Dərvişlər xalçası

 

İslam dininin batini açıqlanması təsəvvüfdə – yəni sufilikdə geniş əks olunur. Təsəvvüf – Allaha olan Eşqin təzahürüdür. Sufilik – Allah qarşısında mütiliyin ən bariz nümunəsidir. Sufilik – yaşayış tərzidır. Öz nəfsinə cihad demiş sufinin həyatı zikrdədir. Zikrin üsulları isə bir-birindən fərqlidir. Bu fərq təriqətlərdə aşkarlanır. Təriqət – sufinin Haqqa qovuşmaq naminə keçdiyi yoldur. Bu yolun hər məqamı sirli bir aləmdir. Adi kəslər üçün bu, olmazın işgəncə, başdan-ayağa əzabdır. Ancaq sufi üçün bu yol sevinc mənbəyidir. Ancaq sufi bu yolda başqalarının hiss etmədiyini duymağa qadirdir. Hamı üçün qaranlıq qalan məqamlar sufi üçün açıq-aşkardır.

Təsəvvüfün islam mədəniyyətinə təsirinin danılması mümkünsüzdır. İslam Şərqinin ən böyük alimlərinin, şairlərinin, rəssamlarının, sənətkarlarının çoxu təsəvvüf yolçuları olublar. Bununla da sufi dünyagörüşü, sufi fəlsəfəsi islamın bərqərar olduğu ölkələrin mədəniyyət abidələrində, o cümlədən təsviri və tətbiqi sənət nümunələrində öz əksini tapmaqdadır. Dünyanın sufi təfsiri islam mədəniyyət abidələrinə həkk olunub. Belə əsərlərdən biri hazırda Azərbaycan Dövlət incəsənət muzeyindədir. XIX yüzillikdə Təbrizdə toxunmuş şedevr – «Dərvişlər» xalçasıdır. Ərişi yun, arğacı yun, ölçüləri isə 227 x 137 sm-dir. Xalçanın ortalığında ellips şəkilli medalyon – göldə oturmuş beş insan fiquru görünməkdə. Haşiyə daxil olmaqla medalyonun dörd tərəfi Təbriz məktəbinə xas nəfis nəbati ornamentlərlə əhatələnmişdir. Xalçada təsvir olunmuş bu fiqurların sufi ənənələrinə uyğun geyimləri və təsvirdəki digər sufi atributllarına görə xalçaya «Dərvişlər» adı verilmişdir. Bu şəxslərin kimliyi sual doğuran məsələdir. Əsas məsələ budur ki, xalçadakı yazılar ərəb əlifbasındadır. Əski əlifbamızı bilənlərsə azdır. Bu da ki, keçmişimizlə bizim aramızda uca bir sədd yaratmaqdadır.

Medalyonun yuxarı hissəsində iki çarpazlanmış təbərzin, onların kəsişmə nöqtəsindən asılmış kəşkül və 99 dənəcikli zikr təsbehi təsvirlənir. Bu, nemətullahiyyə sufi qardaşlığının emblemidirmüasir dövrümüzdə də fəaliyyətdə olan bu qardaşlığın emblemi olaraq qalmaqdadır. Emblemin hər bir elementi rəmzi mənaya malikdir. Burada təbərzin – nəfsin kəsilib atılmasına (yəni, tam asketliyə); səyyar dərvişlərə verilən sədəqələr üçün kəşkül – mənəvi yoxsulluğa (yəni, fəqrə); ibadət, zikr təsbehi isə Allah qarşısında mütiliyə; təbərzinlər arasındakı ərəb əlifbası ilə yazılmış «HU» – yəni «O» sözü isə bilavasitə Allaha işarədir. Lakin xalçada bu sözün əvəzinə qardaşlığın yaradıcısının adı – «Nemətulla Şah» yazılmışdır. Əgər müasir emblemə diqqətlə fikir versək onun «gülən insanı» xatırlatdığını görərik. Bunun özübir rəmz, yəni alnında (başında, ağlında) «Allah», gözlərində «Əli» (yəni Həzrəti Əli) adlarını gəzdirən, nəfsindən əl çəkib, mənəvi fəqrliyə qovuşan kəs həyatın mənasını dərk edərək, sevinc tapa bilər.

