Tənqidə qarşı təhdid…

 

 «Son zamanlar yazıçı Anara qarşı başlanmış bu antitürk kampaniya, Azəribaycanın milli kültürünü dünya mədəniyyəti səviyyəsinə çıxara bilən Türk ziyalısına, o cümlədən Azəri -Türk millətinə qarşı yönəlib. Biz milli-mənəvi dəyərləri zənginləşdirən zəka işıqlarımızı, həm sağlığında, həm də dünyalarını dəyişəndən sonra müdafiə etməli, yaradıcı insanlarımızı qorumalıyıq. Vaxtında qoruya bilmədiyimiz onlarla ziyalımız bu düşmən xislətli «goreşənlərin» hədəfində məhv olub getdi.

Azərbaycan millətinin bütün faciələri, onun ziyalısını qoruya bilməməyinin nəticəsində baş verib.

Bütün türk millətçilərinə müraciət edərək bildiririk ki, millətin ziyalısına qarşı yönəlmiş hər bir təhqirin cavabı həmin anda verilməlidir. Heç kimin bizim millətimizin yaradıcı insanlarının şəxsiyyətini və yaradıcılığını təhqir etməyə cürəti çatmaz, bu təşəbbüsdə bulunanlar layiqli cavabını alacaqlar».

Bu bəyanat özünü «Dünyəvi Bozqurp Partiyası» adlandıran və bir nəfərdən ibarət «siyasi təşkilat»ın sədrinə məxsusdur. Doğurdanmı, Anara qarşı başlanan bu aksiya anti – türk kompaniyasına xidmət edir? Bu sualla yazarımıza müraciət etdik.

Yazar Babək Göyüş hesab edir ki,Dünyəvi Bozqurd partiyasının Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın müdafisi ilə bağlı verdiyi bəyanatın, sözün düzü nəyə xidmət etdiyi anlaşılmazdır: «Əgər Anarın şeirinə və müsahibələrinə cavab olaraq yazılan yazılar, verilən müsahibələr doğrudan da qanından, canından türkçülük yağan bir insanı aşağılamağa xidmət edirsə, mən də bir türk olaraq buna qarşıyam. Ancaq hadisəni yaxından izləyən bir yazar deyə bilərəm ki, Azərbaycan Yazıçılar Birliyində və ondan kənarda fəaliyyət göstərən yaradıcı insanlar arasındakı bu «münaqişə»yə 1922-1937-ci illərdə olduğu kimi qatı türkçülük damğası vurmağın özü bir az insanı düşünməyə vadar edir. Bu ideyanı görəsən, kimlər ortaya atıb? Və sual içindən belə bir sual meydana çıxır ki, «qarşı tərəf» deyəndə hansı millətin nümayəndələri nəzərdə tutulur?

AYB-nin üzvü kimi səmimi deyirəm ki, Anarın yazdığı şeiri onun adına layiq hesab etmirəm. Zənnimcə, həmkarımıza o şeiri yazıb nəşr etdirmək ideyasını verənlər elə onun özünü hörmətdən salanlardır. O ki, qaldı, hansısa yazarın ona kəskin və yaxud bir az yumşaldıcı cavab yazmağına, buna da təbii baxıram və onları dəstəklədiyim anlar dəstəkləmədiyim anlardan qat-qat çoxdur. Birincisi, ona görə ki, dövlətdən maliyyələşən bir qurum, özü də yaradıcı qurum, digər qurumlardan fərqli olaraq daha çox şəffaf, daha çox seçkilidaha çox informasiya yüklü olmalıdır. Olmayıbsa, deməli, AYB haqqında yazılanların köklü əsası var».

Yazar Şəbnəm Karslının fikrincə Anar milliyətçi xarakter deyil: «Valideynləri, özü və övladları yaradıcı şəxslər ola bilər, lakin nə valideynləri, nə də ki özünün sağçı kəsimlə bir əlaqəsi yoxdur. Bu bəyanat mənasız söz yığınından ibarət təhdiddir, vəssalam»!

DGTYB başqanı, şair Əkbər Qoşalı hesab edir ki, Anar müəllim ömrünün ixtiyar yaşında olan xalq yazıçısıdır: «Məncə onaonun yaşda olanlara, ümumiyətlə hər insana qarşı münasibətdə ədəb-ərkan gözlənməli, obyektivlik olmalıdır. Bir qrup yazarın münasibətinə, daha doğrusu münasibətsizliyinə qarşı partiya bəyanatının olması isə, doğrusu mənimçün gözlənilməz və maraqlı oldu».

