, özfəaliyyətə gətirib çıxarır. Əfsuslar olsun ki, mahnı janrında klassik nümunələr yaratmış görkəmli bəstəkarımız Tofiq Quliyevin də efirdə və peşəkar səhnədə səslənmiş, lakin indiyədək not yazısı bizə bəlli olmayan, hamının dillər əzbəri olan azı 50-yədək mahnısı nəşr olunmamışdır.
Adil Bəbirovun mahnılarını Şövkət Ələkbərova, Oqtay Ağayev, Yaşar Səfərov, Yalçın Rzazadə, Elmira Rəhimova, Akif İslamzadə, Mobil Əhmədov və başqaları ifa etmişlər. Bəstəkarın mahnılarının mətnləri tanınmış şairlərimizdən Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Yusif Həsənbəy, Vaqif Səmədoğlu və başqalarının şeirlərindən götürülmüşdür. Həmin mahnılar bunlardır: «Bilirsən özün», «Oyan», «Taleyim olar», «Görüşə gəl», «Çiçək açar ömrümüz», «Ana laylası», «İncitmə məni», «El üçün», «Özünlə apar», «Ceyran baxışlı yar», «Bənövşə», «Salam olsun», «Ey vətən», «Yurd yeri» və s. Bu mahnılar o qədər səmimi yazılmışdır ki, onların hər biri geniş formalı əsərə bərabər sayıla bilər.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 18 aprel.- S.13.