Elektron kitabxana
Cəmilə Əhmədzadə:
«Pul sərf etmədən və kitabxanaya getmədən istənilən
kitabı internetdən əldə etmək
mümkündür»
Samir Əsədli: «Ali məktəblər
üçün dərsliklərin elektron versiyasının
olması çox vacibdir»
Rəsul Mirhəşimli: «İstənilən
halda ənənəvi kitablar elektron kitablardan daha
üstündür»
Cəmiyyətin
demək olar ki, bütün sahələrinə nüfuz edən
internet kitab aləmini də öz imkanlarına daxil edib. Bu
gün kitab oxumaq üçün kitabxanaya getməyə və
ya pul verib mağazadan almağa ehtiyac yoxdur. Kompyuterinizin
qarşısından ayrılmadan da internetdə
axtarışa verib və ya hansısa elektron kitabxanaya daxil
olub sizi maraqlandıran ədəbiyyatı əldə edə
bilərsiniz. Bunun üçün beynəlxalq dillərdən
birini, məsələn, ən azı ingilis dilini bilməyiniz
yetərlidir. Maraqlıdır, vaxt və əldə etmək
baxımından sərfəli olan elektron kitabxanalar ənənəvi
kitabların nüfuzuna necə təsir edir? Cəmiyyətimizin
kitaba verdiyi mənəvi dəyəri elektron kitablara da aid etmək
olarmı? Nə üçün real kitablara deyil, elektron kitabxanalara
müraciət edirlər? Suallarımıza
cavab tapmaq məqsədilə müxtəlif sahələri təmsil
edən müsahiblərimizin fikirlərini öyrəndik.
Kino tənqidçisi
Mirbağır İsmayılov bildirdi ki, maraqlarına uyğun
bir neçə mövzuda olan kitabları oxuyur: «İngilis
dilinin tədrisilə bağlı «Homeenglish.ru» və
«Engblog.ru» saytlarının təqdim etdiyi kitablardan
yararlanıram.
«Tululu.ru» saytı da çox gözəl elektron
kitabxanadır.
Demək olar ki, burada istənilən mövzuda
kitab tapmaq mümkündür. Kino sahəsindəki
biliklərimi isə «Media-shoot.ru» saytının elektron
kitabları ilə zənginləşdirməyə
çalışıram. Son dövrlər
isə «Kitabxana.net» saytından çox yararlanıram. Burada dünya, eləcə də müasir
yazarlarımızın kitablarını yerləşdirirlər.
Konkret kitab lazım olduqda isə kitabın
adı qarşısında «PDF» yazıb «Google»da axtarmaq kifayət
edir. Bu versiyadan daha çox istifadə edirəm.
Məncə, istənilən kitabın elektron
versiyasının olması yaxşı haldır. Düzdür, elektron kitabı oxuyanda gözlər
tez yorulur. Amma deyərdim ki, indi bunun da
çarəsini tapıblar. Son dövrlər
audiokitablar da yaman dəbdədir. Məncə,
çap olunan kitablar hələlik daha çox oxunur. Amma bu müvəqqətidir. Müəyyən
zamandan sonra bəlkə də kitablar yalnız elektron versiyada
yazılacaq. Yəni bu təcrübə
artıq mövcuddur. Daha çox elektron kitablar
oxusam da, bu, elektron kitaba üstünlük verməyimdən
yox, alternativ tapa bilməməyimdən irəli gəlir.
Əgər həmin kitablar məndə ənənəvi
kitab şəklində olsalar, heç vaxt elektron
versiyasını oxumaram. Elektron kitabxanalar
sürət və zaman baxımından sərfəli
olduğundan böyük üstünlüyə malikdir.
Məncə, bu amil ənənəvi kitabxanaların
sıradan çıxmasına səbəb ola
bilər. Amma bunun yaxın keçmişdə
olacağı qeyri-real görünür. Hazırda
Konstantin Vasilyevin «Easy English», Sidni Lümetin «Kino necə
çəkilir?» və Alber Kamyunun «Taun»
kitablarını elektron vərəqləyirəm. Kitabları elektron versiyada oxumağın birinci səbəb
istədiyin kitabı ənənəvi kitab formasında
tapmağın çətinliyi, ikinci səbəb isə
elektron kitabların pulsuz olmasıdır».
Dünya
Azərbaycanlıları Konqresinin (DAK) NTK sədri Samir Əsədli
dedi ki, bu gün elektron kitabxanalar çoxdur: «Mən
«kitabxana.net», «kataloq.az» və AMEA-nın saytında olan
kataloqlardan istifadə edirəm. Hesab edirəm
ki, bütün kitabların elektron variantı olmalıdır.
Əsasən də ali məktəblər
üçün lazım olan kitabların internetdə
olması çox vacibdir. Hesab edirəm ki, bu sahəyə
diqqət artırılmalıdır. Dövlət,
həmçinin də unversitetlər və digər təhsil
müəssisələri bunda maraqlı olmalıdır.
