Şah İsmayıla qarşı ədəbiyyat
«Babəkə
kafir, Xətaiyə dini parçalayan, Rəsulzadəyə
torpaqları erməniyə verən, Nərimanova satqın
yarlıqları yapışdıran xalqın sabah Koroğlu
kimi mifik qəhrəmanından başqa heç nəyi
qalmayacaq»
Son
zamanlar Azərbaycanda bir sıra yazarların kitabları nəşr
olunur ki, bu kitablarda Azərbaycan dövlətçilik tarixində
müstəsna yeri olan Səfəvilər dövlətinə,
özəlliklə də Şah İsmayıla qarşı
olduqca təhqiramiz ifadələr işlədilir. Yazarlardan
buna necə münasibət göstərdiklərini
soruşduq. Bunun əsas səbəbləri nə ola bilər?
Yazıçı – dramaturq, fəlsəfə elmlər namizədi Firuz Mustafa hesab edir ki, Şah İsmayıl Azərbaycan xalqının və ədəbiyyatının tarixində müstəsna yeri olan şəxsiyyətdir: «Amma onun bir sıra səhvləri də olub, xüsusən, təriqət bölücülüyü sahəsində. Amma bütün bunların heç biri böyük dövlət xadimini və şairi təhqir etməyə əsas vermir. Şah İsmayılı idealizə etməyə ehtiyac yoxdur, onu tənqid etmək olar. Amma təhqir etmək – bu, yolverilməzdir. Təəəssüf ki, bizdə hələ də ifrat düşüncələrlə yaşayanlar var»…
Yazıçı – dramaturq Şəbnəm Xeyrullanın fikrincə bu münasibət təkcə Səfəvilərə və ya Şah İsmayıla qarşı yönəlməyib: «Ümumiyyətlə, bu gün cəmiyyətdə tarixi şəxsiyyətləri aşağılamaq tendensiyası var. Əlbəttə, istisna eləmirəm ki, bunun kökü kənardan gəlmiş sifarişlərə bağlıdır. Lakin təəssüflər olsun ki, bəzi yazarlarımız sifarişin haradan gəldiyini bilmədən və ola bilər ki, ümumiyyətlə ondan xəbərsiz olaraq hər cür hədyan yazırlar. Məqsəd isə çox güman ki, yenilik, fərqlilik etməkdir. Axı bizdə nədənsə belə bir fikir var ki, nə isə iş görmək istəyirsənsə, mütləq özündən əvvəlkiləri əzib keçməlisən.
Əlbəttə, demək istəmirəm ki, tarixi şəxsiyyətlərimizin heç bir günahı, səhvi olmayıb, onlar ideal olublar. Hər insanın səhvi olur. Böyük insanların səhvi də böyük görünə bilər. Amma o səhvi tapan, görən adam müsbət işləri də danmamalıdır.
Bu gün Səfəviləri bəyənməyənlərin əlində yeganə arqument onun şiəliyi təbliğ etməsi, təriqətlərarası ixtilaf salmasıdır. Bəs bu məsələni gündəmə gətirənlər nəyə nail olur? Belə fikirləri gündəmə gətirmək, qabartmaq yeni qarşıdurmalara gətirib çıxarmırmı? Hələ yazılanın tarixi deyil, bədii əsər olduğunu və təbii ki, bəzi təxəyyül məhsulu olan yalanların da ora daxil edildiyini görəndə vəziyyət tamam başqa cür olur. Gəlin, unutmayaq ki, oxucuların əksəriyyəti tarixi romanlara elə tarix kimi yanaşırlar.
Bu gün Babəkə kafir, Xətayiyə dini parçalayan, Rəsulzadəyə torpaqları erməniyə verən, Nərimanova satqın yarlıqları yapışdıran xalqın sabah Koroğlu kimi mifik qəhrəmanından başqa heç nəyi qalmayacaq».
DGTYB başqanı, şair Əkbər Qoşalı hesab edir ki, Səfəvilərə, Şah İsmayıl Xətaiyə münasibətdə təhqiramiz ifadə işlətmək, ən yumşaq şəkli ilə desək, tərbiyəsizlikdir: «Tərbiyəsizlik isə səbəb-filan axtarmır hər halda. Azərbaycan tarixinin ən qüdrətli səhifələrini Səfəvilər, Şah İsmayıl Xətai yazıb. Şah İsmayıla qarşı olmaq bir yana, üstəlik, bu münasibətsizliyini kitablaşdırmaq, olsun ki, məqsədyönlü bir işdir. Əgər belə deyilsə, o zaman o tərbiyəsizliyi edən «yazar» bəlkə bu minvalla diqqət cəlb eləmək, özünü tanıtmaq istəyir. Necə pis yol, nə bədbəxt aqibətdi»…
Yazar Varisin fikrincə Xətaini tariximizin ən böyük şəxsiyyətlərindən biri, tarixdə mövcud olan yeganə Azərbaycan imperiyasının banisidir: «Ona həqarət yağdıranlar isə sadəcə, dağı çınqıl atmaqla dağıtmaq istəyən zavallılardir… Bilirsiniz, son vaxtlar belə tendensiya yaranıb: biz özümüz heç nə edə bilmirik, amma edənlərə çamur atırıq».
Şairə Feyziyyə Hacızadə hesab edir ki, bunun səbəbləri müxtəlif ola bilər: «Dediyin mövzularda olan kitabları düzü oxumamışam. Konkret kimin kitabından söhbət getdiyini bilmirəm. Amma bu gün bizdə posmodern yanaşma xətrinə dekonstruktiv yazılar yazılır, gündəmdə qalmaq üçün filan. Bunun da səbəbi bəllidir. Oxunaqlı yazı yazmaq hər gün mümkün deyil».