Zənnimcə, xalçada bu emblemin olması onun sifarişlə, çox güman ki, nemətullahiyyə sufilərinin sifarişi ilə hər hansı bir xanəgah və ya bu təriqətlə maraqlanan şəxs üçün toxunduğunu göstərir. Bundan irəli gələrək fərz etmək olar ki, xalçada təsvir olunmuş dərvişlər məhz nemətullahiyyə qardaşlığına mənsubdurlar. Lakin dərvişlərin portretlərinin yanında verilmiş kiçik medalyonlarda onların adları yazıldığından bu fərziyyənin yanlış olduğu aşkarlanır. Belə ki, ortada Nemətulla Şah (təsəvvüfdə «Şah-» – sufilərin başçısı, böyüyü anlamında işlədilir və təriqətdə ən yüksək səviyyəyə çatmış və ona başçılıq edən sufilərə verilir), ondan yuxarıda sol tərəfdə Şəms Təbrizi, sağ tərəfdə Soltan Bayə-zid, Nemətulla Şahdan aşağıda isə sol tərəfdə Əli Şah Müştaq, sağ tərəfdə Nur Əli Şah təsvirlənir. Sufilik tarixində görkəmli yer tutmuş bu müdriklərin bir araya gətirilməsində məqsəd həddən artıq maraqlıdır. Təsvirdə müdriklər müxtəlif dəri döşəklərin üstündə əyləşiblər. Dəri döşəklər təsviri sənətdə sufiliyə bir işarə, dərvişliyin dəlilidir. Emblemə uyğun çarpazlaşmış şəkildə yerləşdirilən fiqurlar kompozisiyada ahəng və «daimi hərə-kət» yaradan və təsvirin dinamik qavranılmasına imkan verən bir amildir.

Xalçada təsviri verilən böyük Azərbaycan şairi və mütəfəkkiri, arif, eşq sultanı Şəms Təbrizinin (Şəmsəddin Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi) doğum tarixi dəqiq məlum deyil. Ümumiyyətlə, onun həyatı haqqında məlumat çox az və təzadlıdır. Bəzi mənbələrdə onun əsli-nəcabəti məlum olmayan adi bir sərgərdan, əyyaş, savadsız olduğu bildirilirsə, digər mənbələrdə, əksinə, Şəms Təbrizinin ən kübar əsilzadə olduğu, həddən ziyadə mükəmməl təhsil aldığı bildirilir. Hər iki halda bu məlumatların dəqiqliyi şübhə doğuracaq rəvayətlərdən sayıla bilər. Lakin ona hələ lap cavan yaşlarında «mürşidi kamil» adının verilməsi Şəms Təbrizinin savadlı və dərin bilikli bir insan olmasını təsdiqləyə bilər. Heç bir ictimai qayda-qanuna riayət etməyən, insanı «çərçivələyə» biləcək bütün maneələri tanımayan, tamamilə asketzahid həyatı sürən Şəms Təbrizi XIII əsrdə yaşamışdır. O, şeyx Əbu Bəkr Sələbaf Təbrizinin müridi olmuşdur. Daima səfərdə olduğundan və yaşayış yerini tez-tez dəyişdiyindən Şəmsə «pərəndə» (uçan köçəri) ləqəbi də verilmişdir. Şəms Təbrizi ariflik səviyyəsinə çatmış sufi dərvişlərindən olmuşdur ki, onu «arif, izzətli mövla, xeyir işə çağıran, çıraq kimi parlaq, şüşə kimi duru, haqqdinin günəşi» adlandırırdılar.

Şəms Təbrizi 1244-cü ildə Mövlanə Cəlaləddin Rumi ilə görüşmək üçün Konya şəhərinə gəlir. Bu ildən başlayaraq ta 1247-ci ildə qətlə yetirilənə qədər orada yaşayır.

Şəms Təbrizi Mövlanə Cəlaləddin Ruminin dünyagörüşünə olduqca böyük təsir göstərmişdir. Məhz Şəms Təbrizi ilə görüşəndən sonra sufiliyə, təsəvvüfə gəlir və bir şair kimi formalaşır. Şəms Təbrizi öldürüldükdən sonra Mövlanə Cəlaləddin Rumi ona qarşı olan mənəvi sevgisini izhar etmək üçün qəzəllərini «Şəms Təbrizi» təxəllüsü ilə yazmışdır.