Bütün universitet saytlarının
kataloqlarında dərs vəsaitləri elektron formada yerləşdirilməlidir.
Hesab edirəm ki, hər iki variant çox
uğur qazana bilər. İndi internet əsri
olduğu üçün elektron kitabxanalar da çox oxunulur.
Lakin mən ənənəvi kitablara daha
çox üstünlük verirəm. Lazım
olan kitabları kitab dükanlarından alıram. Daha çox internetdə yazılı olmayan
materilallardan istifadə edirəm. Həm
elektron, həm də ənənəvi kitabların öz
oxucusu var. Hər bir oxucu da öz adətinə uyğun hərəkət
edir. Mən, məsələn, daha
çox yazılıya üstünlük verirəm. İnternetdən isə əsasən siyasi
yazıları oxuyuram. Vikipediyadan və digər
bu kimi saytlardan çox faydalanıram. Bu
gün gənclər daha çox bir-birilərinə kitab hədiyyə
edirlər. Mən də gənc
dostlarıma ad günlərində kitab hədiyyə edirəm.
Həmçinin biz gənclərin asudə
vaxtlarını kitabla keçirməsi üçün «Gənclərin
Oxu Zalı» kitabxanası təşkil etmişik. Kitabxanaya kompyuterlər də qoyulub ki, gənclər
istifadə etsinlər».
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) tələbəsi Cəmilə Əhmədzadə
vurğuladı ki, «Flibusta.net», «bookz.ru, «classicbookshelf.com»
elektron kitabxanalarından istifadə edir: «Hansısa ixtisasla
bağlı kitablar bu gün çox bahadır. Odur ki, elələrini elektron oxumaq daha sərfəlidir.
Məsələn, «PR» və
reklamçılıqla bağlı bir kitabın qiyməti
20-50 manat olur. Hər dəfə bir kitaba
bu qədər pul vermək maddi olaraq çətindir. Buna görə də elektron kitabxanadan yararlanmaq daha
sərf edir. Əgər tək Azərbaycan
deyil, ümumilikdə dünya miqyasından danışsaq,
elektron kitabların daha çox oxunduğunu deyə bilərik.
Çünki kitabların sayı və müxtəlifliyi
elektron kitabxanalarda daha çoxdur. Yerli
kitabxanalarımızda daha çox sovet dönəmindən
qalma kitablar var. Oradan yeni kitabları hər zaman tapmaq olmur.
Bütün sahələr inkişaf edir və
genişlənir. Bununla bağlı
yüzlərlə yeni kitab yazılır. Amma
həmin kitabları kitabxanalardan həmişə əldə
etmək olmur. Buna görə də insanlar
məcbur qalıb həmin kitabları internetdən rus və
ingilis dilində oxuyurlar. Yeni kitablar adətən
ya keyfiyyətsiz çap olunur, ya da baha olur. Şəxsən mən ənənəvi
kitabları oxumağı sevirəm. Kitabı oxuyarkən
onu hiss etmək lazımdır. Maraqlı əsər
olanda kitabın səhifələrini sayırsan. Həm də kitabların spesfik ətri olur.
Bunu elektron versiyada hiss etmək olmur. Məncə,
çap olunmuş kitabı oxumaq daha maraqlıdır. Adətən, bir kitabın öncə əvvəlini,
ortasını və sonunu, sonra isə bütövlükdə
oxuyuram. Məncə, bunu edən tək
oxucu deyiləm. Lakin elektron kitabların da
başqa üstünlükləri var. Vaxt sərf edib
kitabxanaya getmirsən, pul verib almırsan. Nə
lazımdırsa, internetdən tapırsan. Halbuki
real kitabxanalarda kitabları müddətlə oxumağa verirlər.
Onu itirdikdə və ya vərəqləri zədələndikdə
cərimə ödəməli olursan. Etiraf
etməliyik ki, tədricən elektron kitab oxucularının
sayı artmaqdadır. İnternetdən
istifadə çox rahatdır, həm də çantanda əlavə
yük daşımırsan. Mən də
qeyd etdiyim səbəblərdən çox zaman elektron
kitabxanalardan istifadə edirəm. Oradan daha
çox marketinqlə, bizneslə bağlı kitabları
oxuyuram. Onu da qeyd etməliyəm ki,
çap edilən kitabın mənəvi dəyəri də
var. Bu gün də kitab hədiyyə etmək populyardır.
Hələ də kitaba cəmiyyətimizdə
hörmət qalıb. Lakin illər sonra
kitaba olan ictimai münasibətin necə olacağını
demək çətindir. Çünki
yeni nəsil kompyuterləşməyə daha çox
üstünlük verir. Evində əyləşib
heç yerə getmədən kitab oxumaq, hətta təhsil
almaq mümkündür. Bu, internetin verdiyi
imkanlardandır».
