Dilimizi qoruyaq
Professor Əzizxan Tanrıverdi:
«Köhnəlmiş hesab olunan sözlər də dilimizə
qayıdır»
Dili qorumaq milləti, habelə
dövləti, dövlətçiliyi təsdiq etməkdir
Çox
hallarda dilimizin gözəlliyi haqqında ritorik, bəlağətli
söyləmələrdən o yana gedə bilmirik. Son nəticədə
hər birimizin biganəliyi damla-damla
yığışır, bütövlükdə biganəliyimizi
təsdiq edir. Tarix boyunca bir millət olaraq bizi sevməyənlərin
başımıza gətirdikləri, yaxud
özümüzün biganəliyimiz, ya bir-birimizi sevməməyimiz
ucbatından yaranan fəlakətlər səbəbindən ana
dilimiz çoxsaylı zərbələr alıb. Baxmayaraq ki, əksər
hallarda dilimiz mətinliyini qoruyub, ancaq zərbələr ona təsirini
göstərib. Belə ki, hazırda tarixi Azərbaycan ərazilərinin
az bir hissəsi əlimizdədir. Bu gün Azərbaycan türkcəsinin
lüğət fondundakı sözlərin yarıdan
çoxunun alınma sözlərdən ibarət olduğu
deyilməkdədir. Neçə il qabaq yenidən işıq
üzü görmüş iki hissəli «Azərbaycan klassik ədəbiyyatında
işlədilən ərəb-fars sözləri lüğəti»ndə
20 min söz cəmləşdirilib. Şərq birliyi naminə
ana dilimizdəki müəyyən ərəb-fars sözlərinin
həmişəlik qalması gərəklidir, ancaq bu qədər
çoxsaylı söz istər-istəməz
sabahımızda dilimizin mövcudluğu üçün təhlükə
yaradır. Klassik ədəbiyyatımızda işlədilən
bu sözlər tədricən, yüzillərlə ana dilimizin
gözəl, mənalı sözlərini
sıxışdıraraq aradan çıxarıb. Ancaq tarixən
öz sözlərimizi bu və ya digər əcnəbi
sözlə əvəz etməyi qəbahət hesab etməmişik,
əksinə, bunu qabaqcıllıq və intellektuallıq
saymışıq. Şübhəsiz, heç bir dil
özünə qapanıb qalmır. Onun başqa dillərlə
əlaqəsi, təbii ünsiyyəti olur. Nəticədə
bir dildən bu və ya digər dillərə çoxlu
sözlər keçir və ya əksinə: əksər
hallarda bu, qarşılıqlıdır. Ancaq faktdır ki,
tarixin çox dönəmlərində
işğalçılıq motivləri bu və ya digər
dilin başqa dili üstələməsinə, nəticədə
«dilin dili işğal etməsinə» səbəb olub. Fars
dilində Azərbaycan türkcəsinə məxsus min söz
belə yoxdur. Tarixən türk qılıncının zəhmini
dadmış çinlilərin dilində belə bu gün
türk sözlərinin sayı azdır. Türklər fitri
yaradıcılıq, bənzərsizlik keyfiyyətlərinə
malik olduqları dərəcədə həm də təəssüf
ki, arxayınlaşıblar. Dilimizi təəssübkeşliklə
qorumamışıq.
Bu
arxayınçılıq indi də xarakterimizdə
mövcuddur. Dili qorumaq milləti, habelə dövləti,
dövlətçiliyi təsdiq etməkdir. Bu gün
açıq-aşkar belə bir təəssürat yaranır
ki, şəhərdə, konkret olaraq Bakı, Sumqayıt, Gəncə
və başqa iri yaşayış məskənlərində
yaşayanlar ədəbi dilin bu və ya digər səviyyədə
inkişaf etdiriciləridir. Təbiidir ki, burada ilk növbədə
ziyalılar nəzərdə tutulur. Lakin hazırda ana dilimizin
elmi-rəsmi səviyyədə doğmalığını və
ülviliyini saxlaması çox hallarda görünmür,
bilinmir. Çünki bu gün elmi əsərlərin dili əvvəlki
dövrlərlə müqayisədə daha da qəlizləşib.