Qəbri Konyadakı «Əmir Bədrəddin» mədrəsəsindədir.

Xalçanın üzərindəki medalyonun yuxarı sol tərəfində sufilik tarixində adı ən böyük «aşiqlər» sırasında çəkilən Əbu Yəzid əl Bistami təsvir olunmuşdur.

Əbu Yəzid (Bayəzid) Təyfur ibn İsa məşhur Şərq mistiki, əsas sufi cərəyanlarından birinin yaradıcısı olmuşdur. Ölümündən sonra təşkil olunmuş təriqət onun adı ilə «təyfuriyyə» adlandırılmışdır. Bistam şəhərində anadan olan Əbu Yəzidin atası yerli əsilzadələrdən olmuşdur. Bayəzidin mürşidi sufi Əbu Əli əs-Sindi sayılır. Ölümündən sonra Bayəzid «Sultan əl arifin» (ariflərin sultanı) adını almışdır. Vəcdə gətirilmiş heyranlıq, aşiqi nəticədə Allaha qovuşdura biləcək, Allaha olan məstlik dərəcəsinə çatdırılmış «bihuş» sevgi Sultan Bayəzidin elmi üçün xarakterikdir. Şəxsi təcrübəyə əsaslanaraq Bayəzid belə nəticəyə gəlir ki, Allahın vəhdəti barədə düşüncələrə tamamilə qərq olduqda şəxsi «mən»in tam itirilməsi kimi ruhi hissiyyat yarana bilər. Belə ki, bu zaman şəxsiyyət itir, Allahda həll olur. Bu hala Bayəzid «fəna» adını vermişdir. Və bununla da Bayəzid müsəlman mistisizmində vacib hallardan biri olan «Sən Mənsən və Mən Sənəm» halını izhar etmişdir. Bayəzidin bu fikirləri müsəlman fəqihlərinin kəskin narazılığı ilə qarşılanırdı. O həmçinin meditasiya zamanı insan ruhunun meracı fikrini irəli sürürdü ki, bu da öz növbəsində fəqihlərin ona qarşı çıxışlarını gücləndirirdi.

Mövcud ictimai və şəriət qanunlarına sayğısızlıq göstərməsinə baxmayaraq Allaha olan hüdudsuz məhəbbətini tərənnüm edən Əbu Yəzid əl Bistami öz şəhərində çox məşhur və hörmət sahibi olmuşdur. Əbu Yəzid anadan olduğu şəhərdə bütün ömrünü yaşamış, sakit həyat tərzi keçirmişdir. Həyatında ancaq bir neçə dəfə çox az müddətə yerli fəqihlərin düşmənçilik münasibətindən şəhərini tərk etmiş, lakin tezliklə qayıtmışdır. Öz xoşu ilə ancaq Məkkə ziyarətinə gedərkən şəhərdən çıxmışdır. Bir çox sufilərdən fərqli olaraq Əbu Yəzid əl Bistami heç bir təriqətə və ya məktəbə mənsub olmamışdır. Əbu Yəzid əl Bistami əsl mistik zahid kimi insanlardan uzaqlaşaraq vaxtını hücrədə və ya evində təklikdə keçirmişdir. Bayəzid özündən sonra heç bir yazılı əsər qoymamışdır.

