"Bir görəydim
ayrılığı kim saldı..."
Məhəmmədhüseyn Şəhriyarın
poeziyasında azərbaycançılıq idealları
Ötən əsrin 60-70-ci illərində
SSRI deyilən nəhəng hərb maşınının,
qırmızı imperiyanın tərkib hissəsinə
çevrilmiş Azərbaycanda milli birlik amacıyla səfərbər
olmağın, milli enerjini hərəkətə gətirməyin,
milli mübarizənin mahiyyətini xalqa anlatmağın yolu, hər
şeydən öncə, poeziyadan keçirdi. Postsovet məkanında
bu mübarizənin küçə, meydan yolları
qapalıydı, tribunası yox idi, bugünkü
çoxsaylı qəzetlər yayımlanmır, telekanallar fəaliyyət
göstərmirdi. İdeoloji mücadilənin ağır
yükü ədəbiyyat və incəsənətin, özəlliklə
isə, poeziyanın üzərinə düşürdü. Ona görə ki, yasaqlanmış
mövzuların qıfılına açar salmağın
yeganə çarəsi sənətin ezop dilində
danışması idi. Ezop dilinin ən çevik ifadəçisi
isə, sətiraltı mənalara geniş meydan verən
poeziya ola bilərdi.
Əgər
ötən əsrin 60-70-ci illərində postsovet məkanında
S.Rüstəm, R.Rza, M.Rahim, B.Azəroğlu, B.Vahabzadə, N.Xəzri,
Ə.Kərim, X.Rza, S.Tahir, M.Araz, M.Gülgün, Ə.Tudə,
H.Billuri, N.Həsənzadə, nisbətən cavan nəslin
nümayəndələrindən M.İsmayıl, S.Rüstəmxanlı, C.Əlioğlu,
N.Kəsəmənli, Ş.Əkbərzadə və
başqaları azərbaycançılıq
ideologiyasını əsas mövzu, ideya, məqsəd olaraq
ön plana çıxarır, təbliğ edirdilərsə,
Cənubi Azərbaycanda M.Şəhriyar, Səhənd, Q.S.Təbrizi
və başqaları bir növ poeziyanın azadlıq
mücahidlərinə çevrilmişdilər. Xüsusilə,
ustad Şəhriyar "Heydərbabaya salam" poeması ilə
azadlıq, azərbaycançılıq ideologiyasının təbliği
sahəsində poeziyanın bütün potensial
imkanlarını, energetik gücünü ortaya qoya
bilmişdi. Təsadüfi deyil ki, Xalq yazışısı
Anar bu haqda belə yazırdı: "Şahlıq rejiminin azəri
türkcəsini yasaq etdiyi illərdə Şəhriyarın
sadə xalq dilində, folklor üslubunda, heca vəzniylə
yazdığı bu əsər Güney Azərbaycanda milli
dilin və şüurun yenidən dirçəlməsində
müstəsna rol oynamışdır".
Bir uçaydım bu
çırpınan yelinən,
Bağlaşaydım dağda aşan
selinən,
Ağlaşaydım uzaq düşən
elinən,
Bir görəydim ayrılığı
kim saldı?
Ölkəmizdə kim
qırıldı, kim qaldı?
Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə
sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb
bağırır,
Mürüvvətsiz insanları
çağırır.
"Heydərbabaya salam" dan gətirdiyimiz
bu misallardakı "Ağlaşaydım uzaq düşən
elinən", "Bir görəydim ayrılığı
kim saldı, Ölkəmizdə kim qırıldı, kim
qaldı?", "Bayquşun da dar olmasın qəfəsi,
burda bir şir darda qalıb bağırır" və s.
misralar milli ağrıdan doğan vətəndaş harayı
idi. Şəhriyarın bu misraları 60-70-ci illər Azərbaycan
poeziyasında azərbaycançılıq
ideologiyasının yeni çalarda kükrəməsi
üçün təməl daşı oldu. Təsadüfi
deyil ki, M.Ə.Rəsulzadə yazırdı: "Zəngin Azərbaycan
ədəbiyyatı ənənələrində hadisə, mərhələ
təşkil edən əsərlər az deyildir. Ancaq bunlardan,
xüsusilə son illərdə ədəbi həyatda
görünənlər arasında heç biri "Heydərbabaya
salam" qədər canlı, qanlı, hətta deyə bilərik
ki, milli deyildir".
