Diasporamızın təşkilatlanma problemi

 

Taleh Əliyev: «Azərbaycan diasporunun bugünki vəziyyəti heç də ürəkaçan deyil»

 

Əhməd Qəşəmoğlu: «Ölkədə elə proseslər getməlidir ki, diasporanın Azərbaycana məhəbbəti daha da artsın»

 

Azərbaycan diasporunun təşkilatlanması məsələsi həmişə prioritet sayılıb. Lakin hələ də bu hədəf müəyyən olunmayıb. Bu məsələdə problemlərin mövcudluğu danılmaz faktlardandır. Amma o da məlumdur ki, bu problemlərin həlli istiqamətində dövlət səviyyəsində siyasət həyata keçirilir. İstənilən səviyyədə isə hələ nəticə əldə olunmayıb. Ötən gün də Türkiyənin Bodrum şəhərində «Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər» mövzusunda forum keçirilib.

Təşkil olunmuş forum çərçivəsində xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası, diaspor və lobbi quruculuğu sahəsində qarşılaşdığı problemlər və onların həlli yolarına dair müzakirələr aparılıb.

Forum çərçivəsində Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüblər. 3 saata yaxın davam edən görüşdə Ukrayna Azərbaycanlıları Konqresinin(UAK) fəaliyyəti, təşkilatın gələcək planları, habelə regional bölmələr arasındakı əməkdaşlığın mövcud vəziyyətilə bağlı müzakirələr aparılıb.

Nazim İbrahimov bildirib ki, dünyanın bir çox ölkələrində güclü Azərbaycan diasporu fəaliyyət göstərir: «Bizim diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Lakin diasporun gücünü, potensialını təsdiq edən əsas amillərdən biri onun ictimai-siyasi həyata təsir imkanları ilə ölçülür. Bu baxımdan, xaricdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatına da fəal inteqrasiya etməlidir». Natiqlər daha çox Azərbaycan diasporunun təşkilatlanmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, ötən müddətdə Azərbaycan diaspor təşkilatları bir sıra uğurlu layihələr həyata keçirsə də, onların fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac duyulur.

Bu məsələdə müxtəlif fikirlər, ehtimal və rəylər səslənilir. Çoxu da Azərbaycan diasporunun təşkilatlana bilməməsində pərakəndə fəaliyyəti əsas gətirirlər.

Politoloq Taleh Əliyevin fikrincə, Azərbaycan diasporunun bugünki vəziyyəti heç də ürəkaçan deyil. Nəinki ayrı-ayrı ölkələrdə, hətta bir ölkə ərazisində yaşayan soyddaşlarımızın vahid bir təşkilat ətrafında birləşməməsi olduqca məyyusedici bir haldır: «Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra dünyanın müxtəlif ölkələrində xeyli sayda Azərbaycan cəmiyyətləri yaradıldı, amma o qurumların əksəriyyətinin işi elə yaradılmaqdan ibarət oldu. Məncə, dövlətimizin diaspor siyasəti tamamilə fərqli şəkildə təşkil olunmalıdır. İlk növbədə dövlətin ali məqsədlərinin həyata keçirilməsində diasporun yeri və rolu çox aydın şəkildə müəyyən edilməlidir və bundan sonra diasporumuzun yaşadıqları ölkələrdə vahid təşkilatlarının yaradılmasına nail olunmalıdır. Azərbaycan diasporu yaşadıqları ölkələrdə vahid milli icma kimi formalaşmalıdır. Kimlərəsə şəxsi yaxınlığına görə diaspor təşkilatlarının qurulması, milli maraqlarımıza və diaspora quruculuğuna qarşı xəyanətdir. Nə qədər ki, Azərbaycan diasporu yaşadıqları ölkələrdə vahid milli icma kimi formalaşmayıb, nə Azərbaycan həqiqətlərini biz o ölkələrin əhalisinə çatdıra biləcəyik, nə də həmin ölkələrin siyasi hakimiyyətlərinin dəstəyini qazana biləcəyik. Bunun üçün həmvətənlərimizin özlərinin ciddi siyasi gücə çevrilməsi gərəkdir. Ən azı həmin ölkələrin siyasiləri həmvətənlərimizə yaxşı təşkilatlanmış elektorat gözü ilə baxmalıdırlar. Daha sonra isə dövlət diaspor siyasətinin proritet istiqamətlərini elan etməli və bu istiqamətlərdə daspor təşkilatlarına illik və birbaşa maliyyə yardımları etməlidir. Diaspor təşkilatlarımızın daha uğurlu fəaliyyət göstərmələri üçün səfirliklərimiz də onlara dəstək olmalıdır. Həmvətənlərimizin daha çox yaşadıqları ölkələrdə Türkiyədə, Rusiyada, Birləşmiş Ştatlarda və s. ölkələrdə Azərbaycan konsulluqlarının sayı artırılmalıdır. Bu tip ölkələrdə yaşayan soydaşlarımızın daha ciddi təşkilatlanması və o ölkələrin daxili siyasətlərində önəmli mövqe tutmaları milli maraqlarımıza çox uyğundur. Bütün bunların baş verməsi üçün isə yaxşı olardı ki, diaspor siyasəti xarici siyasətin proritet istiqamətinə çevrilsin».