Yazıçı Şəbnəm Karslının fikrincə indi məşhurlaşmağın və səs gətirmənin ən yaxşı metodu «çamur atmaqdır» ki, bunu da indiki gənclik çox yaxşı bacarır: «Əlbəttə ki, sözüm hamıya aid deyil. Şah İsmayılı təhqirlərin əsas səbəbləri ilə bağlı isə iki səbəb görürəm. İlk olaraq bu tip yazılar Türkiyə mənbəli dinçi kəsimdən sifarişlə gəlir. İkincisi isə «dəb»lə bağlıdır. Necə ki gənclər Anar, Elçin haqda yazmaqla gündəmdə qalmağa çalışırlar, eləcə də tarixin bəzi səhifələri və şəxsiyyətləri haqqında danışmaq dəbdədir: Babək, Xətai, Məhəmməd Peyğəmbər və s. Bəlkə də başqa arqumentlər var, lakin məncə əsas səbəblər yuxarıda dediklərimdir».
Yazar Rüfət Əhmədzadə hesab edir ki, bu sadəcə tarixinə nadanlıqla izah oluna bilər: «Həm də bu müəlliflərin yetişdiyi bölgəyə və doğulduğu mühitin məzhəbinə də diqqət etmək lazımdır. Bu yazar ateist olsa belə. Düşünürəm ki, Şah İsmayılı 500 ildən sonra durub din altında xalqı birləşdirdiyinə görə qınamaq axmaqlıqdır. Məhəmməd peyğəmbər də insanları birləşdirdi, inkişaf üçün yol açdı. Ondan sonra baş verən proseslər isə ayrı məsələ. Şah İsmayılın dövrünə də belə yanaşmaq lazımdır. Səfəvilər ən güclü Şərq dövləti olmaq istəyirdilərsə, bunu qınamaq lazım deyil. Mən Nadiri qınayardım ki, o cür dövləti, o cür irsi məhvə məhkum elədi. Bu qədər. O yazarlar nənələrini döyə-döyə sevən babalarını qınasınlar ondansa».
Şair – tərcüməçi, «Dünya ədəbiyyatı» jurnalının baş redaktoru Səlim Babullaoğlu bu cür halları qınayır və təəssüf edir: «Hesab edirəm ki, azərbayacanlılar, Azərbaycan yazıçıları da o cümlədən, nə uzaq,nə yaxın tarixlərindən dərs almayıblar. Bir vaxtlar rus təsiri altında tariximizin ciddi, əhəmiyyətli simaları haqqında necə ürəklə pis danışırdıqsa, indi də hansısa naməlum və məlum təsirlər altında Şah İsmayılı qaralamaq istəyirlər… Şah İsmayıl Azərbaycan tarixinin nəhənglərindəndir. Bunu bilməyərəkdən edənlər təəssüflənəcəklər. Bilərəkdən edənlər isə tarixin küllüyünə atılacaqlar»…
Yazar, Ann.az xəbər portalının rəhbəri Zahir Əzəmət konkret hansı kitabları nəzərdə tutduğumuzu bilmir: «Təəssüf ki, oxumamışam. Ümumi olaraq, rəy bildirim ki, tarixi şəxsiyyətlərin müzakirəsini normal qəbul edirəm. Heç nə və heç kim müzakirədən sığortalanaraq, Allaha şərik qoşula bilməz. Amma istər günümüzün sıra nəfəri olsun, istər tanınmış və tarixi şəxsiyyət – heç kimi təhqir etmək olmaz».
Türkiyədə yaşayan jurnalist həmyerlimiz Kəbutər Haqverdinin fikrincə bunun kökləri çox dərindir: «Şah İsmayıl bildiyimiz kimi tarixən Türkiyə-Azerbaycan yaxınlaşması ücün ən böyük əngəl olub. Osmanlı sarayındakı ermənilər bunu gözəl bacarıblar. Azərbaycan torpaqlarında qriqoryan kilsəsinə qucaq açan Şah İsmayıl olub. Bu tarixi faktdır və bu da düşmənçiliyi daha da qızışdırıb. Osmanlı dövləti də tələm-tələsik qriqoryanları yerbəyer edib hakimiyyətdə söz sahibi halına gətirib və görün bizə nə miras qalıb? Qarabağ savaşı Azərbaycana, soyqırım iddiası isə Türkiyəyə. Məncə, bu dediklərim elə cavabdı. Tariximizi yaddaşdan silmək beyinləri yumaqdır. Daha dərinə getsək bu işlərin altından imperialist qüvvələr, I Pyotrdan başlayan rus siyasəti və qızıldərililəri soyqırım edən, yeni dünya axtarışına, yeni ova çıxan Amerika çıxacaq.
Bizim dəllallar da «pul olsun» – deyib bu işə ya bilərəkdən ya da bilməyərəkdən (ola bilərmi sizcə belə? Buna artıq siz cavab axtarın) onların alətinə çevrilibler. Mənim nəzərimdə özünü tüfeyliliyə qoyub küçə ədəbiyyatı yaradan, Hitleri ideala çevirən qələm sahibi ilə Orhan Pamuk kimi birini gətirib Azərbaycanda milli qəhrəman səviyyəsinə qaldıran yazarlarla Azərbaycanın neftini erməniyə satan və indi də xaricdə oturub iqtidarın istefası üçün mübarizə aparan satqınların heç bir fərqi yoxdur».
Oktay
Xalq Cəbhəsi.- 2012.- 21 aprel.- S.11.