Heç şübhəsiz ki, əsərin
milli dəyərlərimizin böyük
daşıyıcılarından olan M.Ə.Rəsulzadənin
diqqətini çəkməsinin əsas səbəbi onun
"canlı və qanlı, oxunaqlı" olmasından daha
çox, vətənpərvərlik duyğularını
möhtəşəm bir şəkildə ortaya qoyması
idi. "Məhz buna görə Şəhriyar, Azərbaycan ədəbiyyatında
türkçüliyə, öz milli adətlərinə
sadiq, doğma dilinin həqiqi banisi və qurucusu kimi iftixarla tərənnüm
edilir və "Heydərbaba"ya müvəffəqiyyətlər
arzulanırdı.
Poemada Heydərbaba dağı ilk növbədə
müraciət ünvanıdır. Şəhriyar Heydərbaba
dağına daha çox vətənin rəmzi, həm də
uşaqlıq xatirələrinin şahidi kimi
yanaşır. Poemada dağa
müraciətlər azərbaycançılıq
savaşının təkrarsız dərəcədə
poetik nümunələridir. Lakin dağın mifoloji
semantikası onun milli, siyası, sosial mənalandırmalarından
qat-qat qədimdir. Dağ qədim
insanın təfəkküründə yerlə göy
arasında körpü, təbii ibadətgahdı, ucalıq rəmzi,
mənəvi saflıq məkanıdır.
Təsadüfi deyil ki, buna görə, əksər
xalqların miflərində sakral funksiyalı dağ
obrazları var: məsələn, hindlilərdə Himalay,
yunanlarda Olimp, azərbaycanlılarda Qaf dağı və s.
Zaman keçdikcə, mifik-dini təfəkkür öz yerini
milli düşüncəyə
verdikcə dağ obrazı poesemantik transformasiyalara məruz
qalmış, fərqli anlamlar qazanmışdır. Şəhriyarın
poemasında Heydərbaba dağı, yarandığı
dövrün təfəkkürünə uyğun olaraq, məhz
milli semantik aurada təqdim olunur. Dağa münasibətdə
özünü büruzə verən və mifik təfəkkürlə
səsləşən məqamlar isə çoxəsrlik
inersiya ilə dilin özündən gəlir,
şüuraltından qaynaqlanır.
Şəhriyarın
yaradıcılığında azərbaycançılıq
məsələləri "Heydərbabaya salam" poeması
ilə yekunlaşmır. Məsələn,
"Səhəndim" şeirində "Dedim Azər elinin
bir yaralı nisgiliyəm mən" deyə vətəndaş
dərdini, kədərini poeziyanın diliylə ifadə edən
şair, "Aman ayrılıq" şeirində "Necə
yad olsun qardaş-qardaşa?" sualı ilə başbaşa
qalır, bir millətin iki yerə parçalanmasını
"qanla yazılmış roman" adlandırırdı.
Bütün bu ağrı-acı, həsrət, nisgil şairi
dönməz bir azərbaycançılıq savaşı
yoluna çıxarmış və sonucda azərbaycançılığın
manifesti, milli himni olan "Azərbaycan" şeirini
yazdırmışdı:
“Könlüm quşu qanad çalmaz sənsiz
bir an, Azərbaycan!
Xoş günlərin getmir müdam xəyalımdan,
Azərbaycan!
Səndən uzaq düşsəm də mən,
eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran
Azərbaycan!
Bütün dünya bilir sənin qüdrətinlə,
dövlətinlə
Abad olub, azad olub mülki-Iran, Azərbaycan!
... Yarəb, nədir bir bu qədər
ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan
Azərbaycan?!
Övladların nə vaxtacan tərki-vətən
olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan,
oyan, Azərbaycan!
Bəsdir, fəraq odlarından kül ələndi
başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək
yaralıdır,
Azadlıqdır mənə məlhəm,
sənə dərman, Azərbaycan!”
