Bəddi ədəbiyyatın təbliği problemi

 

Hafiz Mirzə: «Azərbaycan» jurnalı mənə bircə səhifə də ayırmayıb»

 

Əhməd Qəşəmoğlu: «Ədəbiyyatımızdan ölkəmizin tərəqqisi yolunda çox uğurla istifadə etmək olar»

 

İradə Musayeva: «Ədəbiyyat əslində hansısa birliklərdə sıxılır, mahiyyətini dəyişir»

 

Azərbaycan ədəbiyyatının təbliği sahəsində, ayrı-ayrı mətbuat orqanlarının fəaliyyətini nəzərə almasaq, demək olar ki, heç bir iş görülmür. Ədəbiyyatımızda ciddi cəbhələşmə prosesi gedir. İndi hər cəbhənin öz təbliğat prinsipi, öz mətbuat orqanı, öz oxucu dairəsi var. Dövlət ədəbiyyatın inkişafı, yazarların sosial problemlərinin həlli üçün vəsait də ayırır. Bu vəsait hesabına kitablar da, ədəbi nəşrlər də işıq üzü görür. Amma yenə də ədəbiyyat və yazarlar təbliğ olunmur. Bunun nəticəsidir ki, oxucuların nə təzə çıxan əsərlərdən, nə də ədəbiyyatda olan qələm adamlarından xəbəri var.

Əslində isə Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ Bürosu fəaliyyət göstərir. Bəzi yazıçıların sözlərinə görə, ədəbiyyatın təbliğilə elə bu büro məşğul olmalıdır. Ancaq onların fikrincə, bu büro ədəbiyyatın təbliği istiqamətində heç bir iş görmür. Qeyd edək ki, sovet dövründə istənilən yazıçı və şairin əsərləri ciddi şəkildə təbliğ edilir, onların oxucularla görüşləri təşkil olunurdu. Deyilənə görə, bu görüşlərdə Ədəbiyyat Fondu və Ədəbiyyatı Təbliğ Bürosu vasitəçi olurdu.

Bu gün yazarların Ədəbiyyatı Təbliğ Bürosuna münasibəti birmənalı deyil. Onlardan bəziləri bu büronu sovet dövrünün qalığı hesab edərək, onun fəaliyyətinin əleyhinə olduğunu bildirir. Bir qisim yazarın bildirdiyinə görə, bu büronun fəaliyyət göstərməsi üçün ona heç yerdən maddi yardım ayrılmır və buna görə də, o öz funkusiyasını yerinə yetirə bilmir. Bəs maraqlıdır, yazıçılarımız bu qurumun varlığından xəbərdardırlarmı?

Yazar Şəbnəm Karslı hesab edir ki, dövlətin sosial yardımı yaradıcı şəxs üçün bu şəkildə olmamalıdır: «Mən özüm yazıçı-şairəm, tutalım dövlət mənə təqaüd ayırmaq istəyir. Axı kim zəmanət verə bilər ki, mən bir il sərasər yazacağam və bu təqaüdü doğruldacağam? Bunun yaradıcılığın inkişafına heç bir aidiyyatı yoxdur. Təqaüd və mükafatlar yazılmış və artıq ortada olan mövcüd nümunəyə görə ayrılmalıdır. Yazılmış kitab və ya elmi iş dəyərləndirilib mükafat ayrıla bilər. Ədəbiyyat jurnalları isə gəncləşməlidir. Şəxsən mənim son illərdə alıb oxuduğum bir dövlət jurnalı olub, o da gənclərin çıxardığı «Ulduz». Hesab edirəm ki, bunu oxumaq daha maraqlı idi».

Yazıçı-publisist Hafiz Mirzə bu birlikdən öz yaradıcılığının təbliği ilə bağlı heç nə gözləmir: «Mən on il var ki, AYB-nin üzvüyəm, üzvlük haqlarımı da ödəmişəm. Amma daha bu birlikdən öz yaradıcılığımın təbliği ilə bağlı heç bir şey gözləmirəm. Bildiyiniz qədəri kifayət qədər məhsuldar yaradıcılığa malikəm, 8 kitabım nəşr olunub, 2004-cü ildən fərdi saytım fəaliyyət göstərir, 35 adda qəzet və jurnalda dərc olunmuşam, mükafatlar almışam… Amma indiyədək Birliyin orqanı olan «Azərbaycan» jurnalı mənə bircə səhifə də ayırmayıb, Vaqif Yusifli cəfəng bəhanələr gətirib,.. Belə olduğu halda onlar daha mənim nəyimi təbliğ edəcəklər? Üstəlik, bu il mənim 55 yaşım tamam oldu. Ondan çox qəzet və sayt bu barədə yazılar, məqalələr verdi. AYB quruca təbrik verdimi? Yox. Təqaüd də eləcə. Ona görə də mən onlardan daha heç nə gözləmirəm. Allah adamın özünə versin! Heç Ədəbiyyatın Təbliği Bürosunun rəhbəri kimdir — onu da tanımıram. Guya tanıdıqlarımdan nə görmüşəm ki? Özüm Birliyin rəhbəri olmayınca düzələn deyil. Özüm isə inşallah AYB-nin rəhbəri seçiləcəyəm. Əlbəttə, əgər bu demokratik seçki olacaqsa».