Media və
Mülki Cəmiyyət İctimai Birliyinin sədr müavini Rəsul
Mirhəşimli bildirdi ki, elektron kitabxanalardan müntəzəm
istifadə etməsə də, ancaq bir çox hallarda buna
ehtiyac yaranır: «Bu da bəzi kitabların Azərbaycanda
tapılmamasından irəli gəlir. Daha
çox «semazen.net» adlı elektron kitabxanadan istifadə edirəm.
Bu barədə birmənalı rəy söyləmək
çətindir. Çünki hər bir
oxucu öz zövqünə uyğun əsərləri oxumaq
niyyətindədir. Bütün hallarda
oxucu tələbatını nəzərə alıb
kitabları bu baxımdan seçmək daha yaxşı
olardı. Elmi, bədii, fəlsəfi əsərlərin
olduğu kitabları aktuallıq dərəcəsinə
görə seçmək mümkündür. Hər bir halda nəşr edilən ənənəvi
kitablar elektron kitablardan daha üstündür. Elektron kitabları oxumaq yoruculuğa səbəb
olur. Kitab oxumaq ənənəsi indi daha
çox nəşr edilən kitablar üzərində qurulub.
Bu hal bütün dünyada bu şəkildə
mövcuddur. Hesab edirəm ki, bu
populyarlıq elə ənənəvi şəkildə də
davam edəcək. Mən xüsusi zərurət
olmasa, elektron kitablardan istifadə etmirəm. Daha çox ənənəvi kitablara
üstünlük verirəm. İnternetdə
oturub kitab oxumaq gözü tez yorur. Təki
Azərbaycan vətəndaşlarının kitaba
marağı artsın, elektron kitabxanların və ya real
kitabxanaların nə birinin o birini üstələməsi, nə
də sıradan çıxarması təhlükəsi olmaz.
Problem elektron kitabxanaların real kitabxanalar
üzərində üstünlüyü və əksinə
deyil. Bu gün ölkədə kitabla
bağlı ən böyük problem insanların kitabdan
uzaqlaşmasıdır. Kitabdan aralı
düşən insanların dünyagörüşü
daralır, düşüncəsində kasadlıq yaranır.
Kitabın təbliğilə çox işlər
görülməlidir. Təəssüf
ki, indi bu təbliğat bəzi yararsız işlərin
fonunda öləziyib. Bir neçə
elektron kitab oxumuşam. Bu da həmin
kitabların Azərbaycanda tapılmamasıyla bağlı
olub. Oxuduğum kitablar təsəvvüflə
bağlı olduğundan bu kitabları ölkəmizdə
kitab mağazalarından tapmaq mümkün olmur. Buna görə də elektron kitabxanalara müraciət
etmək zərurəti yaranır».
«Yeni Təşəbbüs»
İctimai Birliyinin sədri Ləman Babayeva dedi ki, elektron
kitabxanalar çoxdur: «Mən də lazım olan ədəbiyyatı
bu kitabxanalardan əldə edirəm. Bunun
üçün müraciət etdiyim bir neçə sayt var.
Oradan daha çox müxtəlif elmi-nəzəri kitabları
oxuyuram. Məncə, elektron kitabxanalara elə
bu yönlü kitablar üçün daha çox müraciət
edirlər. Elektron kitabxanalardan istifadə dərəcəsi
ölkələrə görə müxtəlifdir. Azərbaycanda dövrlə və yeniliklə
ayaqlaşan demək olar ki, müasir kitabxanalar yoxdur. Həm də maddi baxımdan da elektron kitabxanalar sərfəlidir.
Pul xərcləmədən lazım olan ədəbiyyatı
internetdən tapırsan. Onu da qeyd etmək
istəyirəm ki, bədii əsərləri elektron versiyada
oxuyanda onu hiss etmək olmur. Lakin həm
elektron, həm də ənənəvi kitabların öz oxucu
kütləsi var və bu kitablar bir-birini əvəz edə
bilməz. Mənim internetdə ən son oxuduğum
kitablar Patrik Zuskindin «Ətriyyatçı», K.Doutertin müəllifi
olduğu «Vvedenie v ekonometriku» və Y.Həsənlinin
«Ekonometrikaya giriş» kitablarıdır. Bu
kitabları kitabxanalardan və mağazalardan əldə etmək
mənə bir qədər çətin oldu. Həm zaman sərf edib axtarıb tapmaq, həm də
pul xərcləmək istəmədim. Odur
ki, asan bir şəkildə internetdən əldə etdim».
Real Cəfərli
Yazı KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi
«İnformasiya və kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi» layihəsi çərçivəsində
təqdim olunur.
Xalq Cəbhəsi.-
2012.- 8 avqust.- S.11.