N.Nərimanovun «"Hophopnamə" Iran
inqilabı üçün bir ordudan daha artıq iş
görmüşdür» qənaəti ilə yanaşsaq, azərbaycançılıq
mücadiləsinin XX əsrin ortalarında yeni inkişaf mərhələsi
məhz bu misralarla başlanmışdı. Bu misralarda
böyük mərdanəliklə ortaya qoyulmuş bir haqq var -
Azərbaycan haqqı! Bu şeirdə azadlığa,
hürriyyətə atəşin bir
çağırış var. Bu şeirdə "Ya azad ol,
ya tamam yan" - deyə qarşıya qoyulmuş iki yolun
seçim məqamı var. Və ən nəhayət, bu
şeirdə böyük bir tarix yaşayır: Iranın, əslində,
Azərbaycanın qüdrətilə, dövlətilə abad
olmasının tarixi... Bu tarixi haqqı Şəhriyar
poeziyasının bütün incəlikləri ilə ifadə
edə bilməsinin nəticəsidir ki, Iran Islam
Respublikasının rəhbəri Seyid Əli Xamineyi 1987-ci ildə
Təbrizdə belə bir etirafda bulunmuşdu: "Dünyada
bu poemanın ("Heydərbabaya salam" - S.Ə.) çox
böyük mövqeyi vardır və çox ali əsərdir".
Şəhriyar öz xalqının milli
kimliyinə öz içindən yol tapıb getməyin elmini
yaxşı bilirdi. Onun poeziyası milli məhrumiyyətlərə
müqavimət kimi meydana gəlmiş, tarixi yaddaşın
itməməsi, ana dili, adət və ənənələrin
qorunub-saxlanılması, inkişafı, mənəviyyatın,
milli dəyərlərin qorunub-saxlanılması,
bütövlükdə milli şüurun oyanması və
milli özünüdərk prosesinin güclənməsi
üçün mühüm təkanverici rol
oynamışdır. O, millilik, azərbaycançılıq
ideologiyasının yenilməz tribunu, azərbaycançılıq
məfkurəsi onun poeziyasının mantar qatıdır.
Şəhriyar yaradıcılığı
bütövlükdə Mustafa Kamal Atatürkün "Milli
birliyə nail olmayan milləti başqalarına inkar olmaq qisməti
gözləyir" ideyasının poetik təcəssümüdür.
Şəhriyar Təbrizi azərbaycandilli
milli şeirin baş qərargahına çevirmişdi.
Şimali Azərbaycanın görkəmli alimi, professor
Rüstəm Əliyevlə tanışlığı (1976),
şimallı şairlər S.Rüstəm və B.Vahabzadə
ilə məktublaşmaları, eləcə də Cənubi Azərbaycan
şairlərini birləşdirmək yolunda səyləri
Şəhriyara təsəlli və ürək-dirək
verirdi:
“...Sanki Bakını, Gəncəni verdin mənə,
qardaş,
Tapdım elimi, arxamı, qurban sənə,
qardaş...”
Şəhriyarın "Can, Rüstəm"
şeirində də qardaşlıq duyğuları ifadə
olunmuşdu. Şairin hələ
1969-cu ildə Pəhləvi rejimi zamanı, Iranda Azərbaycan
dilinin qadağan olunduğu dövrdə yazdığı
"Türkün dili" şeiri də böyük cəsarətin
ifadəsi idi. Bu, ana dilimiz haqqında yazılmış
şeirlərin ən möhtəşəm nümunələrindən
biridir. Şəhriyar ana dilini sadəcə tərənnüm
etməmiş, böyük vətəndaşlıq cəsarəti
ilə doğma dilin mübariz keşiyində
dayandığını bəyan etmişdir:
“Türkün dilitək sevgili, istəkli
dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil
olmaz.
Öz şeirini farsa, ərəbə
qatmasa şair,
Şeiri oxuyanlar, eşidənlər kəsil
olmaz...”
