Azərbaycan qrammofon valları

 

XXI əsrin əvvəllərində istər dünya, istərsə də Azərbaycan musiqi sənəti və mədəniyyətinin inkişafında texnikanın əvəzsiz rolu hamıya məlumdur. Bizə də məlumdur. Amma heyf ki, bütün təfərrüatları ilə yox… Məsələn, bilirik ki, hansısa ildə filan val buraxılıb. Lakin respublikamızda bütün bu proseslərin necə baş verdiyindən tamamilə bixəbərik. Bu səbəbdən də musiqi mədəniyyətimizin tərəqqisi üçün çox böyük rol oynamış Azərbaycan Qrammofon Valları Evinin tarixindən söhbət açmağı zəruri hesab edirik.

İlk qrammofon yazı studiyaları hələ XIX əsrin 80-cı illərindən etibarən fəaliyyətə başlamışdı. Yeni, XX əsr qədəm qoyduqdan sonra isə Rusiyada da bu cür studiyaların (məsələn, Riqada ingilis səhmdar cəmiyyəti tərəfindən təşkil edilmiş «Qrammofon» adlı qrammofon valları fabrikinin) fəaliyyət göstərməsi qeyd olunur. Musiqi ictimaiyyətimizin daim maraq obyekti olan xalq musiqi nümunələrimizin, xüsusilə görkəmli xanəndələr, muğam ustalarımızın valları da həmin studiyalar tərəfindən artıq yazılmağa başlayırdı. Məsələn, 1901-1902-ci illər Riqada bir sıra tanınmış xanəndə — C.Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, İ.Abdullayevin qrammofon vallarının buraxılması, 1916-cı ildə Ü.Hacıbəyovun «Leyli və Məcnun» operasının vala yazılması kimi faktlar məlumdur. Bəlkə də elə bu cür faktların çoxalması, uzun bir müddətdən sonra həyata keçirilməsinə baxmayaraq, Azərbaycan Qrammofon Valları Evininin yaranmasına zəmin olub. Çünki milli musiqi xəzinəmizə, onun muxtəlif incilərinə yetirilən xüsusi diqqət, onların axtarılıb tapılması və çoxlu tirajlarla yazılıb yayılması kimi məqsədlər hələ atdığı ilk addımlardan bəri bu müəssisənin əsas fəaliyyət prinsipi kimi özünü büruzə verir.

Azərbaycan Qrammofon Valları Evi 1975-ci ildən etibarən SSRİ Mədəniyyət Nazirliyinin 26 May 1975-ci il 332N-li və Ümumittifaq «Melodiya» qrammofon valları firmasının 29 May 1975-ci il 28N-li əmrinə əsasən fəaliyyət göstərməyə başlayıb. Fəaliyyət müddəti ərzində Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməyə və plana (repertuarmiqdar etibarilə) əsaslanaraq özünün «Şur» firma mağazasında valların, sonralar musiqi kassetlərinin buraxılışını, topdan və pərakəndə satışını həyata keçirib. Habelə digər ölkələr — Kuba (1976), Macarıstan (1978), Çexoslovakiya (1979), Hindistan (1984), Bolqarıstan (1986), Yuqoslaviyanın (1987) da qrammofon vallarının və musiqi kassetlərinin Azərbaycanda sərgi-satışını təşkil edib. 1988-ci ilin noyabr ayında isə Moskvada keçirilmiş səsyazma firmalarının I beynəlxalq sərgi-yarmarkasının iştirakçılarından, daha doğrusu təşəbbüskarlarından biri olub.

Qrammofon Valları Evininin və şübhəsiz ki, onun bilavasitə ideya rəhbəri olmuş Mədəniyyət Nazirliyinin qarşısına qoyduğu və həyata keçirdiyi məsələlər müasir dövrümüzdə də öz mütərəqqiliyi və uzaqgörənliyi ilə fərqlənir. Onların böyük rolu xüsusilə Azərbaycan milliprofessional bəstəkar musiqisinin inkişafında daha aydın nəzərə çarpır. Belə ki, milli musiqi nümunələrimiz: xalq mahnıları, rəqs havaları, aşıq musiqisi, muğamlarımızın bir çox hissəsinin vallara yazılması məhz Qrammofon Valları Evininin, onun bu cür çətin, qızğın prosesində bir çox, o cümlədən maliyyə problemlərini həll etmiş işçilərinin xidmətidir. Bundan əlavə, onlar məhz Azərbaycan musiqisini dinləyicilərə təqdim edən disklərin 612-sini kataloqlaşdırıb. Valların repertuarları üzərində xüsusi dayanmağın zəruri və oxucularımız üçün maraqlı olduğunu zənn edirik.

