Sandro Axmeteli –
inqilabçı və avanqard
Gürcü
rejissoru Azərbaycan sənət ustaları ilə də
dostluq edib
«Peşmançılıq»
filmində bir obraz var: rəssam Barateli obrazı. Filmin rejissoru
Tengiz Abuladzenin fikrincə bu obrazın prototipi bir deyil,
üçdür. Bu barədə rejissor özü
«Literaturnaya qazeta»ya müsahibəsində belə demişdir:
«Mənim kinostudiyaya yolum həmişə bir neçə
küçədən keçirdi. Bu küçələr
görün, kimlərin adını daşıyır:
görkəmli rejissor Sandro Axmetelinin, dirijor Yevgeni Mikoladzenin və
bir də görkəmli partiya xadimi Mammi Oraxelaşvilinin. Və
bu küçələrdən keçə-keçə istər-istəməz
onların faciəvi taleyini düşünməli olurdum: elə
adamlar ki, vaxtilə haqsız tutulmuşdular, haqsız işgəncələrə
düçar olmuşdular və sonralar bəraət
qazanmışdılar».
Rejissor Aleksandr (Sandro) Axmetelinin qəribə yaradıcılıq yolu var. Keşiş ailəsində doğulsa da ictimai hərəkata çox tez qoşulub. 1905-07-ci illər inqilabında iştirak edib. 1909-cu ildən başlayaraq mətbuatda incəsənət problemlərinə dair məqalə və ressenziyalarla çıxış eləyib. Əksər tanış-bilişi onu «Sandro» kimi tanıyırdı. 1907-ci ildə Taso adlı bir qızla evlənən S.Axmeteli xeyli sonra ondan ayrılmış, tanınmış aktrisa Tamara Sulukidze ilə ailə həyatı qurmuşdu.
Peterburq universitetinin hüquq fakültəsinə daxil olan Sandro sevdiyi incəsənətdən də ayrılmır. Tətilə buraxılarkən Gürcüstana mütləq gəlir, deyilənlərə görə, Telavidə və Maçxaanidə həvəskarların teatr tamaşalarını təşkil edirdi.
1916-cı ildə universiteti bitirən Axmeteli doğma Gürcüstana qayıdır və əsaslı surətdə teatr işinə qoşulur. 1919-cu ildə o, Arakişvilinin «Şota Rustaveli haqqında dastan», bir il sonra Şanşiaşvilinin «Berdo Zmaniya» pyeslərini tamaşaya qoyur.
Elə ilk tamaşalar
Axmetelinin böyük
istedadından xəbər verirdi. O,
görkəmli teatr xadimi
və rejissor Konstantin
Marcanişvilinin şagirdi
olsa da, müəlliminin
yolu ilə getmədi. «Lamara»
pyesinin ilk
tamaşasını müəllimi hazırlayıbmış,
birdən-birə xəstələnir və sonrakı tamaşalara quruluşu Axmeteli verməli olur. Marcanişvili şagirdinin verdiyi
orijinal traktovkanı görərkən öz variantından imtina
etməli olmuşdu. 1924-cü ildən Rustaveli teatrının baş
rejissoru kimi fəaliyyətə
başlayan Axmeteli Şanşiaşvilinin «Ereti
qəhrəmanları», Şekspirin «Vindzorun qeybətcil qadınları», Şillerin «Qaçaqlar», Qlebovun «Zaqmuk», Kirşonun «Küləklər şəhəri»
və s. pyeslərini tamaşaya
qoyur. Axmeteli gürcü səhnəsində rus klassikasına da quruluş verib. Lakin Sandro Axmetelini
daha çox milli dramaturgiyanın təcəssümü
maraqlandırırdı. Axmeteli özü yazırdı ki,
«Rustaveli adına teatr
milli sənət uğrunda
mübarizənin məhsuludur». Axmeteli Gürcüstan teatr sənətinin
inkişafına böyük təsir
göstərmiş, Rustaveli
teatrının simasında romantik-qəhrəmanlıq istiqamətinin
bərqərar olmasında böyük rol oynamışdır. O özünü
tamamilə sənətə həsr etmiş
peşəkarlardan sayırdı.
Rejissorun yaradıcılıq sirri nədə idi?
Emosionallıq, yaradıcılıq fəhmi, tamaşanın üzvi və ahəngdar vəhdətinə nail olmaq Axmetelinin başlıca məqsədlərindən sayılırdı. Marcanişvili müəllif üslubuna xüsusi nüfuz etməyə çalışırdısa, Axmeteli daha çox poetikliyə meyl göstərirdi. Təsadüfi deyil ki, ritm onun rejissor dəst-xətinin mühüm ünsürünü təşkil edir. O, söhbətlərindən birində deyirdi: «Hər insan öz ritmi ilə yaşayır və buna görə də adamların ritminə görə müxtəlif təəssüratlar müxtəlif cür hasil olur. Müxtəlif adamlar müxtəlif cür əzab, iztirab çəkirlər, çünki onlarda həyat ritmləri müxtəlifdir. Bu rolu oynayan aktyor həmin ritmi tutmalıdır».
Sandro Axmeteli
yaradıcılığı müxtəlif sənət sahiblərinin
gözü ilə daha
ətraflı təhlil olunur. Professor Vasili
Kiknadze: «Sandro Axmeteli teatrı inam, əqidə teatrı idi. Ona skeptisizm, kinayə, həyatın laqeyd seyri yad idi.
Onun tamaşalarının qəhrəmanları
öz doğruluqlarına
inanırdılar».
Rejissor Mixail Tumanişvili: «Axmeteli səhnə ritmlərinin bəstəçisi
və dirijoru idi. Bu, çox
şeydə – aktyor oynunda, mizan səhnələrində, dekorasiyaların
plastikasında hiss olunurdu».
