Türkəsilli xalqlar — uyğurlar
Çinin idarəçiliyi
altında olan Şərqi Türküstan 1,8 milyon kvadrat
kilometrlik bir ərazidir
Uyğurlar
haqqında tez-tez də olmasa dünya mətbuatında
yazılır, əsasən Çində yaşayan bu türk
xalqının problemləri dilə gətirilir. Uyğur dili
Altay dilləri ailəsinə aiddir. Çin mənbələrində
müxtəlif şəkillərdə rast gəlinən
«uyğur» adının mənası 974-cü ilə aid
çin dilində bir əsərdə «şahin sürətilə
dolaşan və hücum edən» kimi göstərilib. Ancaq
türk tarixçilər bunun doğru
olmadığını, uyğur adının «uy» (əqrəba,
müttəfiq) və «gur» ifadələrinin birləşməsindən
yarandığını deyirlər. Bu baxımdan tarixdə
ortaya çıxan «on uyğur» adının «on müttəfiq»
mənasında işlədilməsi ehtimalına
üstünlük verilir. Bəzi mənbələrdə isə
«uyğur» kəlməsi «təqib edən, izləyən» kimi
göstərilir. Uyğurların məskunlaşdıqları
ölkələr sırasında Türkiyə, Özbəkistan,
Türkmənistan, Pakistan, Səudiyyə Ərəbistanı,
Rusiya, Çin və başqalarının adı çəkilir.
Uyğurların əksəriyyəti isə Çində
yaşayır.
Hazırda
dünyadakı uyğurların əksəriyyətinin
Çində, qalanının isə Özbəkistan və
Qırğızıstanda, qismən Tacikistan, Əfqanıstan,
Pakistan, Səudiyyə Ərəbistanı, Rusiya, Türkiyə,
Türkmənistan, Misir və Monqolustanda, az saylı diasporlar
şəklində isə Avstraliyada, Yaponiyada, Kanadada,
ABŞ-da, Albaniyada, Almaniyada, Norveçdə, İsveçdə,
Niderlandda, Avstriyada, Belçikada, Danimarkada, Finlandiyada,
Böyük Britaniya Krallığında, Fransada və
İsveçrədə yaşadığı bildirilir.
Araşdırmaçı
Mustafa Vüqar Öməroğlu bildirir ki, uyğurlar
hunların birbaşa təmiz kökdən gəlmə törəmələri
sayılırlar. Uyğurlar başqa xalqlarla heç bir
qatqısı olmayan təmiz türk əsilli, türkgenli
xalqdır. Bu gün türk xalqları haqqında yazanda,
araşdırma aparanda əsasən Çin mənbələrinə
müraciət edirik. İlk dəfə «uyğur» etnonimi
Çin mənbələrində bizim eradan 200 əvvəl
çəkilir, adı yazılı mənbələrdən
keçir: «O dövrdən başlayaraq uyğurlar və
uyğur qəbilələri əsasən Şərqi
Türküstanda və monqol səhralarında yerləşirdi.
Bu, olduqca geniş bir çevrədir. Çağdaş Şərqi
Türküstan Qazaxıstanla, Qırğızıstanla,
Monqolustanla, Tibet, Hindistan, Pakistanla sərhəddir.
Bütövlükdə Türküstanın özü isə
həddindən böyük bir arealdır. Uyğurlar Hun
imperiyasının varlığında dəyərli bir rol
oynayıblar. Bizim eradan əvvəl 220-ci ildən başlayaraq
bizim eranın 386-cı ilinə kimi davan edən, bu gün də
qürur yaradan işlərin yiyəsi olublar. Uyğurların
tabğaclarla 386-554-cü illərdə böyük bir
imperiyaları olub. Sonrakı dönəmdə (552-744-cü
illərdə) uyğurların Göytürk
imperiyasının yaranmasında mühüm xidmətləri
olub».
Uyğurlar
hunlarla, göytürklərlə və şato türklərilə
bir yerdə bölgənin Çin ekspansiyasına
qarşı (670, 688, 693-cü illərdə) mübarizə
aparıblar: «Uyğurların dövləti Kutluq Bilgə
Kağanın başçılığı altında
744-cü ildə Qarabaltadun şəhəri mərkəz
olmaqla Orxon çayının kənarında yerləşirdi.