Habelə siyasi aləmin leksikonunda çoxlu yeni
anlayışlardan istifadə edilir, Azərbaycan
telekanallarında, özəl radiolarında ana dilimizin
qayda-qanunlarına biganə yanaşmaq baxımından xeyli məqamlar
tapmaq mümkündür. Deməli, bu gün ədəbi dilə
sayğı məsələsində hələ də məsuliyyətimiz
tam deyil. Bu, hər şeydən əvvəl aydınlarımızdan
mümkün qədər ana dilimizin tələbinə
uyğun səviyyədə köklənməyi tələb
edir. Ona görə də Azərbaycan dialetlərində olan,
bu və ya digər bölgədə işlədilən
sözlərin çalarlı, ümumişlək xarakterli
olmağa layiqlilərini seçərək onların əcnəbi
sözlərin qarşılığında işlədilməsinə
çalışmalıyıq. Bu gün əksər ucqar kəndlərimizdə
«dialekt» deyə işlədilən sözlərin
varlığı əslində o bölgələrə «mədəni
inqilabın» gedib çıxmaması ilə
bağlıdır. Təəssüf ki, bu gün
qloballaşma həşiri artıq ucqar yaşayış
bölgələrimizi də fəth etməyə girişib.
Ona görə də ləngimədən ana dilimizin
qayğısını çəkməliyik. Bayatı dili son
dərəcə təmizdir, çünki elat dilidir.
Bu
gün də Azərbaycanda söz
yaradıcılığı ilə məşğul olmaq ənənəsi
yaranmır. Təəssüf ki, sovet vaxtında da barmaqla
sayılası qədər söz yaranıb. Bu gün Azərbaycan
dilçiləri söz yaratmaq məsələsini yenə də
səyli şəkildə şair və
yazıçıların üzərinə atırlar. XX
yüzildə şair-yazıçılarımız tərəfindən
çox az söz yaradılıb. Bu, onu deməyə əsas
verir ki, söz yaratmaq xüsusi bir hadisə səviyyəsində
mütəxəssislər tərəfindən
olmalıdır. «Dədə Qorqud dastanları»nda söz
yaradıcılığı ilahi bir səviyyədə ənənələşib.
Bu mənada da Azərbaycana indi ifrat səviyyədə
dalğası çatan elmi-texniki inkişaf dövründə
yeni gələn termin və sözlərə qarşı
mümkün qədər «sipər çəkilməli», yəni
onların qarşılığının tapılmasına səy
etməliyik. Ana dilimizin qayda-qanunlarının qorunması
baxımından, xüsusən Bakının küçələrində
çoxsaylı mağazaların və digər obyektlərin
üzərindəki əcnəbi adlarla bağlı qəti
yönümüz olmalıdır. Digər bir fəlakətli
hadisə isə Azərbaycanın şəxs adlarının əksəriyyətinin
özgə adlardan ibarət olmasıdır. İndi kim
balasına demək olar, xoşuna gələn hansı ad varsa,
onu da qoyur. Əgər bir millət olaraq ana dilimizin təəssübünü
sözün böyük mənasında çəkəriksə,
bu, Güney Azərbaycanda soydaşlarımızın milli
oyanış mərhələsi üçün ciddi, mənəvi
sarsılmaz güc olar.