Rejissor Qiqa Lordkibanidze: «Bütün gürcü rejissorları
kimi mən də Marcanişvili və Axmeteli yaradıcı irsinin təsirini hiss eləmişəm.
Ən yaxşı tamaşalarımdan
birini – «Kaxaberin qılıncı»nı Axmetelinin
bizə qoyduğu irsin təvazökar davamı hesab edirəm».
Axmetelinin tamaşaları heç də bir çoxlarında
razılıq hissi doğurmurdu. Bir çox gənc
aktyorlar ona sığınsalar da digər partiya və sovet ideoloqları
ondan yerli-yersiz narazılıq edirdilər.
Lakin bir neçə nəfəri çıxmaq
şərtilə teatrın
kollektivi onu sevir və cidd-cəhdlə
müdafiə edirdi.
Sandro çox istedadlı və yenilikçi idi. Buna görə
də onu müxtəlif teatrlar dəvət edirdi. S.M.Kirov adına
Leninqrad teatrı «Knyaz İqor»u tamaşaya qoymaq üçün Axmetelini Leninqrada dəvət etmişdi. Sandro Axmeteli Azərbaycan
sənət ustaları
ilə dostluq əlaqəsi saxlamış,
onlara bəzən praktik məsləhətlər
vermişdir. Onların sırasında
İbrahim İsfahanlı,
Əli Şahsabahlı,
Ələkbər Seyfi,
Ülvi Rəcəb və b. vardı. Sənətşünas Teymuraz Cəfərli
«Böyük dostluq səhifələri» kitabında
bir epizodu misal gətirir. Onun fikrincə, rejissor İbrahim İsfahanlı Hüseyn Cavidin «Topal Teymur» tarixi
dramını tamaşaya
qoyarkən Sandro Axmeteli ona bir
çox qiymətli yaradıcılıq məsləhəti
vermişdir. İbrahim İsfahanlının
oynadığı Topal
Teymur obrazı tamaşaçılar sırasında
oturan S.Axmetelini və K.Marcanaşvilini heyran etmişdi.
Hacıağa Abasovun «Xatirələr»ində
qeyd olunur ki, 1935-ci ilin mayında Tiflisdə keçirilmiş Zaqafqaziya
respublikalarının olimpiyadasında
o, S.Axmeteli ilə görüşübmüş. Xatirə
müəllifi xatırlayır
ki, Azərbaycan nümayəndə heyətini
Tiflis vağzalında S.Axmeteli,
A.Xoreva və A.Vasedzedən ibarət üçlük qarşılamış,
Ü.Hacıbəyov, Ə.Əzimzadə
və H.Abasovu mehmanxanaya, digər iştirakçıları isə
məktəblərə aparmışdılar.
Olimpiyadanı Gürcüstanın o vaxtkı rəhbərlərindən
biri F.Mexeradze açmış, görkəmli
partiya və dövlət xadimləri nitqlər söyləmişdilər.
Konsert nömrələrini elan etmək Gürcüstan tərəfdən Axmeteliyə
və Azərbaycan tərəfdən H.Abasova
həvalə edilibmiş.
Gürcüstan Xalq Komissarları
Sovetinin sədri Semyon Çoxelinin evində ziyafət də olimpiyadanın unudulmaz səhifələrindən
olmuşdu. Qayıdanda
da S.Axmeteli, A.Xoreva və A.Vasedze bizi Poylu stansiyasınacan yola saldılar.
Rustaveli teatrının 1935-ci ilin yayında Bakıda qastrolları respublikamızın
mədəni həyatında
maraqlı hadisə kimi qarşılanmışdı. Teatr truppası M.F.Axundov adına Opera və Balet teatrında
bir neçə tamaşa göstərmişdilər.
İlk qastrol əsəri Vaja Pşavelanın «Lamara» adlı tarixi pyesi idi.
Xevsurların həyatından bəhs
edən bu əsər Rustaveli teatrının milli dramaturgiyaya ilk müraciətlərindən
biri olmuşdu. Rejissor Axmeteli əsərin tamaşası
ilə əlaqədar
«Yeni yol» qəzetinin müxbiri ilə müsahibəsində
demişdi: «Bu pyes ilə teatr səhnə yaradıcılığının
milli formasını tapmaq vəzifəsini öz qarşısına qoymuşdur. «Lamara»nın quruluşunda biz səhnə
yaradıcılığının ilkin formasını tapmış və bu formanı inkişaf etdirmişik».
Gürcüstan teatrının Bakıda uğurlu tamaşalar verdiyi bir vaxtda
Azərbaycan mətbuatı
da bu teatrın
fəaliyyətini layiqincə
işıqlandırırdı. Qubad «Lamera» tamaşası haqqında «Kommunist» qəzetinin 14 iyan 1935-ci tarixli nömrəsində
yazırdı: «Bu pyes
xalq poeziyasını açıq-aydın göstərir.
Burada teatronun bütün kollektivini və onun bacarıqlı istedadlı rəhbəri xalq artisti Axmeteleni
alqışlamaq lazımdır.
Onlar romantikanı rəngsiz, boyaqsız, olduğu kimi göstərdilər.
Kütləvi hərəkət, ustadlıq, bütün kollektiv və ayrı-ayrı rollarda iştirak edənlərin birlikdə çıxışı,
bütün səhnə
meydanında bacarıqla
hərəkət etməsi,
Rustaveli teatrosu yaradıcılığının ən parlaq cəhətlərindən biridir».
Oktay
Xalq Cəbhəsi.-
2012.- 19 aprel.- S.15.