Yazar Rövşən Yerfi isə bu büronun sadəcə adını bilir: «Özü isə yox kimidir. Olla bilsin (yəqin ki, belədir) nəsə edirlər, bir qrup adam üçün, siyahı ilə və göstərişlə. Gəl, şəxsi münasibət olmadan bu bürodan hər hansı kömək istəyək, adamı müxtəlif bəhanələrlə başdan etməyə çalışacaqlar. Özünü hörmətsiz etməkdənsə qarışmamaq daha məqsədəuyğundur. Mən belə düşünürəm».

Sosioloq-yazar Əhməd Qəşəmoğlu düşünür ki, yalnız kitabların nəşr olunması ilı iş bitmir: «Sovet ideologiyası ədəbiyyata çox böyük önəm verirdi və bundan da çox bəhrələnirdi. Ədəbiyyat bütün sovetlər boyu insanlarda mənəvi zənginləşməyə, ortaq dəyərlərin yaranmasına, ümumi davranış normalarını qəbul etməyə kömək edirdi. Öz bütövlüyünü, əhalinin yekdilliyini, ölkənin tərəqqisini düşünən hər bir dövlət üçün ədəbiyyat çox mühüm vasitədir. Ədəbiyyat daima ölkə əhalisinin müasirləşməsinə, maariflənməsinə kömək edir. Sovet dövrünün dağılmasında ədəbiyyatın da rolunu görən sovet siyasətçiləri ədəbiyyatdan eyni zamanda qorxurdu. Ona görə də 70-ci illərdən başlayaraq ədəbiyyata bir təpki var. Amma düşünmürlər ki, SSRİ-nin dağılmasının günahı ədəbiyyatda deyildi… Əksinə ədəbiyyat olmasaydı bu dağılma daha qorxunc ola bilərdi. İndi ədəbiyyatın boynunda bir şər kabusu var. Onun yaxşı, daha mühüm tərəflərini yox, təhlükəli tərəflərini görürlər. Əksinə, məncə, indi ədəbiyyatımızdan ölkəmizin tərəqqisi, əhalinin maariflənməsi yolunda çox uğurla istifadə etmək olar. Təəssüf ki, bu sahədəki məmurlar bunu yaxşı hiss edib lazımi mexanizm hazırlaya bilmirlər. Yazıçılar Birliyi də bu sahədə mövqe göstərə, ortaya platforma qoya bilmir. Yalnız icraçı mövqeyi tutur. Elə narazılıqlar da buradan yaranır. Ədəbiyyatın Təbliği Bürosu da tam formal fəaliyyət göstərmir. Belə bir Buronun varlığı barədə yalnız yaşlı nəslin xəbəri var. Halbuki Sovet dönəmində bu büro çox fəal idi».

Yazar Şahlar Ruhi belə bir qurumun olduğunu birinci dəfə elə bizdən eşidir: «Öz qurumunu belə təbliğ edə bilməyən təbliğat bürosu kimə lazımdır, bunu da anlaya bilmirəm.

Təbliğat olmadığı halda kitab nəşrində kömək göstərmək kimə lazımdır, bu da mənə agah deyil. Hər halda onlar təbliğat deyəndə istedadlı yazarların dost-tanışa dilucu təbliğ olunmasını nəzərdə tutublar».

Yazar Zəka Vilayətoğlu isə ümumiyyətlə ədəbiyyatın təbliğ olunmadığını deyir: «Bircə şeyi nəzərinizə çatdırım. Bu yaxınlarda bir tədbirə qatılmışdım. Orda jüridə əyləşənləri bir-bir təqdim etdilər. Sonda elə bir yazıçını — prezident təqaüdçüsünü təqdim etdilər ki, mən nə onun bircə cümləsini oxumuşam, nə də bu adda şair, yazıçı eşitmişəm».

Tənqidçi İradə Musayeva düşünür ki, təbliğ anlayışının canında ideolojilik və reklamçılıq çalarları var: «Fərdi, mənəvi azadlıqdan qaynaqlanan ədəbiyyat əslində hansısa birliklərdə, ocaqlarda, bürolarda sıxılır, mahiyyətini dəyişir. Dövlətin vəsaiti ilə çap olunan kitablar, ədəbi nəşrlər elə təbliğin özüdür. Bunun üçün xüsusi təbliğ bürosunun saxlanılması zəruri deyil. Görünür, Sovet dövrünün tendensiyasından qırılıb qalmış bir şöbədir. Vaxtilə əsl ədəbiyyat yox, bu ad altında Sovet ideologiyası belə bürolarda təbliğ olunurdu. Yazıçılar Birliyində isə belə bir büronun olduğunu bilmirdim. 30-40-cı illər ab-havasını hiss etdim».

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 9 avqust.- S.13.