751-ci ildə ərəblər, tibetlilər və uyğurlar
Talac çayı kənarında Çin ordusunu
darmadağın elədilər. Bu məğlubiyyətdən
sonra Çin parçalandı. Bu zaman uyğurlardan Tan imperiyası
kömək istədi.
«Tan» — «Dan» sözündəndir. Bunlar çinliləşmiş türkəsillilər
idilər. O dövrdə
uyğurlar o dərəcədə
güclü idilər
ki, Tan imperiyası onlara bac-xərac verirdi. 805-ci ildə
Uyğur imperiyası dağılmağa başladı».
840-cı ildə qırğızlar
hücum edirlər, Kağanı öldürürlər,
imperiyanı dağıdırlar. Burada bəlalı cəhət orasındadır ki, türk türklə döyüşür: «Bilgə
Kağan vaxtilə demişdi ki, qonşularınızın şirin
dillərinə aldanmayın.
Onların şirin dilləri
ipək kimi yumşaq, canayatıcıdır.
Başqa
millətlər türkləri
zəiflətmək üçün
aramızda qırğın
salacaqlar, çox ehtiyatlı olmalıyıq».
Birinci Uyğur imperiyasının
parçalanmasından sonra
parçalanmış uyğurların
bir qismi Sarıçayın sahilində
(indi Çin dilində bunun adı Poonkedir) məskunlaşmağa başladılar.
İndi vaxtilə orada məskunlaşmış uyğurlar
bu gün «sarı uyğurlar» və ya «yuqurlar»
adlanırlar. Qalan uyğurlar
Tyan-Şan dağlarının
güney tərəfinə
— bugünkü Şərqi
Türküstana köç
etdilər. Sarı uyğurlar
Sarı çayın
sahilində dövlət
qurdular, həmin dövlət 1228-ci ildə
yıxıldı, sonradan
Monqol imperiyasının
tərkibinə qatıldı.
846-cı ildə Tyan-Şanın şimalındakı
uyğurlar mərkəzi
Türfan şəhəri
olmaqla Qaraxoca adlı bir dövlət
qurdular. 840-cı ildə cənub tərəfdə olan uyğurlar Mərkəzi Kaşğar olmaqla Qaraxanilər dövlətini
qurdular. Qaraxanilər dövlətində karluqlar,
türkeşlər, uyğurlar
və başqaları
yaşayırdılar. 930-cu ildə Qaraxanilər
dövləti rəsmi
şəkildə islamı
qəbul etdi. Ancaq Qaraxoca dövləti buddist olaraq qalırdı. 1397-ci idə Qaraxoca və Qaraxanilər dövlətləri birləşdilər.
Bu dövlət 1759-cu ilə qədər müstəqilliyini qoruyub saxlaya bildi. Bu dövrdə isə
ölkəyə hər
tərəfdən mancur
hücumları başladı.
Mancurlar bölgəni 1862-ci ilə
kimi əldə saxladılar, idarə etdilər. 1759-cu ildən 1862-ci ilə kimi uyğurlar 42 dəfə ölüm-dirim
mübarizəsinə qalxdılar,
üsyan qaldırdılar.
Məqsəd azadlığa, müstəqilliyə
yetmək idi. 1863-cü ildə uyğurlar nəhayət, mancurları ölkədən
qova bildilər. Rusiya, Osmanlı, Böyük Britaniya imperiyaları Uyğur dövlətini rəsmi surətdə tanıdılar. İngilislər uyğurların Rusiya ilə qonşu olduğunu nəzərə
alaraq düşündülər
ki, uyğurlar Rusiyanın təsiri altına düşəcəklər.
Bu səbəbdən də ingilislər mancurları silahlandırdılar,
həm də böyük maliyyə dəstəyi göstərdilər,
onları yenidən Şərqi Türküstana
geri qayıtmağa sövq etdilər. 1876-cı ildə Uyğur dövlətinə
qarşı Çin-Mancur
qoşunları birgə
hücuma keçdilər,
işğal etdilər,
ölkənin adı Şərqi Türküstan
deyil, «Şincan» (indiki Sintzyan) adlandırıldı. Çində «Şincan» — «yeni ərazi, sərhəd» anlamındadır».