Professor
Əzizxan Tanrıverdi Azərbaycan Türkcəsinin
araşdırılması məsələlərilə
bağlı qarşıdakı problemləri belə təsnif
edir: «Dilimizin fonetika, leksikologiya, morfologiya və sintaksisi demək
olar, «eninə» öyrənilib, «dərininə» öyrənilmə
nisbətən məhduddur. Habelə etimologiya məsələləri
dərindən öyrənilməyib». Azərbaycan ədəbi
türkcəsinin inkişafda olduğunu deyən Ə.Tanrıverdi
dilimizə daim yeni sözlərin daxil olduğunu deyir:
«Köhnəlmiş hesab olunan sözlər də dilimizə
qayıdır. Habelə Avropa dillərindən birbaşa
dilimizə yeni sözlər daxil olur. Ancaq müstəqilliyə
qədər dilimizə sözlər əsasən rus dili vasitəsilə
daxil olurdu». Güney Azərbaycanda ana dilimizin ədəbi
yöndə, təhsildə işlədilməsi problemlərinə
toxunan Ə.Tanrıverdi bildirir: «Bu gün Güney Azərbaycanda
soydaşlarımız tərəfindən ana dilimiz ədəbi
yöndə işlədilir, nəsr əsərləri,
şeirlər yazılır. «Varlıq» dərgisinin nəşri
yaxşı hadisədir. Ancaq Güney Azərbaycanda ana dilimizdə
məktəblərimiz olmaması səbəbindən həm ədəbi
tələffüz, həm də orfoqrafiya məsələsində
ciddi problemlər var, vahid norma yoxdur. Bu baxımdan orada bu sahədə
vəziyyət Quzey Azərbaycandan geridir. Güneydə ana
dilimizə fars dilinin təsiri açıq-aydın sezilir.
Şəhriyarın dilində Güney Azərbaycan şivələrinin
təsiri demək olar, hər bənddə müşahidə
olunur. Ancaq buna baxmayaraq Şəhriyarın dilindəki şivə
detalları, xüsusən arxaik vahidlər dilimizin tarixini
öyrənməyimiz üçün ən əsas mənbələrdəndir».
Çağdaş
dönəmdə adına «Azərbaycan əlifbası»
dediyimiz gerçəkdir ki, latın qrafikalıdır; o deməkdir
ki, hərfi mənada «sözümüzün geyimi», yəni
qrafik işarələrimiz özümüzünkü deyil…
Bir xalqı özgələşdirmək istəyirsənsə,
öncə onun əlifbasını əlindən al; Stalin bunu
çox gözəl anlayırdı. Bu səbəbdən də
Azərbaycanla Türkiyə arasında «Ermənistan» adlı
bufer dövlət yaradıldıqdan sonra latın qrafikalı əlifba
da dəyişdirildi. Baxmayaraq ki, bu qrafika da
özümüzünkü deyildi. İmperiya qorxurdu ki, Azərbaycanla
Türkiyə arasında bağı məhz əlifba yaradacaq.
Əlifba dəyişdiriləndə artıq coğrafi
Türküstan da param-parça olmuşdu. Buradan bir daha
aydın olur ki, Türkün sabahında özünəməxsus
əlifbasının olması, ya da Orxon-Yenisey qrafikalı əlifbasına
yiyəlik etməsi necə gərəkli bir işdir. Necə
olur ki, Çin minlərlə heroqlifi olan əlifbasından əl
çəkmir, erməni ordan-burdan yığdığı
qondarma əlifbası ilə meydan sulayır,
gürcünün öz əlifbası var, ancaq 300 milyonluq
türk xalqının əlifbası olmasın? Axı bizim
bir xalq olaraq yaradıcılıq potensiyamız qətiyyən
tükənməyib. Deməli, sabahımızı gec də
olsa, bu sarıdan da düşünməliyik.