Musiqi növləri və janrları etibarilə geniş assortimentə malik olmasına baxmayaraq, Azərbaycan milliprofessional bəstəkar musiqisinə aid disklər üstünlük təşkil edir. Bunlardan birincisini daha diqqətlə nəzərdən keçirək. Burada milli musiqi xəzinəmizin muxtəlif sahələri, janrları təqdim edilib: müxtəlif alətlər tərəfindən çalınan rəqs havaları, təranələri (qarmonçu Z.Mirzəyev, A.İsrafilov, Y.Cabbarov, Q.Nəzərov, Z.Məmmədov; klarnetçi V.Mirzəyev, B.Bağırov; qaboyçu K.Cəlilov; nağaraçı Ç.Mehdiyev, qara zurnaçı M.Məmmədovun və başqalarının ifasında), aşıq musiqisi (muxtəlif aşıqların — Ə.Neftalıyev, R.Məmmədov, X.Məhərrəmovun və başqalarının diskləri; 1987-ci ildə aşıqlarımızın ifasında yazılmış «Koroğlu» dastanı; 1991-ci ildə buraxılmış «Azərbaycan aşıq havaları» 7 diskdən ibarət komplekt), muğamlar (muxtəlif çalğıçılar, xanəndələrin — Cabbar Qaryağdıoğlu, B.Mənsurov, T.Bakıxanov, A.Babayev, Y.Məmmədov, A.Qasımov və başqalarının ifasında muğam və təsniflərimiz). Professional bəstəkar musiqisinə aid disklər isə muxtəlif nəslə mənsub bəstəkarlarımız — Ü.Hacıbəyov, M.Maqomayev, Z.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbəyov, Niyazi, T.Quliyev, R.Hacıyev, R.Mustafayev, A.Əlizadə, X.Mirzəzadə, A.Məlikov, V.Adıgözəlov və başqa bəstəkarların opera, simfoniyadan tutmuş mahnı, operetta, müzikllara qədər müxtəlif janrlardakı əsərlərini əhatə edir. Əhəmiyyətli bir hissəni Azərbaycan musiqisinin qeyd olunmuş əsas sahələrinə aid bir çox ifaçıları, sənət ustalarına həsr olunmuş vallar təşkil edir. Uşaq yaradıcılığı ilə bağlı vallar da diqqət mərkəzindən yayınmır. Həmçinin respublikamızın, müxtəlif yazıçı və şairlərimizin yubileyi münasibətilə buraxılmış «Azərbaycan yazıçılarının yaradıcılıq portretləri» seriyası; aktyorlar Ə.Ağayev, H.Bağırov, H.Turabovun ifasında C.Məmmədquluzadə və M.F.Axundovun məşhur yumoristik hekayələrindən ibarət disklərə də təsadüf olunur. Estradacaz (V.Mustafazadənin albomları) musiqisi də unudulmamışdır. Azərbaycan bəstəkarlarının mahnı yaradıcılığı da muxtəlif ifaçılar — Ş.Ələkbərova, Z.Xanlarova, İ.Quliyeva, F.Kərimova, E.Rəhimova, N.Məmmədova, Y.Rzazadənin vallarında geniş nümayiş etdirilib. Xüsusi olaraq bir faktı nəzərinizə çatdıraq: 1986-cı ildə xalq mahnısı sahəsində ən çox satılmış diskin ifaçısı kimi Zeynəb Xanlarovaya «Melodiya» Ümumittifaq qrammofon valları firmasının «Qızıl val»ı təqdim olunmuşdur. Həmin sahə üzrə bu mükafatı RusiyaUkraynadan sonra məhz Azərbaycan artisti almışdır.

Sadaladığımız müxtəlif tematikalı bu disklərin bir qismi (1970-cı illərədək) «Melodiya» Ümumittifaq qrammofon valları firması, digər hissəsi (70-ci illərdən sonra) onun Gürcüstandakı filialı tərəfindən yazılıb. Ümumiyyətlə 70-90-cı illərin əvvəlinədək yazılmış disklərin çoxu məhz Tbilisi qrammofon yazı studiyasının sayəsində həyata keçirilib. O zamanlar, həmin studiyanın əməkdaşları ildə iki dəfə Bakıya gələr, indi Şəhriyar adına mədəniyyət mərkəzi adlandırılan klubda bir çox musiqiçi və aktyorlarımızın ifasında müxtəlif disklər yazardılar. Tbilisi qrammofon yazı studiyasının ən fəal əməkdaşlarından səs rejissoru Georq Qvişiani, onun köməkçisi Xaqani Məmmədov və mühəndis Valeri Şvetsovun adları çəkilməlidir. Disklərin annotasiya müəllifləri isə bizim bir çox musiqişünaslarR.Zöhrabov, R.Fərhadova, Z.Qafarova, T.Məmmədov, A.Əmrahova, M.Şahbazbəyova və başqaları olub.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 8 avqust.- S.13.