Politoloq onu da qeyd edib ki, Türkiyədə, Avropada, Amerikada və MDB məkanında formalaşan diaspor təşkilatlarımız daha fəaldır: «Ancaq qeyd etdiyim kimi bir ölkə ərazisində bir neçə diaspor təşkilatının fəaliyyət göstərməsi onların fəaliyyətinə də kölgə salır. Dövlətin bu sahəyə məhsul olan qrumları və yüksək səlahiyyətli şəxsləri siyasi baxışlarından aslı olmadan bütün fəal diaspor nümayyəndələrinin yaxından iştirakı ilə həmvətənlərimizin yaşadıqları bütün ölkələrdə vahid diaspor təşkilatları yaradmağa nail olmalıdılar. Əks halda biz millət və dövlət olaraq heç nə qazanmayacayıq». Taleh Əliyev diaspor təşkilatları və onların rəhbərlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında rolunu da uğurlu saymır: «Amma potensialımız çox böyükdür. Düzdür, başqa xalqlar var ki, onların diasporu bu gün onları millət olaraq, dövlət olaraq ayaqda saxlayır, amma bizdə belə deyil. Bunun obyektiv və subyektiv səbəbləri çoxdur, mən bu barədə daha geniş danışmaq istəmirəm. Mən istəyirəm başqa bir nümunədən danışım. Bizim üçün daha yaxın və doğma olan anadolu türklərindən. Bu gün Türkiyə Cümhuriyyəti bütün dünyada yaşayan türklərin qürur və güvənc yeridir. Təkcə ana vətən olduğu üçün deyil, daha çox öz insanına sahib çıxdığına görə dünyanın harasında yaşamasından aslı olmayaraq bütün Anadolu türkləri öz vətənlərini sevir və onunla fəxr edirlər. Bizim də bu nümunədən yararlanmağımız çox faydalı olardı. Həm diasporamız güclənər, həm də onların sayəsində Azərbaycan həqiqətləri dünya ictimayyətinə çatdırılar. Bütün bu sadaladıqlarınızın hamısını həyata keçirmək üçün məqsədyönlü şəkildə dövlət siyasəti həyata keçirilməlidir. Təkcə anım günlərinin qeyd olunması ilə iş bitmir. Dövlətimiz özü diaspor siyasətinin proritetlərini müəyyən etməli və onun bu istiqamətdəki fəaliyyətinə maddi və informativ dəstək olmalıdır. Bu işləri biz diasporun gücünə həll etməyi düşünsək, ilk növbədə özümüzü aldatmış olacağıq. Sadaladığınız bu problemlər son dərəcə ciddi məsələlərdir və dünya içtimayyətini bu məsələlər barədə tam məlumatlandırmaq üçün ardıcıl və çevik bir dövlət siyasəti olmalıdır. Əgər bu gün ermənilər Xocalıda qanına qəltan etdiyi azərbaycanlıları dünyaya öz şəhidi kimi təqdim edirsə bu çirkin siyasətin qarşısını yalnız ardıcıl və məqsədyönlü dövlət siyasəti ilə ala bilərik». Politoloq onu da söyləyib ki, diaspor təşkilatlarının fəaliyyət dairələrinin genişləndirilməsi lazımdır. Xususilə də iki istiqamətdə: «Birinci həmin ölkələrin qanunvericiliyi imkan verdiyi qədər Azərbaycan dilində kütləvi informasiya kanalları və təhsil müəssələri yaratmaq. İkinci, Azərbaycan dövlətinin sərmayyəsi hesabına soydaşlarımızı yaşadıqları ölkələrin iqdisadi həyatına inteqrasiya etmək. Biz birinci halda həmvətənlərimizi asimliasiya olunmaqdan qoruyuruq, ikinci halda isə onların vasitəsi ilə yaşadıqları ölkələrlə Azərbaycanın dost və mehriban münasibətlərinin yaradılmasına nail oluruq. Bax biz bu zaman Azərbaycan həqiqətlərini daha rahat və etibarlı şəkildə dünya içtimayyətinə çatdıra bilərik».

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, Azərbaycan diasporu indi özünün yeni inkişaf mərhələsinə başlayıb. İndiki diaspora daha 20, 10 il, hətta 5 il əvvəlki diaspora deyil: «İndiki diasporada yeni, gənc bir nəsil yetişib. Bu gənclərin bir çoxu qabiliyyətli, bacarıqlıdır. Onların bəzilərinin biznes, siyasi karyeraları da yüksəkdir. Yerli mühitlə doğma münasibətdədirlər. Azərbaycan dəyərlərilə yanaşı yerli ölkənin dəyərlərinə də dərindən belədirlər. Beləliklə indi bizim diasporada ciddi bir keyfiyyət dəyişikliyi baş verib. Bu diasporanı artıq 10, 5 il bundan qabaqkı prinsiplərlə təşkilatlandırmaq olmaz. Belə diaspora ilə işləmək üçün də yüksək səviyyəli insanlar lazımdır. Bu diaspora ölkə ilə sıx bağlıdır. O diasporanı təşkilatlandırmaq işləri ölkənin daxilində gedən proseslərlə çox bağlıdır. Ölkədə elə proseslər getməlidir ki, diasporanın Azərbaycana məhəbbəti daha da artsın. Diasporaya təsir edən ən çevik vasitələrdən biri bizim telekanallardır. Televiziyalarda aşağı səviyyəli verilişləri dərhal yığışdırmaq lazımdır. Ölkədəki bəzi qüvvələr elə düşünür ki, xaricdəki diasporanı parçalamaqla da çox uğur əldə edə bilərlər. Bu tamamilə səhv fikirdir. Biz xaricdəki diasporanın indiki mühüm tarixi mərhələdə Azərbaycana daha çox kömək etmək məqsədi ətrafında birləşdirmək yolunu seçməliyik. Bunun uüçün ciddi fəaliyyət proqramı hazırlanmalıdır».

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2012.- 8 avqust.- S.7.