1893-cü
il noyabrın 25-də qədim türk-runi
yazılarının oxunması, qədim abidənin sirrinin
açılması və türk əlifbasının
aşkar olunması kimi tarixə düşüb. H.Cəfərov
bu tarixin yaşandığı qədim dövrü
«bütün türkləri birləşdirən enerji,
türklərin böyük mədəniyyət aktı» kimi dəyərləndirir,
bu şərəfli tarixi öyrənməyin, tədqiq və
təbliğ etməyin tərəfdarı kimi
çıxış edir. Digər tərəfdən də qədim
türk-run əlifbasına qayıtmaqla bağlı istəkləri
«romantik təkliflər» adlandırır. Ancaq
sabahımızda bu əlifbanın təkcə oxunduğu
gün kimi qeyd olunması deyil, üzərində müəyyən
düzəlişlər aparılmaqla ortaq türk əlifbası
kimi qəbul edilib ürəklərə yazılması,
bütün Türk Dünyasında işlədilməsi son dərəcə
gərəklidir. Azərbaycanda ötən yüzilin 90-cı
illərində biri-birinin ardınca bu mövzuda Əbülfəz
Rəcəbovun və Yunis Məmmədovun birgə, habelə
professor Əlisa Şükürlünün kitabları
işıq üzü gördü. Bu kitablarda qədim, fəxr
ediləsi türk tariximizin köklü sübutları —
türk əlifbamızda, iri daş kitabələr üzərində
yazılmış qəhrəman tariximizin bir parçası
haqqında müxtəlif illərdə aparılmış
araşdırmalar ümumiləşdirilir, abidələrin məzmunu,
məqsədi hərtərəfli açılır.
Orxon-Yenisey abidələri barədə ilk dəfə XII
yüzildə tarixçi Alaəddin Ata Məlikin əsərində
bəhs edilib. Ümumən isə abidələrin
varlığı xeyli müddət elm aləminə gizli
qalıb. Abidələr haqda avropalılara bilgini Amsterdam şəhərinin
burqomistri Nikolay Vidzen verib. Bir az sonra Tobol boyarlarından birinin
oğlu Semyon Remezov abidələr barədə məlumat
verib. Məşhur abidələr barədə əsasən
XVIII yüzildən sonra elmi fikirlər söylənilib. Ə.Rəcəbov
və Y.Məmmədov yazırlar: «İsveç zabiti F.Tabbet
13 il Sibirdə sürgündə qaldıqdan sonra Hiştadt
sülhünə görə azad edilir və 1722-ci ildə
Stokholma qayıdır. Onun 1730-cu ildə çıxan əsərində
elm aləmində ilk dəfə olaraq Orxon-Yenisey əlifbası
ilə yazılmış bir neçə kitabədən
nümunə verilir».
Əsrin
sonuna doğru qədim türk abidələri haqqında məlumat
çoxalır. 1793-cü ildə akademik Pallas Orxon-Yenisey abidələrindən
bir neçəsinin mətnini nəşr etdirib. Lakin qədim
türk abidələrinin daha geniş öyrənilməsi
19-cu yüzildən başlanır. Uzun müddət abidələrin
hansı xalqa aidliyi məsələsi müzakirə
mövzusu olub: «1857-ci ildə Q.Spasski yenidən Yenisey kitabələri
problemi üzərinə qayıdır. O, özünə qədər
irəli sürülən fərziyyələri, xüsusən
Rommelin abidələri skiflərlə bağlaması fərziyyəsini
qəti rədd edir, əvvəlcə bu abidələrin
hansı xalqa məxsusluğu məsələsini
açıq saxlasa da, sonradan onların slavyanlara məxsus
olması nəzəriyyəsini irəli sürür».
Getdikcə
abidələrə maraq artır, xeyli ekspedisiyalar təşkil
olunur. Nəhayət, 1893-cü il dekabrın 15-də Danimarka
Kral Elmlər Akademiyasının iclasında professor V.Tomsen
Orxon-Yenisey abidələrinin açılması haqda məlumat
verir. O, «Kül tigin» abidəsindən 4 sözü — «Tenqri»,
«Türk», «Kül» və «Tigin» sözlərini oxuyur. Bu vaxta qədər
isə Radlov 20-yə yaxın işarəni
açmışdı. Tomsenin qədim türk əlifbasını
açmasını eşidəndən sonra «Kül tigin» abidəsini
tərcümə edir, 1894-cü il yanvarın 19-da Rusiya Elmlər
Akademiyasının iclasında oxuyur. Sonrakı illərdə
abidələrlə bağlı Tomsen, Radlovla yanaşı
Melioranski və başqaları da ciddi şəkildə məşğul
olub.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 1 avqust.-
S.14.