Ümid
qaynaqlı şeirlər
Elçin Mirzəbəylinin «Poz
bu sükutu» kitabı
haqqında
Elçin Mirzəbəylinin «Poz bu
sükutu» kitabı onun insana, xalqa inamının ifadəsidir.
İnsan ruhən özüylə birdir, əgər bir olmasa,
yaşaya bilməz. İnsan ruhən təbiətlə birdir,
Vətənlə birdir, bəşərlə birdir.
Kitabda insanın Vətənlə vəhdəti,
özünəinamdan yaranan inadlı döyüşkənliyi
var:
Yaddaşından silinib
Düşməninə nifrətin.
Bir özünü ram eylə,
Bir görünsün qüdrətin.
Qoy kənara rəhmini
Vur yağını, vur, Vətən!
Qalx haqqın savaşına,
Qalx, ayağa dur, Vətən!
Yadlığın çeşidləri
çoxdur. Yadlığın qaynağı isə
özündən-milli kimliyindən, beləliklə də
torpağından, Vətənindən ayrılmış kəslərdir.
Elçin Mirzəbəylinin şeirləri yadlıqların,
özgəliklərin içimizdə oturuşmasına, ruhsuz
davamlığına qarşıdır:
Gün çıxıb:
Sən hələ yuxulardasan,
Ömrü yuxularda talan məmləkət.
Dünyanın küncündə solan məmləkət,
Salam, məmləkət!
İnsan özünün müqəddəsliyini
anladığı dərəcədə Vətənin,
torpağın da dəyərini bilir. İnsan anlayır ki,
torpaq sadəcə, torpaq deyil, müqəddəsləşən
məkandır.
Elçin Mirzəbəylinin şeirlərində
ümid var-qaranlıqları yaran:
Yarıb neçə-neçə
qaranlıqları-
Ruhundan yol alan bir gündüzü var.
Fəth edib əlçatmaz
ucalıqları!
Hər yerdə,
Hər yerdə Türkün sözü
var.
Buradakı Türk obrazı təsadüfi
olmayıb, insaniliyin, bəşəriliyin rəmzinə
çevrilmək haqqı qazanır — özünün insansevərliyi,
bəşərsevərliyi ilə.
Türk
İnsançılığı gərəkdir dünyaya —
birsifətliyi-mərdliyi, halallığı ilə…
Azadlıq-qaçılmaz insani
ehtiyacdır. Fərd xalq mahiyyətinə çatırsa-azaddır.
Yalnız azad olan var olandır. Azadlıq insanın öz inamına, idrakına, mənəviyyatına, iradəsinə
yetməsidir. Özünün
insani imkanlarını
aşkarlayan -xalqına
da layiq olur, onu var
edir:
Azad gəzə bilərmi,
Qul olan torpağında?
Elçin Mirzəbəylinin
hələ ki, bitməyən — parçalanmış,
paralanmış Azərbaycan
dərdi var. Bu dərdin
ifadəsi onun şeirlərində, publisistik
yazılarında davamlıdır,
ağlamağa, məzlumluğa,
zarımağa qarşıdır:
Mən ki,
səni bütöv sevdim,
Təbrizimdən Bakıyadək,
… Xəzərinə «göz yaşlarım»,
Arazına «qanım»
dedim.
İnam odur ki, o, heç vaxt qırılmır, sarsılmır. Elçin Mirzəbəyli fitrətindən
güc alır. Millətə sevgi insanı
daxilən böyüdür,
yenilməz edir. İnsan Vətəninə
sonsuz sevgisini amala çevirir:
Dilimin adı
da yalnız Türkdür, Türk!
Amalım Dünyanın
özündən böyük!
Vətənə tapınmaqdan böyük
səadət yoxdur. Əslində Vətən-İnsanın özüdür.
Elçin Mirzəbəylinin şeirlərində
Türklüyün vəsfi
canlıdır, yaşarıdır. Söz-əməl birliyinə ardıcıl
yetməyimiz gərək.
Bu mənada onun
«Türklük şeirlərdədir»
qayğısını anlamaq
çətin deyil.
Bəli, əgər bundan sonra da
sözdən o yana gedə bilməsək, ruhda, əməldə bütöv
var ola bilməyəcəyik.