Araşdırmaçı daha sonra deyir ki,
o dövrdə işğal
edilən Uyğur dövlətinin ərazisi
indiki Qazaxıstandan çox böyük idi: «Artıq bu dönəmdən uyğurlar Çinin tabeliyinə keçdi. 1911-ci ildə Çin
millətçiləri mancurları
devirdilər, ölkəni
respublika elan etdilər. Ancaq uyğurların onillərdən
bəri azadlıqlarına
qovuşmaq istəkləri
yenidən gerçəkləşmədi.
Uyğur xalqı dövlətçiliyini
quran, dəfələrlə
xəlqi qüdrətini
təsdiq edən xalq kimi varlığına
yiyə durmaq istəyirdi. Onlar yenə də
Çin hakimiyyətinə
qarşı ciddi hərəkata başladılar.
İki dəfə Şərqi Türküstan Respublikası
(1933-cü ildə Birinci
Şərqi Türküstan
dövlətini, 1943-cü ildə
isə İkinci Şərqi Türküstan
dövlətini) qurdular.
Hər iki hərəkatın yatırılmasında SSRİ-nin
fəallığı oldu.
Hər iki hərəkat amansızlıqla yatırıldı.
1949-cu ildən bu yana Çin
Xalq Respublikasının
idarəçiliyi altında
olan Şərqi Türküstan 1,828 milyon kvadrat kilometrlik bir ərazidir».
Doğu
Türküstandakı türksoyluların
say tərkibi barədə
danışan M.V.Öməroğlu
deyir: «Ötən yüzilin 40-cı illərinin
ikinci yarısından
bu yana Doğu
Türküstanda 30 milyondan
çox türkəsilli
soylarımız (çox
az sayda tatarlar, qazaxlar, qırğızlar, özbəklər
və çoxsaylı
uyğurlar) yaşayır.
Uyğur
ailəsində aşağısı
4-5 uşaq olur. Bu gün Avropada
və Orta Asiyada yaşayan uyğur ailələrində
4-dən aşağı uşaq
olmur. Çin ötən yüzilin 50-ci
illərindən başlayaraq
iç bölgələrindən
Şərqi Türküstana
çinliləri göndərməyə
başladı ki, oralarda milli azlıqların sayını
azaltsınlar. Şərqi Türküstan
bölgədə torpağının
varına görə ən üstün bir yerdir. Bura təbii ehtiyatlarıyla, xammalıyla (kömür,
neft ehtiyatları, qaz, qızıl, xrom, qalay, nikel,
çox nadir metallar, kimyəvi duzlar və s.) çox zəngindir».
Uyğurların da əlifba məsələsində başları
bizim kimi daşdan-daşa dəyib:
«Əvvəlcə ərəb
əlifbasında yazırdılar,
sonra kiril əlifbasını qəbul
etdilər, latına keçdilər, indi təzədən ərəb
əlifbasının hərfləri
əsasında uyğur
dil intonasiyasına uyğun olaraq əlifba yaratdılar. Həmçinin uyğurların məktəbləri,
universitetləri var. Uyğurların
xüsusən dəqiq
elmlər, informasiya texnologiyaları, təbabət,
ədəbiyyat, tarix sahəsində ciddi imzalı alimləri var.
Avropa ölkələrində
hərəkatları, Orta
Asiya ölkələrində
təşkilatları, Uyğur
teatrı, mədəniyyət
evləri, dərnəkləri
fəaliyyət göstərir. Qazaxıstanda
Sadvakasov adına
Şərqşünaslıq İnstitutu var, əvvəllər bura Uyğurşünaslıq İnstitutu
adlanırdı. Hazırda orda
«Uyğurşünaslıq» bölümü, Yazıçılar
İttifaqının nəzdində
Uyğur bölməsi
var. Uyğurlar həddən
artıq çalışqan
xalqdırlar».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 9 avqust.- S.14.