Şairə Nisəbəyimin fikrincə «adam daşlamaq» kompaniyasının son vaxtlarda aktuallaşması çox acınacaqlı tendensiyadır: «Belə repressiyaların kimlər tərəfindən aparılmasından asılı olmayaraq, zərər çəkən ictimai fikrimiz, mədəniyyətimizdir. Təəccüb doğurur, Anardan başqa Azərbaycanda yazıçı yoxdur? Niyə bütün qalmaqallar məhz Anarın ətrafındadır? Ona görə ki, Anar Yazıçılar Birliyinin sədridir. Əgər vəzifəsi, yəni kreslosu olmasaydı, yəqin ki, o biri ziyalılar kimi kimsənin diqqətini çəkməyəcəkdi. Mübahisələr Anarın yaradıcılığı ətrafında getmir, məhz tutduğu kreslo ətrafında gedir. Hər halda yazıçı olaraq, kifayət qədər oxunmuş, kütləviləşmiş, təqdir qazanmış, sevilən bir yazıçıdır. Hələ ki, mən onun yaradıcılığını mənfi yöndən təhlil edən ciddi bir əsərə rast gəlməmişəm, qəzetlərdə gedən şəxsi xarakter daşıyan xəbərlərdən başqa.

Ziyalılar əleyhinə daşqalaq kampaniyası aparmaq, bu xalqın əleyhinə işləmək deməkdir. Əgər belə bir siyasi akt varsa, mən bundan çox məyus oluram. Məsələ Anarda deyil. Məsələ cəmiyyətin korlanmış psixologiyasındadır. Təəssüf ki, hələ də «daşqalaq» təfəkkürü ilə yaşayan insanlardadır. Və bunlar özlərini ziyalı adlandırır. Mən istərdim ki, Yazıçılar Birliyi ləğv olunsun və yerində də heç bir qurum yaranmasın. O biri gənc, qoca, kişi, qadın, azad, qul, ölüdiri təşkilatlar da ləğv olunsun».

Yazıçı – publisist Zümrüd Yağmur hesab edir ki, Anara qarşı əslində elə ən böyük kompaniya onun yazdığı son yazı idi: «Anara qarşı güya antitürk kompaniyası aparan adamlar məgər onun zorən belə bir həcv yazmağa məcbur edib? Anar kifayət qədər ağıllı və soyuqqanlı adamdır və onu kimsə belə yazı yazmağa məcbur edə bilməz. Savaş gəncliyə qarşı deyil, Azərbaycan ədədbiyyatını və mənəviyyatını bu günə salanlara qarşı olmalıdır. Ümumən indiki halda ədəbiyyatı Anar və gənclər savaşına çevirməyin əleyhinəyəm».

Yeni Yazarlar və Sənətçilər Qurumunun başqanı yazıçı – kulturoloq Aydın Xan hesab edir ki, Anar bu millət üçün dəyər kəsb edən insanlardan biridir: «Bu dəyər kəsb edən insanlara hücumların özü belə əslində qeyri-etik sayılır. Baxmayaraq ki, bizdə bu baxımdan ədəbi- bədii polemikadan daha çox Anarın şəxsiyyətinə və onun tutduğu ictimai-siyasi mövqeyə hücumlar olur. Mən indiyə kimi çox az saylı fikirlər və mülahizələr görmüşəm ki, Anarın yazdığı hansısa bir əsərlə onu tənqid edən insanlar, ələxsus da gənc yazarlar razılaşmasınlar. Bizim kənddə qoz ağacı vardı. Dəyənək götürüb qoz ağaclarını siləkəmək xətrinə bəzən elə olur ki, bütün ağacı güdaza verirdik. Obrazlı şəkildə desək, Anara atılan daşlar əslində millətə atılan daşlardır. Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini robotlar yaratmır, onu şairlər, yazıçılar və xüsusən də Anar kimi, Anardan əvvəl və Anardan sonra yazıb-yaratmış yazarlar yaradırlar. Bu doğrudan da Azərbaycan ədəbiyyyatına, mədəniyyətinə, mənəviyyatına edilən bir hücum kimi dəyərləndirilməlidir. Özümbir neçə dəfə ekspert kimi çıxışlarımda vurğulamışam ki, xarici ölkələrdə bu tip hadisələr, polemikalar adətən kitab piarı üçün, hər hansı bir yeni kitab nəşr olunmamışdan öncə hazırlanır və kitabların satışına hesablanır. Amma bizdə anlaya bilmirəm… Balaca bir məmləkətdə, kitablarımız satılmır, ölkə əhalisinin yalnız iki faizi aktiv oxuculardır ki, bunun da əksəriyyəti qələm adamlarıdır. Və bunların da bir-birinə hücum etməsi başa düşülən deyil».

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 27 aprel.- S.13.