Elçin Mirzəbəylinin şeirlərində
ümid gördüm,
nikbinlik gördüm. Ümid — çağımızda ən
qıt olandır.
Balaca ümidlərlə isə
yetərlənə bilmərik.
Yalnız böyük
ümidlə var ola bilərik.
İnsanilik Ümidi — bizi
yaradar, var edər. Bu şeirlərdə
onun özüylə üz-üzə qalması,
özündən umduğu
dərəcədə də
başqalarından umması
var.
Özünü görən, tanıyan Tanrını da içində görür,
bununla da ona yiyə durur
əslində:
Səninlə elçisiz, vəkilsiz danışan,
Məbədsiz, kitabsız danışan,
Ruhunun zərrəsi
ruhundan yaranan,
… Sənin tənha olmaq qorxundan yaranan,
Türkəm, həmin türkəm,
dəyişməmişəm.
İnsandan qıraqda ilahilik
yoxdur. Şeirlərindən
hiss olunur ki, erkən gəncliyindən
bəri Elçin Mirzəbəyli özünü
aşkarladıqca, özüylə
doğmalaşdıqca ilahiliyə
də doğmalaşıb,
türk sevgisindən Tanrı obrazına daha da ərkli olub.
Bu sevgi ona yenilməz milli ruh sorağı, təsdiqi gətirir, minillərin o tayındakı
əcdadlarımızla ruhən
bağlayır:
Nə cənnət
bilirim, nə də cəhənnəm,
Mənə bir
sən vardın,
Bir içim vardı.
Mənalı düşüncə tərzi mənalı özünüifadə tərzi
yaradır, mənalı
gerçək yaşamda
insani duyğular təsdiq olunur, şeiriyyətə davamlı
sevgini təsdiq edir.
Bu gün Azərbaycan poeziyasında
özgə ruhlu, özgə nəfəsli şeirlər hədsiz artıb. Əslində belə nümunələr
artıq milli poeziya nümunələri
sayıla bilməz: hər cür antiinsani cəhətləri
gerçəkdən «fəxarətlə»
şeirə, nəsrə,
publisistikaya gətirib
örnəkləşmək iddiasında olmaq — bugünün balaca zövqündə ilişib
qalmaqdır.
Belələri var olmurlar.
Elçin Mirzəbəylinin
sevgi şeirlərində
də davamlı ciddiyyət var:
Dəyməz bu
dünyanın ən uca eşqi
Sevdamın bir qırıq
daşına, dəyməz.
İnsan müqəddəsliyini gözdən salanlarla döyüşmək lazımdır.
Vətən, Yurd müqəddəsliyini
gözdən salanlarla
döyüşmək lazımdır-ardıcıl,
aramsız, qəti.
Bugünü sabahlaşdırmaq gərəkdir. Cismən bu gündə mövcud olub Sabahda yaşamaq, yüzillərdir haqqında
danışılan, insanlı,
yetkin xalqlı idealı mücərrədlikdən
çıxarıb gerçəkliyə
gətirmək eşqiylə
yaşamaq — xoşbəxtlikdir.
Sabah — fərddən
başlayır.
Ümidin təməli inamdır. İnanırsan ki, umursan, inanırsan ki, mübarizə aparırsan,
inandığın dərəcədə
yaradırsan ağlında
Vətənini, ona tükənməz sevgini.
Vətən — yetkin fərdlərdən
başlayır, onlarda
da təsdiq olunur.
Vətənsiz — İnsan yoxdur. İnsansız — Vətən yoxdur.
Elçin Mirzəbəyli səmimiyyətlə
özünü, Vətəndəkiləri
qınamağı, ummağı
bacarır. Ummaq və
istədiyin milli, insani tələbə doğru yol getmək. Dayanmamaq, sarsılmamaq, qırılmamaq…
«Poz bu sükutu» kitabında bütöv ruhlu, bütöv tarixli, bütöv mədəniyyətli insan,
Vətən həsrəti
yaşayır-duyğu-əməl birliyində yaşanmalı,
gerçəkləşdirilməli.
İşıqlı
Atalı
Xalq Cəbhəsi.-
2012.- 11 avqust.- S.12.