Açıq-aşkar göründüyü kimi nemətullahiyyə təriqətini tərənnüm edən nəfis toxunuşlu xalçanın üzərində Şəms Təbrizi və Sultan Bayəzidin təsvirlərinin olması bir qədər qaranlıqdır. Bu iki məşhur sufinin heç biri nemətullahiyyə təriqətinə mənsub olmamışlar. Belə ki, bu təriqət onların vəfatından qat-qat sonra yaradılmışdır. Hətta nemətullahiyyə qardaşlığının Məhəmməd Peyğəmbər (s) və imam Əlidən (ə) başlayan silsiləsində də Şəms Təbrizi və Sultan Bayəzidin adına rast gəlinmir. Güman etmək olar ki, bu iki Allah aşiqinin dünyagörüşləri, fikirləri, deyimləri nemətullahiyyə təriqətinin sufilərinə güclü təsir etmişdironlar təriqət tarixində mühüm rol oynamışlar. Xalçanın bütün təsviri bir sirr, bir tapmacadır ki, açılması müşküldür. Sufi «məkanında» içərisində bir qaziki balıq olan kiçik hovuz təsviri həmin sirlərdən biri, onun tapılması ancaq gümanla mümkündür. Balıqların biri adi vəziyyətdə, digəri isə arxası üstdə, yəni ölmüş vəziyyətdədir. Belə hovuz təsvirlərinə Şərq təsviri və tətbiqi sənət əsərlərində rast gəlmək mümkündür. Təsvir tam rəmzi məna daşıdığındıan onun hər bir elementinin açıqlanması mütləqdir. Bu mənim düşüncəmdir.

Balıq, onun təbiətinin (həm mənəvi, həmçinin də maddi) əhəmiyyətli aspektlərini açıqlayan bir neçə məna daşıyır. Balıq – yerlə göy arasında əlaqə saxlayan «Yer quşu»dur. Balıq, həmçinin, qurban rəmzidir. Balıq – müxtəlif ənənələrdə hətta müqəddəs bir varlıqdır. Babilistanda, Finikiyada, Assuriya və Çində mənəvi səmərəlilik rəmzidir. Daha sonralar balıq – əşyaların üst örtüyü altında gizlənən dərin daxili aləm simvolu, «sükut altında təlatüm» kimi qəbul olunur. Həmçinin yüksələn həyat qüvvəsinin rəmzi idi balıq.

Xristianlıqda balıq İsa Peyğəmbərin rəmzidir. «Balıqlar» – astroloji bürclər sisteminin sonuncu – 12-ci bürcüdür. Bürcün təsviri əks səmtlərə yönəlmiş qoşa balıqlardır. Balıqlardan biri yeni dövrənin başlanğıcını, o biri isə dövrədən çıxışı bildirir. Xalçadakı təsvirdə bu əlamət iki balıqdan birinin diri, o birisinin isə ölü kimi verilməsindədir. Əlkimya əsərlərində «İki balıq» astroloji bürcbalığın bədənində bulunan Can Ruhun əlaqəsidir. Burada Balıq – Can, Su isə Ruhdur. Balıqlartəsəvvüfün yaranması erasıdır.

Qaz isə müxtəlif xalqların əsatirlərində bir neçə simvolik məna daşıyıcısıdır. Asiya şamanlarının hind brahmanlarının təsəvvüründə qaz bir «minik heyvanı»dır ki, Ruhlar onun belində daimi mövcudiyyət həlqəsindən çıxmağa can atmaqdadırlar. Ezoterik elm baxımından burada balıqMəhəbbət aspekti, Qaz isə Şüur aspektidir. Bu belə bir düşüncədir ki, təsvir Ruhların təkamül tədricinə işarədir.

Azərbaycan xalçaçılıq sənətinin gözəl nümunələrindən sayılan «Dərvişlər» xalçasının üzərində təsvir olunmuş sufi şeyxlər haqqında qısa məlumat verməkdə məqsədim oxucuları məşhur islam mistiklərinin həyatları ilə ötəri olsa tanış etməkdir. Əfsuslar olsun ki, təqribən VIII əsrdən başlayaraq indiyə qədər şərq ölkələrində geniş yayılmış son zamanlar qərb ölkələrində həddindən ziyadə böyük maraq kəsb edən təsəvvüf barəsində oxucularımızın məlumatı yoxdur. Bir zamanlar ən böyük sufi mərkəzlərindən sayılan, Nizami, Nəimi, Nəsimi, Şəms Təbrizi, Seyid Yəhya Bakuvi, Xətai, Füzuli, Mir Möhsün Nəvvab ( s.) kimi böyük aşiqlərin yaşayıb-yaratdıqları Azərbaycanda sufilik haqqında bilgi çox azdır. Bu isə bizim tariximizin mədəniyyətimizin ayrılmaz səhifəsidir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 25 aprel.- S.15.