"O tay - bu tay - fərqi yoxdu, vətəndi",
- deyən Şəhriyar məmləkətinin təəssübünü
təkcə coğrafi anlamda yox, milli-mənəvi, ədəbi-mədəni
dəyərlər anlamında da çəkir, bu dəyərləri
tərənnüm etməkdən usanmırdı. Elə buna
görə məntiqidir ki, o taylı-bu taylı Azərbaycanda,
dünyada Şəhriyar yaradıcılığına olan
sevgi, maraq həm də azərbaycançılıq
ideologiyasına olan sevgi, azərbaycançılıq məfkurəsinə
olan maraqdır.
Bütövlükdə isə, 60-70-ci illər
Azərbaycan poeziyası "Bu Vətən kimin"? (Orxan
Şaiq Kökyay) sualına cavab gözləyən, eyni
zamanda, bu sualın dürüst cavablandırılması
üçün hər cür köməyə və fədakarlığa
hazır olan müəllim missiyasını yerinə
yetirmişdi:
“Qəlbimdə dəniz var yenə kindən;
Qan-yaş tökəcək el gecə-gündüz
-
Bu ölkə dəyişməzsə
kökündən”, -
misraları təkcə S.Rüstəmin
yox, qəlbində vətəndaşlıq duyğusu gəzdirən,
gücü qələminə çatan hər bir Azərbaycan
şairinin xalqa sözaltı və sözüstü mənalarda
etdiyi xəbərdarlıq idi.
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə.
Sənin də bağın var,
gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə.
"Dilimə dəymə" adlı bu
şeir, əslində, köklü bir xalqın etiraz
notası kimi səslənir və millətin azadlıq
duyğularını ehtizaza gətirirdi.
Bu illərdə Təbrizdə ustad Şəhriyar:
“Bizi yandırır yaman ayrılıq,
Bu darıxdıran duman ayrılıq,
Başa sovrulan saman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!” -
yazırdı. Bakıda B.Azəroğlu, Vətən
elə oğul istəyir ki:
“Səttərxan ürəkli,
Xiyabani nəfəsli,
Möcüz niyyətli olsun,” -
deyirdi. R.Rza "Təbrizim - mənsizim"
harayını dilə gətirirdi. B.Vahabzadə
"Gülüstan" poeması ilə Şəhriyarın
səsinə səs verir, S.Tahir "Iki bölünməkdən
elə qorxmuşam - çöpü də ikiyə bölmərəm
daha" - deyə dərdini gizli çəkirdi. X.Rza
"Azadlığı istəmirəm zərrə-zərrə,
qram-qram, qolumdakı zəncirləri qıram gərək,
qıram, qıram" hayqırtısını Afrikanın
dili ilə çatdırır, Əli Kərim "Göydəmir
at" şeirində, əslində, gücü-qüvvəti,
irəliləyiş eşqi cilovlanmış bir məmləkətin
içini dağıdan hikkəsini qələmə
alırdı. Akademik Nizami Cəfərov haqlı olaraq
yazır ki, "60-cı illərin sonu - 70-ci illərin əvvəllərindən
etibarən, Azərbaycan mədəniyyəti görünməmiş
bir surətlə irəliləmiş, ədəbiyyat, incəsənət
milli özünüdərkin ən çevik komponentlərindən
birinə çevrilmişdir".
Bütövlükdə, ötən əsrin
60-70-ci illər o tay-bu taylı Azərbaycan poeziyasını
bir araya gətirən əsas məqsəd "Yalnız
azadlıq eşqi ilə yaşayan şairin şeirləri
yaşaya bilər, yalnız vətən, xalq-məhəbbəti
ilə yaşayan şair yazıb-yarada bilər" qənaəti
idi.
Bu qənaət Şəhriyar
poeziyasının da səfərbəredici mahiyyətini təşkil
edirdi.
Şeirin daha çox yadda qalması, uzun
müddət oxucu düşüncəsini məşğul
etməsi üçün şair kimin və nəyin naminə
yazdığını, sözü ünvanına
çatdırmağın yolunu bilməlidir. Şəhriyar
şeirinin ana xətti, baş ünvanı Vətəndir. Azərbaycançılıq
ideyası və bundan doğan üsyankarlıq onun
poeziyasının nüvəsi, məhək daşı, təməl
prinsipidir.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 1 avqust.- S. 13